QƏRİB YURDDA ŞİRİN SƏSLƏR...

 

Ətrafdan tarın, qarmonun məlahətli səsi gəlir. Bir anlıq ayaq saxlayıram. Özümdən asılı olmayaraq, ürəyimi ofsunlayan qəlbimi titrədən musiqi səsi gələn tərəfə addımlayıram. Tarın qarmonun səsi lap ucadan səslənir. İçəri girəndə buranın musiqi məktəbi olduğunu öyrənirik.

 

Bura Bakıda BDU-nun 8 saylı yataqxanasında sığınacaq tapmış Füzuli şəhərinin 3 saylı musiqi məktəbidir. Əlbəttə, yurdundan-yuvasından didərgin düşmüş insanlar özlərinə sığınacaq tapan kimi, orda həyat qurmağı da, yaşamağı da və eyni zamanda sənət nümunələrini də yaşatmağa qadir olduqlarını sübut edirlər. Yataqxanalarda da 380 Füzuli qaçqını məskunlaşıb. Yataqxananın birinci mərtəbəsində isə Füzuli şəhər 3 saylı musiqi məktəbi yerləşir. Çox çətinliklə olsa da, burda 17 otaqda şagirdlərin musiqinin sirlərinə yiyələnməsi üçün şərait yaradılıb. Təbii ki, musiqinin inkişafı və istedadların üzə çıxması üçün münbit şərait lazımdır. Amma əsl istedadlar ən çətin şəraitdə belə üzə çıxır, parlayır və günlərin birində özlərini təsdiq edirlər.

3 saylı musiqi məktəbinin direktoru Ramiz İsgəndərov deyir ki, yurd-yuvamızdan qaçqın düşəndən sonra bir çoxlarımız gəlib Bakıda məskunlaşmışıq. Elə 1998-ci ildən də biz çətinliklə də olsa BDU-nun yataqxanasının birinci mərtəbəsində hər bir şəraiti olan musiqi məktəbi yarada bilmişik. Bu işdə BDU-nun rəhbərinə də öz minnətdarlığımızı bildiririk. Ən böyük minnətdarlığı isə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elman Məmmədova bildirmək istəyirik. Çünki onlar bu musiqi məktəbinin formalaşmasında və daha da inkişaf etməsində çox əziyyət çəkiblər. Həmişə də onların qayğısına, isti münasibətini və diqqətini hiss eləyirik. Bu gün məktəbimizdə 200 şagird musiqi təhsili alır, 36 müəllim onlara musiqi dərsi deyir. Məktəbimizdə fortopiano, tar, qarmon, nağara, səs (xanəndəlik), soltucio, musiqi ədəbiyyatı, xor, xalq yaradıcılığı şöbələri fəaliyyət göstərir. Öncə bu şöbələrə musiqi duyumu olan yeniyetmə, gənc oğlan və qızlar qəbul olunur.

Qarabağ tarixən özünün musiqi ənənəsi və istedadları ilə seçilib. Elə bu gün məktəbdə musiqi dərsi alan uşaqların da hamısı füzulilərdir. Görünür, torpaq işğal olunsa da, onların damarlarında və ürəklərində hələ də o musiqi duyumu, şirin səs və istedad yenə qalır. Belə ki, məktəbin 3-cü sinif şagirdi Səfər Səfərov ötən il Bakı şəhərində keçirilən Muğam Festivalında fərqlənərək Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif edilib. Məktəbin tar müəllimi Fəyyaz Quliyev Mingəçevirdə keçirilən tar müsabiqəsində yüksək yer tutub, Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görülüb. Xəyyam Quliyev isə Şirvanda keçirilən xalq çalğı alətləri üzrə müsabiqədə fərqlənib və diploma layiq görülüb.

3-cü sinif şagirdi Rahib Əzizovun tarda səsləndirdiyi "Bayatı-şiraz" istər-istəməz adamı riqqətə gətirir və içini tərpədirdi. Rahibin əli tarın simləri üstə gəzdikcə ətrafa xoş bir musiqi yayılırdı. İstər-istəməz adam bu musiqini sona qədər dinləmək arzusunda olurdu. Rahibin müəllimi isə bayaq dediyimiz kimi müsabiqədə fərqlənən Fəyyaz Quliyevdir. 4-cü sinif şagirdi Reyhanə Novruzovanın isə ifa etdiyi xalq mahnısı çox təsirli idi. Onun səsində Qarabağın ağrı-acısı və dərdi-kədəri hiss olunurdu. Səsin şirinliyi və məlahəti adamın ürəyinə bir sakitlik gətirirdi. Onun müəllimi Ətrə Quliyeva bu qızın gələcəyinə çox böyük ümid bəslədiyini dedi.

4-cü sinif şagirdi Ayşən Kərimli isə pianoda daha mürəkkəb olan dünya klassiklərinin əsərlərindən bir parçanı səsləndirdi. O, Mosartın dahi bir əsərini pianoda özünəməxsus bir üslubda çalırdı. Müəlliməsi Gülşən Əlizadə hiss olunurdu ki, şagirdini belə bir çətin əsəri səsləndirməsindən məmnun qalırdı. Əlbəttə, hər bir musiqi notdan başlayır. O notdan sonra isə daha çətin və daha mürəkkəb mərhələlər gəlir. Bu mərhələlər isə demək olar ki, 3 saylı musiqi məktəbində şagirdlərə böyük həvəslə öyrədilir. 1-ci sinif şagirdi Venera Cəfərzadə Ukrayna xalq mahnısını müəllimi necə öyrətmişdisə, eləcə də çalmağa çalışırdı.

Musiqi məktəbinin şagirdlərindən Nihad Tağıyev, Murad Abdullayev və digər şagirdlər həqiqətən də istedadları olduqlarını bir daha sübut edirdilər. Yəni onlar bu ünvanı və bu yeri təsadüfən seçməyiblər. Ona görə ki, onların hər birini bu musiqi məktəbinə gətirən ürəklərindəki böyük arzulardır. O böyük arzular isə həmişə musiqi məktəblərindən başlayır və böyük səhnələrdə davam eləyir. Məktəbin müəllimlərindən Ətrə Quliyeva, Aytac Kərimova, Amil Məmmədov istedadlı gənclərin yetişməsi üçün demək olar ki, nə lazımsa onu edərlər.

Bu qərib yurdda və qərib eldə özünə məskən tapan musiqi məktəbinin kollektivi sabaha daha böyük inamla baxırlar. İnamla baxırlar ki, bu gün Bakının yataqxanalarının birində məskunlaşan musiqi məktəbi nə vaxtsa torpaqlarımız işğaldan azad olunandan sonra yenidən Füzuliyə qayıdacaq, doğma yurdda və doğma obada öz şirin səsləri ilə yenidən böyük səhnəyə çıxacaqlar.

Düzdür, onlar bu gün hələ musiqi məktəbində oxuyurlar. Tarın, qarmonun, nağaranın, xanəndəliyin ilk notlarını öyrənirlər. Amma bir azdan onlar daha da püxtələşəcək və böyük səhnələrdə, müsabiqələrdə öz sözlərini deyə biləcəklər. Çünki istedad və zəhmət heç vaxt kölgədə qalmır. Bu istedadlı uşaqlar da zaman gələcək öz şirin səsləri, qeyri-adi barmaqları və imprivizasiya ilə minlərlə tamaşaçının qəlbinə yol tapacaq.

  

  

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2011.- 2 fevral.- S .6.