DAĞLARIN OVCUNDA PARLAYAN İNCİ

 

Yaşıl tunel hara aparır?

 

... İndi də şimal-qərb bölgəsinin başqa bir incisi - gözəl və səfalı Qax rayonundayıq. Xaldan-Laqodex magistralından ayrılan 15 kilometrlik yol qışdan başqa bütün fəsillərdə yaşıl və ya qırmızımtıl-sarıya çalan tunelə bənzəyir. Yolun hər iki hissəsindəki hündür və qol-budaqlı qoz ağacları yüksəklikdə bir-birinə qovuşmağa can atır sanki. "Pavilyon"dan aşağılarda - Almalı, Qıpçaq tərəflərdə hava qış fəslində də nisbətən mülayim olur. Yuxarılarda isə bəzən apreldə, mayda da qar yağa bilər, yüngülcə göy çəmənləri, al-əlvan çiçəkləri cuna tək örtər, üşüdər...

 

Bu yerlərin şöhrəti

 

Bu başı qarlı dağlar ki var, bu zümrüd meşələr, gur sulu çaylar, misilsiz bulaqlar, düzlər, dərələr ki var, Qaxın şöhrətidir, var-dövlətidir. Bu yerləri şöhrətləndirən həm də onun sakinləridir - zəhmətkeş, qonaqpərvər, vətənsevər qaxlılar.

Qaxlılar haqlı olaraq doğma rayonları ilə fəxr edirlər. Son illər bu Qafqaz İncisinin məşhurlaşması təkcə təbiət gözəllikləri, istirahət məkanlarının genişlənməsi səbəbindən deyil, Qax rayonu kəndlərinin, xüsusilə də Qax şəhərinin abadlaşması, daha da müasirləşməsi ilə diqqəti cəlb etməkdədir. Mübariz Əhmədzadənin rəhbərliyi dövründə bünövrəsi qoyulmuş yeni abadlıq və quruculuq işləri uğurlu istiqamətdədir. Əslində hazırki rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev üçün də heç bir kəşfiyyata, adaptasiyaya ehtiyac olmayıb. Uzun müddət Qaxda müəssisə rəhbəri işləyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsul vəzifədə çalışdıqdan sonra isə yenidən doğma rayonuna, köhnə dost-tanışların, camaatının yanına qayıdıb və hər şey gözlənilən kimi də davam edib . İşgüzarlıq, fədakarlıq və səmimilik şəraitində.

İstər rayon rəhbərliyi, istərsə də bütövlükdə rayon əhalisi bir məsələni də həmişə fəxrlə yada salıb danışırlar. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Qax rayonuna səfərləri zamanı burada aparılan abadlıq, quruculuq işlərindən, rayonun sosial-iqtisadi və mədəni yüksəlişindən razı qalmaları, rayonun füsünkarlığını xüsusi vurğulamaları burada qeyri-adi bayram əhval-ruhiyyəsi yaradıb. Keçən il Azərbaycan Respublikası Prezidentinin qonağı olarkən Qax rayonuna da səfər edən Türkiyə prezidenti Abdulla Gülün şəhər gəzintisi ilə yanaşı, tarixi abidələrlə də maraqlanması sakinləri hədsiz təsirləndirmiş, qürurlandırmışdı.

 

Dövlət Proqramının töhfələri

 

Beləcə keçid edək son vaxtlar rayonun inkişafı ilə bağlı görülən bir sıra işlərin miqyasına. Respublikanın hər yerində olduğu kimi, 2010-cu ildə Qax rayonunun da iqtisadiyyatında dinamik inkişafa nail olunmuşdur. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla həyata keçirilmişdir. Ümumdaxili məhsul istehsalı 73.019.800 manat təşkil etmişdir ki, bu da 2009-cu illə müqayisədə 8 faiz çoxdur. 2010-cu illə 2009-cu ilin iqtisadi göstəricilərinin müqayisəsi zamanı ümumdaxili məhsul istehsalının tərkibində olan sənaye məhsulu istehsalının 87,7 faiz, kənd təsərrüfatı məhsulunun istehsalının 98,4 faiz, əsas kapitaldan investisiyaya yönəldilmiş tikinti-quraşdırma işlərinin 130,1 faiz, nəqliyyat dövriyyəsinin 109,8 faiz təşkil etdiyini görürük.

2010-cu il ərzində əsas kapitaldan investisiyaya yönəldilmiş tikinti və quraşdırma işləri 18832 min manat, nəqliyyat xidməti 1526 min manat, rabitə xidməti 609 min manat və ticarət dövriyyəsi 16987 min manat olmuşdur ki, bu sahələr üzrə nəticələr 2009-cu ildən yüksəkdir.

