MƏMMƏD
ARAZA SÖZ VERMİŞDİM...
Məşhur
avar şairi Rəsul Həmzətov sanki mənim
sözümü deyib:
Ömrüm boyu tələsmişəm,
Ömrüm boyu gecikmişəm.
Sıx bağlılığım
olmasa da, münasibət qurduğum elm, sənət
adamlarının bir çoxu haqqında sağlığında
deyəcəyim sözü onlar həyatdan gedəndən sonra
qərib ruhlarına pıçıldamalı olmuşam. Bəlkə
də vaxtında qədirbilənlik eləsəydim, sonralar həmin
insanlar barəsində yalnız mənə məlum hadisələri
əlhavasına yox, daha tutarlı faktlarla ortaya qoya bilərdim.
Oturub fikirləşəndə, boynumda haqqı-sayı olan rəhmətlik xalq şairləri Bəxtiyar Vahabzadə və Məmməd Arazı, jurnalistliyi hər peşədən uca tutan, hətta baş daşına "dövlət və partiya işçisi" yazılmalıykən "Əməkdar jurnalist" həkk edilmiş Rəşid Mahmudovu, ömürləri uzun olsun - görkəmli yazıçılar Cəmil Əlibəyov və Məmməd İsmayılı, Azərbaycanın hərb elminin generalı deyərdim, tədqiqatçı-yazıçı Şəmistan Nəzirlini mənim tərəfimdən haqqını almayanlar sırasında görürəm.
Axır ki, boynumdakı bir minnəti əda eləmək məqamı yetişdi; kompüteri açıb, səhifənin başında yazdım:
MƏMMƏD ARAZ
Əmi, bəs...
-Məmməd Araza söz vermişdim ki, əmi, sərhədlər açılan kimi səni Təbrizə apacam. Onda ki, adına "umacaq"dan başqa bir şey yaraşdırmaq mümkün olmayan bu şirin vədə nəinki Məmmədi, elə özümü də arxayın salmışdı, onda bizə qismət olacağına güman yeri olmayan arzularımdan idi bu.
Dünyanın işini bilmək olmazmış; sərhədlər də açıldı,
Məmmədi Təbrizə də apardım. - Xalq şairi Söhrab Tahir "Seçilmiş əsərləri"nin növbəti cildini oğlu Tahirlə nəşriyyatımıza gətirəndə bu söhbəti eləmişdi. - Məmməd Təbrizi görəndə peşman oldu.
Gözüm böyüdü.
- Adı gələndə ürəyi atlanan şair qardaşımı Təbriz dükan-bazarıyla, ticarət köşkləriylə, şıdırğı alış-verişiylə qarşılayırdı. Məmməd ayaq saxlayıb üzümə baxdı:
-Əmi, bəs Təbriz hanı?!...
Götür-qoy eləyəndə gördüm Məmməd Arazla bəzi doğmalığımız da varmış;
Birincisi, hər ikimiz müxtəlif ali təhsil ocaqlarının -Pedaqoji İnstitut və Dövlət Universiteti olmaqla, eyni fakültəni - coğrafiyanı bitirmişdik.
İkincisi, Məmməd Araza cavankən dərs deyən və onun sevgisini qazanan mərhum pedaqoqlar - Məmməd Axundovla Məmməd Zülfüqarov ahıl vaxtlarında mənim də sevimli müəllimlərim olmuşdu.
Üçüncüsü, Məmməd Arazın da coğrafiyaçı olması ədəbiyyata yeni gələn, şöhrətə iştahlı cavan kimi sözlə özünə abidə qoymaq arzuma real nümunə idi.
Lap sonuncusu, Məmməd Arazın boynumda ən böyük haqqı, sözü bədii demək, orijinal qafiyələrlə demək, böyük mətləbləri az sözlə demək vərdişləri aşılamasıydı mənə. Bu, müəllim-şagird anlamında - üz-üzə, göz-gözə yox, ustad şairin poeziyasından görüb-götürmək mənasındaydı.
Bir dəfə Məmməd Arazdan söz düşmüşdü, görkəmli şair İlyas Tapdıq dedi: "Hamınıza məlumdu ki, sağlamlıq çox yeməklə yox, nəyi yeməklə olduğu kimi, yaxşı şairlik də çox oxumaqdan çox, nəyi oxumaqdadı. Biz ədəbiyyatçılar ali məktəbdə ürəyimiz istədi-istəmədi proqrama daxil edilən yaxşı-pis nə varsa hamısını oxumağa məcbur idik. Yəni, yeri gəldi-gəlmədi iştahımızı pozan könülsüz tikələri də boğazımızdan ötürməliydik. Bizdən fərqli olaraq Məmməd coğrafiyaçıydı, ürəyi nə istəyib, onu da oxuyub. Day beynində hər cür mənasız fikirlərə yer verməyib.".
Universitetə girdiyim 1967-ci ildə, dərslərimiz başlayandan az sonra elə ilk görüşümüzdəcə şeir haqqında müqəddəs düşüncələrimə çat salan - hər şairi şair, hər kitabı kitab saymayan Məmməd İsmayıldan az qala şübhəylə xəbər almışdım:
-Bəs kimi oxuyum?
-Rəsul Rzanı, Əli Kərimi, Məmməd Arazı, - dedi.
