İKİ DƏFƏ DƏFN
OLUNAN ADAM
İndi insan şüurunun təkamülü
haqqında müxtəlif
mühakimələr, fikirlər
mövcuddur. Mənə
elə gəlir ki, bunların sırasına təbiət
hadisələrinin niyə,
nədən baş verdiyini öyrənmək
istəyini qatanlar doğrudurlar. Həqiqətən
də insanlar daha çox səbəbi, mahiyyəti sirli, naməlum olan faktlara, olaylara daha çox
maraq göstəriblər.
Və onların hər birinin açılışı
üçün göstərilən
çabalar, çəkilən
zəhmətlər, sərf
olunan zaman insan övladının ağlının inkişafına,
məntiqinin yaranmasına
kömək etdi. Əlbəttə, bütün
bunların yaşamaq üçün Tanrı tərəfindən insanlara
verilən imkanlar olduğunu unutmamalıyıq. Qəbul
etməliyik ki, yer və göy
üzərində olan
nə varsa, hər birinə malik olduğu xassələri, tərkibləri,
mahiyyəti məhz Böyük Yaradan verib. Elə dərk etmək üçün İnsana verilən şüuru
da...
Amma insanın anlaya bilmədikləri
onun dərk etdiklərindən daha çoxdur. Və yəqin
ki, dövr irəlilədikcə bəşəriyyət daha
çox şey öyrənəcək. Lakin bununla belə,
onun bilmədikləri, möcüzə zənn etdikləri yenə
bitib tükənməyəcək. Bəlkə də
insanlığın yaşam stimullarından biri də məhz
budur. Və insan oğlu bu möcüzələrə hədsiz
marağdan sui-istifadə edərək onların üzərində
manipulyasiya qurmağa, illüziya yaratmağa, xəyali təssəvürlər
formalaşdırmağa başladı. Axı, adamlar təəccüblənməyə-təəccübləndirməyə,
heyrətlənməyə-heyrətləndirməyə
meyllidir. O həmişə möcüzə görməkdən,
elə möcüzə göstərməkdən inanılmaz
zövq alıb. Və bir çoxları da məhz bundan
sui-istifadə edərək özlərinə karyera
qurmağa, maddi təminat yaratmağa, şöhrət sahibi
olmağa çalışıblar. Onlara illüzionistlər,
fokusçular, gözbağlayıcılar deməyə
başladılar.
İLLÜZİYA
Bəzilərinə elə
gələ bilər ki, fokusun,
illüziyaçılığın tarixi o qədər də
qədim deyil. Amma qeyd edim ki, bu cür düşünənlər
kökündən yanılırlar. İllüziyanın tarixi
qədim dövrlərə qədər gedib
çıxır. İlk dövrlərdə bundan şamanlar,
kahinlər, tayfa başçıları... ətrafdakıların
fikirlərini idarə etmək üçün istifadə
ediblər. "İllüziya" sözü fransız kəlməsi
- "illusionner" olub "aldatma", "yanıltma"
deməkdir. Əsrlər biri-birini əvəzlədikcə
İllüziyanın forması da, mahiyyəti də, məqsədləri
də dəyişdi. Və adlarını tarixə yazan
çox məşhur illüziyaçılar yarandı. Mən
indi Qərb dünyasında böyük illüzionist kimi
tanınmış biri haqqında - Harri Hudini haqqında
söz açmaq istəyirəm.
ERİK VAYS
Təhqiqatçılar
onun doğum günü haqqında yazarkən maraqlı
paralellər aparırlar. Onlar qeyd edirlər ki, Harri Hudini
Uinston Çerçillə, Somerset Moemlə, Qulelmo Markoni...
ilə eyni ildə, eyni vaxtda doğulub, elə onlar qədər
məşhur olub. Yəni, 1874-cü il, 24 martda. Qəribədir
ki, onun anadan olduğu yer isə heç vaxt birmənalı
göstərilmir. Çünki araşdırmaçılar
Harri Hudininin Macarıstanın paytaxtı Budapeştdə
dünyaya gəldiyini göstərsə də o özü həmişə
Birləşmiş Ştatların Viskonsin ştatı, Apleton
şəhərində anadan olduğunu qeyd edib. Əslində
bu şəxsin məşhurlaşdığı adı və
soyadı da özünün deyil. Belə ki, əsl adı
Erik Vayş olan illüzionist sonradan özünü Harri Hudini
kimi tanıtmışdır. (Bu haqda bir qədər sonra).
Erik Vays
çoxuşaqlı yəhudi ailəsində dünyaya gəlib.
Atası Meyer Semyuel Vays ravvin, anası Sesiliya Ştayner evdar
qadın idi. Ailədə Erikdən savayı altı uşaq
da vardı. Vayslar Budapeştdən Birləşmiş
Ştatlara köçməyə qərar verəndə Erik
dörd yaşdaydı. Onlar Apleton şəhərinə gəldilər.
