UZAQDAN GƏLƏN SƏS...

 

Hər dəfə Beyləqana yolum düşəndə yeniliklərlə qarşılaşıram. Çox qəribədir ki, qısa zaman kəsiyində bu rayonda o qədər möhtəşəm işlər görülüb ki, saymaqla qurtarmaq olmur. Belə baxanda bunlara min şükür. Yəni kimsə yol çəkirsə, küçə salırsa, ev tikirsə bundan gözəl nə ola bilər?! Bu gün Beyləqanda da bir-birindən gözəl və bir-birindən orijinal, qeyri-adi tikililər inşa edilib. Bu tikililərin digər rayonlardakı tikililərdən fərqi ondan ibarətdir ki, burda bir memar təxəyyülünün məhsulu özünü açıq-aydın göstərir. Hər bir tikili milli memarlıq üslubuna uyğunorijinal bir formada tikilərək istifadəyə verilib. Yaraşıqlı binalar, müasir tələblərə cavab verən yeni tikililər və ən nəhayət özülü yenicə qoyulmuş məktəblər... Bütün bunlar onu deməyə imkan verir ki, qədim Beyləqan bu gün milli memarlıq ənənələrinə uyğun olaraq keçmişi özündə saxlamaqla müasir üslubda tikilir...  

  

  

   İŞIQ SELİ...  

  

  

   Çox qəribədir ki, Beyləqanın qeyri-adi bir axşamları var. Bu axşamlarda Heydər Əliyev parkı və Böyük Öndərin abidəsi daha möhtəşəm görünür. Sirr deyil ki, Heydər Əliyev parkı yenidən və əsaslı surətdə qurulandan sonra istifadəyə verilib. Bu parkdakı qeyri-adi sənətkarlıq işləri və möhtəşəm tikili adamın diqqətini istər-istəməz özünə cəlb eləyir. Fəvvarənin rəngarəng görünüşü və eləcə də ətrafdakı gözəlliklərin bu görünüşü tamamlaması çox gözəl bir ovqat yaradır. Sanki özünü gözəl bir şəhərdə hiss eləyirsən.    

   Beyləqan şəhəri həqiqətən də son illər daha da gözəlləşib və abadlaşıb. Bayaq dediyimiz kimi, bir-birindən gözəl küçələr, xiyabanlar, səkilər bu şəhərə elə bir gözəllik gətirir ki, adam gözəlliyə baxmaqla doymaq istəmir. Şəhəri gözəlləşdirən həm də onun yaşıllıqları, ağacları və bəzək kollarıdır. Düzdür, şəhəri yenidən qurarkən milli memarlıq ənənələrinə söykənilib. Amma şəhər tikiləndən sonra gərək bu tikililəri qoruyasan və təmiz saxlayasan. Son vaxtlar Beyləqan rayonunda yüz minlərlə ağac və bəzək kolları əkilib. Özübu ağac və bəzək kollarına davamlı olaraq qulluq edilir və onların böyüməsi üçün əmək sərf olunur. Gözəlliklər gecələr işıq selinin nurunda daha gözəl görünür. Qəribədir ki, işıqdan nura bələnən şəhər sanki yeni oyanmış günəşə bənzəyir. Bu günəş ətrafı, insanları necə isidirsə Beyləqanın gecə yanan işıqları da şəhərdə insanların ürəyinə bir o qədər hərarət gətirir. Təbii ki, haradakı inkişaf var, tərəqqi var, orada da insan amilindən və insan faktorundan istənilən qədər söhbət açmaq olar. Elə Beyləqanda da yaradılmış bu gözəlliklərin hamısı onun sakinlərinə, insanlarına xidmət eləyir.  

  

      MÜASİR ŞƏHƏR  

  

  