Səməd Vurğunun adını bu siyahıda görməyəndə, ürəyimdə narazı qalsam da, üzə vurmamışdım. Sonralar bu barədə ondan soruşanda: "Gözümüzü ədəbiyyata Səməd Vurğunla açmamışıq məgər!?" cavabını vermişdi.
Məmməd Arazın ilk dəfə şeirlərini toplu halında gördüyüm kitabı "Ömür karvanı" oldu. Onda 30 dekabr 1967-ci il idi, I kursda oxuyurdum. Kitabı aldığım günü elə onun ilk səhifəsindəcə "əbədiləşdirmişdim" - 30 dekabr 1967-ci il.
Kitab tezliklə təkcə mənim yox, tələbə dostlarım Ağamahmudun, Nadirin, Nizaminin, Telmanın və Vaqifin də sevimlisinə döndü. Bu da səbəbsiz deyildi. Açığı, kasıbın olanından yox, bizə lazım olandan - dadımlıq-doyumluq tapmağımız idi bu topluda. Burdakı şeirlər xəyal gücüylə hardansa, Məmməd Arazın öz diliylə demiş olsaq, "oğranıb", oxşanıb araya-ərsəyə gətirilməmişdi. Şairin özünə təlqin etdiyi fikirlərdən də doğulub dünyaya gəlməmişdi heç. Hay-küydən uzaq, bəlağətdən uzaq, şirin çıxmasıyçün əruz avazına söykənməyən, bir sözlə mayası görüb-bildiyimiz həqiqətlərdən tutulmuş əsərlər idi Məmməd Arazın yazdıqları. "Şəhərdən köçən təpə"ni, "Professor Gülə məktub"u, "Əlvida, dağlar"ı, "Uçqun"u az qala xorla oxuyurduq.
Bu gün yaman məyus oldum,
Bu gün səhər -
Gördüm - şəhər kənarında
Bir təpəni sökürdülər...
Orda çoxlu çöl nanəsi,
Orda çoxlu xınalı
daş...
Dayan bir az, dayan
bir az,
Maşın yoldaş!
Belə deyimi, belə müraciəti
eşitməmişdik axı! Məmməd Araz
poeziyanı ruhlar, xəyallar, əlçatmazlıqlar aləmindən
ayırıb, göz görən, əl çatan,
anlaşıqlı eləmişdi.
On illərlə
sonradan belə gəncliyimin "Ömür karvanı",
sevimli kitablarımla çiyin-çiyinə verib. Bu yazıya "bismillah" eləyəndə yenidən
onunla həmsöhbət oldum; peşman eləmədi məni.
Sanki nə mənim yaşımın üstünə yaş
gəlibmiş, nə də zövqümə payız yeli əsdirən
zamanın əli dəyibmiş bu kitaba; həmin təravət,
həmin həyəcan, həmin heyrət... Hətta
"Özümdən şikayət məktubu"
şeirinin
İşıq sürəti var
şair səsinin,
Sənət
dünyasının yaşıl donuyuq.
Sevgilər, dostluqlar cazibəsinin
Bəlkə də
birinci Nyutonuyuq.
misralarından
sonra 44 il əvvəl yazdığım, açması
özümə də sirr olan bir yozuma rast gəldim:
"Nyutonun qanunu cisimlər üçündür. Məhəbbət
üçün bir qanun var; F=f. m1.m2.r2"
İndi ha baş
sındırıram; bu nə tənlikdi, bu nə tapmacadı,
bu rəqəmləri hardan götürmüşəm, ifadə
etdiyi məna nədir? Ha ələşəni küləşənə
qatıram, ağlım bu sirrin gözünə çökən
kor dumanı yarıb keçə bilmir ki, bilmir...
"Ömür karvanı"yla mənə
doğmalaşan, rus şairi Sergey Yeseninin sözüylə
desəm "canlı şair"lə harda tanış oldum,
necə tanış oldum, bilməsəm də, bir fakt mənim
üçün aydın idi ki, biz gənclər onda Məmməd
Arazı dabanqırma izləyirdik. Onun qulaq qafiyələrini,
obrazlı deyimlərini, orijinal ifadələrini adına şeir dediyimiz yazılarımızda
ha ört-basdır eləməyə
çalışırdıq, misralarımızda Məmməd
Araz fikirlərinin saç-birçəyi
görünürdü.
Biz cavanlar boynumuzda minnət təki
hiss etdiyimiz Məmməd Araz haqqının əvəzini maddi
olmasa da, axır ki, mənəvi ödəyə bildik; bizim
"şəyird" adımız ona "ustad" deyimi gətirdi.
Gənc
şair, alim-şairlər və məhəbbət
körpüsü
Gərək ki, səksəninci
illərin axırlarıydı, ADU-nun (indiki BDU) rektoru olmuş
mərhum akademik Şəfayət Mehdiyev bədii əsərlər
yazırdı. Hətta, gərək ki,
M.F. Axundov haqqında pyesi də nəşr edilmişdi.
Bunu görən bəzi elm adamları - niyə o alim ola-ola bədii
əsər yazır, biz yazmayaq!?- iddiasıyla
bərk həvəsə düşmüşdülər.
Ədəbiyyata gəlmək
istəyən alimlərin Şəfaət Mehdiyevlə fərqi
o idi ki, mərhum akademik nəsr yazırdısa, onlar, o
cümlədən fakültəmizin iki alimi şeir
yazırdı. Bizim coğrafiyaçı alimlərin
biri "Badamlı", "Sirab" və s. kimi mineral
suları kəşf etmiş professor Əziz Əsgərov, o
biri də Məmməd Axundov idi. Onda mən tələbələri
ola-ola bu iki alimin gözündə onların qələm
yoldaşı səviyyəsinə qalxmışdım.
