Masallı- sevilən məkan
Azərbaycanın
qədim və dilbər guşələrindən biri olan
Masallı rayonu şərqdə Xəzər dənizinin
kiçik Qızılağac körfəzindən
qərbdə Talış dağları silsiləsinin orta
dağ qurşağına qədər, şimalda Cəlilabad
rayon sərhəddindən cənuba- Lənkəran rayon
sərhəddinə qədər uzanır. Cənub
bölgəsində xüsusi rolu olan bu rayon Cəlilabad,
Lənkəran, Lerik, Yardımlı, Nefçala rayonları
ilə həmsərhəddir. Masallı inzibati rayon kimi 8 avqust
1930-cu ildə təşkil edilmişdir. 721 kvadrat kilometr
ərazisi olan rayonda 202,7 min nəfər əhali
yaşayır. Hər kvadrat kilometrə 281 nəfər
düşdüyündən bu rayon dünyanın ən
sıx əhalisi olan ərazidir. Aqrar-sənaye rayonu olan
Masallıda taxılçılıq,
tərəvəzçilik, tütünçülük,
kartofçuluq, üzümçülük, qismən də
çayçılıq son illər xeyli inkişaf
etdirilmişdir. Heyvandarlıq və balıqçılıq
da rayonun iqtisadi gəlir mənbəyidir. Kənd
təsərrüfatı malları istehsal edən konserv
zavodları, süd emalı sexləri, dəyirmanlar, su və
şirəli içki sexləri rayon sakinlərinin
ixtiyarındadır. Burada fəaliyyət göstərən
mebel fabrikləri, kərpic zavodları, ağac emalı,
tikinti materialları müəssisələri nümunəvi
olmaqla xeyli iş yeri deməkdir. Kifayət qədər qədim
memarlıq abidələri olan Masallıda
əksəriyyəti XIX əsrə aid olan 117 məscid də
var. Rayondakı 89 iri müəssisədən 27-si
dövlətə aiddir, yerdə qalan 62-si isə
müxtəlif şəxslərə məxsusdur.
Yolumuz dağlaradır...
Ölkənin
səs-küylü paytaxtından Masallı rayonuna xeyli yol var.
Qışın oğlan çağı olduğundan
ətraf, görünən hər şey xeyli cansıxıcıdır.
Cənuba yaxınlaşdıqca havanın daha da soyuduğu
aydınca hiss edilir.
Bu da
Masallı rayonu. Xatirimdədir ki, ölkədə aqrar
islahatlar başlayanda burada xüsusi canlanma var idi. Daha
doğrusu aqrar islahatlar əslində elə bəlkə
də Masallıdan başladı. Uzun illər Masallı rayon
İcra Hakimiyyətində çalışan, son aylar isə
ictimai-siyasi şöbəyə rəhbərlik edən Ayiq
Səmədov həmişə olduğu kimi yenə
xahişimi yerə salmadı: "Nə deyirəm, gedək,
ancaq bir azdan yağış başlayacaq" deyib
pəncərədən az qala binanın üzərinə
enən qara buludları göstərirdi.
Masallının
16663 hektar ərazisini meşələr təşkil edir.
Palıd, qızıl göz, şabalıd, dəmirağac,
ağcaqayın, nil, fıstıq bu meşələrin
təbii sərvətidir. Oxlu kirpi, bataqlıq
qunduzu, çöl siçanı, turac, qırqovul, vağ,
sultan toyuğu və başqa canlılar bu yerlərin
bəzəyidir. 10 min hektar torpaqların suvarılmasına
xidmət edən, birinci növbəsi 1986-cı ildə
istismara verilmiş 44 milyon kub metr su tutumu olan
"Viləşçay" dəryaçasının
bir vaxt qonaq-qaralı olan sahili indi kimsəsizdir. Bir-bir arxada
qalan, hər cür şəraiti olan istirahət
güşələri, restoranlar, ailəvi istirahət
mərkəzləri sakitlik içində uyuyur. Yayda hədsiz
qələbəlik olan bu yerlər sanki insanların
xiffətini çəkirmiş kimi bir az da qüssəlidir. Bu da əsaslı və genişləndirmə
işləri 2007-ci ilin mayında başa çatmış
məşhur müalicə əhəmiyyətli
"İstisu" sanatoriyası. Eyni vaxtda yüzlərlə
insanın müalicə aldığı, dincəldiyi bu
sanatoriyada da indi bir neçə nəfərdən başqa
heç kəs yoxdur. Ölkənin hər yerindən,
eləcə də yaxın xaricdən daim qonağı olan bu
sanatoriya Masallının füsunkar
mənzərələrindəndir. Çiskin
yağışın daha da gücləndiyinə işarə
edən Ayiq müəllim: "Elə bil birinci dəfədir
buradasan. Sənə dedim axı yağış yağacaq. Bir
az da ləngisək gərək xəstəxanaya qayıdaq".
