Mozaikalar
Teatr
(əvvəli
ötən şənbə sayımızda)
3. Teatr
Hamının çoxdan gözlədiyi geniş istehsalat müşavirəsini direktorun kabinetində deyil, üçüncü mərtəbədəki məşq zalında keçirmək qərarına gəldilər. Müdiriyyətlə yanaşı ictimaiyyətin nümayəndələri, ən başlıcası, rəhbər orqanların təmsilçilərinin də qatılacağı iclasın başlamasına az qalmışdı. Xadimələr tez-tələsik məşq zalının pəncərələrinin tozunu silir, gənclər üçüncü mərtəbəyə stul daşıyırdı. Bu çaxnaşma, bu vurnuxma məsələnin ciddi olduğundan xəbər versə də, teatrın truppa heyəti, xüsusilə, belə müşavirələri çox görmüş yaşlı nəslin nümayəndələri buna istehza ilə yanaşır, bu gün də teatrda növbəti səhnədən kənar tamaşanın oynanılacağını bilirdilər. Bu tamaşanın quruluşçularının bir ali məqsədi var idi - teatrın veteranı rejissor K. müəllimi pensiyaya göndərmək! Onun pensiya yaşı çoxdan çatsa da, ömrünün yarıdan çoxuna bu teatrda keçirmiş ağsaqqal könüllü olaraq istirahətə getmək istəmirdi. Hər dəfə müdiriyyət bu söhbəti açanda təcrübəli teatr xadiminin gözləri dolur, yalvar-yaxar edirdi ki, onu teatrdan ayırmasınlar, çünki səhnəsiz yaşaya bilməz. Hətta, yalan gerçək, arada belə bir şaiyə gəzirdi ki, direktorun kabinetinin yarıaçıq qapısından K. müəllimi rəhbərin qarşısında əməli-başlı diz çöküb, yalvaran görmüşdülər. Buna inanan da var idi, inanmayan da. Bugünkü iclasda ictimaiyyətin də iştirakı ilə bu məsələyə bir dəfəlik son qoymaq istəyirdilər. Teatrda nəsillərin dəyişməsi prosesi nəhayət başa çatmalı, gənc kadrlara meydan verilməliydi.
Bu mövzu ilə əlaqədar rəsmi mətbuatda böyük bir məqalə də dərc edilmişdi. Teatra təyinatla gənc mütəxəssis kimi bir rejissor göndərilsə də, hamıya tezliklə aydın olmuşdu ki, "mütəxəssis" mövhumunu bu özündən razı gəncə böyük güzəştlə şamil etmək olar. "Mütəxəssisin" gənc olmağından başqa, bir sıra qeyri üstünlükləri də var idi. Onlardan ən başlıcası rəhbər təşkilatlarda güclü himayədarlarının olması idi...
İclas hələ başa çatmamış, məşq zalının qapısı aşıldı, K. müəllim seyrək alqışların müşayiəti ilə boş dəhlizə çıxdı. Əlində böyük bir güldəstə var idi. Yanaqları pörtmüş, dodaqlarında yüngül bir təbəssüm donub qalmışdı. İclasda onu böyük də, kiçik də bir xeyli tərifləmiş, hətta səhnəmizin "canlı klassiki" adlandırmışdı. Hələ ömründə bu qədər xoş sözlər eşitməmişdi K. müəllim! Ona görə də nazirliyin nümayəndəsinin təklifinə qüvvət verən direktor veteranın istirahətə getmək vaxtının yetişdiyini deyəndə K. müəllim buna etiraz edə bilməyib, yerli komitənin adından ona təqdim olunan gül dəstəsini alaraq, boğazına çökmüş qəhəri bir təhər boğub, zalı tərk etdi.
