Ondan daha ailəcanlısı, daha qayğıkeşi olmayacaq
Doğrusu, bu müsahibəyə qədər mən də
onun ailəli olduğunu bilmirdim. Amma...
...Elxan Əhədzadənin evinin
yaxınlığındayam və zahiri
görünüşüylə eynilə atasını
xatırladan balaca Rafael anası Səbinə xanımla məni
qarşılayır. Açığı, söhbətimizin
bu qədər çətin alınacağını da
gözləmirdim. Amma həyat yoldaşı Səbinə Məmmədovanın
danışdıqlarından sonra....
"Məndən 28 yaş böyükdür"
- Səbinə xanım, Elxan müəllimlə ilk
tanışlığınız barədə
danışın.
- 1998-ci il idi. Mən
Üzeyir Hacıbəyovun ev muzeyində işləyirdim.
Muzeyin indiki direktoru Sərda Fərəcov da o zamanlarda bəstəkar
kimi çalışırdı. İlk dəfə onu avqustun
axırları gördüm və sentyabrın 15-də Sərdar
müəllimin iştirakıyla ilk
görüşümüz oldu. Amma fikir əvvəldən varimiş.
Heç bilmirdim ki, onun məndən xoşu gəlib.
- Sentyabrın 15-də baş tutan
görüşünüzdə onun məqsədini bilirdiniz?
- Xeyr. Sonradan mən
ondan soruşdum ki, özün niyə yaxınlaşmadın.
Dedi ki, yaş fərqimizin böyük olmağına görə
cəhd eləmədim. Çünki məndən 28 yaş
böyükdür. O zaman mənim 22 yaşım var idi.
- Ailəli olmuşdunuz?
- Xeyr.
- Təklifini necə qarşıladınız?
- Normal. Çünki o
yaşından çox cavan görünürdü. Sonra
özü evimizə gəldi və atamla tanış oldu,
elçiliyi özü elədi. Ailəm də normal
qarşıladı və mən istədiyimdən fikrimə
hörmətlə yanaşıldı. Halbuki, o mənim atamdan
da 11 ay böyükdür.
- Toyunuz oldumu?
- Xeyr. O artıq bir dəfə
ailə qurduğundan bunları istəmədik.
"Mənimlə evlənənə qədər 28 il
ailə qurmayıb, tək yaşayıb"
- Elxan müəllimin nə zamansa ailəli olduğunu
bilirdiniz?
- Bilirdim. Amma
tanımırdım, münasibətim yox idi.
- Evliliyinizdən sonra onun ilk ailəsindən zənglər
və sair kimi şeylər olmadı?
- Qətiyyən.
Çünki onların evliliyi qarşılıqlı şəkildə
pozulmuşdu. Mən sonradan öyrəndim ki, o ilk ailəsindən
1974-cü ildə ayrılıb. Cəmi bir il evli olmuşdu. Mənimlə
evlənənə qədər 28 il ailə qurmayıb, tək
yaşayıb. Biz ailə quranda o keçmiş Basin, indiki
Füzuli küçəsində yaşayırdı. Bu evi
sonradan aldıq.
- Onun hansısa qeyri-adi xüsusiyyətləri var
idimi? Səhnədə, efirdə kifayət qədər əsəbi,
sərt görünürdü...
- O səhnədə,
başqaları üçün sərt idi, evdə tamam
başqaydı. Soruşurdular ki, o sərt adamdır, necə yola gedirsiniz? Oğlu da
eynilə özü kimidir. Elə bilirdim ki, Elxan uşaqsevər deyil. 2006-cı ildə Rafael doğulanda gördüm ki, səhv fikirləşmişəm.
"Günlərin birində
qız deyib ki, səndən hamiləyəm"
- Bildiyimə görə, onun ilk nigahından da bir
oğlu var idi...