İl ərzində rayon əhalisinin pul gəlirləri 57120 min manat olmuşdur ki, bu da müvafiq dövrlə müqayisədə 13703 min manat çoxdur. Rayon üzrə orta aylıq əmək haqqı 135,3 manat təşkil etmişdir. Sahibkarlıq subyektlərinin sayı 189 vahid artaraq 2041 olmuşdur. Ondan 1780-ni fiziki, 261-i isə hüquqi şəxslərdir.

Son iki ildə 688 yeni iş yerləri açılmışdır ki, bunun da 572-si daimidir.

2010-cu ildə Suvarma Sistemləri İdarəsi tərəfindən 823939 manat cari təmir, 635892 manat əsaslı təmir işləri görülmüşdür. Meliorasiya və Su Təsərrüfatı ASC xətti ilə podratçı təşkilat olan "Azərkörpü" ASC tərəfindən İlisu-Sarıbaş yolunda Kürmük çayı üzərində 86 metr uzunluğunda bir aşırımlı körpünün tikintisi davam etdirilmiş və kəndin seldən mühafizəsi üçün 6062 kubmetr dəmir-beton işi aparılmışdır.

2010-cu ildə xüsusi vəsait hesabına ABŞ-ın Müdafiə Nazirliyinin xətti ilə Bioloji Təhlükəsizlik Laboratoriya binasının tikintisi davam edərək başa çatmaq üzrədir. Eyni zamanda Qaxbaş kəndi ərazisində ümumi smeta dəyəri 2.600.000 manat doqquzmərtəbəli 40 mənzilli yaşayış binasında və smeta dəyəri 2 milyon manat olan "İş mərkəzi"ndə tikinti işləri tamamlanmaqdadır. "Səngər Qala" istirahət mərkəzində 4 mərtəbəli mehmanxana binasının və Qarabaldır kəndi ərazisində Süd məhsulları emalı müəssisəsinin tikintisi və şəhərin Gənclik massivində 4 çoxmərtəbəli yaşayış evinin inşaat işləri aparılmışdır.

 

Təhsildə və səhiyyədə uğurlar

 

2010-cu il ərzində rayonda 57 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 36 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərmiş, 8833 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1325 müəllim məşğul olmuşdur. 48 məktəbdə təlim Azərbaycan, 6-sında gürcü, 2-sində rus, 1-ində isə Azərbaycan, rus və gürcü dilində aparılır. Dərs ilinin sonunda mərkəzləşdirilmiş qaydada test-buraxılış imtahanları keçirilmiş, müvəffəqiyyət 98,1, keyfiyyət isə 36,3 faiz olmuşdur. 2009-2010-cu tədris ilində orta məktəbin Azərbaycan və rus bölmələrini bitirmiş 550 nəfər məzundan 140 nəfəri ali məktəblərə qəbul olunmuş, 11 nəfər məzun 600 baldan çox, 35 nəfəri isə 500-700 arası bal toplamış, 3 nəfər "Prezident təqaüdü"nə layiq görülmüşdür.

Rayon əhalisinə 150 çarpayılıq rayon Mərkəzi Xəstəxanası, 25 çarpayılıq şəhər Uşaq Xəstəxanası, Tasmalı, Əlibəyli kənd xəstəxanaları, 10 həkim məntəqəsi, 26 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Həmin tibb müəssisələrində 144 nəfər həkim, 411 nəfər orta tibb işçisi çalışır.

2010-cu ildə rayonda 1800 nəfərə yaxın imtiyazlı, aztəminatlı ailə 79100 manatlıq pulsuz dərman vasitələri ilə təmin olunmuşdur. Keçən il Dövlət Proqramına müvafiq olaraq Rayon Mərkəzi Xəstəxanası və Tasmalı kənd xəstəxanasının əsaslı təmiri başa çatdırılmış, xəstəxanalar ən müasir inventar və avadanlıqlarla təchiz olunmuşdur.

 

Turistlər çoxalır

 

Rayonda 68 tarix və mədəniyyət abidəsi qeydiyyatdadır. İl ərzində rayona 7000 nəfərə yaxın turist gəlmişdir. 2011-ci ilin "Turizm ili" elan edilməsi rayon üçün xarakterik olan bu gəlirli sahənin daha da inkişaf etməsinə təkan verəcəkdir. Bütün bunlar üçün Qax rayonunda ideal şərait yaranmaqdadır. "Şəfa", "Yaşıl park", "Almalıq", "Ağ çay", "Uludağ"... və yeni-yeni yay və qış turizm bazaları, təzəlikcə istifadəyə verilmiş "İçəribazar" abidə-kompleksi... Bu kompleksin orijinallığı, gözəlliyi, simvolikası gerçəkdən bir yazıya sığan məsələ deyil. Təkcə Qaxın deyil, bölgənin sevimlisi olan hörmətli bir şəxsin ideyası və hədiyyəsidir. Bunu ayrıca yazmalı oldum.

 

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 3 fevral.- S. 7.