Bu da mənimçün fəxr idi ki, heç kimi görməyə
özünü borclu bilməyən Əziz Əsgərov məni
uşaqların arasında seçir, hətta başını
tərpətməklə birinci özü salam
verirdi. Bir dəfə tələbə yoldaşımız
Nadir idi, gərək ki, Əziz müəllimlə
aramızdakı bu səmimiliyi görüb, gözlərini
qıyıb diqqətlə üzümə baxıb, salyan ləhcəsiylə
heyrətləndi:
-Alə, öynən səni, nə
yaxşı!?
-Qələm yoldaşıyıq.
Mənalı-mənalı
başını tərpətdi:
-Hə...
Bir gün də Nadir o vaxtı məşhur
olan "Kirpi" jurnalı əlində başılovlu
otağa girdi:
-Baxın, şeirim
çıxıb.
Doğrudan da jurnalda
"Nadir Rüstəmov" imzasıyla bir neçə
şeir verilmişdi. Elə bil ayıldım:
-Bu sən deyilsən, nazir Nadir
Rüstəmovdu.
-Canımçün, bütün
Salyan elə bilir şair Nadir Rüstəmov mənəm.
Onu da deyim ki, həmin
naziri sonralar şairliyinə görə də işdən
götürdülər. Eşitdiyimizə
görə Heydər Əliyev deyib, qoy gedib şeirini
yazsın.
Qeybətçil adamların
sözü olmasın, onu deyirdim axı... Əziz
müəllimlə Məmməd müəllim gərək ki,
hərəsi bir dəfə şeirlərini də
oxumuşdular mənə. Hətta professor Ə. Əsgərovun
bir misrasının üçdəbiri hələ də
yadımda təzə-tərdi: "Zər-diba xətrinə...".
Günahkarammı, nəyəmmi,
deyə bilmərəm, misranın ardı fikrimdə nəqş
bağlaya bilməmişdi. O da yadımdadı ki,
professorun qulaqlarımızın eşitməyə vərdiş
etdiyi "Zər-ziba" əvəzinə "Zər-diba"
yazmasını, üzdə "aqilanə"
başımı tərpətməklə
"ustadsayağı" təqdir eləsəm də, ürəyimdə
gülmüşdüm; Əziz müəllim
görünür ləzgi olduğu üçün dilimizi
yaxşı bilmir.
Elə bu şübhəylə
yataqxanaya qayıdıb, "Ərəb və fars sözləri
lüğəti"ni açıb
qabağıma qoyanda, çaşıb qalmışdım;
"bəzəkli ipək" mənasını verən
"diba" həqiqətən də varmış.
Yanıldığımı özüm-özümə də
olmuş olsa etiraf eləmişdim: "Deməli, dilimizi mən
pis bilirəmmiş!"
Bir az quru, bir az
adamı saymaz təsiri bağışlayan, yerişində
belə iş qayğılarıyla baş-başa görməyə
vərdiş etdiyimiz Əziz müəllimdən fərqli həlim
təbiətli Məmməd Axundovla təkcə mənim yox, tələbə
yoldaşlarımın hamısının ünsiyyəti
vardı. Bir gün universitetin dəhlizində
yoldaşlarımla söhbət elədiyim yerdə, qolumdan
tutdular. Baxdım ki, Məmməd müəllimdi:
-Qəşəm,
tapşırıq almaqla aran necədi!?
Gülümsədim...
-Birincisi, söz vermişdim ki, səni
Məmməd Arazla tanış edim. İkincisi, özümün də işim
düşüb ona. Bu məktubu al, bir də
mənim bu şeirimi, apar ver Məmmədə. Salamımı
da çatdır ona. Gör məni unutmayıb ki!?
Elə həmin
günü öz şeirlərimi də müəllimimin ikibəndliyinə
qatıb, daban aldım "Ulduz" jurnalına. Yolda
birdən yadıma düşdü ki, qoy görüm Məmməd
müəllim nə yazıb, bəlkə şair demiş
"qətlimə fərman" aparıram: "Məmməd,
salam! Səni başqalarına
tapşırdığım kimi, bu cavan oğlanı da sənə
tapşırıram, kömək elə. Mənim
də şeirimi jurnalında verməyi unutma."
M.Axundovun "Səni
başqalarına tapşırdığım..." fikri, bu
tapşırığın nə
olub-olmadığının fərqinə varmadan, mənə
qəribə gəlmişdi: "Bax ey, Məmməd Araz boyda şairi
də tapşıran olubmuş!"
Məmməd Araz, onda
"Ulduz" jurnalının məsul katibiydi; məktub və
şeirləri oxuyub, gülümsədi:
- Məmməd müəllim
yaxşı kişidi, məndən salam
deyərsən.
Yolda fikir məni
götürdü: doğrudanmı Məmməd Araz Məmməd
Axundovun, müəllimimiz olduğuna görə zəif
şeirini çap edəcək!?
