Fuad Muradov: "Azərbaycanda fərdi layihələrin dəstəklənməsi üçün Gənclər Fondunun yaradılması çox vacibdir"

 

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradovun APA-ya müsahibəsi

 

- Gənclər Təşkilatları Milli Şurasının yaranmasından 15 il ötür. Ötən dövrdə qurumun keçdiyi yolu və fəaliyyətini necə dəyərləndirirsiniz?

- Gənclər Təşkilatları Milli Şurası 1996-cı il yanvarın 31-də dövlət qeydiyyatından keçib. Bu təşkilatın yaranması, dövlət gənclər siyasətinin formalaşması ulu öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə baş tutub, onun təşəbbüsü ilə Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsinə çevrilib. O zaman Azərbaycan müstəqilliyini yeni qazanmışdı. Həmin dövrdə ilk olaraq bu prosesin tərkib hissəsi kimi Gənclər və İdman Nazirliyi və pərakəndə şəkildə fəaliyyət göstərən gənclər təşkilatlarının birləşdiyi Milli Şura yaradıldı. Milli Şura yarandığı dövrdə burada 20 təşkilat var idi. Hazırda təmsil olunan təşkilatların sayı 70-dir, 10 təşkilatın da üzvlük məsələsinə baxılır. Bu onu göstərir ki, artıq Azərbaycanda gənclərin ictimai-siyasi fəallığı o yerə çatıb ki, onlar artıq öz bilik və bacarıqlarını sərbəst şəkildə ifadə və istifadə edə bilirlər. Gənclərin Azərbaycanın müstəqilliyi, dövlətçiliyinin möhkəmlənməsində tarix boyu xüsusi missiyası olub. Proseslərin önündə olublar. Bu gün Milli Şuradan çıxan çoxlu sayda gənclər dövlətin müxtəlif strukturlarında çalışırlar. Hansı ki, onların çoxu Milli Şuraya könüllü olaraq gəlmişdilər. Hazırda belə insanların sayı 300-dən çoxdur. Biz yubileyimiz ərəfəsində çalışacağıq ki o insanları da yada salaq və Milli Şuranı 15 ildə dəstəkləyən şəxslərə və qurumlara təşəkkürümüzü bildirək.

Gənclər Təşkilatları Milli Şurası adi bir təşkilat deyil. Müstəqillik tarixi 20 il olan bir dövlətin 15 il təcrübəyə malik bir böyük təşkilatıdır. Yeganə gənclər təşkilatıdır ki, Azərbaycanı həm Avropa məkanında, həm islam dünyasında təmsil edir, eyni zamanda BMT-nin İqtisadi və Sosial Şurasının tam hüquqlu üzvüdür. Şura yarandığı dövr hamımızın yadındadır. O zaman imkanlarımız da məhdud idi. Qeyri-formal təhsil, müxtəlif tədbirlər, yay məktəbləri və s. Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycanda tətbiq edilərək yayıldı. Sonradan bir çox təşkilatlar da bu təcrübədən yararlandılar. Bizim məqsədimiz bu yenilikləri Azərbaycana gətirmək idi və buna da nail olduq.

- Deyə bilərsinizmi, bu gün Azərbaycanın dövlət strukturlarında çalışanların neçə faizini gənclər təşkil edir?

- Belə bir statistika yəqin ki aparılır. Amma məndə konkret statistik məlumat yoxdur. Deyə bilərəm ki, son 5 ildə dövlət qurumlarında çalışan gənclərin say faizi artıb. Bu qurumlar sırasında Gənclər İdman, İqtisadi İnkişaf, Rabitə İnformasiya Texnologiyaları nazirliklərini, Prezident Administrasiyasını s. göstərmək olar.

- Şuranın beynəlxalq əlaqələri barədə deyə bilərsiniz?

- Bu gün dünyada mövcud olan əksər nüfuzlu beynəlxalq təşkilatlara üzvük. Bir neçə təşkilata üzvlüklə bağlı məsələlər də yekunlaşmaq üzrədir. Yəqin ki, bu il həmin təşkilatlara üzv olacağıq.

- Bu təşkilatlar hansılardır?

- Hazırda biz Dünya Gənclərinin Assambleyasına üzv olmaq istəyirik və baş ofisi Malayziyada yerləşən bu təşkilatla danışıqlar gedir. Bu il yəqin ki müvafiq qərar qəbul ediləcək. Eyni zamanda BMT-nin Minilliyin İnkişaf Məqsədləri üzrə yaranmış müxtəlif gənclər hərəkatları var. Milli Şura bu il həmin hərəkatlardan bir neçəsinə üzv olmağa hazırlaşır. Artıq əməkdaşlıq layihələrimiz hazırdır. Onu da deyim ki, bizim hazırda 40-dan artıq gənclər təşkilatı ilə əməkdaşlığa dair niyyət protokollarımız mövcuddur. Biz böyük təşkilatlara üzvlük məsələsinə daha çox önəm veririk.

- Azərbaycan gənclərinin bu gün beynəlxalq aləmə çıxış imkanları necədir?

