"ZİRVƏYƏ UZANAN YOL"

 

İndiki kitab bolluğunda oxucunu təəccübləndirmək və sevindirmək o qədər də asan deyil. Elə kiminlə görüşürsənsə sənə ya bir qəzet verir, ya da bir kitab. Baxırsan, həmin kitablar və qəzetlərin içərisindən təzə bir söz belə tapa bilmirsən. Amma elə də kitablar var ki, onun hər sözü, hər misrası təravətli və ətirlidir. Çoxdan tanıdığım dostum şair Çingiz Bahaduroğlu mənə "Zirvəyə uzanan yol" kitabını bağışladı və heç bir söz də demədi. Bircə onu dedi ki, xoşun gəlsə, ürəyindən keçənləri yazarsan. Mən də kitabdakı şeirləri bir-bir oxudum və sanki əsrarəngiz bir gözəlliyə düşdüm. Burda hər şeirdə yeni nəfəs və yeni səs duyulur. Başqa sözlə demiş olsaq, Çingizin şeirlərinin öz rəngi, öz çaları və öz mənası var.

"Boylan yurda sarı" şeirlər kitabından sonra bu onun ikinci kitabıdır. Şeirin hər misrasında onun doğulub boya-başa çatdığı İmişli yurdunun Sarxanlı-Buludlu kəndinin ətri, rəngi, təravəti hiss olunur. Çingiz özü nə qədər səmimidirsə, sadədirsə və dəyişməzdirsə şeirləri də bir o qədər səmimi, isti və kövrəkdir. Kitabdakı şeirlər təxmini olaraq dörd başlıqda verilib: "Min dərdə dözümlü Vətən", "Bu yaz da ömrümdən bir yaz apardı", "Bu sevdanın sonu yoxsa", "Unutsaq unudularıq".

Onun hər bir şeirində ürək çırpıntıları, şairin duyğuları hiss olunur. Vətən haqqında danışanda onun nə qədər böyük ürək sahibi olduğu hiss olunur. "Min dərdə dözümlü Vətən" silsiləsi altında toplanan: "Adı yüz yozumlu Vətən", "Öyrənmək istəsən qəhrəmanlığı", "Vətəndi", "Bu Vətən yolunda" şeirlərində el-obanın ağrısı-acısı və Vətənin müqəddəsliyi vəsf olunur. Şair "Hava qan havasıdı" şeirində oxucunu coşduraraq yazır:

 

Vətən, sənə arxa duran yiyən varsa,

Qılınc çəkib dəmir çarıq geyən varsa,

"Ya azadlıq, ya da ölüm" - deyən varsa

Köklə simi,

Qır tilsimi.

Çal aşıq, çal

Hava qan havasıdı.

 

Bu misralarla tanış olan hər bir oxucunun içində Vətən sevgisi sanki vulkan kimi püskürür, işğal altında olan torpaqları azad etməyə səsləyir. Ümumiyyətlə, Çingizin şeirlərində Vətən, yurd-yuva sevgisi bir qırmızı xətt kimi daha qabarıq görünür. Çingiz Bahaduroğlu Vətəni vəsf etməklə yanaşı, böyük sevgiyə, sədaqətə və ən nəhayət insanlığa da önəm verir. Bu mənada onun "Bu sevdanın sonu yoxsa", "Qayıdacaqsan", "Göz yaşını istəmirəm", "Soyuq əllərin", "Unut", "Kim bilir" şeirlərində lirik qəhrəmanın öz sevgisi yolunda hansı əziyyətlər çəkdiyi poetik bir dildə vəsf edilir.

Şair həmişə işığa, Günəşə, Aya böyük ümid kimi baxıb. "Ay işığı" şeirində oxuyuruq:

 

... Kaş

İçimə

Sızqa bir Ay işığı axaydı...

 

Nə qədər gözəl və poetik bir deyim. Hamımız həmişə istəmişik ki, kədərli vaxtımızda, dünyadan əlimiz üzüləndə, içimizə iynənin ucu boyda bir işıq gələydi. Əlbəttə, şair onda istəyinə nail olur ki, o oxucunun ürəyindən, qəlbindən keçən bütün duyğuları və istəkləri poetik obrazlı dildə ifadə edə bilir. Çingiz ana haqqında gözəl bir şeir yazıb. Şeir belə adlanır: "Ay anam". Onun bir bəndini oxucuların diqqətinə çatdırırıq:

 

Kaş bir dəfə dizinə baş qoyaydım,

Körpə kimi qucağında uyaydım,

Göz yaşımla yanağını yuyaydım

Ocaq idin közün qalıb, ay ana.

 

Hamımız bu hissləri keçirmişik. Anamızı itirəndə onun yoxluğunu dərindən dərk eləmişik. Demişik ki, kaş anamız sağ olaydı, başımızı onun dizi üstə qoyaydıq. Bir çoxlarımız nədənsə anaları itirəndən sonra qədrini bilirik. Şair bir daha bu şeirində insanlara mesaj göndərir ki, anaların qədrini sağlığında bilin, onu qoruyun, sevin və əziyyət çəkməyə qoymayın. Öləndən sonra nə illah eləsən də bir şey çıxmayacaq.

Çingiz Bahaduroğlu Bəxtiyar Vahabzadəyə, Məmməd Araza, Rəsul Rzaya, Əli Kərimə, Ramiz Rövşənə, Zəlimxan Yaquba, Aqil Abbasa şeirlər həsr edib. Bu şeirlərdə də bir lirika, bədii duyum və şair təxəyyülünün istedadı hiss olunur. Hiss olunur ki, Çingiz əlinə qələm alırsa və bir misra yazırsa, o ürəyinin və gözünün işığını verir. Şair ürəyinin və gözünün işığını oxucuya verəndə oxucu da onu sevir və şeirlərini dönə-dönə oxuyur.

Kitaba ön sözü xalq şairi Zəlimxan Yaqub yazıb. Bu kitabın digər kitablardan bir fərqi də ondan ibarətdir ki, şair Çingiz Bahaduroğlu kitabın axırında bir səhifədən ibarət "Oxucu rəyi" adlı ağ səhifə qoyub. Təbii ki, bu ağ səhifə kitabı oxuyan hər hansı bir oxucunun ürəyindən süzülən işıqla dolacaq. Çünki bu işığı şair öz şeirlərində oxucuya ötürür. Təbii ki, oxucu da o işıqda addımlayıb öz içində yeni bir işıqlı aləm, nur və sevgi hiss edəcək. Çünki bu duyğuları bir oxucu kimi mən də onun kitabındakı şeirlərdə bir daha gördüm və hiss etdim. Hiss etdim ki, yaxşı şeirin, yaxşı kitabın həmişə oxucusu var. Bir daha şair dostum və səmimi insan Çingiz Bahaduroğluna cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

  

  

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2011.- 4 fevral.- S. 6.