GECƏLƏR ULDUZ TƏK ALIŞIB YANAN

 

Dahi Üzeyirin vətəni

 

İşğal altında olan, ancaq tezliklə qaytaracağımız Dağlıq Qarabağ, müqayisə üçün söz axtarsan, "doğma qardaş" deyilən Ağdam, Bərdə, Füzuli, Beyləqan, Zərdab rayonları Ağcabədini yaxşı mənada mühasirəyə alıblar. Bir yandan da Ana Kür gecə-gündüz onun başına dolanır, bugünkü büsatına nəğmələr pıçıldayır, sakit-həlim ötüb-keçir bu yerlərdən. Bu el, bu oba özünün bərəkəti, torpağı, zəhmətkeş və qonaqpərvər insanları, həm də məşhurları ilə haqlı olaraq fəxr edir. Təkcə Azərbaycanı deyil, bütün Şərqi dünyaya tanıdan Üzeyir bəyin adı bəs edər ki, Ağcabədi əbədi olaraq şöhrət çələnginin iftixarını yaşasın.

Camaat son illər başqa bir səbəbdən də daha gülərüz, daha qürurlu görünür. Əbədi iftixar mənbəyi sosial-iqtisadi inkişafın reallıqlarında, insanların rahat və firavan yaşayışında, gələcək bundan da işıqlı görünəndə daha şirin, daha müqəddəs görünür. Bütün bunlar insanları çox ciddi şəkildə düşündürür və yeni uğurlara ruhlandırır.

 

Tərəqqinin düzgün yolu

 

Əvvəlcədən qeyd edim ki, Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı birinci mərhələdə uğurla həyata keçirilməklə yanaşı, 2009-2013-cü illərin Dövlət Proqramı da rayonda uğurla icra olunmaqdadır. Bütün istiqamətlərdə nailiyyətlər qazanmaq, qazanılanları qoruyaraq daha böyük məsələlərin həllinə köklənmək, daim işgüzarlığın ən sağlam və fəal formasında qala bilmək elə də asan məsələ deyil. Ancaq respublika rəhbərliyinin yüksək etimadını layiqincə doğruldan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və onun işgüzar komandası çətin və şərəfli vəzifələri uğurla həll etməkdə, həyata keçirməkdədir. Konkret olaraq bunlar nədən ibarətdir? Əsasən rayon iqtisadiyyatının real perspektivlərdə inkişaf etdirilməsi, eyni zamanda insanların sosial və mədəni tələblərinin həll edilməsi, quruculuq və abadlıq tədbirlərinin dekorativ görüntüdən fundamental məqsədlərə yönəldilməsi.

Rayon rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanları, sərəncam və göstərişləri rayonun inkişaf dinamikasına düzgün və faydalı şəkildə tətbiqinə, icrasına nail ola bilmiş və bu xüsusda tədbirləri davam etdirməkdədir.

Şəhər əhalisi, hətta ən ucqar kəndlərin də sakinləri bir çox sosial problemlərin son 3-4 il ərzində sürətlə həll edilməsini ölkə Prezidentinin siyasətinin yerli hakimiyyət tərəfindən düzgün və səriştəli həyata keçirilməsinin nəticəsi hesab edirlər. Şəhər sakinləri, rayon ziyalıları hesab edirlər ki, qəsəbə və kəndlərdə aparılan abadlıq işləri, eləcə də Ağcabədi şəhərinin təkcə mərkəzi hissəsi deyil, ən ucqar küçələrinədək abadlaşdırılması, müasirləşdirilməsi - bütün məsələlərə diqqət və qayğı ilə yanaşması icra başçısı Şahin Məmmədovun effektiv iş üslubunun göstəricisidir. Xüsusilə rayon mərkəzində baş verən yeniliklər, modernləşmə uzun illər boyu süst yanaşmanın üzərində ciddi bir təntənəni ortaya qoyur. Ağcabədililər indi öz şəhərləri haqqında fəxrlə danışır, rayon rəhbərliyinin hər bir təşəbbüsünü alqışlayaraq, bütün quruculuq və yeniləşmə tədbirlərinə tərəddüdsüz istəklə qoşulurlar.

Dəqiq məlumatı olmayanlar üçün bildirim ki, Kür-Araz ovalığının əsasən Qarabağ, müəyyən qədər də Mil düzlərində yerləşən Ağcabədi ərazisi və əhalisinin statistik göstəricisinə görə respublikamızın ən iri rayonları sırasındadır. 124 min nəfər əhalisi olan rayonun Hindarx adlı qəsəbəsi və 44 kəndi var. Ağcabədi şəhərində 40 min nəfər, Hindarx qəsəbəsində isə 8200 nəfər əhali yaşayır. Bundan başqa rayon ərazisində 15573 nəfər məcburi köçkün, 223 nəfər qaçqın soydaşlarımız da məskunlaşmışdır.