   Təbii ki, müasir şəhər daha gözəl və daha orijinal olmalıdır. Burada tarixi abidələrdən tutmuş yeni tikililərə qədər hər şey bir-birini çox gözəl tamamlayır. Şəhərdə gedən tikinti, abadlıq və yenidənqurma işlərinə rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev özü nəzarət edir. Və təsadüfi deyil ki, şəhərdəki möhtəşəm tikintilərin əksəriyyəti İrşad müəllimin ideyası əsasında inşa edilib. Azərbaycan tarixini, mədəniyyətini və eləcə də keçmişi çox gözəl bilən İrşad müəllim bu ideyaları gerçkələşdirmək üçün nə qədər əziyyət çəkib. Şükürlər olsun ki, bu əziyyət də zaman-zaman öz bəhrəsini verib. Hər hansı tikili inşa edilərkən İrşad müəllim həmin yerə dəfələrlə baş çəkib və öz tövsiyələrini, tapşırıqlarını, ideyalarını verib. Tikinti başa çatana qədər icra başçısı hər şeyi nəzarətdə saxlayıb. Elə ona görə də istifadəyə verilən bütün tikililər müasir tələblərə tam cavab verir və orijinallığı ilə seçilir. Onu da qeyd edək ki, şəhər salmaq, onu yenidən tikmək çox çətin işdir. Amma gözəl şəhəri təmiz saxlamaq, qorumaqeyni zamanda insanları sevindirmək ondan da çətindir. Məhz buna görə də müasir Beyləqan keçmişə söykənərək gələcəyə doğru inamlı addımlarla irəliləyir. Bu irəliləyiş, bu yüksəliş və bu inkişaf onu deməyə əsas verir ki, rayonun sükanı çox etibarlı əllərdədir. O etibarlı əllərdə ki, qısa zaman kəsiyində Beyləqanda 30-40 ildə görülən son 5-6 ildə həyata keçirilib. Onun üçün təbii ki, böyük ürək sahibi olmaq, zəhmət çəkmək, gecə-gündüz çalışmaq lazımdır. Elə buna görə də bu qədim şəhər öz müasir dövrünə qovuşa bilib. Müasir Beyləqan isə milli memarlıq üslubunda tikilir və gələcəyə bir addım da irəliləyir...  

  

  

   AİLƏLƏR SEVİNDİRİLDİ    

  

  

   Hər il yeni il qabağı Beyləqan rayonunda icra hakimiyyəti şəhid ailələri, müharibə veteranları və eləcə də məcburi köçkünlərlə görüşlər keçirir. Buna görüş də demək olmaz. Buna xeyirxahlıq, insani dəyər və ən nəhayət imkansız adamlara verilən yüksək qiymət demək daha yaxşı olar. Şadlıq saraylarının birində bu günlərdə keçirilən bayram süfrəsi arxasında əyləşən bu qəbildən olan insanlar sözün həqiqi mənasında sevindiriliblər. İcra hakimiyyəti başçısının dəstəyi ilə keçirilən bayram tədbirində şəhid ailələri, müharibə veteranları və eləcə də digər insanlar hədiyyələrlə mükafatlandırılıblar. Bu isə o deməkdir ki, yeni il ərəfəsində rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev kasıb və imkansız adamları heç vaxt yaddan çıxarmayıb. Artıq bu cür tədbirlər rayonda ənənəyə çevrilib. Yəni bütün bayramlarda şəhid ailələri, müharibə veteranları və digər imtiyazlı insanlar yada salınır, xatırlanır və onlara maddi kömək göstərilir. Təbii ki, bu insanlar o qayğını, o diqqəti görəndə dövlətə və prezidentə inamları daha da artır. İnamları artır ki, prezidentin rayondakı səlahiyyətli nümayəndəsi olan icra başçısı əziz günlərdə onları heç vaxt yaddan çıxarmır və insanları sevindirir.    

  

  

   YÜKSƏLİŞ YOLUNDA  

  

  

   Beyləqanda bütün sahələr üzrə aybaay, ilbəil yüksəliş hiss olunur. İstər kənd təsərrüfatı, istər sənaye, istərsə də tikinti sektorunda çox böyük inkişaf var. Biz rəqəmləri sadalayıb oxucuları yormaq istəmirik. Bircə onu demək istəyirik ki, rayonun bütün sahələrdə uğurları heç də asanlıqla əldə olunmayıb. Yəni hər hansı sahədə bir inkişaf varsa, yüksəliş hiss olunursa, deməli burda hamının payı var.    

   Bir faktı qeyd edək ki, rayonda son vaxtlar taxılçılıq, pambıqçılıq, kartof, bostan, şəkər çuğunduru, qarğıdalı, günəbaxan, tərəvəz, meyvə istehsalı daha da artıb. Bu da o deməkdir ki, rayon ərazisində məhsul bolluğu yaranıb. Taxıl istehsalındakı uğurlar isə onu deməyə əsas verir ki, bu gün hər bir beyləqanlının süfrəsi çörəklə boldur. Çörək olan yerdə isə sevincvar, fərəh də. Yəni çörək olanda istər-istəməz qonağın qabağına insan alnıaçıq, üzüağ çıxır. Allah heç bir məmləkəti və heç bir insanı çörəklə sınağa çəkməsin. Deyirlər ki, çörək Qurandan irəlidir. Bu sözdə böyük hikmət var. Bəlkə də insan digər ərzaqlar olmadan uzun illər yaşaya bilər, amma çörəksiz, susuz çətin ki, kimsə bir aydan artıq ömür sürsün. Çörəyin, ruzunun qədrini bilən beyləqanlılar halal zəhməti və alın tərini hər şeydən üstün tuturlar. Onlar yaxşı bilirlər ki, alın təri ilə qazanılan çörək bal kimi şirindir. Bu bal kimi çörəyi adam gözünə elə təpir ki, istər-istəməz onun gözünə işıq gəlir. Gözə işıq gəlirsə, deməli, insan yaşayır, mübarizə aparır və sabaha daha böyük ümidlə baxır.  