Ancaq burada da sona qədər yaşamadılar. Xeyli keçəndən
sonra Nyu-Yorka köçdülər. Vaysların maddi
sıxıntıları olduğu üçün uşaqlar
erkən yaşlarında qazanc üçün işləməyə
məcbur qaldı. Erik ayaqqabı təmizləməklə,
küçələrdə qəzet satmaqla, dükanlara
kömək etməklə pul qazanmağa başladı. Amma
onun ən çox bəyəndiyi iş sirkdə
fokusçuların yanında olmaq, onların müxtəlif
işlərini yerinə yetirib əvəzində kart
fokuslarını izləməyə, öyrənməyə
icazə almaq idi. Çox keçmədi ki, səlis hərəkət
qabiliyyətinə, iti hafizəyə malik bu balaca yəhudi bir
çox seansları mənimsədi və öz istedadı sayəsində
ilk fokuslarını nümayiş etdirməyə girişdi.
Onda Erik Vaysın cəmi 10 yaşı var idi. Bir neçə
ildən sonra kartlarla görstərdiyi fokuslarla hamını
heyrətdə buraxdı. Artıq 14-15 yaşlarında Erik
özünü "Kart Kralı" adlandırmağa
başladı. Lakin iti dərrakəyə malik yeniyetmə bununla
kifayətlənmədi. Tezliklə qardaşı Teo ilə
birgə daha mürəkkəb seanslar hazırlamağa,
kiçik tamaşalar göstərməyə başladı. Və
bu arada o, ciddi şəkildə magiya ilə maraqlanır, onun
sirlərini öyrənirdi. Tezliklə qapağı kilitlənmiş
yeşikdən çıxmaqla insanları təəccüb
içərisində buraxdı. Və bu, seanslar şəhərdə
onu xeyli şöhrətləndirdi. Çoxları bu yeniyetmə
fokusçunu görmək istəyirdi.
1890-cı ildə
Koni-Aylenddə tamaşaçılar önündə
çıxış edən Erik burada da böyük uğur
qazandı. Tamaşaçılar onun heyrətamiz tryukları
qarşısında təəccüb içərisində
qalmışdılar. Məhz orada Erik Vays gələcəkdə
ailə quracağı qızla - Beatrislə (Besslə)
tanış oldu və onların bu tanışlığı
birlikdə çalışmalarının
başlanğıcına çevrildi. Bundan sonra daha mürəkkəb
seanslar üzərində işləyən Erik
özünün kumiri saydığı məşhur
fransız illüziyaçı Robert Hudininin şərəfinə
adını dəyişərək özünü Harri Hudini
kimi təqdim etməyə başladı. Onda 1892-ci il idi. Elə
həmin il onun atası vəfat etdi, ailə 18 yaşlı gənc
Harrinin öhdəsində qaldı. Amma artıq onun gəlirləri
artdığından ailə maddi sıxıntı çəkmirdi.
HARRİ HUDİNİ
Harrinin tryukları
getdikcə daha da heyrətamiz olurdu. Onun açıq səma
altında göstərdiyi qeyri-adi seanslar artıq hər yerdə
dillər əzbəri olmuşdu. Onu köməkçiləri
hər kəsin gözləri qarşısında əlləri
qandallanmış şəkildə, yaxud dəmir qəfəsdə
Harrini dərin çaya atırdılar. Nəfəslərini
içinə çəkmiş kütlə 40-50 saniyədən
sonra onu dəmir buxovlardan, qəfəsdən azad olmuş
şəkildə suyun üzərində görəndə
heyrətlərini gizlədə bilmirdilər. 1899-cu ildə
"köhnə qitəyə" gələn Harri Hudini
qeyri-adi çıxışları ilə qısa müddətdə
avropalıları da heyrət içərisində buraxdı.
Londonlular bu inanılmaz tryukları uzun müddət unuda bilməyəcəkdilər.
Onda Harrinin biləklərini 30 kiloqramlıq dəmir kürəyə
buxovlayandan sonra Temzaya atdılar. Onun çaydan çıxa
biləcəyinə inanmayan kütlə bir qədər sonra
Hudinini çayın üzərində, qandalları baş
üzərinə qaldıran görəndə həyəcanla
"ah" çəkmişdilər. Londonlular "canlı filin
yox olması" seansını izləyəndə isə
gözlərinə inanmaq istəmədilər. Nəhəng,
canlı fil necə yox ola bilərdi ki?
Hudini qıfıl
ustalarından qıfılın bütün
kombinasiyalarını öyrənməkdən yorulmurdu.
