ETSN-də kollegiya iclası keçirilib
Dünən Ekologiya və Təbii Sərvətlər
Nazirliyində Kollegiya
iclası keçirilib.
2010-cu ilin yekunlarına
və qarşıda duran vəzifələrin müzakirəsinə həsr
olunmuş Kollegiya iclasında dörd məsələ - 2010-cu il
-"Ekologiya ilində"
görülmüş işlər
və qarşıda duran vəzifələr,
Ətraf
Mühitin Mühafizəsi,
Meşələrin İnkişafı
və Bioloji Müxtəlifliyin Qorunması
və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin
İnkişafı Departamentlərinin
və onların tabeli qurumlarının
2010-cu il üzrə fəaliyyətlərinin yekunları
və qarşıda duran vəzifələr müzakirə edilib.
Nazir Hüseyn
Bağırov prezident İlham Əliyevin bilavasitə sədrliyi
ilə ekoloji problemlərin müzakirəsinə həsr
olunmuş müşavirələrin keçirilməsi, ətraf
mühit və ekoloji tarazılığın qorunması ilə
bağlı qəbul olunmuş dövlət
proqramlarının icrasına göstərilən diqqət,
mövcud ekoloji problemlərin daha səmərəli həll
edilməsi məqsədilə müvafiq sərəncamların
imzalanması, eləcə də ölkəmizdə 2010-cu ilin
dövlət başçısı tərəfindən
"Ekologiya ili" elan edilməsinin bu sahənin ölkəmizdə
prioritet məsələlər sırasına
qaldırılmasına parlaq nümunə olduğunu qeyd edib.
Daha sonra Nazir ölkə
rəhbərinin ekologiya və ətraf mühitin mühafizəsi
ilə əlaqədar məsələləri daim diqqət mərkəzində
saxlamasını, ətraf mühitin yaxşılaşdırılması
istiqamətində aparılan işlərə böyük təkan
verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata
keçirildiyini və hazırda davam etdirildiyini
bildirmişdir. Həmçinin, iclasda ölkə
başçısı İlham Əliyevin Bakı və onun ətrafında
3 milyon ağacın əkilməsi barədə təşəbbüsü
ilə əlaqədar genişmiqyaslı işlərin
aparıldığı da qeyd olunmuşdur. Belə ki, ötən
il "Ekologiya ili" çərçivəsində həyata
keçirilən ağacəkmə kampaniyasında istər
dövlət, istər özəl sektor, istərsə də əhalinin
fəal iştirakı nəticəsində əvvəllər
ölkədə görünməmiş miqdarda ağac əkininə
nail olunmuş, təkcə Bakıda və Abşeron
yarımadasında ölkə Prezidentinin
çağırışından sonra 2,8 milyondan çox,
ümumilikdə respublika ərazisində isə 8 milyondan
artıq ağac və kol bitkisi əkilmişdir. Yalnız
ağac əkilməsi ilə kifayətlənilməmiş,
geniş və müasir suvarma şəbəkəsinin
qurulması, ağaclara aqrotexniki qulluq sahəsində də
böyük işlər görülmüşdür.
Kollegiya iclasında
yaşıllıq ərazilərinin artırılması, əhalinin
ekoloji cəhətdən təmiz su ilə təminatının
yaxşılaşdırılması, təhlükəli
tullantıların idarə olunması, pilot layihələrin həyata
keçirilməsi və s. sahələrdə
görülmüş tədbirlər barədə də məlumat
verilmişdir. Belə ki, ötən il ərzində
Kür-Araz boyu və digər yaşayış məntəqələrində
76 min əhalisi olan 34 yaşayış məntəqəsində
sutəmizləyici qurğular quraşdırılmış,
daha 29 yaşayış məntəqəsində isə
işlər davam etdirilir.
Dəniz suyunun
duzsuzlaşdırılması üzrə pilot layihənin
hazırlanması məqsədilə tender keçirilmiş və
qalib şirkət müəyyənləşdirilmişdir.
Hazırda müvafiq avadanlığın ölkəyə gətirilməsi
istiqamətində işlər davam etdirilir.
