ALLAHI QATİL EDƏNLƏR(XIII
hissə)
Roman
(Əvvəli
qəzetimizin 24 dekabr sayında)
-
Yaxşı, bunu araşdıraram. İndi deyin görüm həmin
gün evinizdə qonaqlıq vermisiz?
-
Ağsaqqal adamam, mənə yalan danışmaq yaraşmaz, bu
olub. Xəbəri eşidən kənd tökülüb gəlmişdi.
Camaatı ac-susuz yola salmayacaqdımkı! Allah verəndən
bir süfrə açdıq.
- Siz həmin
məclisdə demisiz ki, Allah cəzasını verdi?
- Bəli,
demişəm. Hələ istəyirsiz sizin eşitmədiklərinizi
də söyləyim. Hətta demişəm ki, onu vuranın əlinə
qurban olum, məndən qeyrətli çıxdı.
-
Özünüz deyirsiz ağsaqqal adamsız, bir insanın
ölümünə necə sevinə bilərsiz? - Bilirsiz, cavan oğlan, Allah mənə
verdiyi dərdi düşmənimə də verməsin. Kiminsə
ölümünə sevinmək insanlıq deyil, kişilik
deyil. Amma mən bunu sizə başa sala bilmərəm,
heç siz də başa düşə bilməzsiz. O
polkovnikdi-nədi, onu öldürməmişəm, alibinin də
nə olduğunu çox yaxşı bilirəm. Və əlli
alibim var. Bir-bir sayacam. Sizə də məsləhət
görürəm heç onu öldürəni axtarıb
tapmayasınız da. Yer üzündən bir əclaf, bir namərd
azalıb. Əgər onu öldürəni tapmaq və həbs
etmək sizin üçün çox vacibdirsə, yazın,
altına qol çəkim ki, mən öldürmüşəm.
Kişi deyiləm qol çəkməsəm! Onsuz da onu mən
öldürməliydim, bəlkə elə əvvəl-axır
da öldürəcəkdim. Kim isə kişilik edib mənim
görməli olduğum işi görüb. Mən də
böyük məmnuniyyətlə o kişinin əvəzinə
cəza çəkməyə razıyam.
- Çox
gözəl danışırsız. Sanki kimdənsə
hüquq təhsili almısız, ya da kimsə sizi
hazırlayıb.
- Bilirsiz,
oğulg Bağışlayın sizə oğul dedim
- Eybi yox,
buyurun.
- Mən əkinçi
adamam, heç kim də mənə heç nə öyrətməyib.
Fikirləşdiklərimi deyirəm.
- Ov tüfənginiz
var?
- Var.
-
Hardadı?
- Evdə
divardan asılıb. Əgər hələ həbs etməmisinizsə
gedib gətirə bilərəm. Yox, əgər həbs
olunmuşamsa, adam göndərin gedib gətirsin.
-
Neçə kalibirdi?
- On
iki.
Düz gəlirdi.
-
Yaxşı, bir sualım da var. Siz hadisədən bir az sonra
bu xəbəri kimdən eşitmisiz?
- Balaca bir
ölkədə yaşayırıq, o başda öskürəndə
bu başda "Ya haqq Allah" deyirlər.
- Bir az da dəqiq
danışsaq?
- Şəhərdəki
qohumlar zəng etdilər.
- Nə
dedilər?
-
Düzünü bilmək istəyirsiz?
- Əlbəttə.
-
Gözaydınlığı verirdilər.
Neçə-neçə
bundan da ağır qətlin üstünü açan təcrübəli
Kriminalist nə qədər hərləyib-fırlayırdı,
sıfırdan başlayıb bildiyi müəyyən nöqtəyə
qədər gəlirdi, yenə sonda heç bir şey onun istədiyi
kimi alınmırdı. Kələfi aça-aça gəlirdi,
sona çatanda yenidən düşürdü qırx arşın
quyunun dibinə. İndi gəl kəndirsiz-filansız heç
kimin düşmək istəmədiyi, düşənlərin
də çıxa bilmədiyi quyudan çıx.
Əlində
bir dəmir gilizdən, iki qurğuşun güllədən və
bir də heç cürə danışdıra bilmədiyi
yabıdan başqa tutalqa yox idi. Bunlar da bir Bermud
üçbucağı təşkil edirdi, o da qalırdı
indiyədək heç kimin çıxa bilmədiyi bu Bermud
üçbucağının içində.
Atın
cidarını açmamışdan öncə yalını
sığalladı, üzünü qoydu sinəsinə, sinəsini
oxşadı. Atın gözləri
böyümüşdü və başını döndərib
bu böyümüş gözlərlə ona baxırdı və
elə bil həyatda ilk dəfə idi ki, onu belə
oxşayırdılar, əzizləyirdilər. At deyəndə
bir az böyük çıxır, yabıydı. Bəlkə
nə vaxtsa o da at olmuşdu, kişnəmişdi, ayağı
ilə yeri cırmaqlayıb fınxırmışdı,
madyan belinə qalxmışdı. İndi neçə illər
idi qışda onunla meşədən odun
daşıyırdılar, yayda ot-ələf, yaxşı ki,
arabaya qoşmurdular.
