Lahıc kəndi
Balaca Azər, Kori adlı uzunqulaq və qədim
Lahıc
Biz onunla birinci dəfə
Lahıc kəndinə gedən yolda, təpənin
üstündə yerləşən ziyarətdə
rastlaşmışdıq. Bu balaca oğlan həmin təpənin
yanında dayanıb oranı ziyarət etməyə gələnləri
ədəb-ərkanla qarşılayır, əmməllicə
ziyarət haqqında məlumat və izah verir. Daha dəqiq desək,
halalca pul qazanır. Bu dəfəki səfərimin əsas səbəbkarlarından
biri idi Azər. Yol boyu ancaq onu fikirləşırdım.
Görəsən o balaca oğlanı həmin ziyarətgahın
yanında yenə görə biləcəm?
...Havadan baş
açmaq olmurdu, gah günəş dağların
arxasından boylanırdı, gah da yağış
yağırdı. Fikirləşirdim soyuq havada Azər orada
olmaz. Ziyarətə yaxınlaşırdıq, amma hələ
də heç kəs görünmürdü. O yox idi.
Maşını saxlayıb o tərəf-bu tərəfə
baxdıq, ətrafda heç kəs yox idi. Onu görmədiyimə
çox pis oldum, heyfsiləndim. Lahıca hələ 1
saatlıq yolumuz vardı. Dolanbac, əyri-üyrü yollarla
yavaş-yavaş gedirdik. Mənzərə o qədər
gözəl idi ki, yolun bərbad olmasını,
maşının bizi necə atıb-tutduğunu hiss etmirdik...
Gəndov kəndinə
çatmışdıq. Uzaqdan bir balaca oğlan görsənirdi.
Bəli, bu o idi. Bu mənim əvvəl ziyarətdə
gördüyüm Azər idi. "Məhəmməd dayı
saxla maşını bu odur, saxla tez ol"-deyib pəncərədən
onu səslədim: "Ey balaca, salam. Məni
tanıdın?" Azər qəribə baxışlarla məni
süzərək: "Hə, tanıdım, xoş gəlmisiniz"-dedi.
Maşından düşdüm, görüşdük. Yenə
də balaca kişi iş başında idi. Əlində uzun
bir ağacla yol kənarındakı qoz ağaclarını
çırparaq yerə tökülən qozları
yığırdı...
...Azərlə xeylı
söhbət etdik. Əvvəlcə onun daimi "iş
yeri" olan ziyarətgah haqqında danışdıq. Onun
sözlərinə görə Ziyarətin adı "Əli
daşı" ziyarətidir. "Xala, orda Həzrəti Əlinin
ayağının izi var. Həzrəti Əli bilirsiz kimdir? O
pirdir və göydədir. Həzrəti Əli oranı ziyarət
edənlərə kömək olur. Böyüyəndə
oranı "remont" etdirəcəm. Bayaq getdim baxdım
ziyarətdə pul yox idi. Hər gün 2-3 manat qoyurlar. Mən
də gedib götürürəm. Bir dəfə 25 manat
götürmüşdüm. Elə sevindim, sevindiyimdən
beş manatını itirdim". Bu balaca Azərin 12
yaşında ən çox qazandığı puldur. Azər
həmin ziyarəti özü qoruyur. Dediyinə görə
böyüyəndə də "Əli daşı" ziyarətində
işləyəcək. Oradan götürdüyü
pulları anasına xərclik gətirən Azər indi də
yığdığı qozları satıb pula çevirəcəyini
deyir.
Balaca dostum böyüyəndə
həkim olmaq istəyir. Amma nədənsə dərslərə
getmir. "Pul yığıb məktəb üçün hər
şey aldım. Bir rəsm dəftəri, bir də gündəlik
ala bilməmişəm. Məktəbə gedirəm, amma bu
gün getmədim. Dedim bir az qoz yığım satım. Sonra
vaxtım olmayacaq".
Bir az da ailələri
haqqında danışdıq. Beş uşaqdırlar,
amma: "Atam iki arvad alıb.
Mən atamin ikinci arvaddan
olan oğluyam. Məndən
balaca bir dənə də qardaşım var evdə. İndi atam o birisi arvadıgildədir. Mən
o biri bacı-qardaşlarımı
da çox istəyirəm"...
Korini dostlarımdan,
hamıdan çox istəyirəm
...Hava soyuq idi, yağış
da narın yağırdı. Əynimi qalın
geyinməyimə baxmayaraq
üşüyürdüm. Amma əynində nazik bir köynək,
corabsız ayaqlarına
rezindən bir "şəpit" geyinən
Azərə soyuq deyildi: "Mən üşümürəm xala,
mənə soyuq deyil. Dağlarda gəzməyi xoşlayıram,
daglar qəşəngdir.
