"Bunu ilk dəfə sizin qəzetə
deyirəm ki"
Ötən ay qəzetimizdə "Kriminal Aləm və
idmançılar" adlı araşdırma yazı dərc
edildi. Qısa zaman ərzində material bir sıra gündəlik
mətbu orqanlarda, saytlarda da getdi və orda adıçəkilən
idmançıların bəzilərinin narazılığına
səbəb oldu. Elə onlardan biri-Mövlud Mirəliyev
redaksiyamızın qonağıdır. Əvvəlcə həmsöhbətimizlə
bağlı qısaca məlumat verək. 1989-cu ildə Özbəkistandan
Azərbaycana, Gəncə şəhərinə gələn
15 yaşlı yeniyetmə burada peşə məktəbinə
daxil olur. Dediyinə görə, Azərbaycana gəlməsinə
səbəb Özbəkistandakı qarışıqlıq
imiş. Peşə məktəbinin nəzdindəki idman
zalında tanınmış məşqçi Arzu
İsmayılovun rəhbərliyi altında sambo məşqlərinə
başlayır. İlk böyük uğur isə
özünü düz 4 il gözlədir. Beləliklə
Mövlud Mirəliyev 1993-cü ildə sambo üzrə gənclər
arasında keçirilən dünya çempionatının
qalibi, böyüklər arasında təşkil olunmuş
Avropa birinciliyinin isə gümüş medalçısı
olmağı bacarır. Hər il keçirilən dünya və
Avropa birinciliklərində müxtəlif əyarlı medallar
qazanan Mirəliyev 1996-97-ci illərdə böyüklər
arasında Avropa çempionu olur...
Deyəsən bir az yorucu oldu. Yaxşısı budur,
qazandığı digər uğurların nədən ibarət
olduğunu idmançının özündən eşidək.
-Dünya
çempionatında üçüncü oldum. 1999-cu ildə
İspaniyada keçirilən dünya çempionatında
qalib gəldim. Bundan sonra Gəncəyə qayıtdım, ailə
həyatı qurdum. Bir az çətinliklər olduğuna
görə Rusiyaya getdim. Məşqçim də orada işləyirdi.
İlyarım orda yaşadım. Oradakı "Sambo 70"
adlı akademiyada məşqlər elədim. Yığma
komandamız yarışlara gələndə məni də
iştirak ərizəsinə salırdılar və orada
yaşaya-yaşaya Azərbaycanı təmsil edirdim.
"Məşqdən başımı
qaşımağa da vaxtım olmayıb ki, belə işlərlə
məşğul olum"
- Deməli, yığmanın üzvü ola-ola məşqləri
Moskvada fərdi qaydada edirdiniz?
- Bəli. Oradan məni
götürürdülər, yarışlara gedirdik. 2000-ci
ildə Ukraynada ikinci yeri tutdum. 2001-ci ildə Kransnoyarskda
çempion oldum. Dostlarla və məşqçilərlə
qərara gəldik ki, mən cüdo güləşim.
Doğrusu, özümün də belə bir arzum olub ki,
olimpiya oyunlarında iştirak edim. Moskvada keçirilən
lisenziya xarakterli turnirdə yalnız finalda uduzdum. Ondan sonra
Ağayar Axundzadə və məşqçim Arzu
İsmayılov danışdılar, halallaşdılar və
mən 2002-ci ildə Azərbaycana gəldim. Həmin il də
ölkə çempionu oldum.
- 2002-ci ildə sizin çəkidə yığma
komandada kim mübarizə aparırdı?
- O zaman Rəsul Səlimov 90
kiloqramda güləşirdi. Başqa bir neçə
idmançı da var idi. 2003-cü ildə dünya
çempionatında bürünc medal qazandım. 2004-də
Afinada keçirilən olimpiya oyunlarında iştirak elədim
və beşinci oldum.
- İndi gələk söhbətimizin əsas məqamına,
yəni sizi redaksiyamıza gətirən hissəsinə. Etiraf
edək ki, idmançılar haqqında istər mətbuatda,
istərsə də insanlar arasında müxtəlif fikirlər
var. Onların bəzilərinin müxtəlif cinayətkar qruplarla
əlaqədə olduğu deyilir. Qəzetimizdə bu barədə
gedən yazıda sizin da adınız çəkilir. İstərdik
ki, həmin fikirlərə özünüz aydınlıq gətirəsiniz.
- Mənim şəxsən
tanıdığım idmançılar məşq edirlər,
çalışdıqları sahəylə məşğuldurlar.
Amma o ki qaldı haqqımda yazılanlara, hər zaman belə
şeylərdən uzaq olmuşam. Çünki məşqdən
başımı qaşımağa da vaxtım olmayıb ki,
belə işlərlə məşğul olum. 28 ildir ki,
güləşirəm və günüm idman döşəyində
keçib.