Bu əzizləmə,
sinəsini oxşayan ilıq nəfəs atın xoşuna gəldi,
nə qədər şüursuz olsa da bu ilıq nəfəs
onu yerindən oynatdı, madyan belinə qalxdığı
vaxtlardakı kimi qabaq ayağıyla yeri cırmaqlayıb
razılıqla fınxırdı. Hiss elədi ki, at onu
yaxına buraxdı. Bundan sonra ürəyi
çırpına-çırpına ətrafa baxdı, kimsə
gözə dəymirdi, yalnız yamacın bir az
aşağısında yerin o qədər də düz
olmasına baxmayaraq futbol oynayan uşaqlar vardı, onlar da
söyüşə-söyüşə top
qovalayırdılar. Cidarı açdı və ehtiyatla
meşəyə çəkdi, sevindi ki, görən
olmadı, ayağını bir kötüyün üstə
qoyub qalxdı atın belinə.
Bəlkə
yüz dəfə ölçüb-biçmişdi. Hərbi
hissəyə maşınla getmək olmazdı, hissə sərhəddə
yerləşdiyindən və ondan o yana kənd-kəsək
olmadığından bu yoldan yalnız əsgər
maşınları keçirdi, bir də adətən bazar
günlərində övladları ilə görüşməyə
gedən valideynlər.
Bu qədər
yolu meşə ilə piyada getmək çox çətin
deyildi, amma xeyli vaxt aparardı. O, öz kəndlərindən
də atla çıxa bilərdi, amma şübhələnərdilər.
Ona görə hərbi hissəyə daha yaxın və qohum-əqrabalarının
yaşadığı kənddən bir at tapıb onunla getmək
daha ağıllı yol idi. Bu təkcə vaxt qazanmaq demək
deyildi, həm də gözlənilməz bir hadisə baş
versəydi at onu bu dağda, bu meşədə aradan
çıxara bilərdi.
Tanrı
birinin bəxtini bağlasa da, o birinin bəxtini
açırdı, kimsə onun ata mindiyini görməmişdi.
İntiqam
hissi ömründə intiqamın nə olduğunu bilməyən,
bilsə də bunu almağa qabiliyyəti olmayan, heç kəsin
toyuğuna Tanrının bircə daşını da atmayan
bir insanı əsil qatilə çevirmişdi.
O,
Polkovnikin bütün iş qrafikini - hərbi hissəyə nə
vaxt gəlir, nə vaxt gedir, hansı günlər
maşını özü sürür, hardan haçan
keçir - elə dəqiqliklə öyrənmişdi ki,
peşəkar qatillər ona həsəd apara bilərdi. Amma o
bunu necə öyrənmişdi, bu onun sirri idi. Ən peşəkar
qatillər kimi, istəyini həyata keçirəcəyi yeri
də dəqiqliklə seçmişdi.
Bura
döngə idi və keçən maşın mütləq
sürətini azaltmalıydı. Həm də bu döngəyə
burulan maşınlar bir-iki dəqiqəlik gözdən
qaçırdı. Yolun sağ tərəfi
daşlıq-qayalıq idi, bəzən, xüsusi ilə də
yağışlar yağanda bu daşlar yola
dağılardı, hətta yolu kəsərdi, sol tərəf
isə meşəlik idi, bir az aşağıda isə dağ
çayı axırdı. Polkovniki vurmaq üçün
burdan əlverişli yer ola bilməzdi.
Çaya
çatanda atdan yendi, atı bir ağaca bağladı və
çayı keçib qalxdı yolun kənarına. Elə
bir yer seçdi ki, burdan döngədən çıxan
maşın yaxşı görünürdü.
Saatına
baxdı, Polkovnikin gəlib-keçməsinə çox az
qalırdı.
Yolun
sağ tərəfindəki qayalıqdakı daşı-kəsəyi
yola diyirlədi, yolu təmizləmək üçün
maşın mütləq dayanmalıydı.
Sonra iri
gövdəli bir palıdın arxasında yerini rahatladı.
- Olar?
Prokuror nəzərlərini
əlindəki qəzetdən ayırdı və eynəyini
çıxarıb qapının ağzında dayanmış
Müstəntiqə baxdı və qəzeti stolun üstə
tulladı:
- Buyurun. Bu
qəzetlər də lap ağını çıxarıb,
ituşaqları ağızlarına gələni yazırlar,
bir balaca gözünü ağardırsan, Avropa
tumanını keçirir başına! Otur, de görüm
işi bitirdinmi?
Müstəntiq
ataların nəsihətini eştiməyib it hürən tərəfə
deyil, işıq gələn tərəfə üz tutanda onu
nə gözlədiyini çox yaxşı bilirdi və hər
şeyi də gözünün altına almışdı. Hələ
işıq gələn tərəfə xeyli qalmış
divlərin səs-küyü, hənirtiləri nəinki
eşidilirdi, artıq qulaqlarını deşməyə
başlamışdı. O uşaq deyildi və divlərə
gücü çatmayacağını, onların əlindən
işığı ala bilməyəcəyini də başa
düşürdü. Amma geri dönməyəcəkdi. Nə
rütbə, nə də vəzifə o uşaqların
qanından qiymətli deyildi. O uşaqlar kimi onun da balaları
vardı, bu gün-sabah əsgər olacaqdılar, yox, bu qandan
keçməyəcəkdi.