Bir neçə
nömrədən sonra "Ulduz"da mənim də
atımın nalına gün doğdu; "Qızlar
yaxşı bilər" yazım bu gənclik məbədgahında
böyüklər üçün çap edilən birinci və
axırıncı şeirim oldu. Sonra mən
bütünlüklə uşaqlar üçün yazmağa
keçdim. Çox-çox sonralar isə uşaq
şeirlərim "Ulduz"un səhifələrində
özüm istəyəndən-istəyənə boy göstərməyə
başladı. Onda artıq jurnalın baş
redaktoru ipək təbiətli şair Ələkbər
Salahzadə idi.
Axır ki, Məmməd
Araz nigarançılıqdan qurtardı məni; Məmməd
Axundovun ikibəndliyi "ərgənlik" (bu sözü də
ilk dəfə ustadın şeirlərindən oxumuşdum)
olmadığından bəxti açılmadı.
Ürəyimdə böyük şairimizə, müəllimimizi
mənasız çızmaqaraçılıqdan və
gülüş obyekti olmaqdan qurtardığına görə
"çox sağ olun!" dedim. İnsafən Məmməd Axundov da sonralar (əvvəllər
bir-iki dəfə soruşmuşdu) day ikibəndliyinin
adını tutmadı. Amma hərdən özünəməxsus
təbəssümlə soruşardı:
-Qəşəm, Məmmədi
görürsən?
-Bəli, Məmməd müəllim,
sizə salam yollayır.
-Məndən də salam deyərsən.
-Salam göndərən sağ
olsun!
Əslində, ədəbi
orqanların qapısını yağır eləməklə
aram olmadığından heç Məmməd
Arazı da, küçədə-bacada təsadüfən
rast gəlməsəydi, görüb eləmirdim və
"Ulduz"a da getmirdim. Müəllimimin
könlünü xoş etmək xatirinə, bizim Kürdəmirin
Xəlsə kəndində yalan əvəzinə işlədilən
"uçurtma" (acısı
çıxarılmış yalan) danışırdım.
Nəinki coğrafiya və şeir müəllimlərim
Məmmədlər, heç özüm də bundan ziyana
düşmürdük. İki sevimli insan
arasında "məhəbbət körpüsü"ydü
qoruduğum.
Tofiq
Bayram... Hüseyn Arif...
Hərdən xatirələrdə
qoruyub saxlaya bildiyim uzaq keçmişlə baş-başa verəndə
görürəm, o vaxtlar Məmməd Araz
yaradıcılığı təkcə oxucuların, ədəbiyyat
həvəsli gənclərin marağında deyildi. Qələm yoldaşları belə səbrsizliklə
onun söz deyəcəyi vaxtı, şeirləri çap ediləcəyi
mətbu orqanını, nəşr ediləcək
kitablarını gözləyirdi.
Ala-toran
xatırıma gəlir, gərək ki,
"Yazıçı" nəşriyyatındaydıq,
bilmirəm, məndən başqa kimlər vardı orda, bir o
yadımdadı ki, şair Tofiq Bayram da ordaydı. Onda T.
Bayram "Yazıçı"nın
baş redaktor müaviniydi.
Kimsə əlindəki
qəzeti açan kimi "Məmməd Arazın bir silsilə
şeirini veriblər" deməyini gördüm. Bayaq
Tofiq Bayram həyəcana gəldi, "hanı?" deyə
yay kimi irəli dartınıb, az qala qəzeti
həmin adamın əlindən çəkib alıb,
sözün həqiqi mənasında gözünə təpməyə
başladı. Şeirləri oxuyandan sonra nə dedi, nə demədi,
yadımda qalmayıb, amma fikirli halda qəzeti qaytarıb,
barmaqlarının arasında yanıb qaralmış siqareti
dodaqlarına aparanda, kötüyü qaldığını
görüb, tullayıb, yenisini yandırdı;
tüstünü sinə dolusu sümürüb, sonra da
başını dik qaldırıb, ah çəkib, ürəyini
boşaldırmış kimi uzun-uzadı havaya
üfürdü...
Mərhum xalq
şairi Hüseyn Arifin də Məmməd Araza rəğbətini
görmüşdüm. Rəhmətlik o
vaxtı çoxlarının həsrətlə
arzuladığı "Jiquli" maşını
almışdı, elə bil, pul verib övladını
öldürmək üçün killer tutubmuş.
İndiki Fəvvarələr
bağının girişində Hüseyn Arif idi, Məmməd
Araz idi, özüm də təbii ki, ordaydım, başqa
yazıçılar da vardı, sadəcə adları
yadımdan çıxıb. Cavanlığının
gülü burnunda bədbəxt Arif də təzə
"Jiquli"siylə gəlib çıxdı. Hüseyn müəllim fəxrlə bir oğluna
baxdı, bir maşına baxdı, bir yan-yörəsindəki
dost-tanışa baxdı; üz-gözündə sevinc nuru
oynayırdı. Maşına yaxınlaşıb
üzünü Məmməd Araza tutdu:
-Məmməd, otur, səni
aparaq!
Hamımızın bu təklifə
müsbət cavab verəcəyini gözlədiyimiz Məmməd
müəllim nədənsə "Yo-ox!" dedi.
Hüseyn Arif nə illah elədi, Məmməd
müəllim maşına minmədi...
Bu
maşıngördüsünün üstündən elə
də vaxt keçmədi, bir gün Hüseyn müəllim
ciyərparasi Arifin yasına oturmalı oldu.
"Əmi"lər
və ya "Hardasan,
ey könlümün birdənəsi..."
