BALABANIN SAHİBİ KİMDİR?!

 

Bir yazmışdıq, Bir də yazaq.

 

Çox kasıb və əfəl kişinin var-dövlətdən madar bir eşşəyi varmış. O, ulağı minib meşəyə gedir. Meşənin ənginliyində kimsə olmayan yerdə kəndlinin ürəktutması baş verir, huşu bədəndən çıxır və yıxılır. Bir müddətdən sonra onun huşu başına cəm olur. Ətrafa baxıb görür ki, ac canavar ulağın gödənini sökür. O, köksünü ötürərək: -Ay Allahın vəhşisi, sahibi ölmüş heyvan tapıbsan, sök gödənini...

Mən də elə o əfəl kəndli günündəyəm. Böyük sərkərdə Əmir Teymur dediyi kimi: - "Çox qəddar, zalım, iki üzlü, xəyanətkarlıqdan həzz alan... bu xüsusiyyətləri ilə birgə doğulan ermənilər millətimizin ən qədim, dinləyicisini məftun edən balabanına sahib çıxıblar.

İrəvandan Amerikaya qədər haray çəkib deyirlər ki, bəs deməzsənmi balaban ermənilərin çox qədim alətidir. Azərbaycanlılar balaban ifasını bizdən öyrəniblər.

Başlayıblar, dünyanın hansı məkanında erməni var, orada balaban ifaçılığını tədris etməyə. Üstəlik, balaban fiqurunu da binanın önünə həkk ediblər. Vətən övladı kimi bu ədalətsiz böhtana, şərə əndişələnirəm. Ona görə də bu ədalətsizliyə qarşı səsimi qaldırdım, ("Asta çal balabanı". "Ekspress" qəzeti may, 2002) soydaşlarımızı balabana "qahmar" çıxmağa səslədim. Əksinə oldu, balabana nəinki "qahmar" çıxmaq, hətta balabanın səhnədə, tele-radio kanallarında sıxışdırılması ardıcıl davam etdirildi.

Məhz ona görə o kasıb, əfəl, tənha kişini yada saldım və köksümü ötürərək: -Ay şarlatan qonşular, müdafiəsiz alət görübsünüz, danışın, istifadə edin istəldiyiniz qədər, hələlik zalım zəmanə meydanı sizə verib. Hər halda o alətin əsl sahibləri gec də olsa sizin ağzınızı yummaq üçün hərəkətə gələcəklər.

Bu ulu alətin hamı tərəfindən sıxışdırılmasını demək ədalətsizlikdir. Xalq çalğı alətləri ansambllarının, orkestrlərin tərkibində balaban öz hüquqi yerini tutur. Bəzən balabana "solo" ifası da verilir. Bu təəssübkeşliyə sevinməmək olmur.

Bir nəfər mənə danışdı ki, keçmiş zamanda böyük sənətkarımız, cənnətməkan aşıq Əkbər Cəfərov xarici ölkələrin birində ustad sənətkar, balabançı Müseyibin müşayiəti ilə çıxış edib. İfalardan bir neçəsini orada ingilis lentə alıb. Son vaxtlar həmin adam Bakıya gəlir. O, ustdları görmək istəyir. Cavabında ona deyiblər ki, aşıq Əkbər dünyasını dəyişib, balabançı Müseyib isə qocalıb paytaxtdan 550 km aralı ucqar bir yerdə yaşayır. İngilis məsafənin uzaqlığını nəzərə almadan Tovuza, balabançı Müseyibin görüşünə gedir. Sənətkarı ömrünün ixtiyar çağında sevindirir ona hədiyyə verir. Əcnəbi vətəndaşın sənətə sənətkara qarşı olan hörmətinin qarşısında baş əyməyə dəyər.

...Bu ilin oktyabr ayında M.F.Axundov adına kitabxanada Azərbaycan Aşıqlar Birliyinin tədbiri keçirilirdi. Bir neçə nəfər aşığın ifasını da dinlədik. İfasını tamamlayıb, zalda əyləşən, istedadlı ifaçı bir aşıqdan soruşdum: - Ustad, son illər niyə balabanın müşayiəti olmadan oxuyursan? Nə baş verib belə?

