YAŞILLIQLAR İÇİNDƏ ŞƏHƏR...

(əvvəli ötən sayımızda)

  

   FÜZULİ ŞƏHƏRİNƏ, QARABAĞA, ŞUŞAYA UZANAN YOL

  

   İnsanlar inanırlar ki, çox keçməyəcək həmin asfalt yollar bizi Füzuli şəhərinə, Qarabağa, Şuşaya aparacaq. Bala Bəhmənli, Əhmədbəyli kəndləri ərazisində abadlıq, tikinti işləri genişlənib. Belə ki, Bala Bəhmənli kəndinin bazar adlanan hissəsində küçələrin ətrafına yöndəmsiz halda yığılmış köşklər götürülüb, küçə genişləndirilib, yaraşıqlı xidmət obyektləri tikilib. Birinci Mahmudlu kəndi yaxınlığında 5 min ton kənd təsərrüfatı məhsulları saxlayacaq soyuducu anbar binasının tikintisi sürətlə davam etdirilir. Bala Bəhmənli kəndi ərazisində Yuxarı Mil Kanalının üzərində 25 meqavat gücü olan su elektrik stansiyası tikintisi aparılır.

  

   YENİ LAYİHƏLƏR REALLAŞIR...

  

   Aqrar rayon olan Füzulidə kənd təsərrüfatının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Taxılçılıq, heyvandarlıq və başqa sahələrdə uğurlar əldə edilib. Qarabağ kəndində keçmiş heyvandarlıq kompleksinin bazasında iri broyler quşçuluq fabrikinin tikintisi üçün layihə smeta sənədləri hazırlanır. Əhmədbəyli kədində 45 yerlik uşaq bağçasının tikintisinə başlanılacaq. Üstəlik Gecəgözlü yatağında 80 yerlik orta məktəbin, Kərimbəyli kəndində 45 yerlik uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. İndiyə qədər məktəbi olmayan Yuxarı Mollaməhərrəmli kəndində 80 yerlik orta məktəbin binasının tikintisi planlaşdırılıb. Böyük Bəhmənli kəndində 50 çarpayılıq xəstəxana, 60 yerlik uşaq bağçasının layihə smeta sənədləri hazırlanıb. Tikintiyə yaxın vaxtlarda başlanılacaq. Rayonda 100 çarpayılıq çoxprofilli mərkəzi xəstəxananın tikintisinə dövlət səviyyəsində razılıq verilib. Kərimbəyli kəndində 3 hektardan artıq ərazini əhatə edən "Qarabağ" ailəvi istirahət mərkəzində son tamamlama işləri aparılır. Burda istirahət üçün çox yaxşı şərait yaradılıb. Şəhərdə 180 yerlik orta məktəb binası və ikimərtəbəli gənclər evinin tikintisi davam etdirilir. Layihələr Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə öz həllini tapıb.

  

   AÇIQ ÜRƏK ƏMƏLİYYATLARI

  

   Sirr deyil ki, bu gün regionlarda dünya standartlarına cavab verən Diaqnostika Mərkəzləri fəaliyyət göstərir. Bu diaqnostika mərkəzlərində bu gün ən mürəkkəb ürək əməliyyatları belə aparıla bilir.

  

   Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci il dönümü ərəfəsində Heydər Əliyev fondunun təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə, Mərkəzi Neftçilər xəstəxanasının yüksək ixtisaslı həkimlərindən ibarət kardio-cərrahiyyə briqadası oktyabr ayında cəbhə bölgəsində yerləşən Füzuli rayonunda açıq ürək əməliyyatları kampaniyasını keçirib.

  

   Əməliyyatlar prezident İlham Əliyevin göstərişinə əsasən rayonun Böyük Bəhmənli kəndində inşa olunmuş və ən müasir tibbi avadanlıq və cihazlarla təmin edilmiş Füzuli Tibb Mərkəzində həyata keçirilib.

  

   Bu əməliyyatlardan sonra neçə-neçə insan uzun müddət yaşadığı əzab-əziyyətdən xilas olaraq yenidən sağlam həyata qayıdıblar.

  

   Bu isə o deməkdir ki, ölkə prezidenti hər bir azərbaycanlının həyatını, yaşayışını diqqət mərkəzində saxlayır və lazım gələndə onlara öz kömək əlini uzadır.

