APREL YAXINLAŞIR...
YAYDA QONŞULUQDA SEÇKİLƏR DƏ OLACAQ
2011-ci il başladı və
artıq fevral ayı da yarılanıb. Aprel ayına o qədər
də çox qalmayıb. Demək ermənilər özlərinin
qondarma "soyqırım" iddiaları ilə yenidən
türklərin zəhləsini tökəcək. Yenidən
müxtəlif erməni məmurlar, politoloqlar okeanın o
tayına üz tutaraq orada yaşayan erməni lobbisinin baş
bilənləri ilə görüşəcək, onlarla birgə
hərəkətə başlayacaqlar ki, Vaşinqton
uydurulmuş "yubiley" günü ermənilərə rəhm
edib onları dəstəkləyəcək iddiaya qol qoysun.
Amma onu demək olmaz ki, türklər bu müddət ərzində
sakit oturacaq. Yox. Türkiyənin də, Azərbaycanın da
Amerikada yaşayan lobbisi amerikanları inandırmağa
çalışacaq ki, bu yalanlara uymasınlar. Və o da məlumdur
ki, NATO-da Birləşmiş Ştatların müttəfiqi
olan, Ankaranı özlərinin strateji tərəfdaşı
sayan Vaşinqton da özünü qoyacaq dağ başına,
cürbəcür tələblər irəli sürəcək.
Türkiyənin də Qərbə, erməniyə, PKK-ya
işləyən KİV-i aylarla Türkiyənin əleyhinə
təbliğat kampaniyasına girişəcək.
Amma Türkiyədəki
bəzi qəzetlər elə indidən hərəkətə
keçib. "Sabah" qəzeti iki gün əvvəl
mövzu ilə bağlı məqalə dərc edib. Ermənistanın
"panarmenian.net" saytı adı çəkilən qəzetə
istinadən xəbər verir ki, rəsmi Ankara ilk dəfə
Türkiyədəki Holokost soyqırımı abidəsini
ziyarətdə bulunub və analoji addımı 24 apreldə də
atacaq, "erməni soyqırımı" abidəsini ziyarət
edəcək. Mənbə bildirir ki, rəsmi Ankara bu
addımları ilə Ermənistanla Türkiyə arasında
olan psixoloji əngəlləri aşmağa
hazırlaşır. Yazılanlara görə, Holokost
qurbanlarının abidəsi önünə gedən
Türkiyə-Avropa Birliyi danışıqlarının əsas
icraçısı, dövlət naziri Egemen Bağış
olub.
Qəzet yazır:
"Milli təhlükəsizlik şurasının yanvarda
keçirilən iclasında ABŞ-da yaşayan erməni
diasporu ilə əlaqələrin qurulması və 24 aprel tədbirlərində
iştirak edilməsi qərara alınıb. Erməni xalqı
ilə münasibətlərin qurulması üçün erməni
diasporuyla dioloq inkişaf etdirilməlidi". Məqalədə
o da qeyd olunur ki, Türkiyə hökuməti qondarma
"soyqırımı" qəbul edən ölkələrə
qarşı siyasi baykotu da aradan qaldırmağa
hazırlaşır. Amma bu hələ hamısı deyil. Mənbə
başqa bir türk qəzetinə istinadən bildirir ki,
Türkiyədə iyunda parlament seçkilərində 7 erməni
namizədi də seçki marafonuna qatılacaq.
Maraqlıdır, erməni namizədləri olan partilyaların
sırasında ana müxalifətçilərin - CHP-nin də
adı çəkilir. Əlbəttə, qardaş Türkiyə
müstəqil bir dövlət kimi istədiyi siyasəti
yürüdə bilər. Və istənilən halda -
iqtidarları bəyənməsək də - biz türk
xalqını, qardaşlarımızı sevməkdən, daim
onların yanında olmaqdan əsla vaz keçməyəcəyik.
Lakin erməniləri
başlarının tacı yapmaq istəyən siyasətçilərə
bəzi, özü də yeni məqamları xatırlatmaq istəyirəm
və elə bilirəm ki, bunları düşünməyə
dəyər. Türkiyədə erməniləri daha çox
sevmək planları yapılarkən ermənilər
bütün dünyada anti-türk siyasətini gücləndirməkdədir.
Belə ki, erməni lobbisi artıq İsveçrədə
uydurma "erməni soyqırımı" abidəsinin
ucaldılmasını reallaşdırmaqdadır. Hanı, bəs
İsveçrə həmişə bitərəf ölkə
olmuş və qalmaqda idi?! Məlum olur ki, Ermənistanın
İsveçrədəki səfiri Şarl Aznavur 5 fevralda, bu
ölkədə "soyqırım qurbanları"nın
xatirəsinə ucaldılacaq abidənin qoyulması
üçün yaradılmış işçi qrupuyla
görüşərək ümumi razılığa gəliblər.
