SƏN ƏGƏR DOYMASAN BU GÖZƏLLİKDƏN...

 

"Kiçik Paris"in sirləri

 

Mən Zaqatala haqqında çox söhbətlər açmışam, müxtəlif yazılar qələmə almışam. Hətta üstündən on ildən də artıq vaxt keçməsinə baxmayaraq, ""Kiçik Paris"in sirləri" adlı iri həcmli məqaləmi bir müəllif kimi indinin özündə də mənə xatırladır və təşəkkür edirlər. Dostlar, ziyalı insanlar unutmurlar bu gözəl rayon haqqında yazılan duyğusal, səmimi yazıları. Gözəllikdən söz düşmüş, elə məqalələrdən birinin adı da belə idi : "Orda bir gözəl gizlənib".

Zaqatalaya "Kiçik Paris", "Bala Tiflis" deyibən oxşatmaların zərurəti faktik müqayisələrə söykənmir. Bu şəhərdə təbii ki, Notr-dam, Luvr, Sen-Jermen, Eyfel və ya Şeytanbazar yoxdur, heç oxşarlarını da axtara bilmirsən. Sadəcə insanlar sözün əsl mənasında mədəni həyat tərzi baxımından "Kiçik Paris", geyim və məişət oxşarlığından isə "Bala Tiflis" ifadələrini müəyyən məqamlarda dilə gətirərkən səmimi hisslərini biruzə veriblər. Hələ bir nəzərə alsaq ki, buralarda 10 min nəfərə yaxın gürcü əsilli ingiloylar da yaşayır və həm də Zaqatala qonşu Gürcüstanın, eləcə Tiflisin də çox yaxınlığındadır

 

Dostuma söz verdim

 

Gizlətmirəm, mən bütün bunları bilə-bilə bütün bu deyilənlərlə müəyyən qədər razılaşa-razılaşa, hətta yazılarımda xatırlada-xatırlada, Zaqatalanı heç vaxt nə Parisə, nə də Tiflisə birbaşa oxşada bilməmişəm. Vətənimin bu gözəl rayonu, gözəl Zaqatala şəhərini, onun insanlarını və təbiətini çox sevmişəm və sevəcəyəm də. Mən onu ilk görəndən yalnız bircə şəhərə oxşatmışam və heç vaxt da bunu yazmamışam. Bu "sirri" indi də açmayacağam. Çünki söhbətə başlasam, bu şəhərin relyef, təbiət, iqlim oxşarlıqlarını müqayisələrlə şərh etsəm, layihəmizin tələblərini aşmış olaram və üstəlik ayrılan yer də kifayət etməz. Ancaq çox vətənpərvər və ziyalı bir dostuma - Turac Mahmudova söz vermişəm, yaxın vaxtlarda təkcə bu oxşarlığın yox, digər səbəblərin də təsiri altında o yazı oxucularımın ixtiyarında olacaq.

... Yəqin ki, növbəti Qış Olimpiadası başlananadək mən o məqaləmi çoxdan bitirmiş olacam...

Görəsən, dənizi olmayan şəhərlərin də yuxularında dəniz ləpələnirmi?..

Bilirsiniz ki, Zaqatala ölkənin şimal-qərb bölgəsinin ən abad və daim inkişafda olan rayonlarından biridir. Zaqatala rayonunda 120 min nəfərdən çox əhali yaşayır. Rayonun Zaqatala şəhərindən başqa, 10500 nəfər sakini olan Əliabad qəsəbəsi və 59 kəndi var. Zaqatala rayonu özünün təbiət gözəllikləri ilə, Zaqatala Dövlət Qoruğu ilə, qiymətli meyvələri və bitkiləri ilə, məşhur Qalası ilə ("Yenilməz batalyon" filmini xatırlayaq), həm də yaraşıqlı binaları ilə daim inkişafda olan qızılgül ətirli Zaqatala şəhəri ilə məşhurdur. Rayonda bir çox zavod və fabrik fəaliyyət göstərsə də, iqtisadiyyatın əsasını aqrar sahə müəyyənləşdirir. Xüsusilə də əkinçilik, bağçılıq və maldarlıq. Zaqatala fındığı və tütünü ilə dünyada tanınan , qəbul olunan məhsullardır. Baxmayaraq, tütün istehsalı xeyli dərəcədə məhdudlaşdı və yəqin ki, nə vaxtsa keçmiş şöhrətini qaytaracaqdır.

 

Əhmədzadələrin həyat prinsipi: xalqa və dövlətçiliyə sədaqət

 

Son illər istər şəhərdəki tikinti quruculuq işləri, sənaye müəssisələrinin fəaliyyəti, istərsə də aqrar sahədəki uğurları zaqatalalıları daha böyük nailiyyətlərə ruhlandırır. Rayon rəhbərliyi, təcrübəli icra başçısı Mübariz Əhmədzadə camaatla əl-ələ verərək Zaqatalanı ən optimal perspektivlə irəli aparırlar. Rayon sakinləri öz başçılarını çox sevir, ona inanır və etibar edirlər. Əhmədzadə bu etimadı xalqına, dövlətinə və Prezidentinə layiq fəaliyyəti və sədaqəti ilə qazanmışdır.

