Azərbaycana radikal islamın
ixracı mümkün
deyil
Maraqlı qüvvələrin bu
arzularının ürəklərində
qalacağını əminliklə
demək mümkündür
Son vaxtlar
bəzi qüvvələr
tərəfindən Azərbaycanda
dini məsələlərlə
bağlı süni şəkildə gərginliklər
yaşanmaqdadır. Əvvəlcə
"Fatimeyi-Zəhra" məscidi
ətrafında yaşanan
hadisələr, onun ardınca orta məktəblərdə vahid
məktəbli formasının
tətbiqi ilə bağlı yaradılan süni hicab qalmaqalı və nəhayət, rəsmi dövlət qeydiyyatından
keçməyən Azərbaycan
İslam Partiyasının
sədri Mövsüm
Səmədovun həbsi
ilə bağlı yaradılan ajiotaj təsadüfi hesab edilə bilməz. Bütün bu hadisələrdə vahid xətt, bir mərkəzdən idarə
edilmə əlamətləri
hiss olunmaqdadır.
Sanki hansısa
gözəgörünməz qüvvə ciddi cəhdlə Azərbaycanda
dini zəmində gərginlik yaratmağa çalışırlar. Doğurdanmı
ölkədə bunun
üçün zəmin
var? Əlbəttə
ki, yox. Azərbaycan bütün dünya tərəfindən
insanların vicdan azadlığına ən
yüksək hörmət
nümayiş etdirən
dövlətlərdən sayılır.
Ölkə ərazisində
nəinki müsəlmanların,
hətta xristianların
və yəhudilərin
də dini ehtiyaclarını ödəmələri
üçün şərait
yaradılıb. Heç
təsadüfü deyil
ki, Qafqaz Müsəlmanları İdarəsi
məhz Bakıda yerləşir. Bütün
Qafqazın şeyxi nəinki Azərbaycanda və Qafqazda, ümumilikdə dünyada
ciddi fiqurlardan biri kimi qəbul
edilir. Ölkədə
xeyli sayda məscid, mədrəsə
fəaliyyət göstərməkdədir.
Bakı Dövlət Universitetinin nəzdində
İlahiyyat Fakültəsi
açılıb, Bakı
İslam Universiteti fəaliyyət göstərməkdədir.
Dövlət-din münasibətlərinin
tənzimlənməsi məqsədilə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Ölkə
başçısının dini qurumlara xoşməramlı münasibəti
də heç kimə sirr deyil. Məhz prezident İlham Əliyevin tapşırığı
və nəzarəti altında ölkənin çoxsaylı dini abidələri əsaslı
şəkildə təmir
olunub, yenidən qurulub. Buna misal olaraq Bibiheybət məscidinin, Təzə Pir məscidinin demək olar ki, yenidən tikilməsini göstərə
bilərik. Bu yaxınlarda
ölkə başçısı
özünün Ehtiyat
Fondundan Şamaxıdakı
Cümə məscidinin
yenidən qurulması
və təmiri üçün də vəsait ayırıb.
Yəni Azərbaycan
dövlətinin dinə
münasibəti tam çılpaqlığı
ilə ortadadır. Belə olan halda təbii ki, son vaxtlar ölkədə yaradılan
süni dini ajiotajlar digər amillərlə əlaqələndirilməlidir.
Bir qədər də konkretləşdirsək,
belə görünür
ki, bəzi dairələr Azərbaycan
zorla radikal islamı ixrac etmək istəyirlər. Dünyada bu cür modellər mövcuddur. Fələstində
"Həmas", Livanda
"Hizbullah" uzun illərdir fəaliyyət
göstərməkdədirlər.
Amma radikal islamın heç bir ölkəyə xeyir gətirmədiyi də göz önündədir. Bu tendensiya
çox qorxulu nəticələr doğurur
və yayıldığı
ölkələrə qarışıqlıq,
xaos və terror gətirir. Nəticədə
bu cərəyanı yayan və idarə
edən ölkələr
onu ixrac etdikləri ölkələrin
ictimai-siyasi həyatını
tam şəkildə ələ
ala bilirlər. Radikal islama meydan olan
dövlətlərin hökumətləri
isə o qədər zəifləyir ki, ölkənin milli maraqlarını qorumaq iqtidarında belə olmurlar.
Azərbaycandakı proseslərin
də bu amalla idarə edildiyi hiss olunmaqdadır.
Bu cərəyanı yaymaq
istəyən qüvvələr
artıq hamıya yaxşı tanış olan ssenaridən istifadə etməkdədirlər.