- İstənilən halda idmançı güc deməkdir.
Bəzi qruplar da məhz bu insanlara təkliflərdə
bulunurlar. Sizə belə təkliflər olubmu?
- Olmayıb. Çünki
hamı bilir ki, nə təbiətdə insanam. Ona görə
də belə təkliflər olmayıb. Mənə dövlət
işindən başqa şəxsi mühafizəyə təkliflər
olunub. Amma razılıq verməmişəm. Fikirləşmişəm
ki, sona qədər getməliyəm, olimpiya oyunlarında nəticə
verməliyəm.
- Karyeranızın ən pik nöqtəsi
hansıdır?
- Mən dünya
çempionu da olmuşam. Amma hər halda Pekində
qazandığım bürünc medal karyeramın zirvəsidir.
- London olimpiadasına
hazırlaşırsınızmı?
- Xeyr. Mən 2004-cü ildə
Afinadakı olimpiadadan sonra boynumdan zədə
almışdım. 2005-ci ilin dekabrında əməliyyat
olundum. Həkimlər də dedilər ki, artıq
yarışlara qatılmağım məsləhət deyil.
Buna baxmayaraq, arzum olub ki, olimpiya oyunlarında nəticə
verim və tarixə düşüm. Afinadan sonra bir il məşq
eləmədim. 2006-cı ili isə tamamilə güləşmədim.
Amma yüngül məşqlər edirdim.
- Güləş növləri bir-birinə çox
yaxındır. Bəzi idmançılar isə deyirlər ki,
cüdodan samboya gələn uğur qazana bilməz. Amma
sambodan cüdoya keçənlər tez
uyğunlaşırlar. Niyə belə?
- Fiziki güc tələb
etməyinə görə ikisi də eynidir. Düzdür,
cüdoda qaydalar başqa olsa da, fəndlər eynidir.
Bilirsinizmi samboçular niyə cüdoda yer tuta bilirlər?
Çünki burada güləşə yaxın olan "dəyirman",
"badalaq" kimi fəndlər var. Yəni bu fəndlərin
nəticəsində uğur qazanmaq olur. Samboçular niyə
əziyyət çəkir? Çünki cüdoda güləşdiyimiz
xalça bərkdir, düzdür və gəzmək
asandır. Amma sambonun tatamisi sürüşkəndir, orada hər
addımında rəqib badalaq ata bilər. Yəni sambo tatamisində
hərəkət eləmək daha çətindir. Bəlkə
də hər hansı cüdoçu samboda nəticə verə
bilər. Bir şərtlə ki, illərlə məşğul
olmalıdır. Samboda ayaqdan ağrıdıcı fənd tətbiq
eləmək olar. Cüdoda isə boğmağa icazə
verilir.
- Bir sözlə cüdodakı zədələr daha
yüngüldür...
- Yox, cüdonun da öz zədələri
var. Orada bütün fəndlər yuxarıdan gəlir. Elə
fənd var ki, iki metr hündürlükdən yerə
düşürsən, boyun zədələnir.
- Cüdoda təsadüf nəticəsində uğur
qazanmaq olarmı?
- Təsadüf bir
görüş udmaq olar. İkincisi mümkün deyil.
Çünki cüdo elə idmandır ki, orada hər bir rəqib
izlənilir və onun üzərində işlənilir.
Cüdo sambodan qat-qat populyar olduğuna görə yaponlar sahib
olduğu idmanı qoruyurlar. Son olimpiya oyunlarından sonra yeni
qaydalar tətbiq elədilər. Artıq ayaqdan tutmaq olmaz,
düz güləşməlisən. Ona görə komanda
yoldaşlarımız hələlik istədiyimiz nəticəni
verə bilmirlər. Qaydaların dəyişməsi problem
yaradır.
- Bayaq bildirdiniz ki, şəxsi mühafizəyə təkliflər
olsa da qəbul etmədiniz. Qəbul edən idmançılar
varmı?
- Elə idmançılarımız
var ki, şəxsi mühafizəyə gediblər. Elələri
olub ki, ailə qurublar, çətinlikləri olduğuna
görə razılıq veriblər.
- Peşəkar idmanı ataraq mühafizəçi kimi
çalışmaq nə dərəcədə doğrudur?
- Peşəkar
idmançı idman karyerasını bitirəndə məşqçi
kimi çalışır. O insanın özündən
asılıdır. Əslində mühafizə daha riskli bir
şeydir. Çox güman ki, şəxsi
mühafizə işləmək məcburiyyətdən
irəli gəlir. İmkanı olsaydı, böyük nailiyyəti
olardı.