Həmin abidənin hazırlanması üçün beynəlxalq
müsabiqə də keçirilmişdi və Məlik
Oqonyanın işi bəyənilmişdi. Abidə aprel
ayının 24-də paytaxt Cenevrədəki mərkəzi
parkların birində açılacaq. Erməniləri
başlarının tacı yapmaq istəyən siyasətçilərə
məsləhət görürəm ki, onların ulu
babalarını "ermənilərin qatil kimi" təsvir
edən erməni əsərinə baxsınlar, əgər
ürəklərində etiraz baş qaldırmasa, ermənilərin
gündöyməzindən öpüb "işlərini"
davam etdirsinlər. Onların deputatlarının sayını
daha da artırsınlar.
Bundan başqa, məlumdur
ki, Ermənistan Azərbaycanın həyata keçirdiyi nəhəng
beynəlxalq layihələrin hamısından kənarda
qalıb. Hətta Bakı-Tiflis-Qars dəmiryolu dəhlizinin
layihəsinə əngəllər yaratmaq üçün
Yerevan bacardığı bütün vasitələrdən istifadə
etdi. Amma Azərbaycanın prinsipiallığı nəticəsində
bu böyük iqtisadi dəhliz də Ermənistandan yan
keçdi. Amma indi ermənilər bu dəhşətli itginin
yerini nisbətən doldurmaq üçün başqa layihə
uğrunda canfəşanlıq edirlər.
Məlum olduğu kimi,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Avropa ilə Asiyanı birləşdirə biləcək dairəvi
avtomobil yolunun çəkilişini nəzərdə tutan
layihəni gündəmə gətirib. Amma Bakı Ermənistanın
da iştirak edəcəyi bu layihəni qəbul etmir. Bu barədə
bazar ertəsi Trend-ə Azərbaycan xarici işlər nazirinin
müavini Mahmud Məmmədquliyev söyləyib.
Nazir müavini deyib:
"Təkcə Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı çərçivəsində deyil, həm
də digər təşkilatlar çərçivəsində
biz həmişə bu barədə danışırıq və
sənədlər imzalanan zaman həmişə qeydlər
edirik". Layihəyə əsasən, Qara dəniz ətrafında
dairəvi avtomobil yolunun uzunluğu 12 ölkədən
keçməklə, 7 min kilometr təşkil edəcək.
Yolun əsas marşrutu və birləşdirici yollar Azərbaycan,
Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan,
Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə
və Ukraynanın ərazisindən keçəcək.
Məmmədquliyevin
sözlərinə görə, Azərbaycan rəhbərliyinin
mövqeyi dəqiq və dəyişməzdir: Dağlıq
Qarabağ problemi tamamilə tənzimlənməyənə və
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini
azad etməyənə qədər Yerevanla həm ikitərəfli,
həm də çoxtərəfli səviyyədə əməkdaşlıq
mümkün deyil. Ümumilikdə Bakı Qara dəniz ətrafında
dairəvi avtomobil yolunun yaradılması layihəsini dəstəkləyir
və bu layihə çərçivəsində işləməyə
hazırdır, lakin Ermənistanla əməkdaşlıq
istisna edilir.
Məmmədquluyev
bildirib ki, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun
layihəsi çərçivəsində mövqeyimiz TRACECA
layihəsi və digər belə layihələr çərçivəsindəki
kimi olacaq. Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizinin inkişafı
üzrə beynəlxalq nəqliyyat haqqında əsas
çoxtərəfli sazişdə qeyd var. Qeyddə deyilir:
"Azərbaycan Respublikası bəyan edir ki, Avropa-Qafqaz-Asiya
dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat
haqqında əsas çoxtərəfli sazişdə və
onun texniki əlavələrində göstərilən
hüquqların, öhdəliklərin və müddəaların
heç biri Azərbaycan Respublikası tərəfindən
öz ərazisi vasitəsilə Ermənistan Respublikasın ərazisinin
başlanğıc, tranzit və ya son ərazi olduğu
daşımalar üçün tətbiq edilməyəcək".
Belə olduğu halda da
həmin magistral yolun səmərəliliyi sual altına
düşür. Ölkə prezidentinin bildirdiyi kimi, Azərbaycanın
iştirakı olmadan regionda heç bir beynəlxalq iqtisadi
layihənin reallaşması mümkün deyil.
Ermənilər Azərbaycan
torpaqlarını düşməncəsinə işğal
edibsə, ona elə eyni cür münasibət də göstərilməlidi.
Əgər Ermənistan Türkiyəyə ərazi
iddiasındadırsa, dövlət gerblərində
Ağrı dağın əksini təsvir ediblərsə,
Ankaradan təzminat tələbində bulunurlarsa, "erməni
soyqırımı" iddiasını sürdürürlərsə...
görəsən türk siyasiləri ermənilərə niyə
yarınmaq istəyirlər? Onlar bilməlidirlər ki, erməni
üçün qonşuluq, ikitərəfli əməkdaşlıq,
dostluq... əlaqələrinin
qurulması absurddur. Çünki ermənilər
üçün bu məziyyətlərin heç bir dəyəri
yoxdur...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 9 fevral.- S. 3.