O uzaq keçmişdə biz
cavanlar ürəyə yatmağı, qəlbə girməyi
kor-koranə dərk eləsək də, yaltaqlığın
nə olduğunu, necə olduğunu yaxşı başa
düşmürdük. Bilmirdik ki, yaltaqlığın
buynuzu, qulağı olmur; kiməsə şirin, xoşa gələn söz demək, situasiyadan
asılı olaraq bəzən elə dönüb yaltaqlıq
olur. Bu məlun haqqında nə bilirdiksə ibtidai
bilirdik. Fikrimizdə yaltaqlıq niyyəti
olmadan, üzümüzə xoş baxan qələm sahiblərinin
yanında yerimizi yaxşı salmaq üçün ən
azından onlara könüllərinə yatan sözlə
müraciət etməyə çalışırdıq.
Ən çox
başına yığışdığımız isə,
dərnək rəhbərimiz, Ağacavad Əlizadəni
istisna etsək, ikiydi; Məmməd Araz və Söhrab Tahir.
Rəhmətlik
Ağacavad müəllim ustad idi, müəllim idi.
Şeirlərimizi az qala
söküb-töküb, yaxşısını,
yamanını elə iştahla təhlil edirdi, heyrətə
gəlməyə bilmirdik. Onda şeir
yazırdımı, yazmırdımı, deyə bilmərəm,
ancaq xeyli əvvəl, gərək ki, 1964-cü ildə
kitabı da nəşr edilmişdi. Söz-söhbətindən
belə anlamışdıq ki, Səməd Vurğun
poeziyasının heybətindən qorxub, geri durmuşdu.
Sonralar özündə cəsarət tapıb qələmi əlinə
alanda isə, artıq şair demişkən, "yaş o
yaş deyil"di...
Özümüzə
yaxın bildiklərimiz Məmməd Arazla Söhrab Tahiri isə,
iki doğma qardaş kimi bir-birindən ayrı təsəvvür
eləyə bilmirdik. Fərqli
yaradıcılıq üslubu olan bu sənət
adamlarının xarakterində balaca bir bənzərsizlik də
vardı. Məmməd Araz fərqinə varmazdı ki,
ona "müəllim"mi deyirlər, "şair"mi
deyirlər, ya da sadəcə, əlbəttə
tay-tuşları və özündən böyük qələm
dostları, "Məmməd"mi deyir...
Ancaq Söhrab Tahir
"şair"in, "müəllim"in,
"ustadı"n rəsmiliyindən sıyrılıb, əvəzində,
ədəbiyyat adamlarının dilinə deyilişindən
doğmalıq duyulan bir "əmi" salmışdı.
İlk "əmi" də özü olmaqla, bu "əmi"nin ətrafında bütpərəstlikdən-filandan
iraq balaca bir kult yaratmışdı.
Söhrab müəllim
özü "əmi"lər peyğəmbəri
olmasına baxmayaraq, tanıdı-tanımadı hamıya
"əmi" deyərdi. Allah
ömrünü uzun eləsin, indi də o vərdişindən
qalmayıb. Onu da deyim ki, bu müraciət
onun dilində olduqca təbii səslənirdi. Lakin bir çox cavanlar Məmməd Araza da "əmi"
deyirdi. Söhrab Tahirin "əmi"sini
inanırdım ki, Məmməd müəllim çox səmimi
qarşılayırdı. Başqa "əmi"lərə
necə münasibəti vardı, bu mənimçün
qaranlıq idi.
Cavan ikən Allahın rəhmətinə
qovuşmuş Əyyub Sədiylə Pərviz Əliyev "əmi"
sözünün gözünə az qala
şingilim (keçmişdə qara saqqızı yumşaldıb,
elastiki hala salmaq üçün ona vurulan maddə)
qatırdılar. "Əmi" onların
dilində elə yapışıqlı olmuşdu ki, "Məmməd"lə
"Söhrab"ı ixtisara salıb, sadəcə "əmi"
deyirdilər. Eşidən-bilən şübhəyə
düşürdü; doğrudanmı Məmməd Arazla
Söhrab Tahir bunların əmisidi!?
Burda
özünütərifdən uzaq deyə bilərəm ki, mənim
dilim "Məmməd müəllim"dən başqa
ayrı sözə dönmürdü. Az
qala hamının "əmi"
çağırdığı Söhrab Tahirə də
küyə düşüb "əmi" deyəndə,
sıxılırdım.
Bir dəfə isə
belə sıxıntılardan birini Məmməd Arazın bir
məhəbbət şeiri yaşatdı mənə. Daha doğrusu, Məmməd müəllimin misralara
dönən böyük sevgisi pərt elədi məni. Sanki onun halal məhəbbətinə əl
uzatmışdım.
Tələbə yoldaşlarım
sonradan danışırdı; "Yerşünaslıq"
dərsində (dərsin adını ona görə yazıram
ki, qoy Məmməd müəllimin ruhu şad olsun, o da bu elmi
dinləyib, oxuyub, imtahan verib) fənn müəllimi rəhmətlik
Şamil Kərimov, baxır ki, mühazirəni unudub,
başı aşağı nəsə bərk məşğulam.
Qarşıma uzalı, dəftərdən yapışan əli
görəndə, diksindim... Bir də baxıb
gördüm ki, "Anadan, bacıdan gizlətdiklərim"
(M.Araz) Şamil müəllimin əlindədi, özü də
ağır baxışlarını dikib üzümə.