Əvvəlcə heç
kimin gözləmədiyi
dini hissləri qıcıqlandıracaq problemlər
gündəmə gətirilir,
sonra hökumətlər
bu problemin əsas yaradıcısı
kimi qələmə verilir, daha sonra
isə bütün bunlara qarşı mübarizənin təşkilinə
start verilir. Diqqət yetirsək görərik ki, bizdə də hicab gərginliyi
heç nədən yaradıldı. Rəsmi qeydiyyata alınmayan Azərbaycan İslam Partiyasının bu ilin əvvəlində keçirilən iclasında
isə ssenarinin növbəti mərhələsinə
keçidin mesajları
verildi. Partiyanın sədri Mövsüm Səmədov yanvarın
2-də AİP Baş Məclisinin
iclasında çıxış
edərkən məktəblərdə
hicaba qadağa qoyulmasını kəskin
tənqid etməklə
kifayətlənməyib, Azərbaycan
xalqına müraciət
edərək dövlət
əleyhinə qiyama səsləyib. Diqqət yetirsək, hicab məsələsi ilə bağlı iranlı ayətullah Nasir Məkarim Şirazi də eyni mövqedən
çıxış etmişdi.
O da Azərbaycanda orta məktəblərdə
hicaba qoyulan qadağaya qarşı çıxaraq, əhalini
bu qərara qarşı müqavimət
göstərməyə çağırmışdı.
Daxili İşlər
Nazirliyinin Mövsüm
Səmədovun çıxışı
ilə bağlı yaydığı rəsmi
məlumatdan görünür
ki, onun rəhbərlik etdiyi təşkilat təkcə
sözlə kifayətlənməyib,
əmələ də
keçmək niyyətində
olub. Belə ki, AİP sədrinin Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova ixtişaşlar
törətmək, ictimai
təhlükəsizliyi pozmaq,
insanları cihada təhrik etmək barədə tapşırıqlar
verdiyi məlum olub. Bununla əlaqədar
Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə
İdarəsi tərəfindən
əməliyyat-axtarış tədbirləri keçirilib
və Dəyanət Səmədovun işlədiyi,
Mərdan Səmədova
məxsus elektrik malları mağazasına
baxış zamanı
oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı
evdən 7 ədəd
avtomat patronu və içərisində
dini radikalizmi təbliğ edən məlumatların olduğu
elektron daşıyıcılar
aşkarlanıb götürülüb.
Bununla əlaqədar Mərdan Səmədov da şübhəli şəxs qismində saxlanılıblar. Fakt üzrə Azərbaycan respublikası Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə
cinayət işi başlanıb, araşdırmalar
aparılır. Polis Mövsüm
Səmədovun qaynı
Firdovsi Məmmədrzayevin
də evində axtarış aparıb. Onun Qubadakı evində axtarış aparılan zaman 10 ədəd əl qumbarası, 40 ədəd
güllə və 1 ədəd avtomat silahın darağı aşkarlanıb. O da polis tərəfindən saxlanılıb.
Göründüyü kimi, məlum qüvvələr
ölkədə sabitliyin
pozulması, qarışıqlıqların
yaradılması üçün
hazırlıq ərəfəsində
olublar.
Özü də Azərbaycanda bu ssenarinin reallaşdırılmasında
yalnız qonşu İranın maraqlı olduğunu iddia etmək olmaz. Sirr deyil ki,
bu regionda güclü Azərbaycanın
mövcudluğunu istəməyən
digər dövlətlər
də var. Bu baxımdan
Azərbaycanda belə
bir layihənin reallaşdırılmasında maraqlı
olan qüvvələrin
maraqları üst-üstə
düşür. Amma məlum qüvvələrin
artıq işə saldıqları planlarının
baş tutmayacağını
indidən müəyyənləşdirmək
mümkündür. Birincisi
ona görə ki, Azərbaycanın daxilində radikal islamın çiçəklənməsi
üçün baza yoxdur. Azərbaycan vətəndaşlarının bu ideyanın daşıyıcısı olan
təşkilatları münasibəti
heç də yaxşı deyil.
İkincisi, Azərbaycan
dövləti artıq
ötən əsrin
90-cı illərindəki zəif,
xarici müdaxilələri
dəf etməkdə çətinlik çəkən
dövlət deyil. Ötən illər ərzində Azərbaycan
müasir və güclü dövlətə
çevrilib. Ölkənin
müvafiq strukturları
bu kimi xarici
müdaxilələri vaxtında
aşkarlayıb üzə
çıxarmaqda və
qarşısı almaqda
böyük təcrübə
toplayıblar. Son günlər
hüquq-mühafizə orqanlarının
həyata keçirdiyi
profilaktik tədbirlər
də bunu təsdiqləyir. Digər
tərəfdən, Azərbaycan
dövləti artıq
öz inkişaf yolunu birmənalı olaraq seçib. İlin sonunda "Jurnalistlərin dostu" mükafatını alarkən
prezidentin İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycanın əsas prioriteti inkişaf etmiş, müasir, hüquqi dövlətə çevrilməkdir.
Azərbaycanı bu yoldan heç bir xarici müdaxilə
və təzyiq döndərə bilməz.
Bütün bunlara əsaslanaraq belə bir qənaətə gəlmək olar ki, Azərbaycana radikal islam ixrac
etmək istəyənlərin
arzuları da ürəklərində qalacaq.
Gültəkin
Ədalət.- 2011.- 3 fevral.- S. 4.