Haqlı irada cavab tapmadığımdan sakitcə
maşına otururam. Gurşad yağış çılpaq
dağları bir anda ağuşuna alır.
Rəsminin rəsmi
açıqlamaları
Qonaqlara, xüsusən
qələm əhlinə ayrıca diqqət
göstərən Ayiq Səmədov doğma rayonu haqqında
ürək dolusu danışır:
-Neçə
illərdir bu rayona gəlib-gedirsən, hər şey sənin
gözlərinin önündə baş verib, dəyişib. Ulu
öndərimiz Heydər Əliyev də, Prezidentimiz İlham
Əliyev cənabları da Masallıda gedən aqrar
islahatları, abadlıq-quruculuq işlərini daim
bəyənib və təqdir edib. Bu gün bir çox xarici
ölkələrin də yaxşı tanıdığı
Masallıdakı " Embawood" mebel fabriki ildə 8 milyon
manatlıqdan çox məhsul istehsal edir. 350
nəfərə qədər işçinin
çalışdığı bu fabrik indi çoxlarına
örnəkdir. Bu fabrik haqqında isə möhtərəm
Prezidentimiz İlham Əliyev cənabları belə deyib:
" Mən Masallıda yerləşən
"Embawood" mebel fabrikinə baş çəkdim, orada
istehsalla tanış oldum. Çox sevindim ki, Azərbaycanda,
Masallıda ən yüksək standartlara uyğun istehsal
müəssisəsi mövcuddur və onun məhsulları
nəinki daxili bazarın təlabatını ödəyir,
eyni zamanda ixrac olunur və xaricdə satılır".
"Regionların sosial
- iqtisadi inkişafı Dövlət Proqramı"
üzrə rayonumuzda görülən işlərin
hamısını desəm çox uzun bir yazı alınar. Ancaq
Masallıdakı istehsal müəssisələri haqqında
qısa danışandan sonra ötən 2010-ci ildə
gördüyümüz işlərlə tanış olsan
elə bilirəm əvvəlki illərin də
mənzərəsini təəsəvvür edə bilərik.
Bildirim ki, Masallıda "Embawood"la bərabər
"Binə", "Bəylər" şirkətləri,
"Nəzir" kiçik müəssisəsi də mebel
istehsalı ilə məşğuldur. "
Masallı-kərpic", "Fəxrəddin-K"
MMC-ləri, " Kənan" kiçik müəssisəsi,
"Qala- 95" şirkəti yüksək keyfiyyətli
kərpic istehsal edir. "Aydın AEX" firması un,
"Nur-M" MMC konserv məhsullarının istehsalı
ilə məşğuldur. Belə istehsal
müəssisələrimiz çoxdur. Əvvəlki
illərdə olduğu kimi 2010-ci il də Masallı
üçün uğurlu olub. Son
uğurların qazanılmasında 2006-cı ilin
sentyabrından Masallı rayon İcra Hakimiyyətinə
başçı təyin edilən Qəzənfər Arif
oğlu Ağayevin xidməti əvəzsizdir. Əvvəl onu
deyim ki, Qəzənfər müəllim qısa vaxtda rayon
sakinləri ilə çox isti münasibət qurdu.