O, köksünü ötürüb dedi: - Ağsaqqal, elə güman edirsiz ki, bu mənim ürəyimdəndir? A kişi, dərd bir olsa nə var ki, onu yarı bölərsən heç olar. YUNESKO-nun tədbirinə balabançıları buraxmırdılar. Gücbəla ilə bir balabançı aparıldı.

Aşıq bu sözləri elə-belə yox, ürək yanğısı ilə söyləyirdi.

Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, balabana qarşı bu biganəlik nə bu günün, nə də dünənin işi deyil. Bu neçə illərin əks təbliğatıdır. Azərbaycan radiosunun "Sarıtel" verilişində (keçmiş olsun, indi fəaliyyətini dayandırıblar) on beş ildən artıq bir müddətdə balabana meydan verilmədi.

İctimai telekanal mövcud olduğu gündən onun baryerini balabançı adlaya bilməyib. Hər həftə də bunun şahidi oluruq. Çox güman ki, bu baryeri bundan sonra da adlayan balabançı olmayacaq. Çünki söz kişi sözüdür, o da bir olar.

Balabanın qədimliyini, milliliyini ermənilərə sübut etmək üçün 5-6 nəfər nəzəriyyəçinin teleradio kanallarında çıxış etməsindən bir şey hasil olmaz. Bunun üçün balabana yenidən meydan vermək lazımdır. Belə bir geniş fürsət bu yaxınlarda araya çıxmışdı. Bu aşıqların Azərbaycanda keçirilən beynəlxalq festifalı idi. Bu tədbirdə aşıqlar sözləri balabanın müşayəti ilə ifa etməli idilər.

Balabançıların kollektiv ifasına, "solo" ifalarına yer vermək lazım idi. Bir sözlə, bu sənət sahiblərinə meydan və sərbəstlik vermək vacib idi. Nə gördük?

Tam əksini. Sənətə gəldikləri gündən bir dəfə də olsun balabanın müşayiəti olmadan saz çalıb, söz oxumayan Qazax, Ağstafa, Tovuz, Şəmkir ustad aşıqları balabanın müşayiəti olmadan festifalı başa vurdular. Bu olaya millətlərin ifaçı nümayəndələri şahid oldular. Bu da balabana qarşı əks təbliğata bir nümunədir.

İctimai yerlərdə görüşüb, hal-əhval edən minlərlə insanlar bu olayı təəssüf hissi ilə yada salırdılar, təəccüblənirdilər. Hamını eyni sual düşündürürdü: - Bölgənin ustad aşıqlarına bu təpki görünür çox yuxarıdan gəlib. Ona görə də adları ilə fəxr etdiyimiz ustad aşıqlar bu təpkiyə duruş gətirə bilməyiblər. Amma bunun asan bir yolu vardı. Təpki qarşısında mütiləşmiş bu sənətkarlar azacıq başlarını yuxarı qaldırıb Gədəbəyə baxsaydılar, orada təpkiyə əhəmiyyət verməyən ustad aşıq İsbəndiyarı görərdilər. O vaxt balabanı hər bir aşığın yanında görərdilər. Balabançıların kollektiv və "solo" ifaçılarından zövq alardılar. O vaxt təpkiyə yox, haqqa, ədalətə, qulaq asardılar. Ulu sənəti gözdən salmazdılar.

Bakı şəhərində, getdiyim rayonlarda bu mövzunun ayaqüstü müzakirəsi hələ də gedir və gedəcəkdir də.

Bu davamlı söhbətlərdə sual eyni olur: - Görəsən, balaban kimi qədim və sevimli musiqi alətini kim hörmətdən saldı? Görəsən, balabanı sahibi olduğu əvvəlki meydanına qaytaracaqlarmı? Görəsən, keçmiş dövlət quruluşunda orden, medal və fəxri adlar almış ustad balabançıların, onların yetirmələrinin sındırılmış könlünü kim alacaq?

  

  

Ağa Məhəmməd

 

Ədalət.- 2011.- 4 fevral.- S. 6.