- Bir qədər geri - 10 il əvvəli xatırlatmaq istərdim. O zaman Azərbaycanın iqtisadi vəziyyəti yaxşı deyildi. Yeganə təşkilat idik ki, bizim vasitəmizlə gənclər gedib xaricdə tədbirlərdə iştirak edirdilər. Bu gün imkanlar genişlənib. Dövlət başçısının xaricdə təhsil proqramı həyata keçirilir və bu proqramdan bir çox gənclər yararlanırlar. Müxtəlif təşkilatlar və fondlar var ki, gənclərin beynəlxalq tədbirlərdə iştirakını təmin edə, səfər xərclərini ödəyə bilirlər. Gənclər və İdman Nazirliyi də böyük işlər görür. Bu sahədə heç bir problem yoxdur. Bu gün gənclər eyni zamanda internetdən və yeni texnologiyalardan istifadə edərək öz dünyagörüşlərini artıra bilirlər. Azərbaycan gənclərinin imkanları daha genişdir və onlar bu imkanlardan maksimum istifadə etməlidirlər.

- Gənclər siyasətinin təkmilləşdirilməsi, gənclərin ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması, xaricdəki gənclərin mərkəzləşməsinə dair hansı təklifləriniz var?

- Bu gün bütün azərbaycanlıları narahat edən məsələ ölkənin ərazi bütövlüyünün təmin olunması, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasıdır. Bu məsələdə Azərbaycan gənclərinin üzərinə böyük vəzifələr düşür. Gənclərin dünya ictimaiyyətinə bu məlumatları çatdırma formatı daha əhatəlidir. Bir neçə dil bilən, yeni texnologiyalardan istifadə edən gənclərin imkanları buna yetir. Onu da deməliyəm ki bu gün Azərbaycan dövlət başçısının gənclər siyasəti uğurla davam etdirilir. Bu siyasət ona yönəldilib ki, gənclər öz bilik və bacarıqlarını davam etdirsinlər və bundan istifadə olunsun. Onun üçün də zəruri şərait yaradılıb və dövlət başçısının buna dəstəyi mövcuddur. Bu gün bir neçə məsələ var ki, onlara toxunmalıyıq. Bizim bir neçə fikirlərimiz var və onları ictimai müzakirəyə çıxaracağıq. Birincisi, çalışırıq ki, Azərbaycanın müxtəlif bölgələrində Gənclər Mərkəzi tikilsin. Bu gün tədbirləri keçirmək üçün salonlar, otellər axtarırıq. Belə mərkəzlərdə tədbirlər təşkil oluna, təşkilatlar öz tədbirlərini keçirə bilərlər. Analoji mərkəzlər bütün Avropa ölkələrində və qonşu ölkələrdə var. Çalışacağam ki, bu məsələni parlamentdə də müzakirəyə çıxarım. İkinci məsələ fərdlərin inkişafıdır. Düşünürəm ki, Azərbaycanda fərdi layihələrin dəstəklənməsi üçün xüsusi bir fondun olması çox vacibdir. Bu Gənclər Fondu ola bilər. Rusiya və Qazaxıstanda belə fondlar mövcuddur. Fond gənclərin fərdi və kollektiv təşəbbüslərini dəstəkləyə bilər. Üçüncü məsələ isə gənclərin sosial müdafiəsi sahəsində qanunvericilik bazasına dəyişikliklərin və əlavələrin edilməsidir. Biz gənc ailələrə dövlət tərəfindən dəstəyin göstərilməsini təklif edirik. Mənim bununla bağlı bir neçə təkliflərim var və müvafiq qurumlara vermişəm. Bu yaxınlarda da rəsmi olaraq parlamentə təqdim edəcəyəm. Biz gənc ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün "Skandinaviya modeli"nin tətbiqini təklif edirik. Bu modelə əsasən gənc ailə qurulanda dövlət həmin şəxslərə müvəqqəti yaşayış yeri verir və həmin ailəyə maliyyə və s. dəstəyi verir. O vaxta qədər ki, bu ailə özünə yaxşı şərait yaradır. Buna Azərbaycan dövlətinin imkanları var və artıq bir çox Avropa ölkələrində bu modelin tətbiqinə başlanıb.

- Gənclər Mərkəzlərinin yaradılması bu il ərzində planlaşdırılırmı?

- Bu bizim təklifimizdir. Artıq təklifi formalaşdırmışıq və dünya praktikasını nəzərdən keçirmişik. Təkliflər müxtəlif dövlət qurumlarına veriləcək. Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərdə fondun və mərkəzlərin yaradılması ilə bağlı məsələlər əksini tapıb.

- Gənclər təşkilatlarının maliyyələşdirilməsində xaricdən asılılığın minimuma endirilməsi istiqamətində hansı işlər görülür?

- Gənclər Fondunun yaradılması təklifi elə bununla bağlıdır. Bu gün yerli səviyyədə gənclər təşkilatlarının layihələri QHT-lərə Dövlət Dəstəyi Şurası və Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir. Hesab edirəm ki, bu dəstək daha da çox olmalıdır. Fərdi qrantların alınması üçün Gənclər Fondunun yaradılması vacibdir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək lazımdır. Təəssüflər olsun ki, bəzən beynəlxalq təşkilat, hansısa donor öz fikrini yürüdür ki, pulu verirəmsə, sənin siyasətini müəyyənləşdirməliyəm. Bu düzgün deyil. Bəzi təşkilatlar var ki, Azərbaycanda fəaliyyətini bu gün də davam etdirir, amma cəmiyyətə lazımlı olan işləri dəstəkləmirlər.

 

 

Ədalət.- 2011.- 4 fevral.- S. 4.