Bərk narahat oldum.
Bu da səbəbsiz deyildi. Şamil
müəllimin fakültəmizin dekanı mərhum Rizvan
Piriyevlə nəyə görəsə arası yox idi. Bilirdi ki, mənim bu pak ruhlu insanla qohumluğum var. O
da gözlərindən yayınmamışdı ki, dekanla
qohumluğumu əldə dəstəvuz eləməyən (bu
da rayonumuzun Beyi kəndində işləyən,
qazağlı mərhum Şəfaqət müəllimin bizə
doğmalaşdırdığı söz idi), iddiadan uzaq
sakit bir tələbəyəm. İndi isə
Şamil müəllimə hörmətsizlik eləmişdim;
mühazirəsində, rəhmətlik Quba nənəm
demişkən, "Qumru" oxuyurdum (məşhur mərsiyə
şairi Qumru. Biz dərs kitabını qoyub, bədii ədəbiyyat
oxuyanda, nənəm bizə acıqlanardı: "Bəsdi
"Qumru oxudunuz!").
Şamil müəllim dəftəri
gözünə tutub (cavan idim, xəcalətimdən yer
yarılsaydı, girərdim), qızlı-oğlanlı tələbə
yoldaşlarımın qulağı eşidə-eşidə
oxumağa başladı:
Gözümdən getməyir
camalın sənin,
Köçüb bu yerlərdən
hayana getdin!?
Kəpəzmi, Qoşqarmı oldu məskənin,
Yoxsa onlardan da o yana
getdin!?
Sonra da yanpörtü mənə
baxdı:
-Kimdi bu?
Sual dolu nəzərlərimi zillədim
üzünə; yəni, kim?
-Gözündən camalı getməyən?
Başımı
aşağı saldım.
-Sən yazmısan?
-Xeyr, Məmməd Arazındı.
-Bəzi məsələlər
olmasaydı mən səni Universitetdən qovdurardım...
Rusca "podsoznaniya", Azərbaycanın
"ərəb" türkcəsində "təhtəlşüur",
müasir anlamda "şüuraltı proses" bu hadisəni
yazdığım gecəsi qoymadı kirpiklərim
üst-üstə düşə. Bu həqiqətpərəst
kəşfiyyatçı nə az, nə
azacıq düz 44-45 il bundan əvvəlki ayrı bir məqamı
da yaşatdı mənə; onda bizə hidrologiyadan dərs
deyən Nəriman adlı müəllimimiz Məmməd
Arazın "Hardasan" şeiri üstdə tutmuşdu məni.
Hardasan, ey qəlbimin
kimsənəsi, hardasan?
Hardasan, ey qəlbimin
birdənəsi, hardasan?
Pərişan
çağlarımın görünməz həmdəmi sən,
Təlatüm dənizindən
nicatım - gəmi -sən...
Onda bu şeir
parçası mənim əhval-ruhiyyəmin
güzgüsü olmasa da, tələbə
yoldaşlarımın, xüsusən də qızların
bunları elə mənim əhval-ruhiyyəm
saydıqlarını düşünür və Nəriman
müəllimin ağır avazıyla zühura gələn hər
kəlməylə başıma qazan-qazan qaynar su
tökülürdü. Həm şeir Nəriman müəllimlik
deyildi, həm də onun yaşı bu şeirlik
olmadığından "Təlatüm dənizində
nicatım..."da məni lağ obyektinə çevirmək
üçün səsinə verdiyi əruz avazı təravətdən
düşdü... misranın dalını gətirməyə
nəfəsi çatmadı. Pərtlikdən
qurtarmağın bir yolu qalırdı; dəftər ovçu
gülləsinə tuş gəlmiş quş kimi birdən
qabağıma atılıb, səyridi...
Az qala
böyük bir biabırçılıqdan qurtarmağın
sevincini yaşadım; töyşümü dərib; köks
dolusu nəfəs aldım. İndi fikirləşirəm;
şəkərdi, stressdi, nədi, əslində belə hadisələrin
üst-üstə yığılmasından
ömrümüzə düşən ləkələrdi.
Zəng eşiyə vurulan kimi, tələbə
yoldaşım Nadir cəld yaxınlaşıb qolumdan tutdu,
belini büküb, başını bir az
da qabağa uzadıb, əyilib altdan-altdan üzümə
baxdı:
-Alə, kimdi bu "hardasan?", öynən səni, bizə niyə deməmisən!?
- Ha... ha... ha... - Qolumu buraxıb, çiynimə bir şapalaq
vurdu. - Vecüə də alma!
"Bağışlasın məni bəzi oratorlar..." və ya
ürək həbləri
Məmməd Araz
haqqında fikirləşdikcə yadıma təzə-təzə
məqamlar düşür. Sergey Yeseninin dediyi kimi
"şairlik azarı"na tutulduğum vaxtlar idi, bir dəfə
indiki Elmlər Akademiyası metrosu tərəfdən Universitetə
gedirdim, qəflətən yolun o üzüylə yeriyən Məmməd
Arazı gördüm. Cəld tərpənib, bərabərinə
çatdım. Az qala xəfiyyə
ehtirasıyla onun hər hərəkətinə göz
qoymağa başladım. Özümü elə
unutmuşdum ki, ayağımın altında daş
qalsaydı, yıxılardım. Məmməd
müəllim tələsik gedirdi, gərək ki,
qoltuğunda qovluq da vardı. Birdən əlini cibinə
saldı, ağ (rəngi də
yadımdadı), bir az da iri bir həb çıxardıb atdı
ağzına. Fikirləşdim ki, üstündən
su içmədən bu dərmanı necə udacaq Məmməd
müəllim. Bu o vaxtlar idi ki, ustad şairin öz
ustadı Səməd Vurğuna havadar misraları ədəbi
aləmin əks qütbünü titrətmişdi:
"Bağışlasın məni
bəzi oratorlar,
Bu gecəyə bir azacıq əlavəm
var...