 

Dövlət Proqramının töhfələri

 

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi Ağcabədi rayonunun inkişafında mühüm rol oynamaqdadır. Təkcə ötən ilin nəticəsinə nəzər salsaq görərik ki, həmin müddətdə əlavə olaraq 2017 yeni iş yeri açılmış və bunun 840-ı daimi olmuşdur.

Ümumi məhsul buraxılışının həcmi 2010-cu il üzrə 134183,8 min manat olmuşdur. Bu əvvəlki ilə nisbətən 6632,5 min manat çoxdur. Eyni zamanda bu göstərici sənayedə, kənd təsərrüfatında, tikintidə, nəqliyyatda, rabitədə və ticarətdə öz dinamikliyini əsaslı şəkildə göstərmişdir. Rayonda əsas kapitala investisiya qoyuluşu hər il artaraq, 2010-cu ildə 23251,8 min manat olmuşdur.

2010-cu ildə rayon ərazisində 58139 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Əkilən məhsulların - taxıl, pambıq, qarğıdalı, şəkər çuğunduru, kartof, tərəvəz, bostan, günəbaxan və yoncanın həm əkin, həm də becərmə prosesində "Aqrolizinq" ASC-nin Ağcabədi rayon Aqroservis filialı sahibkarların istək və arzusuna uyğun yüksək aqrotexniki xidmət göstərmişdir.

2010-cu ildə rayonda 52976,6 ton taxıl istehsal olunmuşdur.

Rayonda 82432 baş iribuynuzlu mal-qara, 322942 baş qoyun-keçi bəslənilir ki, bu da heyvandarlıq sahəsinin ən yüksək göstəricilərindəndir.

Rayonda əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətin yüksəldilməsinə xüsusi diqqət göstərilir. Ağcabədi rayon mərkəzi xəstəxanasının xidmət sahəsində 2 şəhər, 1 qəsəbə, 4 kənd sahə xəstəxanası, 19 kənd həkim məntəqəsi və 24 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Uşaqlara ixtisaslaşmış stasionar yardım 35 çarpayılıq uşaq xəstəxanasında, doğuşa yardım isə 30 çarpayılıq doğum evində və kənd xəstəxanalarının doğum çarpayılarında təşkil edilib. Son illərdə Prezidentin səhiyyəyə göstərdiyi qayğı və diqqətin nəticəsi olaraq bu məqsədlə ayrılan vəsait xeyli artırılıb. Bunun nəticəsində həm stasionarda yatan, həm də imtiyazlı qrupdan olan xəstələrin təminatı yaxşılaşıb.

Ağcabədidə təhsilin də səviyyəsi yüksəlməkdədir. 2010-2011-ci dərs ilində rayonda 62 ümumtəhsil məktəb fəaliyyət göstərir. 19654 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2720 nəfər müəllim məşğul olur.

Dövlət Proqramları və digər mənbələr hesabına son illərdə 7720 şagird yerlik 28 yeni məktəb binası, o cümlədən "Yeniləşən Azərbaycana yeni məktəb" devizi ilə Heydər Əliyev Fondunun xətti ilə 6, Dövlət Proqramları çərçivəsində 12 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir.

Bundan başqa daxili imkanlar hesabına şahmat məktəbi və yaradıcı gənclər mərkəzi üçün yeni bina tikilmiş və hazırda son tamamlama işləri aparılır.

 

Bunlar hələ nədir ki...

 

Əvvəlki dövrlərdə olduğu kimi, 2010-cu il ərzində də Ağcabədi rayonunda abadlıq-quruculuq tədbirləri davam etdirilmişdir. Şəhərin bir çox prospekt və küçələrində abadlıq işləri müasir tələblərə uyğun aparılaraq rahatlıq və gözəlliyə yönəlmişdir. Yüksək zövqlə sanki yenidən qurulan şəhər ucqarlardan mərkəzə doğru formalaşır. Genişmiqyaslı urbanik yanaşma Ağcabədinin icra başçısı Şahin Məmmədovun ideyasıdır və bütün rayonlarda belə olmasını arzulayardıq.

Şəhərdəki, bütövlükdə rayon ərazisindəki yeniliklər bunlarla bitmir, heç səhifədəki fotolar da görülən işləri tam əks etdirə bilməz. Bu səbəbdən ki, Ağcabədi sanki ildən-ilə deyil, aydan-aya inkişaf edir, abadlaşır, gözəlləşir. İndi Ağcabədinin gecələri də gündüzlərə bənzəyir; çil-çıraqlı, şən ovqatlı, toy-büsatlı...

 

Bu rayonda, bu şəhərdə hələ çox işlər görüləcək.

Bunlar hələ nədir ki...

 

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 1 fevral.- S. 7.