- Uşağın bir yaşı tamam olanda ayrılıblar. Sonra bildim ki, ilk dəfə sevərək evlənməyib. Elxan İncəsənət
İnstitutunda həmin
qızla oxuyurmuş.
Bir müddət görüşüblər
və günlərin birində qız deyib ki, səndən
hamiləyəm. Məcbur olub
evlənib. Çünki institutdan qovula bilərdi. Rəhmətlik deyirdi ki, uşağın ondan olmasına inanmır.
Qadın
həmin vaxt başqa insanlarla da görüşürmüş.
Zarafatla deyirdi ki, pulum
olsaydı, analiz etdirib düzünü bilərdim. Amma mən belə
məsələlərə qarışmırdım.
- İndi onun qohumları bura gəlib-gedirlər?
- Əlbəttə. Qardaşları,
ən çox da ondan kiçik
qardaşı Tərxan
hər zaman yanımızdadır.
- Deyəsən onda
hepatit virusu var idi...
- Bəli.
Elxan gözündən əməliyyat
olunanda müayinə olundu və heç bir problemi çıxmadı.
Amma sonradan onda hepatit
S virusu yaranmışdı.
- Dəfn mərasimi burda oldu?
- Bəli.
"Ölənə qədər 20 gün yataqda
qaldı və bir dəfə də halını
sormadılar"
- Keçmiş həyat yoldaşı və oğlu gəlmişdimi?
- Xeyr, mən görməmişəm.
20 gün yerdə yatdı, bir dəfə də gəlmədilər.
12 ildə oğlunun üzünü görməmişəm.
Amma sonra dedilər ki, deyəsən oğlu yasa gəlibmiş.
- Umduğunuz insanlardan kimlər yasa gəlmədilər?
- Heç nəyi gizlətməyəcəyəm.
Elxanla tərəf müqabili olmuş xalq artistləri, əməkdar
artistlərin heç biri gəlmədi. Bu barədə
özlərinə də demişəm. Amma adlarını
çəkmək istəmirəm.
- Teatrın rəhbərliyi necə?
- Direktor Əliqismət
Lalayev, müavin Elxan Ocaqov, truppa müdiri Novruz Qartal və digərləri
gəlmişdi.
- Kimlər bu arada sizə daha çox dəstək
oldular?
- Hamı. Novruz Qartal,
Ülviyyə Əliyeva, bəstəkar Rəşid Şəfəq,
teatrın xorunda işləyənlər, rəhbərləri
Vaqif Məstanov başda olmaqla mənə çox dəstək
oldular.
"Dedilər ki,
hər xalq artistini orada basdırsaq, yer qalmaz"
- Dövlət Qurumlarından gələnlər var
idi?
- Mədəniyyət və
Turizm Nazirliyindən əklil göndərdilər və bir
maşın verdilər. Hətta müraciət elədik ki, Fəxri
Xiyabanda dəfn olunsun. Dedilər ki, hər xalq artistini orada
basdırsaq, yer qalmaz. Biz də Xırdalanda anasının
ayağı altında dəfn elədik.
- Sənət aləmindən, tanınmış
insanlardan kimlər gəlib-gedirdi?
- Aktyor Ramil Qasımov,
Mübariz Tağıyev, Yaşar Nuri gəlirdi. İlk gələn
Ramil oldu və bütün telekanallara xəbər verdi. Hətta Şeyxülislam
Hacı Allahşükür
Paşazadə də dəfn mərasimində idi.
- Dünyasını dəyişdiyi anları necə
xatırlayırsınız?
- Səhərə
yaxın saat 4 idi. Mən yatmırdım, yanında otururdum.
