Daxili Qoşunlar Baş İdarəsində müşavirə

 

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlar Baş İdarəsində 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib. Xidməti-döyüş fəaliyyəti haqqında məruzə ilə çıxış edən Daxili Qoşunlar komandanının 1-ci müavini, qərargah rəisi, general-mayor Şirin Xəlilov ölkədə sabitliyin, ictimai asayişin qorunmasında şəxsi heyətin daxili işlər orqanları ilə birlikdə üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirdiyini bildirib.

Daha sonra tədbirdə çıxış edən daxili işlər nazirinin müavini, Daxili Qoşunlar komandanı, general-leytenant Zakir Həsənov bildirib ki, hesabat dövründə qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün hissə və bölmələrin döyüş hazırlığının daim nəzarətdə saxlanılıb. Z.Həsənov əlavə edib ki, Daxili Qoşunların döyüş hazırlığının tələb olunan səviyyədə saxlanılması, qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yüksək səviyyədə icrası və hərbi intizamın daha da möhkəmləndirilməsi üçün bütün zəruri tədbirlər görüləcək.

Müşavirəyə yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların 2010-cu ildəki fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Daxili Qoşunlar hesabat dövründə ictimai-asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanıb, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyib, uğurlarını və döyüş hazırlığını daim artırıb.

Nazir xidməti-döyüş fəaliyyətində bəzi nöqsanların da mövcudluğunu qeyd edərək, onların aradan qaldırılmasının vacibliyini vurğulayıb, konkret tapşırıq və tövsiyələrini verib. O, bildirib ki, bütün diqqət şəxsi heyətin döyüş hazırlığının, peşəkarlığının daim yüksək səviyyədə saxlanılmasına, təlim-tərbiyə işinin keyfiyyətinin artırılmasına, vətənpərvərlik hissinin daha da yüksəlməsinə yönəldilməlidir.

 

 

Ədalət.- 2011.- 4 fevral.- S. 1.