Rayonda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın tələblərindən irəli gələn vəzifələrin icrası istiqamətində xeyli işlər görülmüş və bu tədbirlər davam etməkdədir. Ötən dövr ərzində rayon mərkəzi ilə yanaşı, bütün yaşayış məntəqələrində genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılmışdır. Dövlət büdcəsi hesabına Tala çayı üzərində asma körpü, "Azərpoçt"un Zaqatala filialının, Dövlət reyestri xidmətinin Zaqatala ərazi idarəsinin yeni inzibati binaları, Daxili Qoşunların "N" saylı hərbi hissəsi üçün yeni binalar, şəhərdə 320 yerlik internat məktəbi, Mazıx və Paşan kəndlərində 220 şagird yerlik məktəb binaları, Mamrux kəndində 40 yerlik uşaq bağçası, 5 poçt şöbəsi tikilib istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC və RİH-nin birgə layihəsi əsasında Mişleş çayı üzərində inşa edilən 185 metr uzunluğunda körpünün tikintisi də başa çatdırılmışdır. Rayonda həmçinin sosial təyinatlı obyektlərlə yanaşı, istehsal təyinatlı obyektlərin - Lahıc kəndində Fındıq Emalı Zavodunun, Muxax Bələdiyyəsi ərazisində gündəlik istehsal gücü 10 ton olan Süd Emalı Zavodunun, Yuxarı Tala kəndində "İntertobakko" MMC-nin illik emal gücü 3000 ton olan Tütün Zavodunun tikintiləri aparılmışdır.

 

Regionda lider

 

Keçən ilin iyul ayında Prezident İlham Əliyev cənablarının Zaqatalaya növbəti səfəri rayonda yüksək əhval-ruhiyyə yaratmışdı. Ölkə başçısı yeni tikilmiş Süd və Tütün emalı zavodlarının açılışını etmiş, iştirak etdiyi digər tədbirlərdə də zaqatalalılara öz xeyir-duasını verərək bütün quruculuq işlərində onlara uğurlar arzulamışdır. Həmin gün yenidən qurulmaqda olan "Qala düzü" pilləkənlərinə, əsaslı təmir edilmiş rayon Mədəniyyət Evinə baxış keçirilmişdir.

Rayonda aqrar sahə inkişaf etməkdədir. 2010-cu ildə 30.5 min hektar torpaq sahəsindən istifadə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə kənd təsərüffatı istehsalçılarına dövlət tərəfindən büdcə vəsaiti ilə yardımların edilməsi, güzəştli kreditlərin verilməsi kənd təsərrüfatı məhsullarının istehsalının artmasına şərait yaratmışdır. Keçən il rayonda 87 milyon 173 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.

Rayonda meyvə bağlarının bərpası və becərilməsi işləri davam etdirilmiş, bağların sahəsi 10530 hektara çatdırılmış, 25473 ton meyvə toplanılmışdır.

Heyvandarlığın inkişaf etdirilməsi və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə son illərdə yaradılmış camışçılıq, maldarlıq və qoyunçuluq özəl damazlıq təsərrüfatları və Dövlət damazlıq müəssisəsi fəaliyyətlərini genişləndirmişlər. 2010-cu ildə iribuynuzlu mal-qara 59530 başa, qoyun-keçilərin sayı isə 139010 başa çatdırılmış, 40283 ton süd, 285 ton yun istehsal edilmişdir.

Zaqatala şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, yeni idman sağlamlıq komplekslərinin tikintisi, məktəb binalarının tikintisi ilə yanaşı, təhsil müəssisələrinin əsaslı təmiri, səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz edilməsi, mədəniyyət obyektlərinin təmir və tikintisi, tarix- mədəniyyət abidələrinin bərpası, rayon ərazisində meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi və digər mühüm işlər plana uyğun şəkildə davam edərək gələcək işlər üçün də nikbinlik yaratmışdır.

Dövlət Proqramının icrası kimi son 2 ildə rayonda 1343-ü daimi olmaqla1757 yeni iş yeri açılmışdır.

Rayon Telekommunikasiya Qovşağının fəaliyyəti respublika miqyasında ən nümunəvi səviyyəyə çatmışdır. Əhaliyə göstərilən rabitə xidmətində bütün sahələr üzrə yüksək göstəricilər əldə olunmuşdur.

 

Turizm üçün ideal şərait

 

Şəhərdaxili və rayon ərazisindəki yolların abadlaşdırılması, yeni meşə massivlərinin salınması, mövcud meşələrin qorunması və bərpası işləri arzu olunan səviyyədə qurulmuşdur. 2011-ci ilin "Turizm ili" elan edilməsi zaqatalalıları bu istiqamətdə yeniliklərə səfərbər edib . Axı bu gözəl məkan respublikamızın əsas turizm mərkəzlərindən biridir. Bu səbəbdən də mövcud infrastrukturların inkişafı və müasirləşdirilməsi, yeni qurğuların tikilib istifadəyə verilməsi qarşıda duran vəzifələrdəndir. Onsuz da Zaqatala royonu turizm sahəsində zəngin təcrübəyə malikdir. Gözəl təbiət - dağlar, meşələr, çaylar, gül-çiçəkli düzənlər, yaraşıqlı şəhər, otellər, park və bağlar, idman qurğuları, ləziz yeməklər bişirilən restoran və kafelər və bir dəg səmimi, mehriban Zaqatala camaatı!

 

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 2 fevral.- S. 7.