- Artıq 37 yaşınız var. Karyeranızı nə
zaman bitirəcəksiniz?
- Bu yaxınlarda Bakıda
keçirilən beynəlxalq turnirdə məşqçilər,
həkimlər məsləhət gördülər ki,
idmanı dayandırım. Artıq karyeramı bitirmişəm.
Amma idmançı kimi idmandan getsəm də, Şəmkir
Olimpiya Kompleksinin rəhbəri kimi işimi davam etdirirəm.
Bildiyiniz kimi cənab prezident 2009-cu ildə kompleksin
açılışında məni bu vəzifəyə təyin
edib
- Bildiyimə görə bu barədə heç bir yerdə
açıqlama verməmisiniz...
- Xeyr. Bunu ilk dəfə
sizin qəzetə deyirəm ki, artıq karyeramı bitirmişəm.
Çünki ciddi məşq edəndə boynumdakı problem
mənə əziyyət verir, başım ağrayır.
- Orda cavan uşaqlar yetişirmi?
- Şəhərə baxanda
fərqlilik olsa da, istedadlı uşaqlar var. 25 nəfər gənc
cüdoyla məşğuldur.
- Nəticələr varmı?
- Hələ yeni
başlamışıq. Ona görə də böyük nəticədən
danışmaq tezdir. Amma şəhərlər arasında,
ölkə birinciliklərində nəticə göstərə
bilirlər. Məşqləri özüm də keçirəm,
məşqçilər də.
- Məşqçi kimi fəaliyyət göstərmək
fikriniz varmı?
- İstəyirəm ki, Qərb
zonasında cüdonun inkişafına dəstək olum,
federasiyanın nümayəndəliyini yaradım.
- Yaxşı idmançı yaxşı məşqçi
ola bilər?
- Yüzündən 5-10 nəfəri
olsa böyük işdi.
- Həmkarınız Səhliman Ağayevlə
müsahibədə bildirmişdi
ki, 1997-ci ilə qədər dünya, Avropa
çempionatlarından qızıl medalla dönürdük,
nazirlik bizə divar saatı, yaxud adi güldan verirdi. Amma məlumdur
ki, indi böyük fərq var. İstərdim ki, sizin dövlət
tərəfindən təminatınızın nə səviyyədə
olduğu barədə danışasınız.
- Sambo olimpiya növü
olmadığına görə, üstün tutulmurdu,
mükafatlar az olurdu. Artıq neçə ildir qeyri-olimpiya
növlərindən uğur qazanmış idmançılara
mənzil verilir, işlə təmin edilirlər. Veteran
idmançılara da böyük qayğı göstərilir.
Çünki onlar dəfələrlə ölkəmizin
bayrağını qaldırıblar, əziyyətləri
olub. Bu qayğını mən də dəfələrlə
görmüşəm və bir daha sizin vasitənizlə
ölkə rəhbərliyinə təşəkkürümü
bildirirəm.
- Boksda, futbolda və digər idman növlərində
idmançıların keçirdiyi görüşlərin
statistikası aparılır. Siz görüşlərinizin
sayını bilirsinizmi?
- Dəqiq deyə bilmərəm.
Elə yarış olur ki, bir gündə 6 görüş
keçirilir.
- 20 illik peşəkar karyeranız ərzində
gördüyünüz ən yaxşı cüdoçu,
samboçu kim olub?
- Bizdə Elşən Poladov
var idi. Hazırda o Sumqayıtdakı "Dinamo" idman cəmiyyətinin
sədridir. Həmişə onunla rəqib olmuşuq. Məndən
5 yaş böyük idi. Ölkə birinciliklərində
keçirilən bütün yarışlarda finalda
görüşürdük.
- Ailəvi dostluq etdiyiniz idmançılar var?
- Bəli. Gəncədən
Şahmuraz Qasımov, Hakim Nəzərəliyev, Elçin
İsmayılov, Mehman Əzizovla yaxşı əlaqələrim
var.
"Ondan sonra istəmədim ki, belə şeylər təkrar
olunsun"
- Söhbətlərimizin birində demişdiniz ki,
heç zaman oğlumu bu idmanla məşğul olmağa
qoymaram. Səbəb?
- Oğlum təhsil sahəsini
seçib və çox yaxşı oxuyur. Bakıda təhsil
alır. Düzünü deyim ki, idmana elə də həvəsi
yoxdur. 2-3 yaşında ağırlıqdan onda "qrija" əmələ
gəldi. Ondan sonra istəmədim ki, belə şeylər təkrar
olunsun. Fikirləşdim ki, böyüyəndən sonra idmana
verərəm. Sonra baxdım ki, məndən kimano, boks əlcəyi
yox, dəftər, qələm istəyir. İndi həvəskar
şəkildə üzgüçülüklə məşğul
olur, qaçır.