Boş dəhlizin sonuna çatıb, pilləkənlərlə aşağı enəndə dizlərinin xəfif-xəfif əsdiyini duydu. Əlindəki ağ, qırmızı qladioluslar zahirən çox gözəl olsalar da, onlardan adamın canına yüngül bir vahimə salan dərman qoxusu gəlirdi. Bir qat daha aşağı enib, kulislərin çıxdığı, səhnə arxasına çatanda, burnuna ona yaxşı tanış olan, bu otuz ildə həmişə canına şirin bir həyəcan yayan qoxu dəydi. Bu yüngül nəmişlik qoxusuna qarışmış toz iyi, ona calanan dülgər yapışqanının və səhnənin daş-divarına hopmuş qrimin qoxusu idi. Alaqaranlıq səhnədə axşam tamaşasının dekorlarının montajı gedirdi. Səhnə maşinistlərinin səs-küyünü arabir mismarlara dəyən çəkic səsi üstələyirdi.
Kulisləri ötüb, səhnə kənarına çıxan K. müəllim tamaşa salonunun boş olduğunu gördü, səhnənin böyründəki taxta pillələri adlayıb zala düşdü, orta sıraların birində əyləşərək, səhnəyə baxıb, dərindən köks ötürdü. Bu illər ərzində görən neçə dəfə bu pillələri qalxıb-enmişdi? Daha nələr görməmişdi bu səhnədə, onun arxasında - uğur da, məyusluq da, ehtiram da, xəyanət də, tərif də, dedi-qodu da, daha kimlərlə üz-göz olmamışdı bu sənət məbədində? Amma hər dəfə tamaşanı başa vuran aktyor heyəti onu səhnəyə dəvət edərkən, gözqamaşdırıcı projektor şüaları arasından ayaq üstə əl çalıb, onu alqışlayan tamaşaçıları görəndə, bu alqış sədaları onun həssas ürəyinə məlhəm kimi yayılır,dərd-qəmini unutdururdu. Bu anlar o özünü bəxtəvərlər bəxtəvəri hesab edirdi. Bəs innən belə nə olacaq, işiqlar həmişəlik sönəcək, pərdə birdəfəlik bağlanacaq? Bunu təsəvvür etmək çox ağır idi...
Son müşavirədən yarım ilə yaxın vaxt keçmişdi. Havalar yavaş-yavaş isinməyə başlayırdı. Teatr binasının arxa tərəfində, xidməti girişin qabağındakı bir küncünə köhnə dekor şitləri qalanmış kiçik həyətdə teatrın inzibatçısı ilə məşqlərdən azad olan üç aktyor domino oynayır, ucadan zarafatlaşıb, qəhqəhə çəkirdilər. Onlar qarşılarında qəfildən peyda olan K. müəllimi o dəqiqə tanımadılar. Kişinin sifəti uzanmış, ordları içəri batmış, rəngi avazımışdı. Əynində pijama şalvar, qolsuz tor mayka var idi, yalın ayaqlarına nəleyin geyinmişdi. Diqqət yetirəndə başının azca əsdiyini, ağzının uclarının köpükləndiyini sezmək olardı. Bayaqkı səs-küy kəsilmiş, araya ağır bir sükut çökmüşdü.
K. müəllim gözlənilmədən zəif səslə hamıya, eyni zamanda konkret olaraq heç kimə müraciətlə dedi ki, yuxarıda məşqi var, heyəti oraya toplasınlar. Məsələnin nə yerdə olduğunu duyan inzibatçı ayağa qalxıb, K. müəllimə ehtiramla yer təklif etdi. Hər şeyi bu dəqiqə ayırd edəcəyinə söz verib, içəri keçdi. Rəhbərliklə məsləhətləşib çölə çıxana qədər çox yox, bir on dəqiqə vaxt ötmüşdü. Həyətə qayıdan inzibatçı gördü ki, bayaq domino oynadıqları köhnə masa arxasında K. müəllim tək əyləşib, yanında heç kim yoxdur. Onun baxışları yuxarıya yönələrək donub, sifətində xoş bir təbəssüm əlaməti var. İnzibatçı anladı ki, indi ağsaqqal səhnə xadiminin gözünə tamam ayrı sofitlərin rəngarəng işiqları görünür, gözləri qarşısına açılan pərdədən tamam ayrı tamaşanın musiqisi gəlir...
Yusif Günaydın
Ədalət.-
2011.- 31 dekabr.- S.16.