Mən də şeirin yiyəsiyəm;
Var sözümü bir məzarın
Qulağına deyəsiyəm.
...Tərif, tərif, səhnə
dolu - yetməz sona,
Alqış, alqış! Az qaldı ki, tavan sına,
Sən gəlmədin bu axşama,
səsin gəldi,
Səsin
əzəl qulağıma həzin gəldi;
Sonra bir az nəfəsinə
qüvvət gəldi,
Çox xəbislər
elə bildi Səməd gəldi.
Ön sırada büdrədilər,
Ön sırada titrədilər...
Lent qurtardı, nəfəs dərib
"ox" dedilər...
Məhz bu poetik
kişilikdən sonra Məmməd Araz düşmən cəbhəsinə
döndü. Dişinə zəhər
çökmüş hücumlar, namərd qisasalmaları,
bunların canda-qanda qoyduğu sarsıntılar sonralar Məmməd
müəllimin səhhətindən yan keçmədi. Göz açıb bir də gördük ki, ustad xəstələnib.
Söhrab Tahir
danışırdı ki, Məmmədlə Moskvaya Kreml xəstəxanasına
müayinəyə getmişdik. Analizlərin
cavabını alınca Məmməd özündən
çox nigaran idi. Tez-tez deyirdi, qorxuram anamın xəstəliyindən
ola mənimki də.
Analizlər təmiz
çıxdı. Rəhmətlik uşaq kimi
sevinirdi...
C.Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasında işləyirdim,
ömür boyu şux, qıvraq gördüyüm Məmməd
Arazın "Sənədli filmlər Birliyi"nin baş
redaktoru Məmməd İsmayılla həyətə
çıxdığını gördüm. Məmməd
Arazı görmək, bir az da ondan
doğma söz, ən azı "Qəşəm, necəsən?"
eşitmək sevinciylə otağımdan çıxıb,
qaça-qaça yanlarına gəldim. Mənim ürəkdən
gələn hal-əhval sorğuma Məmməd müəllim az qala halsız halda könülsüzcə
gülümsünüb, başını razılıqla tərpətdi.
Məmməd
İsmayıl danışır, o isə dodaqlarında təbəssüm
fikirli-fikirli dinləyirdi. Heç mənim
gördüyüm Məmməd Araza oxşamırdı.
Qəfil bəd xəbər eşitmiş adam
kimi simasından çaşqınlıq duyulurdu. Məmməd Araz gedəndən sonra Məmməd
İsmayılın üzünə baxdım. O da:
- Allah şəfasını versin!.. - dedi.
Sonra bir dəfə də, bu tarix dəqiq
yadımdadı; 1982-ci il idi, Azərbaycanda
"Sovet xalqları ədəbiyyatı günləri"
keçirilirdi. Onda artıq
"Yazıçı" nəşriyyatında işləyirdim
və aeroportda qonaqları qarşılayanlar sırasına məni
də salmışdılar.
"Azərbaycan"
mehmanxanasının qabağında durmuşduq. Məmməd Araz da burdaydı. İlk
baxışdan nəzərə çarpan görkəmiylə
- şax dayanmışdı, ammi sakit idi. Rus şairi,
ucaboy Anatoli Peredreyev avtobusdan düşən kimi sürətlə
Məmməd müəllimə tərəf yeriyib, onu
qucaqlayıb, deyərdim ki, doğma adam
kimi üzündən öpdü. Məmməd
müəllimin əhvalında isə bir dəyişiklik də
olmadı; sakitcə gülümsünürdü.
Aylar ötdükcə hiss olunurdu
ki, Məmməd Araz artıq xəstəliyi haqqında az fikirləşir, hətta onun
varlığını da unudub. "Azərbaycan"
nəşriyyatında hansısa redaksiyada bir tədbirdəydik.
Məmməd müəllim təklif elədi ki,
şeir oxunsun. Kimsə, gərək ki,
Flora Xəlilzadəydi, şeir oxudu. Ondan
başqa qabağa çıxmağa ürək eləyən
olmadı.
-Birini də mən oxuyum! - Məmməd
müəllimə sanki şeiri yazdığı anların həyəcanı
gəldi. Oturduğu yerdəcə bir boy dikəlib,
mən deyərdim ki, şeirini oxumağa söz
aldığına sevinirmiş kimi başladı.
Öz-özümə fikirləşdim:
"Mən Məmməd müəllimdən xeyli cavanam, amma
bu həvəslə, bu şövqlə, bu həyəcanla
şeir oxuya bilmərəm!"