Amma şəhəri də görmək istəyirəm.
İndi pulum yoxdur, yoxsa
gedərdim. Bilirsiz, böyüyəndə
mənim çox pulum olacaq, şəhəri
də gedib görəcəm. Şəhərə gedəndə orada Aygün Kazımova ilə görüşəcəm.
Mənim
ondan xoşum gəlir". Azərin
bacarıqlı, qabiliyyətli
uşaq olduğunu görürdüm, söhbətimizin
bu yerində onun zövqünə də şübhəm qalmadı...
Elə bil çoxdan görmədiyim əziz adamımı tapmışdım. Söhbətimiz o qədər maraqlı gedirdi ki, islandığımızın
fərqində deyildik.
Görüşümüz Azərin də
xoşuna gəlmişdi.
Bircə
Korini görə bilmədim. Kori Azərin uzunqulağının
adıdır. Atası Korini
apardığına görə,
Kori adlı gözəlliyi görmək
mənə nəsib olmadı. "Atam Korini meşəyə
odun yığmağa
aparıb. 10 ildir ki, Kori
bizdədir. Mən onu
çox istəyirəm.
İndi qocalıb yazıq. Korini dostlarımdan , hamıdan çox istəyirəm"...
Onunla söhbətimizi burda yekunlaşdırdıq. Yolumuz isə
hələ davam edirdi. 20 dəqiqədən
sonra Lahıca çatdıq. Bildiyimə görə
bu kənd XVIII-XIX əsrlərdə Azərbaycanın
misgərlik və silah istehsalı mərkəzlərindən olub.
XIX əsrin birinci
yarısında Rusiyanın
İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən
istifadə olunub.
Lahıc
Azərbaycanın şimalında,
Böyük Qafqaz sıra dağlarının
cənub yamacında, dəniz səviyyəsindən
1505 m hündürlükdə, Girdiman çayının
sahilində yerləşir.
Lahıcda yüzdən artıq
sənət növü
inkişaf edib. Bunlardan misgərlik, çəkməçilik,
papaqçılıq, sərraclıq,
dəmirçilik, həkkaklıq,
qalayçılıq, dulusçuluq,
dərzilik kimi sənətlər bu günə kimi öz aktuallığını
itirmir. Kənddən
çıxan tanınmış
simalar da az deyil.
Yazıçı Manaf
Süleymanov, mərhum
aktyor, xalq artisti Səməndər Rzayev, xalçaçı
rəssam Ağa Mehdiyev və başqaları.
"Rəhmətliyi sevib
getmişdim"
Kəndin ağbirçəklərindən olan Şəfiqə nənə ilə də ayaqüstü söhbət etdik. 77 yaşlı Şəfiqə
nənə toxuduğu
corabları satırdı.
Cavanlığını heç
xatırlamadığını deyib, qocalıqdan şikayət edən nənə toyu haqqında sualımıza
çox dəqiq cavab verdi,
nədənsə: "Toyum
yadımdadır, o yaddan
çıxmaz. 1951-ci il yanvarın 3-də gəlin gəlmişəm.
O vaxt kişi
- qadın toyu ayrı olurdu. Gəlini qəşəng bəzəyirdilər,
başına da qırmızı kəlağayı
ilə duvağ örtürdülər. Mən rəhmətliyi
sevib getmişdim, sevməsəydim getməzdim.
Sevgi ilə ailə qurmaq yaxşıdır".
Həmsöhbətim keçmişdəki mehribançılıqdan, qonşuların
bir-biri ilə yaxınlığından da
danışdı. "Keçmişdə bir-biri
ilə mehribanlıq var idi. İndi o mehribanlıq yoxdur. Qonşular hamısı bir yerdə yeyirdik, bir yerdə gəzirdik. İndi zəmanə elə
gətirib ki, çıxıb burda otururuq bir parça
çörək pulu
üçün. Əvvəllər toxuduğum corabları çox alırdılar, indi zəifdir. Mən bu kəndə gələnlərlə dolanıram.
Yayda gələn-gedən çox
olur, alver də yaxşı olur. Elə gün də
olur ki, heç nə sata bilmirəm. Hökumətin verdiyi 75 manat
da heç nəyə bəs eləmir. Ay bala, kişi də
25 ildir ki, rəhmətə gedib. O rəhmətə gedəndən
sonra çətindir mənə.
Qeyd etdiyim kimi, misgərlik
buranın qədim sənətlərindəndir. Babalarından qalan sənəti indi övladları davam etdirirlər. Hələ qədimdən Lahıcın
mis qabları ölkənin başqa rayonlarında, hətta qonşu ölkələrdə
məşhur olub.
Misgər İlqar İsmayılovun
sözlərinə görə
bu sənət nəsildən gələn
bir sənətdir.