Anlaqlı idi. Düzü, bu məsələdə həkimləri
günahkar görürəm. Qızdırması
düşmürdü, burnundan qan açıldı, simptomlar
var idi. Nə qədər dərmanlar alındı və
heç bir köməyi olmadı. Xəstəxanaya aparmaq istədik,
razılaşmadı. Dedi ki, ürəyim bulanır, vedrəni
gətirdim və o vedrəylə bir qan qusdu. İcazə vermədi
ki, indi yox, səhər tezdən 9-da zəng vurarsan. Təcili
yardım həkimi başısoyuqluq elədi. Sonra məni qan
üçün göndərdilər. Qayıdanda artıq nəfəs
almırdı. Amma gözləri açıq idi. Yanında
anam və oğlu var idi. Anam deyir ki, Elxan həkimlərə
dedi ki, mən artıq gedirəm, uşağımı
yanıma qoymayın qorxmasın. Artıq özü hiss
edirmiş. Uşaq səhər durub atasının şəkliylə
salamlaşır. Deyir ki, məni atanın qəbri
üstünə apar.
- Teatr elə bir yerdi ki, burda söz-söhbətlər
daim olur. Onun kimlərlə umu-küsüləri olurdu?
- Çox xalq artistləri
onunla səhnə paylaşmaq istəmirdilər, onun kölgəsində
zəif görünəcəklərindən qoxurdular.
Çünki 5 kəlməlik bir rolu da yaddaqalan ifa edirdi.
Paxıllıq edirdilər.
- Son vaxtlar saç
düzümünü dəyişmişdi.
Konkret desək, saçını uzatmışdı.
Bu hansısa filmə,
yaxud çəkilişə
görəydi, yoxsa...?
- Sadəcə
zövqə görə.
Onun da, mənim də xoşuma gəlirdi. Oğlunun da saçını
uzadırdı. Dəbi çox
sevirdi. İstəyirdi ki, çıxaq
mağazaları gəzək,
nələrsə alaq.
Standart şeyləri xoşlamırdı.
- Hər ikiniz teatrda çalışırdınız.
Teatrın gəliri də bəlli. Bəs necə
dolanırdınız?
- O, həm də min
manat prezident təqaüdü alırdı.
Yığımcıl deyildi. 2006-cı ildə xalq artisti
adı alandan sonra o mükafatı aldı. Çox insanlar elə
bilirdi ki, nə qədər pulu qalıb. Nəyi var idisə xərcləyirdi.
Uşaq nə deyirdisə, onu alırdı.
"Başa düşürəm ki, bu işin mahiyyətində
hansı təkliflər durur"
- Bu sualıma tam səmimi cavab verməyinizi istəyirəm.
Çünki Azərbaycanda belə şeylər çox dəbdir.
Kimsə dünyasını dəyişən kimi onun
xanımına iyrənc təkliflər başlayır...
- Konkret təklif
olmayıb. Amma mənə işlər təklif ediblər.
Başa düşürəm ki, bu işin mahiyyətində
hansı təkliflər durur. Ona görə də qəbul etmədim.
Necə oldu ki, bu təkliflər məhz o öləndən
sonra edildi? Elxan mənim
üçün hər
şey idi, anam, atam, dostum
idi. O ölübsə, mən
də yoxam. Dəfələrlə intihar eləmək
istəmişəm. Sadəcə, uşağı böyütmək
qarşımı kəsib.
Bəlkə də bu müddətdə xalam yanımda olmasaydı, intihar eləmişdim.
Uşağı da öldürmək
istəyirdim ki, narahat ölməyim.
Özümə nifrət edirəm
ki, onsuz yaşaya bilirəm. Elxanın oğluna olan arzularını həyata keçirmək istəyirəm.
- Nə arzuları
var idi oğluyla
bağlı?
- İstəyirdi
ki, o idmançı olsun, ali
təhsil alsın. Arada uşaq da deyirdi
ki, mən də atam kimi
xalq artisti olacağam, oxuyacağam.
İkinci uşağımızın dünyaya gəlməsini istəyirdi. Deyirdi ki,
uşaq tək qalır. Oxumadığı nə qədər
mahnıları qaldı.
Müslüm Maqomayevin
mahnılarını elə
oxuyub ki...