- Fikrinizcə, hər kəs idmanla məşğul
olmalıdırmı?
- Olmalıdır. Ən
azı bədən tərbiyəsiylə məşğul
olmaq lazımdır. Dəfələrlə xəstəxanaya
gedəndə görmüşəm ki, insanlar müalicə
olunmaq istəyir. Heç bir ölkədə belə şey
yoxdur. Başqa ölkələrdə fikir verirsən ki,
hamı idmanla məşğuldur. Səhər tezdən ailəvi
olaraq qaçırlar, məşq edirlər, özlərinə
baxırlar. Biz belə şeylərdən uzağ olduğumuza
görə tez də xəstələnirik. İnsanda əzələ
olmalıdır. Bu olmadığına görə zəiflik
yaranır, immunitet aşağı düşür.
- Amma razılaşın ki, heç bir adi insanda sizdəki
qədər zədə yoxdur.
- Düzdür. Amma söhbət
peşəkar idmandan gedir. Zədəsi olmayan idmançı
yoxdur. Çünki onlar qarşısına məqsəd
qoyurlar ki, nə olur-olsun uğur qazanmalıyıq.
- Son 10 ildə yığma komandada öz çəkinizdə
bir nömrəsiniz. İndi sizi kim əvəz edəcək?
- Elmar Qasımov. O Ermənistanda
100 kiloqramda gənclər arasında Avropa çempionu oldu.
Artıq böyüklərdə güləşir və
ötən il dünya çempionatında 5-ci olmağı
bacardı. Artıq o da tanınır. Sözsüz ki, öz
üzərində xeyli çalışmalıdır. Onsuz da
bizdə ağır çəkidə problem olub.
- Fikirinizcə, layiqincə əvəz edə biləcək?
- Bizdə mütləq
çəkidə Emil Tahirov var. Elmar isə 100 kiloqramda
çıxış edir. Hər ikisi
çalışmalıdır. Çünki böyüklər
arasındakı yarışlar daha çətindir. Rəqiblər
onların hər bir addımını izləyirlər. Elmar
son dünya çempionatında xeyli nəticəli
idmançıya qalib gəldi.
- Adətən güləşçilər o qədər
də hündür olmurlar. Güləşdə boyun əhəmiyyəti
varmı? Yəni hündürboy idmançılar
üçün uğur qazanmaq nə dərəcədə
asandır?
- Xeyr boyun elə də böyük
əhəmiyyəti yoxdur.
- Bildirirlər ki, hündür idmançılar
üçün güləşmək daha çətindir...
- İlk dəfə idmana gələndə
məşqçi seçir ki, hansı çəkidə
mübarizə aparmalıdır. Əgər məşqçi
o uşaqda gələcək görmürsə, ümumiyyətlə,
məşqə götürmür.
"Boyum 183 santimetrdir"
- Məsələn 170 santimetr boya malik olan
idmançı 90 kiloqramda güləşə bilər?
- Əlbəttə. Belə
idmançılar var.
- Sizin boyunuz nə qədərdir?
- 183 santimetr.
- Məsələn, 183 santimetr boyla 62 kiloqramda güləşmək
mümkündür?
- Problem yaradar.
- Deməli, boyun hündürlüyü mane olur...
- Mane olur. Kəskin fərq
olmamalıdır.
- İdmandan əlavə marağınız var?
- Bəli. Balıq
tutmağı, ova getməyi xoşlayıram. Ümumiyyətlə,
təbiəti sevən adamam.
- Azərbaycanda ən güclü güləş məktəbi
hardadır?
- Gəncədə,
Ağdaşda yaxşı güləşçilər olub.
Amma hamısı Bakıda püxtələşiblər.
Çünki yarışlarda iştirak etmək
üçün Bakıda olmalısan. Burada rəqiblər də
çoxdur. Məsələn, mən sambodan dünya
çempionu idim və Gəncədə özümdən
güclüsünü görmürdüm. Bakıya gələndən
sonra gördüm ki, rəqabət daha güclüdür.
Güclü uşaqlarla güləşə-güləşə
qabağa gedirsən.
- Son olaraq ənənəvi sualımızı verim.
Sizinçün sambo daha doğmadır, yoxsa cüdo?
- Daxilən sambo mənə
daha doğmadır. Hərdən istəyirəm ki, sambo
yarışlarına da qatılım. Amma 9 ildir ki, sambo güləşmirəm.
Güləşsəydim nəticə verərdim. Hərdən
sambo üçün darıxıram.
İntiqam VALEHOĞLU
Ədalət.- 2011.- 3 fevral.- S. 6.