Oturub, bir nəfər
haqqında fikirləşəndə, yaddaş ərinib eləmədən,
qoca qarı sandığı eşələyib on illərin
itiklərini tapıb çıxaran kimi hadisələri
ordan-durdan götürüb, tökür adamın gözlərinin
qabağına. Burda yadıma Məmməd müəllimi
ev qayğısıyla baş-başa
gördüyüm düşdü; 29 saylı avtobus Qoşa
qala qapısının qabağında dayanmışdı. Mən də universitetə getmək
üçün içəri girib, adəti üzrə arxa cərgədə
oturmuşdum. Bir də gördüm Məmməd
müəllim avtobusa qalxır; əlində üzüm qutusu
vardı. Keçib sürücünün
arxa tərəfində, köndələn oturacaqda əyləşdi
və qutunu dizləri üstdə sahmanlayıb, əllərini
qoydu üstünə. Şeir yazan, qələm
tutan əllər indi taxta qutudan yapışmışdı.
Bu əllər balasına dən aparan quş
dimdiyinə bənzəyirdi. Bilmirəm, mənim nəzərimi
hiss etdimi, etmədimi, ta avtobusdan düşənəcən
oğrun-oğrun ona baxdım. Onda gərək
ki, Məmməd müəllim Yasamalda yaşayırdı.
"Elə bildim başqa adamdı..."
Mən Bəxtiyar Vahabzadəni, Məmməd
İsmayılı hələ kənddə ikən, orta məktəb
illərindən tanısam da, Məmməd Araz yaradıcılığıyla
tanışlığım nədənsə şəhərə
gələndən sonra baş tutmuşdu. Şairlə
bu münasibətim əlbəttə şəxsi
tanışlıqdan çox, şəxsi
yaradıcılıqla bağlı idi. Sonralar Məmməd
müəllimlə şəxsən tanış
olsam da, başqalarından fərqli
tanışlığımızın əslində kasıb
süfrəsinə bənzəri vardı. Belə ki, Məmməd
Araz bilirdi ki, tələbəyəm, adım Qəşəmdi,
şeir yazıram, mən də bilirdim ki, Məmməd Araz
görkəmli şairdi, məni tanıyır. Özümdən
yaşlılarla ünsiyyətimin elə məqamıydı
ki, qaynayıb-qarışmaqdan çox əlimi çənəmə
verib dinləmək, nəsə öyrənmək havası
vardı başımda.
Şəhərdə
kitab mağazalarını gəzdiyim günlərin birində
Məmməd müəllimlə rastlaşdıq.
Qoltuğunda bükülü nəsə vardı:
-Verin götürüm, Məmməd
müəllim.
Etiraz etmədi.
Mənimlə yol boyu
danışıb-danışmadığı da yadıma gəlmir.
Çox getməmişdik, rəhmətlik
şair Sərdar Əsəd qarşımıza
çıxdı. Məmməd müəllimlə
görüşdü. Gərək ki, mənimlə
də əl tutdu. Sonra yanpörtü, bir az
da döyükmüş halda üzümə baxıb, Məmməd
müəllimi kənara çəkdi. Nə
danışdı, nə danışmadı, deyə bilmərəm,
xudahafizləşib getdi.
-Sərdar soruşdu ki, bu oğlan
kimdi? - Məmməd müəllim Sərdar Əsədin hərəkətinə
görəmi, nəyəsə, mənim sualımı gözləmədən,
onsuz da soruşmayacaqdım, özü dilləndi. - Dedim, cavan
şairdi, tələbədi. Tanımırmış
səni. "Elə bildim başqa adamdı...",- dedi. - kiməsə
oxşadıbmış.
Bu
görüşün üstündən 1-2 həftə
keçməmiş Sərdar Əsəd intihar etdi.
Ona qədər Sərdar
Əsədin ölümə doğmalıq ifadə edən
hansısa şeirini də oxumuşdum. Bu o
vaxt idi ki, görkəmli şair Əli Kərimin vəfatı
ədəbi ictimaiyyəti yandırıb-yaxmışdı.
Hətta xalq şairi Rəsul Rza Əli Kərimlə
vida mərasimində, gərək ki, "ölmək növbəsi
bizim idi", demişdi.
Əli Kərimin
ölümüylə böyüklüyü üzə
çıxdı. Sağlığında
ona deyilməsi vacib olan tərifləri, təqdirləri indi qəzet-jurnal
səhifələri tutmurdu. Az qala
şöhrət həvəsli şairlər Əli Kərimin
ölümünə qibtəkar olmuşdular. Mənim
aləmimdə elə bil Sərdar Əsədin də ürəyində
belə bir ölüm məhəbbəti oyanmışdı.
Ancaq onun intiharı ədəbi ictimaiyyətdə
Əli Kərim itkisinin ağrısını yaşada bilmədi.
Sərdar Əsədin ölümünə,
daha doğrusu intiharına təəssüfdən çox
qınaq vardı.
Məmməd Arazla
bir dəfə də söz yoldaşlığı eləmişdim.
Şair Məmməd İsmayılın
televiziyada işlədiyi illər idi. "İlham"
adlı bir proqram hazırlamışdı. Bu verilişin ilk iştirakçıları isə
Xudu Məmmədovla, Məmməd Arazla yanaşı o zaman gənc
olan Zəlimxan Yaqubla mən idim.
Bu verilişdən sonra Məmməd
Arazla avtobusla qayıdarkən dediyi bir cümlə yadımda
Qəşəm
İsabəyli
Ədalət.-
2011.- 31 dekabr.- S12-13.