"72 Koğuş" filmi - həyatın
dibində əzabın üzü
Məşhur Türk Yazıçısı Orxan Kamalın əsəri əsasında çəkilən "72 Koğuş" filmi həbs həyatı haqqında çəkilmiş son illərin ən dəhşətli və insanı sarsıdan ekran əsəridir. Məqaləmiz daxilində həmin filmi anlatmağa çalışacağıq. "Süjet tipologiyası" ilə yazdığımız bu məqalədə sujet əslində mətləblərin izahı kimi də qavranıla bilər.
Yanbayan yerləşən iki həbsxana var. Birində qadınlar qalır, digərində isə kişilər.
1940-cı illər
Türkiyədə adamlar,
az qala,
adamları yemək məcburiyyətindədirlər. Hamı bir-birini ələ verməyə, sabaha ümidi olmaya-olmaya bu günün ətəyindən bərk-bərk
yapışmağa məhkum
haldadır.
II Dünya
Müharibəsinin küləyi
bütün Türkiyəni
üşüdür. Avropa və Asiya küləkləri
arasında qalan Türkiyə ilk dəfə
ortalıqda qalmağın
fəsadlarını dadır.
Bütün ağızlar
zəhər tamında...
Adamların günahları fərqli olduğu üçün
cəzaları da başqadır, 72 Koğuşda...
Lakin həbsxanada çörək
tapa bilməyənlərlə
yanaşı, pul bolluğundan "əziyyət
çəkənlər" də var - hər
gün qumar, qadın düşkünlüyü.
Hər şey ayaq-baş olub, tərsinə çevrilib. Həbsxanaların nəzarətçiləri pul
alıb imkanlı məhbusları bir neçə saatlıq azad edirlər.
Amma həbsxanada bir
də əyni-başı
cırıq-cırıq olan,
səfillər var ki, ən yaxın
dostunu bir çörəyə belə
sata bilər. Dost sözü o qədər
gücsüzləşib ki,
dodaqlarda hecalanmır belə. Aclıq hissi - sevgi,
hörmət, məhəbbət,
xəyal, mərhəmət
hislərini məğlub
edib.
Bütün ümidlər dibsiz
uçurumlara atılsa
da, məhbəsdə
bir eşq var.
Əhməd kapitan həbsxanaya
düşmüş bir
qadını görür
və ilk baxışdan
vurulur. 150 lirə
də pulu var deyə bütün
aclar onunla
"dost" olub. Əhməd heç
kəsə kəc baxmır, çünki gözləri belə şeylərə vərdişkarə
deyil.
Filmin əvvəlində dəhşətli bir səhnə var. Məhbusların
dayandığı yerə
sümük atırlar
və bir-iki istisnaları çıxmaq
şərti ilə hamı sümüyün dalınca qaçır və insan-it eyniləşdirməsi aydın
nəzər çarpır.
Nəticədə insan daha qəddar görünür.
Maraqlı səhnələrdən biri
də çörək
oğurluğu üstündə
olur: Bir çörəyin üstündə
bütün məhbusları
kələkləri kəsilənə
qədər döyürlər,
amma buna baxmayaraq, heç bir məhbus əlindəki çörəyi
buraxmır, onların
qanı çörəyin
üstünə axır,
amma yenə də çörəyi gözlərinə təpirlər.
Dəhşətlər dizə yox,
birbaşa boya qalxır.
Həbsxanada bir də Fatma
adlı gözəl bir qadın var:
Fatmaya atası təcavüz
etmək istəyəndə,
qayçını onu
kürəyinə batırıb
və gözəl günləri ilə vidalaşıb. 15 il müddətində
həbsə məhkum
edilib.
Fatma hər gün
bir qərib türkü eşidir, kimsə için-için
oxuyur, yana-yana. Fatma bu adamın səsinə, bəlkə
də qəribliyinə
vurulur. Bu səs həbsxananın dərdlərini oxuyur, bu səs qərib
yurdunu ziyarət edib, Əhməd kapitanın boğazına
qayıdır hər gün. Əhməd Kapitan atasının qanını yerdə qoymadığına görə
20 il hökm
oxunub ona.
Amma neyləmək olar, fələk yenə tərsinə fırlayır
çarxını, imanlılar
imansıza qarışıb...
Əhməd kapitanın anası
olan-qalan pulunu oğluna yollayıb.
Əhməd də olan-qalanını
həbsxanadakı yoldaşlarına
paylayır.
Əhmədin məktublarını Fatmaya
vermək üçün
pul alan
Abi adlanan biri məktubları çatdırmır. Beləliklə onların sevgiləri bir-birindən xəbərsiz
qalır. Abi adlı
hərif Əhməddən
pul almaq üçün Fatmanın
da adından məktub yazır.
Həbsxananın şefi Hilminin
də Fatmaya gözü düşüb
və sözün bütün mənalarında
qaranlıq bir gecədə Fatmanı qəfildən yatdığı
yerdən qaldırıb,
qaranlıq bir otaqda əl-ayağını
bağlayırlar. Hilmi Fatmaya
təcavüz edir.
Fatma bundan sonra
"canlı qəbirstanlıq"dır.
Özünü taleyinin faciəsində
basdırıb.
Hilmi növbəti dəfə
həbsxana müdirinə
pul verib həbsxanadan qadınlarla əylənməyə gedəndə
"su səhəngi suda sınır" - onu qadın üstündə bıçaqlayıb
öldürürlər.
Əhməd isə sevə-sevə düşünürdü:
-"Bir gün Məcnundan soruşublar,
- Sevgi nədir?
-Yanan ürəkdir, deyib.
-Bəs yaxşı sönməzmi
bu atəş.
-Allah eləməsin
deyib, Məcnun."
Bu sözləri
Əhməd düşünür,
amma heç xəbəri də yoxdur ki, Fatma
onun sevgisindən xəbərsizdi.
Fatma illərin axırına
çıxır - azadlığa
qovuşur. O azadlığa
ki, gedəsi yeri belə yoxdur. Bütün qapıları bağlı
olan azadlığa.
Həbsxanaya təzə müdir
gəlib - ilk gördüyü
"xeyirxah iş"
məhbusları qarın
üstündə su motoru ilə lüt çimizdirir.
Filmin əvvəlində və sonunda Əhməd Kapitanın batan insanlıq üçün bir fikri səsləndirilir:
"Allah insanı Əşrəfi-məxluqat
kimi yaradıb. Ona deyib ki, sən
insansan, heyvan deyilsən. Sənə
iki ayaq verdim, insan olacaqsan
dedim. Ayaqlarının üstündə dayanacaq və yerdən yeməyəcəksən
deyib. Lakin yaratdığı bu məxluqa, bir də zəhərə
qalmış bir boğaz verib. Bax elə o gündən bəri, insanın şərəfini bir sümüklə də sınamaq olur". İndi özünüz fikir verin:
Əhmədin bütün pulu
qurtarır. Pulu olanda
ona döşək gətirmiş dostları,
döşəyini aparıb
satırlar, "Fatma paltarlarını yumaq üçün istəyir"
adı ilə onu aldadıb paltarlarını əlindən
alırlar.
Soyuq qış. Əhməd kapitan nazik gecə paltarında qalıb, elə bilir ki, Fatma
onun əyin-başından
çıxarılanları yumaq üçün aparıb.
Fatmanınsa yerini bircə
Allah bilir.
Və...
SON
Fərid Hüseyn
Ədalət.- 2011.- 30 dekabr.- S.6.