"Qablardan özümüz
düzəltdiyimiz də
var, restablasiya elədiklərimiz də.
Misin rəngi qırmızı
olur, qalaylayıb ağardırıq. Bütün naxış
və bəzəklərin
hamısını özümüz
edirik. Uşaqlığımdan bu işlə
məşğulam, gəlir
yerim ancaq bu sənətdir, təlabat da şükür Allaha pis deyil".
Qablara bəzək vurarkən əsasən buta naxışlarından istifadə
edilir. Əvvəllər hər kəsin
evində mis qablar işlənilsə də, bu gün
nədənsə xeyirli
olmasına baxmayaraq, mis qablara önəm
verən yoxdur. Lahıcdakı misgər emalatxanasında
diqqətimi çəkən
qablardan plov qabı və lampa oldu. Sən demə, bu plov
qablari süfrəyə
gələndən sonra
xörəyi 4-5 saat isti saxlayır. Deyilənlərə görə mis
qablarda yemək yemək çox xeyirlidir.
"Kim mənim gözlərimi
açsa evimi ona bağışlayacam"
Misgərlərdən sonrakı həmsöhbətim
Azadə dayı oldu. "Azadə atamın mənə verdiyi addır" - deyən qoca göndən çarıq
tikib satir. Sənətini o qədər mahir
bilir ki, gözlərinin tutulması
ona çarıq tikib satmaqda mane olmur. Amma buna baxmayaraq Azadə dayı gözlərinin açılmasını
arzulayır, deyir ki, kim mənim gözlərimi açsa evimi ona bağışlayacam. Sən demə, çarıq da çox xeyirli imiş: "Bir çarıq ildən çox gedir. Ayağı qışda isti, yayda sərin saxlayır. Çarıq damarları yaxşı
işlədir, qan yaxşı dövran edir. Özüm meşəyə gedəndə geyinirəm"
- deyən həmsöhbətimiz
amerikanların çarıqla
çox maraqlandıqlarını
da vurğuladı.
Lahıc kəndi tarix boyu öz dini
əqidəsi ilə də seçilib. Belə ki,
bu kəndin camaatı həmişə
ibadət ediblər.
Hətta
dinin qadağan olduğu bir vaxtda, keçmiş sovet dönəmində belə lahıclılar namaz qılıb, oruc tutublar, Məhərrəm ayını
matəm saxlayıblar.
Kənddə yerləşən Bədöyün məscidində
də olduq. 1791-ci ildə tikilən
məscid hazırda dövlət tərəfindən
qorunur. Elə məscidə yaxınlaşmışdıq
ki, bir qadın
bizə tərəf gəldi. Sən demə bu Məscidi Qələmnaz xalanın qaynatasının
atası tikdirib.
Hacı seyid Nur Baxış
isə məscidin axundu olub. Qəbri də məscidin içindədir. Məscidin
yaxınlığında yerləşən
üç mərtəbəli
uçulmuş ev də diqqətimdən kənarda
qalmadı. 3 mərtəbə
və 72 otaqdan ibarət olan bu ev də Məscidi tikdirən Hacı Paşa-nın evidir. Qələmnaz xalanın sözlərinə görə
kişi tacir olub.
Saray üslubunda tikilən evdən sadəcə uçulub-tökülmüş divarları qalıb. Ev sovet hökumətinin vaxtında
dağıdılıb. Ailənin var-dövləti talanıb.
Vaxtilə evin sahiblərinin
gəmiləri, Qubada,
və başqa rayonlarda dükanları olub. Sən demə, bu kənddə hələ ta qədimdən kanalizasiya sistemi də olub. Bir sözlə, Lahıcın
kişiləri bəy,
qadınları xanım
kimi yaşayıb.
Lahıcda olasan, amma Lahıc
qızlarının toxuduqları
xalçaları görməyəsən? Növbəti görüşümüz xalçaçılarla
oldu. Xalça dükanında bir-birindən
gözəl sənət
əsərləri göz
oxşayırdı. Ən çox
diqqətimi çəkən
xalçalar isə
"Ömər Xəyyamın
dörd fəsil xalçası" və
"Züleyxa" adlı
xalça oldu. Xalçaçı Sülhiyyə xalanın
sözünə görə
qabiliyyətli insan bir günə xalça toxumağı öyrənə bilər.
Təcrübədən keçirmək istədim,
amma alınmadı.
Xalça toxumaq işi
mənlik deyil, anladım. Hər kəs öz
işi ilə məşğul olsa daha yaxşı olar. Odur ki, Lahıcdan
çıxar-cıxmaz növbəti
səfərim haqqında
düşünməyə başladım. Gələn sayımızda
"Bölgələr"-də görüşənədək.
İradə Nurəddinqızı
Ədalət.- 2011.- 1 fevral.- S. 8.