Bildirilmişdir ki,
Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti
həyata keçirən qurumları tərəfindən
2010-cu il ərzində hüquqi, fiziki şəxslər və
vətəndaşlar tərəfindən yol verilmiş qanun
pozuntularına görə 2206 akt və 844 protokol tərtib
olunmuş, aşkar edilmiş nöqsanların aradan
qaldırılması üçün müvafiq qanunvericiliyə
əsasən 863 icrası məcburi olan göstəriş
verilmişdir. Tədbir görülməsi üçün
hüquq-mühafizə orqanlarına 132, məhkəmələrə
143, məhkəmə icraçılarına 605 iş göndərilmişdir.
Qanunu pozmuş hüquqi
və fiziki şəxslərin onlara tətbiq olunan cərimələri
ödəməkdən yayınması, hüquq-mühafizə
orqanlarına, məhkəmə və məhkəmə
icraçılarına göndərilmiş işlərin əksəriyyətinin
baxılmamış qalması da iclasda təəssüflə
qeyd olunmuşdur.
İclasda, həmçinin,
Nazirliyin ətraf mühitin mühafizəsi üzrə bəzi
regional şöbələrinin rəhbərlərinin vətəndaşlardan
daxil olan məktub və müraciətlərə bəzən
vaxtında cavab vermədikləri, qanun pozucularına
qarşı tətbiq olunan cərimə və iddiaların
ödətdirilməsinə ciddi yanaşmadıqları və
ümumiyyətlə, vəzifə borclarına laqeyd
münasibət göstərdikləri də qeyd edilmişdir.
Bundan əlavə,
meşələrin artırılması sahəsində ötən
il ərzində 10696 hektar sahədə meşəbərpa tədbirləri,
o cümlədən 3521 hektar sahədə meşə əkini
və səpini işlərinin həyata keçirildiyi,
meşə əkinlərinin becərilməsi məqsədilə
32328 hektar sahədə xidmət, 31944 hektar sahədə
suvarma işlərinin aparıldığı, müxtəlif
ağac və kol cinslərindən 159452 kiloqram toxum və
müəssisələr üzrə 38681 m3 həcmində
oduncaq tədarük edildiyi qeyd edilmişdir.
İl ərzində,
ümumilikdə 49,97 hektar meşə fondu ərazisində
yanğın hadisəsi qeydə alınmış,
yanğın əleyhinə vaxtaşırı profilaktik və
qabaqlayıcı tədbirlərin aparılması nəticəsində
meşə fonduna ciddi ziyan dəyməmişdir.
Kollegiya iclasında
meşələrin mühafizəsi və bərpası sahəsində
görülmüş işlərlə yanaşı, yol
verilmiş nöqsan və problemlərdən də
danışılmışdır.
Bəzi Meşə
Mühafizəsi və Bərpası Müəssisələrində
(MMBM) bitiş faizi orta respublika göstəricisindən
yuxarı olsa da, bir neçə müəssisədə isə
bu göstərici xeyli aşağı olmuşdur. Ötən
il ərzində MMBM-lərdə aparılan yoxlamalar zamanı
245813 manat köküstə nırx dəyərində 34483 m3
həcmində 61637 ədəd ağacın qanunsuz kəsildiyi
aktlaşdırılmışdır.
Həmçinin meşələrin
mühafizəsi sahəsində hüquq-mühafizə
orqanlarına göndərilmiş 363 işdən cəmi 199
işə baxılması təmin edilmişdir.