Əvəzində bu insanlarla əl-ələ verib
dövlətin dəstəyi ilə Masallıda böyük
iqtisadi-sosial inkişafa nail oldu. Təkcə ötən il
10359 hektar sahədən 14368 ton taxıl tədarük
edilmişdir.
Mal-qaranın
sayı artırılaraq 69119-a
çatdırılmışdır. 42224 ton süd, 5485 ton ət istehsal
edilmişdir. Rayon ərazisindən keçən avtomobil
yolları ilə bərabər, yerli əhəmiyyətli
və kənd arası yolların təmir işləri
genişləndirilmişdir. Masallı-Qızılağac
avtomobil yolunun 6-8 kilometrliyində asfaltla təmir işləri
aparılmışdır. 2010-cı ildə Masallıda
şəhər daxili yollara 2,3 kilometr asfalt beton
döşənmişdir. Rayonu elektriklə daha intensiv
təmin etmək məqsədi ilə 12 ədəd
yanmış, 45 ədəd zədələnmiş
transformatorlar təmir edilərək yenidən
istifadəyə verilmişdir. Rayonun mavi qazla təminatına
qayğı artırılmışdır. Mavi qazdan
istifadə edən abonentlərin sayı 16627-yə
çatdırılmışdır. Bir sıra
çətinliklərə baxmayaraq artıq 13954 abonentin
mənzilinə sayğac qoyulmuşdur. Rabitə xidməti
də xeyli yaxşılaşdırılmışdır, indi
əhalinin 95 faizi elektron ATS-in fəaliyyətindən yararlanır.
Belə eletron ATS-in sayı isə rayonda 31 -dir. Masallı
şəhərinin su və kanalizasiya sisteminin yenidən
qurulması üçün sənədləşmə
başa çatdırılmış, bu ildən isə
işin icrasına başlanacaq. Həsənli kəndində
su anbarı əsaslı təmir edildikdən sonra 6 mindən
çox əhali içməli su ilə təmin
edilmişdir. Təhsil Nazirliyi
tərəfindən Banbaşı kəndində 480,
Hişkədərə kəndində 360, Sığdaş
kəndində 480, Babasel kəndində Fövqəladə
Hallar Nazirliyinin vəsaiti hesabına 220 şagird yerlik
məktəb binaları son illərin tikintiləridir.
2010-cı ildə bu işlər davam etdirilmişdir. Rayonun Ərkivan qəsəbəsində 480, Digah
kəndində 640, Hüseynhacılı və Yelağac
kəndlərinin hər birində 180 şagird yerlik
məktəb binalarının inşasına
başlanmışdır. İşlərimiz, planlarımız
çoxdur. İcra başçımız Qəzənfər
Ağayevin masallılılar üçün gördüyü
işləri sadalamaqla qurtaran deyil. Qısaca bu qədər,
ancaq danışılası, deyiləsi çox şey
qaldı.
Masallı müsafirlərin sevdiyi
məkandır
Bu
mübaliğəsiz belədir. Çünki zəngin flora
və faunası, dağları, meşələri olan
Masallıda turizm üçün çox münbit
şərait var. Bir-birindən mənzərəli olan dağ
və meşə massivində belə obyektlərin sayı
32-dən çoxdur. 15 sağlamlıq mərkəzidə
həm yerli sakinlərə, həm də qonaqlara xidmət
edir. " Dəştvənd", "Türkan",
"Dəmirağac", "Dostluq",
"Gülüstan", "Çənlibel" kimi
istirahət zonaları ən müasir tələblərə
cavab verən xidmət müəssisələridir.
Bir-birindən rahat və səliqəli "Masallı",
"Türkan", "Qonaq evi", "Rasim", "Dəmirağac"
kimi mehmanxanalarda isə müsafirlər üçün
hər cür şərait var.
Hələ
qışdır, bir azdan yaz gələcək, isti yay
fəsli hiss edilmədən mülayim bahar nəfəsini
dağlara qovacaq. Bax onda bu dağlardakı turizm
obyektləri, istirahət zonaları yenidən qələbəlik
olacaq. İndi isə hələ ki, onların özləri
istirahət edir.
Səxavət Məmmədli
Ədalət.- 2011.- 4 fevral.- S. 7.