Fuad Poladov: "Onsuz da Hamletin incikliyi az deyildi"
Fuad Poladov, dostu Hamlet Xanızadə haqqındakı xatirələrini
Milli.Az xəbər portalına danışdı
Bu gün -
fevralın 3-də görkəmli aktyor Hamlet Xanızadənin
vəfatının ildönümüdür. Milli.Az xəbər
portalı oxuculara xatırladır ki, Hamlet Xanızadə
1941-ci il iyunun 5-də Bakının
Şağan qəsəbəsində dünyaya gəlib. Atası ilə anası incəsənət sahəsində
çalışmasalar da, dayısı Rəşid Behbudovun
ansamblında dəfçalan, bibisi oğlu isə peşəkar
tarçalan olublar. Atası Hamletin incəsənət
sahəsinə getməyini o qədər də təqdir
etmirmiş. Yəqin elə buna görə
o, Tibb İnstitutuna daxil olub. Amma çinli
abituriyentlərə görə bir neçə gənclə
birlikdə Hamlet Xanızadə də kənarda qalıb, sənədlərini
İncəsənət İnstitutuna verib və qəbul olunub.
Tələbə ikən tədris
teatrının, institutu bitirdikdən sonra Akademik Milli Dram
Teatrının ümidverən aktyorlarından biri olub. 1970-ci illərdən kinoda, televiziya
tamaşalarına dəvət olunmağa başlayıb.
Onun səhnədə, kinoda, televiziyada
yaratdığı onlarla obrazı göz önünə gətirəndə
bu aktyorun ampula anlayışından nə qədər uzaq
olduğunu görürük. Hamlet Xanızadə
1990-cı il fevralın 3-də insult nəticəsində
dunyasını dəyişib. Vəfatından
sonra Bakının Mərdəkan qəsəbəsinin sakinləri
rəsmi qərar gözləmədən küçələrdən
birinə onun adını verib.
Müasirimiz olan
tanınmış teatr rejissorlarından birinin söhbəti
zamanı Hamlet Xanızadənin şəxsiyyəti ilə
aktyorluğu arasındakı təbəqənin nə qədər
şəffaf olmasının fərqinə vardım - rejissorun
gerçəkliyə əsaslanan tələblərinə
baxmayaraq, Hamlet Xanızadə səhnə əsərinin qəhrəmanının
(geniş mənada) həbsdə olarkən ən
alçaldıcı işgəncələrə məruz
qalmasını canlandırmaqdan vaz keçib, onu əyilməz,
sınmaz cəngavər kimi təqdim edib. "Medalın
iki üzü olur". Məncə,
aktyorun yaradıcılığının bu epizodu həm də
onun şər qüvvələrin ən müvəqqəti
üstünlüyünün belə istisnalığına nə
qədər ürəkdən inandığının
çox aydın mənzərəsidi. Ötən
əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlində
baş verən (və təəssüf ki, hələ də
məntiqi, hüquqi, haqlı sonluğa yetməyən) hadisələr
bir çox dəyərli vətəndaşlarımızın
ömrünün qırılmasına səbəb oldu. Hamlet Xanızadənin də belə qismətə
tuş gəlməsi nə qədər ağrılı olsa
da, təəccüblü deyildi. Bu gün
onun vəfatının 21-ci ildönümüdü. Sevilən aktyorun yaxın dostlarından, əsl mənada
həmkarlarından biri xalq artisti Fuad Poladovla elə bu ərəfədə
görüşdük.
Fuad Poladov:
- Sağ olun ki, belə dəyərli
insanları yad edirsiniz. Mənim
"Azdrama"da iki dostum olub - Kamal Xudaverdiyev, bir də Hamlet
Xanızadə. Təəssüf ki, ikisi də
bu dünyanı tərk edib. Kamalla daha erkən
başlayan dostluğumuz həmkar dostluğu deyildi. Yəqin ki, başqa-başqa sahələrdə
çalışsaydıq, yenə də rastlaşıb
dostlaşacaydıq. Amma sonrakı dövrdə
- Böyük kinoda son işi olan "Qətl
günü" ekran əsərində yaratdığı
obrazlardan biri də Xəstə obrazı idi. Aktyorların,
xüsusən də təbiətcə həssas olanların
rollarının onların taleyinə təsir etməsinə
aid neçə-neçə nümunə məlumdu.
- Elədir. Belə paralelləri
vaxtaşırı müşahidə edirik. Dediyim kimi
rejissorlar onun başqalaşma istedadından vaz keçə
bilməzdilər. Əslində Hamlet özü kinoya vaxt
ayırmağını müvəqqəti hal hesab edirdi.
- Adi həyatda necə insan idi? Hərəkətlərində,
davranışlarında nə ilə fərqlənirdi? Gənc
aktyorlarla münasibəti necə idi?
- Təbii ki, hər bir normal
insan kimi yeyib-içməyi də xoşlayırdı. Bir dəfə
bulvardakı çayxanada oturmuşduq. Birdən hay-küy
qopqu, eşitdik ki, kimsə özünü dənizə
atıb. Hamlet həmin dəqiqə o tərəfə
qaçdı. Mən tələsik çayçının
pulunu verib həmin yerə gələndə gördüm ki,
Hamlet qayışını çıxarıb
özünü dənizə atmış adama uzadıb ki, onu
xilas etsin. Bir azdan bulvarın işçiləri, polislər də
gəlib o adamı dənizdən çıxartdılar.