  

    MƏNZİLLƏRİN ÇOXUNDA MAVİ QAZ YANIR

  

   Bir faktı da qeyd edək ki, ölkəmizdə ən ucqar yaşayış sahələrinə mavi qazın çəkilməsi işi uğurla davam etdirilir. Azərbaycan Respublikası regionlarının "2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına uyğun olaraq Füzulidə də böyük işlər görülüb. İndiyə kimi rayonun 6 yaşayış məntəqəsinə - Horadiz şəhər, Araytılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Böyük Bəhmənli kəndlərinə təbii qaz çəkilib. Rayonda evlər bərpa olunur, yeniləri tikilir, yollar abadlaşır, hər yanda xoş əhval-ruhiyə hökm sürür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası Horadizdə əsaslı inkişafa güclü təkan verib. Rayonda təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilib. Gənc nəslin təlim-tərbiyəsi, onların müstəqil Azərbaycan dövlətinin layiqli övladları kimi yetişdirilməsi istiqamətində görülən işlər öz bəhrəsini verir. Artıq Horadiz Muğam Mərkəzində kütləvi tədbirlərin keçirilməsi adət halını alıb.

  

   BAŞÇININ QƏBUL GÜNLƏRİ OLSA DA...

  

   Bir çox rayonlarda olduğu kimi, Füzulidə də rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin qəbul günləri var. Təbii ki, bu qəbul günlərində ərizə və şikayətlə başçıya müraciət edənlər olur. Sevindirici haldır ki, Füzuli rayonu icra hakimiyyətinin başçısı Alı müəllim insanları tək qəbul günləri deyil, nə vaxt gəlsə onları qəbul edib dinləyir və lazımi köməkliyini göstərir. Aydındır ki, qəbula gələnlər hər biri böyük ümidlə, inamla gəlirlər. Alı Alıyev çox təcrübəli, savadlı və ziyalı bir insan olduğuna görə əvvəllər də Füzuli camaatı arasında böyük nüfuza malik olub. Camaat deyir ki, qabaqlar Alı müəllimi necə sadə və səmimi adam kimi tanıyırdıqsa, elə indi də elədir. Onun qəbuluna gələnlər heç vaxt ümidsiz geri dönmürlər. İkincisi də əgər rayonda bu cür quruculuq və abadlıq işləri gedirsə, biz də başçıya öz köməkliyimizi göstərməliyik. O da sevindiricidir ki, rayon icra hakimiyyətinin başçısı böyük quruculuq işlərinə başlayanda ölkə prezidenti İlham Əliyevə və birFüzuli camaatına arxalanıb. Elə ona görə də qısa zaman kəsiyində Füzulidə və Horadiz şəhərində çox möhtəşəm abadlıq, quruculuqtikinti işləri görülüb.

  

   Rayon icra hakimiyyətinin başçısı sakinlərin harda məskunlaşmasından asılı olmayaraq onları narahat edən problemləri öyrənir və aradan qaldırır. Bu məqsədlə müntəzəm olaraq səyyar qəbullar keçirilir. Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Sabirabad, Saatlı, Hacıqabul, İmişli, Masallı, Lənkəran, Cəlilabad və başqa rayonlarda Füzuli sakinləri ilə görüşlər keçirilib. Belə qəbullar zamanı imkan yaradılır ki, hər kəs öz fikrini söyləsin və qarşılaşdığı problemi bildirsin...

  

   HƏLƏ ÇOX İŞLƏR GÖRÜLƏCƏK

  

   Füzulidə bundan sonra da çox böyük layihələr gerçəkləşdiriləcək. Quruculuq, abadlıq və tikinti işləri görüləcəkdir. Təbii ki, hər bir görülən son nəticədə insanlara, əhaliyə xidmət göstərir. Cəbhə bölgəsində yerləşən bir rayonun inkişafı və çiçəklənməsi insanlarda gələcəyə çox böyük ümid yaradır. Ən azından bu ümid Qarabağa gedən yol deməkdir, bu ümid Füzuli şəhərinə çatmaq, Ağdama getmək, Şuşaya yollanmaq deməkdir. Ümid olanda da insanın yaşamaq və mübarizə aparmaq eşqi daha da güclü olur. O güc insanda olandan sonra onun qarşısını heç bir qüvvə ala bilməz. Təbii ki, belə bir inamla və belə istəklə Füzuli camaatı hər açılan səhərə nikbinliklə baxır.

 

Faiq QİSMƏTOĞLU

Ədalət.- 2011.- 29 dekabr.- S.7.