- Özünü daha
çox aktyor, yoxsa müğənni hesab edirdi?
- İncəsənət institutunun
musiqili komediya fakültəsini bitirmişdi. Amma estrada janrına
daha yaxın idi. Məsələn, 2009-cu ildə Dağıstanda
Müslüm Maqomayevlə
bağlı gecə keçirilirdi. Şunudağ
rayonunda hər il böyük
festival keçirilir. Biz də
orda iştirak elədik, 6-7 mahnı oxudu, elə qarşıladılar ki...
- Deyəsən ilk nigahından
olan oğlu sizi məhkəməyə
verib...
- "BT"yə
getdim ki, evi ya öz,
ya da uşağın
adına keçirim. Orda bildirdilər ki,
bu evin üzərində
məhkəmə iddiası
olduğuna görə,
mümkün deyil.
Bu haqda qardaşına
dedim və hamı təəccübləndi.
Heç kim
gözləmirdi ki, oğlu belə bir iddia qaldırar.
Evi təxminən 8 il əvvəl
Elxanla ikimiz 11 min dollara almışıq. Pulun yarısını mən,
yarısını da
o qoyub. Artıq vəkil tutmuşuq.
"Onu qısqanmağımdan
xoşu gəlirdi"
- Sizi qısqanırdı?
- Hə, ancaq
"povod" vermirdim.
- Bəs siz?
- Çox
qısqanırdım. Deyim ki, onu qısqanmağımdan
xoşu gəlirdi. Deyirdi ki, bir gün anangildə qalsan, evə
qayıtma. Heç vaxt pul haqq-hesabı soruşmurdu. Onu səhnədə
də qısqanırdım. Amma sonra öyrəşdim.
- Konkret kimlərə?
- Aktrisalara. Amma son
vaxtlar vərdiş eləmişdim. Mən də bilirdim ki,
tamaşa zamanı rejiissorun tapşırığı - məsələn,
oğlanın qoluna girmək - onun xoşuna gəlmir, tabe
olurdum. Dağıstana gedəndə oğlunu öyrədirdi
ki, belə otur, qoy kimsə onun yanında oturmasın.
- Yaş fərqini hiss edirdiniz?
- Yox. Çünki o
böyüklə böyük, kiçiklə kiçik idi. Mən
hətta məktəbdə oxuyandan qızlarla söhbətimizdə
deyirdim ki, həyat yoldaşım yaşlı olacaq. Etiraf edim
ki, efirdən heç vaxt ondan xoşum gəlməyib. Həm
də ki, onu elə yaşda tanıdım ki, sevdiyim
olmamışdı.
- Nə zamansa sizə əl qaldırmışdı?
- Yox. Tam səmimi deyirəm.
- İndi necə dolanırsınız?
- Məvaciblə və
bir də Hərbi Orkestrdəki təqaüdünü-120 manat
alırıq. Başqa gəlirim yoxdur.
- Çətin deyil ki?
- Hələ ki,
dolanırıq. Qaynım da kömək edir. Bəlkə də
uşaq balaca olduğundan çox hiss etmirəm. İndi mənim
maddi dəstəkdən çox mənəvi dəstəyə
ehtiyacım var.
- "Qorxma, mən səninləyəm" filminə
çəkilməliymiş. Bu haqda danışdımı ki,
niyə o filmə çəkilmək alınmadı?
- Bəli. Hətta
sınaq çəkilişləri də olubmuş. Amma son anda naməlum səbəblərdən Polad
Bülbüloğlu çəkilib.
- Haqqında bu qədər gözəl ifadələr
işlətdiyiniz bir insanı daha əvvəl tanımaq istərdinizmi?
- Yox. Bunu ona da deyirdim. Çünki cavanlıqda çox
yaraşıqlı olub.
İstəmirdim ki, onu qısqanım. Hətta
mənim onunla görüşməyimi bilənlər
dedilər ki, səni atacaq, vaxtını keçirir...
