Heç nə istəmirəm 50
yaşımda...
Mən onu 1993-ci ildən tanıyıram.Tanışlığımız dağlar qoynu Xızıda "Müşfiq ocağı"nda baş tutub.Səbəbkarı isə atam Xalq şairi Cabir Novruz olub. Müşfiq xatirə günü keçirilirdi. Hələ tədbir başlamamışdı. Mən bir az kənarda dayanıb qeydlər aparırdım.
Atama bir nəfər yaxınlaşdı.Mənim adım Fərrux , soyadım Haqverdiyevdir. Sizinlə tanış olmaq istəyirəm.Çox yaxşı, deyərək atam ona cavab verdi.Hörmətli Cabir müəllim: Mən sizin doğulduğunuz Upa kəndində ev tikmişəm.Atam sevincə qərq oldu.Fərruxu köhnə tanışı kimi qucaqlayıb , bağrına basaraq öpdü.Sən məni uşaqlığıma qaytardın.Bu gündən sənə bağlandım.Birdən atam məni yanına cağırdı.Fərruxla tanış ol,kiçik oğlum Müsfiqdir. O,Upa kəndində ev tikib deyən atam elə bil göydə uçurdu.Ürəyi dağa dönmüşdu.Mən də onunla səmimiyyətlə göruşdüm.Beləcə tanışlığımızın əsası qoyuldu.O gündən isti münasibətlərimiz yarandı.Həmin andan 18 il kecməsinə baxmayaraq,Fərruxun insanlığı,şəxsiyyəti,bir sifətdə olması həmişə məndə heyranlıq hissi yaradır.Onunla təmasda olanda,söhbət edəndə insan zənginləşir.Yaxşı deyiblər ki,gözlər insan qəlbinin aynasıdır.Fərruxun gözlərinə diqqətlə baxanda onun xasiyyəti aydınca sezilir.İnsana qayğı,dosta etibar,həyata sevgi ,dağlara sədaqət , əsl sənətkara diqqət.Onun qəlbində şeirə-sözə aşıq yaradıcılığına,musiqiyə,bir də nakam Müsfiqə qırılmaz tellərlə yaxınlıq var.Fərrux Müşfiq poeziyasının vurğunudur.Tez-tez Xızıdakı "Müşfiq ocağı"na baş çəkir.Həyatda nə qəbri nə övladı olmayan Müşfiqin rəmzi məzarına gül dəstələri aparır.
Onun yaradıcılığının təbliğində, dəyərli işlər görür. O, həm də "Müşfiq" xatirə mükafatı laureatıdır.Həyatın qəribəliyi ondadır kı, Fərrux ölməz şairimizin qətlə yetirildiyi gündə-24 il sonra 6 yanvar 1962-ci ildə,qədim Borçalıda dünyaya göz açıb.Artıq neçə illərdir ki,Fərrux ad gününü bizimlə birgə "Müşfiq ocağı" nda keçirir.Dəfələrlə Müşfiqin ruhuna,xatirəsinə ehsan süfrəsi açıb.Məhz bu cəhətlərinə görə mən Fərruxa hörmət və ehtiram bəsləyirəm.Fərruxla söhbətlərimdə həmişə mənə deyir ki, : "Mən Müşfiqə bir övlad kimi yanaşıram.Axı, Mikayıl Müsfiqin şeirlərindən başqa bizə heç bir nişanəsi qalmayıb.Nə yaxşı ki, "Müşfiq ocağı fəaliyyət göstərir.Təsəllimizi buradan alırıq".