  

  

   YAŞAYIŞ MƏNTƏQƏSİNDƏ MAVİ QAZ  

  

  

   Artıq Beyləqana xeyli vaxtdır ki, mavi qaz verilib. Mavi qazın Beyləqana gəlməsi isə insanların həyat tərzini daha da yaxşılaşdırıb. Əgər əvvəllər rayonda yaşayan bir çox insanlar qış vaxtı odun, daş-kömür və digər yanacaq növləri haqqında fikirləşirdilərsə, indi tamam başqa bir vəziyyət yaranıb. Təbii ki, odunu, daş kömürü və digər yanacağı tapmaq elə də asan deyildi. Bunun üçün ya meşələrdən gedib qanunsuz surətdə odun qırmalı idin, ya da pul xərcləyib yanacaq almalı idin. Aydındır ki, bu da hər adamın imkanı daxilində deyil. Rayona təbii qazın çəkilişi həmin problemləri qismən də olsa həll edib. Dekabrın 27-də isə Beyləqan rayonunun Birinci Aşıqlı və Orta Əlinəzərli kəndlərinə mavi yanacaq verilib. Həmin tədbirdə rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev və başqa nümayəndələr iştirak edərək bildiriblər ki, kəndə qaz çəkilişi çox insanın sevincinə səbəb olub. Bu cür qaz xətləri gələcəkdə digər kəndlərə də çəkiləcək. Aydındır ki, hər bir insanı daha çox sevindirir. Bu işə də ən çox sevinənlər həmin kəndlərin sakinləri olublar. Onlar yeni il ərəfəsində yeni bir töhfə alıblar. Bu töhfə isə hər bir sakinin qəlbini riqqətə gətirir.  

   Son vaxtlar Beyləqanda ağac əkimi davam etdirilir. Bayaq dediyimiz kimi, rayon ərazisində axır zamanlar yüz minlərlə ağac əkilib. Bu günlərdə isə rayonun Bəhrəmtəpə-Ağcabədi, Bəhrəmtəpə-Horadiz, Daşburun-Beyləqan-Ağcabədi istiqamətində olan magistral avtomobil yolunun kənarında müxtəlif növ ağaclar əkilib. Ağacların əkilməsi isə o deməkdir ki, şəhərlə yanaşı, ətraf yerlər yaşıllıqlar aləminə dönəcək. Özü bu ağaclar əkiləndən sonra onlara davamlı olaraq xidmət göstərilir, qulluq edilir. Qulluq edilir ki, onlar daha da tez pöhrələnsin böyüsün.    

  

      AÇIQ MUZEY QARŞISINDA TAMAŞA    

  

  

   Beyləqandakı açıq muzey barəsində ötən yazılarımızda danışmışıq. Ölkədə olan yeganə açıq muzeylərdəndir ki, burda ən qədim dövrə məxsus olan eksponatlar yerləşdirilib. Təbii ki, qədim Beyləqanın tarixi zənginliyini məhz həmin eksponatlar muzey əşyaları sübut edir. Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyevin ideyasının məhsulu kimi bu açıq muzey bu gün daha möhtəşəm daha əzəmətli bir görkəm alıb. Həmin açıq muzeyin qarşısında "İşıqlı, nurlu, sabah" adlı iki hissəli tamaşa göstəriləcək. Həmin tamaşa Beyləqanın ən qədim dövründən tutmuş, müasir dövrünədək hamısını əks etdirir.    

   Elə aktyorların da ifasında qədim müasir dövr canlı olaraq əks etdiriləcəkdir. Onu da qeyd edək ki, tamaşanın baş məsləhətçisi İrşad Əliyevdir. Deməli, qədim müasir Beyləqan özünün ən gözəl, ən möhtəşəm ən yaddaqalan bir dövrünü yaşayır. O dövrün ki, onun özü tarixə çevrilir. Tarixi olduğu kimi görmək istəyiriksə, gərək ona yad əllər, yad nəfəslər yad barmaqlar toxunmasın. Hər şey olduğu kimi qalarsa, onda gələcək nəsil keçmişə "çox sağ ol" deyər.

 

Faiq QİSMƏTOĞLU

Ədalət.- 2011.- 30 dekabr.- S.7.