Mənə deyirdilər ki,
o gəzəyəndir. Dərindən tanıyandan sonra
fikirlərim alt-üst
oldu.
"Hərdən uşaq da deyir ki, həkimə getmə,
səni də ata kimi ödürərlər"
- Tək qalanda lent yazılarına qulaq
asırsınız?
(Elə bu məqamda Rafael atasının lent
yazılarını səsləndirir və Səbinə
xanım çox çətinliklə danışır)
- Əvvəl toxuna bilmirdim o lentlərə. Çox çətin
gəlir. Səsini eşidəndə
çox pis oluram. Çəkilişlərinin videoyazısı var. Onlara baxanda elə bilirəm ki, indicə evə qayıdacq çəkilişdən sonra.
Yoxluğuna öyrəşə bilmirəm. (kövrəlir)
Elxansız qalmaq istəmirəm. O ölməməliydi.
Allah hər kəsə
cansağlığı versin.
Yaşar
Nuri də ikinci dəfə eyni xəstəlikdən əməliyyat olundu.
Amma Elxançün heç kəs heç nə eləmədi.
Həkimlər də çox
laqeyd oldular. Hərdən
uşaq da deyir ki, həkimə
getmə, səni də ata kimi
ödürərlər. Deyir ki, kaş mən
öləydim atam sağ qalaydı. Sanki yaşından tez böyüyüb.
Rafaellə söhbət edəndə
çox rahatlaşıram.
Amma belə sözlər məni öldürür.
- Adətən qadınlarda bu cür ağır itkilərdən
sonra içki və sair kimi vərdişlər yaranır. Sizdə
belə oldumu?
- Xeyr. Daha çox sakitləşdirici
dərmanlara üstünlük verirəm. Çünki o da
belə şeyləri sevmirdi. Çox nadir hallarda içirdi və
sonradan tamam içmədi. Çünki idmanı çox
sevirdi. Səhər saat 7-də oğlunu da götürüb
bulvara aparırdı. Məni də idmana həvəsləndirirdi,
yoqayla məşğul olurdu, evdə idman velosipedləri var
idi.
- Səhnədə hər zaman çox səliqəli
görünürdü. Geyimləri kim seçirdi?
- Gözəl geyimlərə
çox üstünlük verirdi. Elə paltarlar alıb ki, hələ
geyinməyib. Bu evdə hər şey onu xatırladır. Elə
bilirdim ki, özümə fikir versəm, ona xəyanət
etmiş olaram. Mən hər kəsi qurban verərdim onun
üçün. Qoy, sizin vasitənizlə bir incikliyimi də
bildirim. Elxan rəhmətə gedən gün teatrda tamaşa
oynanıldı. Amma heç olmasa iki gün yas
saxlanmalıydı.
- Uşağın adını özü qoyubmu?
- Hə. Raul və Rafael
adlarının arasında qalmışdı. Dedi ki, ikinci
uşağımızın adını Raul qoyarıq.
Çox yaşamaq istəyirdi. Amma heç kim onunla
maraqlanmadı. Oğlunu çox sevirdi. Ona heyvan almaq istəyirdi.
Dedim ki, biz işdə olanda ona kim baxacaq? Axırda gedib Tovuz
quşu aldı. İndi bala çıxarıb. Çox ailəncanlıydı.
Amma onun qədrini burda bilmədilər. Əgər başqa
ölkədə yaşasaydı, daha böyük dəyər
verərdilər.
- Səmimi deyin, ikinci dəfə ailə
qurarsınız?
- Xeyr. Artıq hər şey
bitib. Axı kim Elxanın
oğluna Elxan qədər diqqət, qayğı göstərə
bilər? Heç vaxt ailə
qurmaram. Çünki ondan daha ailəcanlısı,
daha qayğıkeşi
olmayacaq.
İntiqam Valehoğlu
Ədalət.- 2011.- 1 fevral.- S. 6.