Fərrux həyatda,elə xeyirxah əməllər edib ki, insanda qibtə hissi yaranır.Xəyallar məni 1999-cu ilin 5 iyun tarixinə aparır.Həmin gün yenə olduğu kimi Xızıda "Müşfiq ocağı "na toplaşmışdıq.Mikayıl Müşfiqin ad günü idi. Tədbirdən sonra, Fərrux qonaqları atamın doğulduğu Upa kəndinə dəvət etdi.Keçilməz yollar olduğu üçün,maşınlar gedə bilmədiyindən qonaqların əksəriyyəti, kəndə piyada getməli oldular.Atam onları öz kəndi ilə tanış etdi.Xeyli piyada getdik. Qonaqlar arasında bəstəkar Oqtay Kazımi, müğənnilər Niyaməddin Musayev, Mətanət İsgəndərli, Vasif Məhərrəmli, Əvəzxan Xankişiyev, musiqişünas Abasqulu Nəcəfzadə, el ağsaqqalları İbrahim müəllim,Əbdülhəsən Əhmədov,qardaşım Mirzə,onun dostları Turman müəllim,Laçın həkim və başqaları.Sağ olsun Fərrux, yaxşı məclis düzəltmişdi.Sonda,xatirə qalsın deyə şəkil çəkdirdik.Mən atamla Upa kəndində çox olmuşam. Amma fikrimə belə gəlməzdi ki,atam sonuncu dəfə Upa kəndini görür.2002-ci il dekabr ayının12-də dünyasını dəyişən atamla vida mərasimi bir gün sonra Şəhriyar adına sarayda keçirilirdi.Hüzn gününə çoxlu insanlar gəlmişdi.Fərruxun mənə ürək-dirək verməsi,ovundurması, fəxri qaraulda dayanması, heç yadımdan çıxmaz.
Bu günlərdə 50 yaşı tamam olan Fərrux Haqverdiyev əmək fəaliyyətinə fəhləlikdən başlayıb.1980-1985-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun kənd təsərrüfatının mexanikləşdirmə fakültəsində mühəndis-mexanik ixtisasına yiyələnərək, təyinatla Abşeron ( indiki Xızı) rayonuna göndərilir.O,Şürabad südçülük sovxozunda və qoyunçuluq aqrar istehsalat birliyində baş mühəndis vəzifələrində işləyir.
Xızı rayonunun yaradılması ilə əlaqədar olaraq 1990-cı ilin aprel ayında Xızı rayon XDS-nin deputatı seçilib.Elə həmin ilin oktyabr ayında Xızı rayon Maddi Texniki təchizat və mexanikləşdirmə istehsalatı birliyinin baş mühəndisi təyin edilib.1991-ci ilin iyulundan bu günə kimi, Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Xızı suvarma sistemləri idarəsinin rəisidir.O, Xızı rayonunun kənd təsərrüfatının inkşaf etdirilməsi ilə əlaqədar Almaniyada təcrübə keçmişdir.1994-cü ildən YAP üzvü,2002-2006-cı ilin noyabr ayınadək YAP Xızı rayon təşkilatının sədr müavini işləyib.2006-cı il 16 noyabr YAP Xızı rayon təşkilatının 6-cı konfransında YAP Xızı rayon təşkilatının sədri seçilib.Fərrux Haqverdiyevin xidmətləri, dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının peşə bayramında imzaladığı, 2009-cu il 5 iyun tarixli sərəncamına əsasən Fərrux Məhəmməd oğlu Haqverdiyev "Tərəqqi" medalı ilə təltif edilib.
50 illik ömrünün 27 ilini Xızı rayonunda yaşayan və işləyən Fərruxu el ağsaqqalları dağlar oğlu adlandırırlar.Həqiqətən Fərrux dağlara bağlı insandır.Xızı rayonunda Hacı Fərruxa vəzifəsinə görə yox, bacarığına,işgüzarlığına,sadəliyinə görə hörmət bəsləyirlər.
Bü günlər həyatının ikinci 50 ilinə qədəm qoyan ürəyi vətən eşqi və dövlətə xidmətlə döyünən Fərruxa yeni-yeni uğurlar arzulayırıq.Bütövlükdə Fərrux ailəsinə bağlı insandır. Asudə vaxtında nəvələri Zinyətlə, Aysunla,İlhamla bir yerdə olmaqdan zövq alır.
Yazıma,atamın 50 illiyində yazdığı "Əlli yaşımda" şeirindən aşağıdakı misralarla nöqtə qoymaq istərdim:
Heç nə istəmirəm əlli yaşımda,
Bir yazı masası,bir dəstə çiçək...
Bir qələm,bir dəftər dura qarşımda,
Bir də ki, köksümdə sağlam bir ürək.
Müşfiq Cabiroğlu
Yazıçılar Birliyinin
üzvü
Ədalət.- 2011.- 29 dekabr.- S.5.