2010-cu ilin sentyabr-oktyabr
aylarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
vətəndaşlar tərəfindən bəzi yerlərdə
meşələrin qırılması barədə daxil
olmuş şikayətlərə əsasən Meşə
Mühafizəsi və Bərpası Müəssisələrində
kompleks yoxlamalar aparılmış və qanun pozuntularına
yol verdiklərinə görə 136 nəfər tutduğu vəzifədən
azad edilmiş, 175 nəfərə töhmət, 68 nəfərə
isə şiddətli töhmət verilmişdir. Bundan
başqa, iclasda xüsusi mühafizə olunan təbiət ərazilərinin
inkişaf etdirilməsi, ekoloji şəbəkənin
yaradılması istiqamətində həyata keçirilən
məqsədyönlü tədbirlərin davam etdirildiyi də
vurğulanmışdır. Bunun nəticəsində,
hazırda, ölkəmizdə ümumi sahəsi 890 026,2 hektar
olan xüsusi mühafizə olunan təbiət əraziləri,
o cümlədən, 8 milli park, 11 dövlət təbiət
qoruğu və 24 dövlət təbiət
yasaqlığı fəaliyyət göstərir və
ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri
ölkə ərazisinin 10,3 faizini təşkil edir. Ötən
ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu
il 8 iyul tarixli sərəncamı ilə Şahdağ Milli
Parkının ərazisi 14613,1 hektar genişləndirilmişdir.
Həmçinin, Azərbaycan
Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli sərəncamına
əsasən ölkəmizdə ən müasir standartlara
cavab verən Zooloji Parkın yaradılması istiqamətində
artıq layihə üzrə master planın və texniki şərtlərin
hazırlanması üzərində işlərin
yekunlaşma mərhələsində olduğu da qeyd
olunmuşdur.
İclasda Heydər Əliyev
Fondunun dəstəyi ilə keçirilən layihə nəticəsində
artıq ceyranların tarixi areallarından olan Qobustan,
Acınohur, Ağgöl ərazilərinə ceyran fərdlərinin
köçürüldüyü, 2010-cu ilin yayında
Ağgöl Milli Parkında onların təbii
artımının müşahidə olunduğu, Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyevanın
ceyranların tarixən məskunlaşdığı yerlərdən
biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi
yaxınlığındakı əraziyə ilk ceyran
sürüsünün (21 baş) buraxılması prosesini izlədikləri
bildirilmişdir.
Qeyd olunmuşdur ki,
xüsusi mühafizə olunan təbiət ərazilərində
qanun pozucularına qarşı 679 akt, 242 protokol tərtib
edilmiş, təbiətə 65004,68 manat dəyərində
ziyan hesablanmış, inzibati qaydada 164381 manat cərimə tətbiq
edilmiş, 19 iş baxılması üçün hüquq-mühafizə
orqanlarına (polis şöbələrinə), 84 iş rayon
məhkəmələrinə və məhkəmə
icraçılarına göndərilmişdir. Bütün
bunlarla yanaşı, iclasda 2010-cu ildə ətraf mühitin
mühafizəsi sahəsində əldə olunan nailiyyətlər,
görülmüş müsbət işlərlə bərabər,
bir sıra nöqsan və çatışmazlıqların
olduğu da qeyd olunmuşdur.
Belə ki, nöqsanlara
yol vermiş müəssisə rəhbərlərinin
izahatları dinlənilmiş, qısa müddət ərzində
onların aradan qaldırılması üçün
Departament və onların tabeli qurumlarının rəhbərlərinə
konkret tapşırıqlar verilmişdir. Bir sıra Ərazi
Ekologiya və Təbii Sərvətlər Şöbələrinin,
Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin
və Milli Parkların rəhbərləri tutduqları vəzifədən
azad olunmuş, bir neçə rəhbər işçilərə
töhmət elan olunmuş, xəbərdarlıq edilmiş, vəzifəyə
uyğun olub-olmamasının araşdırılması
tapşırılmışdır. Sonda, növbəti illər
üçün prioritetlər müəyyənləşdirilmiş,
Abşeron yarımadasında neft məhsulları və digər
zərərli maddələrlə çirklənmiş ərazilərin
bərpası və yeni yaşıllıqların
salınması, avtomobil yolları boyu ətraf ərazilərin
yaşıllaşdırılması, təmizlənmiş
tullantı sularından yaşıllıqların
suvarılmasında təkrar istifadə, regionların ekoloji cəhətdən
içməli su ilə təminatı, Xəzər dənizinin
çirklənmədən qorunması, tullantıların idarə
olunması, dəniz suyunun duzsuzlaşdırılması və
alternativ enerji mənbələrindən istifadə növbəti
prioritet hədəf kimi götürülmüşdür.
İntiqam VALEHOĞLU
Ədalət.- 2011.- 4 fevral.- S. 2.