Qayıdanda mən yarızarafatla dedim ki, sənin
qayışın bir insanı ölümdən qurtardı.
Onun yerişi də qəribə idi - pəncələrinin
üstündə yeyin-yeyin gedirdi. Bir dəfə dedim, ay
Hamlet, söhbət eləyirik axı, bir az asta-asta addımla
da, elə bil uçursan. Bir az duruxub cavab verdi ki, nə bilirsən,
bəlkə uçacam? Hamletlə ünsiyyətdə olmaq zənginləşmək
demək idi. Onunla hər bir söhbətin sonu sənətə
gəlib-çıxırdı. Neçə dəfə olub,
onların evlərində oturub o qədər söhbət
etmişik ki, bir də görmüşük gecədən keçib.
Belə olanda deyirdi ki, gedək səni ötürüm. Bu
ötürmək də söhbətin küçədə
davam etməsinə çevrilirdi. Teatrda da lazım gələndə
fikrini bildirməkdən, məsləhət verməkdən
çəkinmirdi. Bir az nailiyyət əldə edən kimi bəzi
aktyorların birdən-birə davranışlarının necə
kəskin dəyişdiyini az görməmişik. Belələri
çox uzağa gedə bilmirlər. Çünki dərin
adam deyillər, uğurları isə ötəri
parıltıdan başqa bir şey deyil. Hamlet isə əsl
istedad sahibi idi. "Ağac bar verdikcə başını
aşağı əyər" deyimi ona çox
yaraşırdı. İblis, Molla Abbas kimi rolları ifa etmək
hər bir aktyorun arzusudu. Hamlet bu obrazların əvəzolunmaz
ifaçısı idi. Kim onun yerində olsaydı,
başqalarına yuxarıdan aşağı baxardı. Amma
Hamlet bu işləri ilə nə qədər fəxr etsə
də, nə öz üzərində işləməyi unudurdu,
nə də başqalarına münasibəti dəyişirdi.
Onun dostları, həmsöhbətləri arasında alim də
var idi, sürücü də, rəssam da. Belə insanın
gənclərlə münasibəti necə ola bilər?
Yalnız xeyirxah. (fikirli-fikirli) Hamletin ürəyi çox
geniş idi. Amma belə geniş ürək də
ağrı-acını çəkməkdən yorulur və
bir gün dayanır.
- Hamlet Xanızadəni şəhid aktyor da adlandırırlar.
Sizin üçün bu barədə danışmaq
sözsüz ki, daha ağırdı. Çünki onun "Qətl
günü"ndəki obrazlarını səsləndirmək
məhz sizin öhdənizə düşmüşdü. Bu
film isə mübaliğəsiz demək olar ki, həmin
dövrün ən dolğun ekran həlli idi.
- Hamlet doğrudan da şəhid
aktyor idi. 20 Yanvar hadisəsi onun dünyadan köçməsini
tezləşdirdi. O hadisə hamımıza çox pis təsir
eləmişdi. Amma Hamlet heç cürə özünə
gələ bilmirdi. Mən onu axtaranda bilirdim ki, gedib Şəhidlər
Xiyabanında tapacam. Hər gün baş çəkirdi ora.
Bir gün də xəbər gəldi ki, elə orda halı
xarablaşıb, xəstəxanaya aparıblar. Gəlib
gördük ki, artıq keçinib. (gözləri dolur)
"Qətl günü"nü səsləndirməyə də
çatmadı. Gülbəniz xanım (filmin
quruluşçu rejissoru mərhum Gülbəniz Əzimzadə
- red.) mənə zəng edib dedi ki, siz çox yaxın
olmusunuz, Hamletin yerinə sən səsləndirsən
yaxşıdı. Bu, mənim üçün çox
ağır idi - itkinin acısı hələ çox təzə
idi. Buna görə də iki-üç günə
tamamlanmalı olan işi bir həftəyə başa
çatdırdıq. Bilirsiz, həmin ərəfədə
Hamlet teatrdan uzaqlaşmışdı. Amma bir az əvvəl
dediyim kimi bu müvəqqəti idi. Yalnız
vaxtaşırı gəlib repertuardakı rollarını ifa
edirdi. Amma bir gün, 80-ci illərin ortaları idi, çox pis
hadisə oldu. Həmin gün "Fəryad"
tamaşasını oynamalı idik. Hamlet də gəlmişdi
ki, səhnəyə çıxıb rolunu ifa etsin. Məlum
oldu ki, günortadan həmin rolun sözlərini başqa bir
aktyora əzbərlədiblər ki, səhnəyə də elə
o aktyor çıxsın. Hamlet bunu biləndə çox
sarsıldı. Sakitləşdirməyə
çalışsam da, görürdüm ki, bu münasibəti
həzm edə bilmir. Onsuz da onun incikliyi az deyildi. Dəfələrlə
"xalq artisti" adına təqdim olunsa da, bu adı ona verməmişdilər.
Halbuki "İblis" tamaşası Dövlət
mükafatına layiq görülmüşdü, ondan sonra Hamlet
Molla Abbas obrazını canlandırmışdı. Təsəvvür
edin ki, Təlxək rolunda çıxış edən aktyora
"xalq artisti" adı verirlər, o da Qacar obrazını
yaratmış aktyorun - Hamletin başına sağ əlini
qoyub deyir ki, sağ əlim sənin başına. Belə məqamlar
insanın səhhətində öz izini qoymaya bilməz...
Ədalət.- 2011.- 3 fevral.- S. 8.