Ümumiyyətlə o, truyuklarına gərəkli olan ən
kiçik detalları belə çox böyük səbr və
diqqətlə öyrənir, onları mənimsəmək
üçün məşqlərdən yorulmur,
usanmırdı. Harrinin əzələləri, oynaqları,
ümumiyyətlə bütün bədəni, əzaları
elə plastikləşmişdi ki, o istənilən formanı
ala bilirdi. Hətta turnelər zamanı olduğu şəhərin
rəhbərliyi ilə böyük məbləğdə mərcləşirdi
ki, onu etibar etdikləri qəfəsdə, qandallarda "əsir"
saxlasınlar. Amma hər dəfə də şəhərin
polisi, rəhbərliyi mərci uduzurdular. Bu dəfə onu
qolları qandallanmış, üstəlik bağlı qəfəsin
içərisinə salınmış halda İst-Riverin
sularına buraxdılar. Amma o tamaşaçılar
qarşısına azad olmuş şəkildə
çayın üzərinə çıxanda
çoxları onun insan olmadığını
düşündü. Məhz Avropada bu seanslardan sonra Harri
Hudini inanılmaz dərəcədə məşhurlaşdı.
Artıq bütün Avropa, Amerika, Kanada... ondan
danışırdı. Onu bir sıra filmlərə çəkdilər,
amma Hudini bu sahədə o heç bir uğur qazana bilmədi.
Çünki o, kino aktyorluğu üçün
yaranmamışdı.
Çoxları Harrini
qeyri-adi bir insan olduğunu düşünsə də bir
sıra insanlar onu fırıldaqçı, əməlbaz
adlandırırdılar. Bu yəhudinin hər kəsi
aldatdığını düşünürdülər. Əslində
isə Hudini bunların heç biri deyildi. Onun göstərdiyi
"möcüzələr"in heç birində fövqəlgüc,
fövqələməl yox idi. Sadəcə onda heç kəsdə
olmayan cəldlik, magiq təsir, hipnoz etmək
bacarığı, vücudundakı qeyri-adi plastiklik,
güclü məntiq, bir də onun tryukları
üçün hazırlanmış müxtəlif elementlər,
qurğular, alətlər... vardı. Və o bütün
bunlardan inanılmaz məharətlə istifadə edə
bilirdi.
ONU DƏFN ETDİLƏR Kİ...
1913-cü ildə
anasının vəfat etməsi Hudinidə dərin depressiya
yaratdı. Uzun müddət bu vəziyyətdən
çıxa bilmədi. Sonra isə yeni sensasiyalı seans -
ölümə qalib gəlmək istəkləri ona hakim kəsildi.
"Dəfn olunaraq" həyatdan köçmüş
anası ilə "danışmağı"
qarşısına məqsəd qoydu. Kimsə onu bu təhlükəli
fikirdən daşındıra bilmədi. Bu dəfə onu
diri-diri torpağa gömdülər. Bu inanılmaz
bir şey idi. Hudini buradan da salamat çıxdı.
Amma anası ilə danışa bilməmişdi.
O, bu cür tryuklardan istifadə edən yalançı
"sehirbazların", şarlatanların
ifşa olunması üçün əlindən
gələni də edirdi. Harri istəmirdi
ki, əsl illüzionistlərin adına ləkə gətirilsin.
Harri Hudini birinci
Dünya Müharibəsində vətənpərvərlik
borcu olaraq əsgərlər qarşısında konsertlərlə
çıxışlar etdi. Müharibədən sonrakı
illərdə isə onun populyarlığı azalmağa
başladı. Çünki həmin dövrlərdə Qərb
yeni yaranmış kinofilmlərə daha çox maraq göstərməyə
başlamış, Çarli Çaplin, Rudolfo Valentino... daha
çox diqqət mərkəzində dayanırdı. Bu
cür situasiya bu möhtəşəm illüzionisti
sıxdığı üçün daha mürəkkəb
tryuklar göstərməyə çalışırdı.
O, arxa planda durmaqla barışa bilmir, yenidən diqqəti
üzərinə çəkmək istəyirdi.
O ÖLDÜ
1926-cı ildə
tamaşalarının birində seans zamanı tamaşaya gəlmiş
tələbə gənclərdən biri onun qarnına zərbə
vurdu və bu, onun üçün sonuncu tamaşaya
çevrildi. (Onun tryuklarından biri də güclü zərbələri
çılpaq bədəni ilə qarşılamaq idi).
Görünür Hudini vücudunu bu zərbə
üçün vaxtında, yaxud yetərincə hazırlaya
bilməmişdi. Bu da oppendsit partlamasına səbəb
olmuşdu ki, Harri Hudini oktyabrın 31-də perotinitdən
dünyasını dəyişdi. Və onu Nyu-Yorkun Makpelah
Semetri qəbirstanlığında dəfn etdilər, lakin bu dəfə
möhtəşəm illüzionist, hipnozçu Harri Hudini qəbirdən
çıxa bilmədi. Çünki bu onun növbəti
seansı deyildi.
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 1 fevral.- S. 5.