İndi
divlərdən birinin qarşısındaydı.
Özünü toparladı və prokurora necə
baxdısa - adətən Əmir Teymur sabah
asdıracağı adamlara belə baxırdı və həmin
adamlar da bu baxışların altında bircə dəfə
udqunardılar, damarlarında qan donardı və əslində
bundan sonra heç onları asmaq da lazım deyildi
... Nə o
Əmir Teymur idi, nə də prokuror sabah asılacaq adam -
prokuror bu baxışlara tablamadı udqundu və
başladı stolun gözündə nə isə
axtarmağa.
- Bitirdim! -
dedi və oturdu. Gətirdiyi qovluqları qoydu stolun üstə,
sonra həmin qovluqların birini açıb ittihamnaməni
qoydu prokurorun qarşısına.
Prokuror
yenidən eynəyini taxdı və başladı ittihamnaməni
vərəqləməyə. Vərəqlədikcə bir dəfə
yox, bir neçə dəfə udqundu, su süzüb
içdi, qalstukunu boşaltdı, yenə oxumağa
başladı, amma axıracan oxumadı, hirslə bir kənara
itələdi və qalxdı ayağa:
- Bu nədi?
Müstəntiq
çox soyuqqanlıqla:
-
Oxumadınız?
Prokuror az
qala bağırdı:
- Sən
prokurorluğu barmağına dolamısan! Paqonunu sökdürərəm.
-
Qışqırmayın! Qarşınızda oturan uşaq
deyil, mühüm işlər müstəntiqdi. Ya bu işi qəbul
edəcəksiz, ya da mənim istefa ərizəmi. Paqonumu da
sökdürməyə ehtiyac yoxdu, - dedi Müstəntiq; -
işi qəbul etməsəniz özüm qoparıb
bağışlayacam sizə, ulduzları söküb öz
paqonunuza taxarsız. İstefa ərizəmi cırmağı
da ağlınıza gətirməyin, qeydiyyatdan
keçirmişəm və bir surətini də rəhbərliyə
ünvanlamışam. Mənim balalarım var, heç
balalarım olmasa da, başımın üstə Allahım
var. Mən o uşaqların qanını batıra bilmərəm.
Ya Polkovnikin həbsinə icazə verəcəksiz, ya da mən
qan batırıb vəzifə alacağıma, sizin
buyurduğunuz kimi gedib bazarda kartof, göy-göyərti sataram.
Mən nə igid deyiləm, nə də vicdanı təmiz.
Amma əclaf da deyiləm. Mən işi tamamlamışam, o
Polkovnik həbs olunmalıdı. Qalır sizin onun həbsi ilə
əlaqədar təqdimata imza atmağınız. Bilirəm
ki, o təqdimata imza atmağa nə cəsarətiniz, nə də
kişiliyiniz çatar. Ondan da xəbərim var ki, işi məndən
alıb başqa bir müstəntiqə verilməsi ilə
bağlı əmr hazırlamısız. Eybi yox, bir gün
bir oğul çıxar və bu işi yenidən arxivdən
çıxarar, onda o Polkovniki də, sizi də...- dedi və
qalxdı ayağa, yenə Əmir Teymur sabah asdıracağı
adama baxdığı kimi prokurora baxdı: - Mən getdim. -və
getdi qapıya.
Prokuror eynəyini
çırpdı döşəməyə:
- Qayıt
geri!
Müstəntiq
əlini yellədi.
Prokuror:
- Mən sənə
əmr eləyirəm!
Müstəntiq
bu dəfə əlini yelləmədi, döndü arxaya,
baş barmağını iki barmağının arasından
çıxarıb:
- Ala! - dedi
və otaqdan çıxdı.
Yenə
divardan asılmış tüfəngi götürdü, əsgi
ilə möhkəm-möhkəm sildi, sonra lüləsini
açıb patronu çıxartdı, atası kimi o da bir
gözünü qıyıb lülənin boşluğundan
nişan alırmış kimi baxdı, sonra əsgini
şişə dolayıb neçə ildi barıt
tüstüsü görməyən lülənin içini
yaxşı-yaxşı təmizlədi. Təmizləyəndən
sonra yenə bir gözünü qıyıb lülədən
qarşıya baxdı. Bayaq çıxartdığı
patronu da möhkəm-möhkəm sildi və qoydu lüləyə
bağladı, lülə necə şaqqıltı ilə
bağlandısa, bu şaqqıltıdan diksindi və tez
qapıya baxdı ki, gələn-görən olmadı ki.
Toxdadı, nə gələn vardı, nə görən...
(ardı növbəti şənbə
sayımızda)
AQİL ABBAS
Ədalət.-
2011.- 31 dekabr.- S5.