XX əsrin əvvəlində erməni-azərbaycanlı
münaqişəsinin ilkin
tarixi şərtləri
və səbəbləri
(əvvəli ötən sayımızda)
Müəllif bu
kitabında erməni millətçi təşkilatlarının
terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk
milli təşkilat "Difai" (Müdafiə) Partiyasının
yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən
müxtəlif mənbələrdən cəlb edilmiş zəngin
faktiki materialın təhlili və ümumiləşdirilməsi
əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv
baxışlardan asılı olmadan
işıqlandırmağa cəhd edilmişdir. Əsərdə
"Difai"nin fəaliyyəti erməni-azərbaycanlı
ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri
və səbəbləri fonunda nəzərdən
keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci
rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi
ekspansiyası bu ziddiyyətlərin əsasını
qoymuşdur. Həmin siyasətin həyata keçməsində
erməni amilinə imperiyanın regionda sosial dayağı və
müsəlman dövlətləri olan Türkiyə və
İrana qarşı mübarizə xristian forpostu rolu
ayrılırdı. Məhz bu siyasət nəticəsində
XX əsrin əvvəlində erməni-azərbaycanlı
ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq,
açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı
əhalinin erməni terrorundan qorunmasında "Difai"
Partiyasının rolunu obyektiv və əsaslandırılmış
şəkildə işıqlandırılması zərurəti
müasir dövrdə bu araşdırmanın əhəmiyyətini
və aktuallığını şərtləndirir.
1905-1906-cı illərin
erməni-azərbaycanlı münaqişəsi əslində
elə bir qarşıdurma idi ki, onun
iştirakçıları üçün etnik mənsubiyyət
və maraqlar, üstünlüklər ya lap əvvəldən,
ya da münaqişə genişləndikcə, əhəmiyyət
kəsb edir və ya prioritet olurdu. Bu, tərəflərin
bir-birinə təqdim etdiyi iddiaların motivasiyasında ifadə
olunurdu. Həmin iddiaların məzmunu bəzən tərəflərin
aqressivlik dərəcəsinə, münaqişənin ifadə
və həll formasına birbaşa təsir göstərirdi.
Hər iki xalqın milli xarakteri, milli davranış stereotipləri,
dünyagörüşü, özü barədə rəyi,
adət və ənənələri, etnik-mədəni və
konfessional xüsusiyyətləri, tarixi yaddaşı və
birgə yaşayış təcrübəsi münaqişənin
bütün mərhələlərində mühüm rol oynayırdı.
XX əsrin əvvəlində
Rusiya İmperiyası Cənubi Qafqazı, o cümlədən
Şimali Azərbaycanı işğal etməyə
başlayarkən ermənilərə böyük ümid bəsləyirdi.
Bu seçim heç də təsadüfi deyildi. Birinci
növbədə , müsəlman Şərqinin xristian əhalisinin
əhəmiyyətli hissəsini təşkil edən ermənilər,
əsasən Rusiya İmperiyasının Qafqaz uğrunda
mübarizədə əsas rəqibləri olan İranın və
xüsusən Osmanlı dövlətinin ərazisində
yaşayırdı. İkincisi, ermənilər gələcəkdə
bu rəqiblərlə Rusiyanın rəqabətində
faydalı ola bilərdi, çünki onlar İran və
Osmanlı dövlətinin daxilinə, onların zəif və
güclü cəhətlərinə bələd idi. Rusiya
dövlət xadimləri hələ Şimali Azərbaycanın
işğalından əvvəl bu şərq
xristianlarını Qafqaza köçürmək fikrinə
düşmüşdülər. Rusiya hökuməti hələ
rus çarı I Pyotrun vaxtından İrana və Türkiyəyə
qarşı yönəlmiş geostrateji planlarında erməniləri
özlərinin etibarlı dayağı hesab edirdilər. Rusiya
imperiyası hələ o vaxt Türkiyə və İranla sərhəddə
ermənilərdən, assuriyalılardan və başqa xristian
xalqlardan ibarət bufer yaratmaq siyasəti yeridirdi. İtalyan tədqiqatçısı
Luici Villari yazırdı: "Məkrli Romanov
özünün Yaxın və Orta Şərq siyasətini həyata
keçirmək üçün Türkiyə və
İranda geniş məskunlaşmış erməni
xalqını lazımi anda bu dövlətlərə
qarşı istifadə edilə biləcək faydalı vasitə
hesab edirdi".
Buna görə də
1722-1723-cü illərdə Xəzər sahillərini
işğal etmiş I Pyotr tezliklə erməniləri orada məskunlaşdırdı.
Bu məqsədlə I Pyotr 1722-ci ildə Kartliyə
(Gürcüstana) göndərilmiş podporuçik N.Tolstoya
tapşırmışdı ki, orada Dərbənd və
Şamaxı həndəvərinə köçüb getmək
istəyən sakinlər olub-olmadığını öyrənsin.
O belə hesab edirdi ki, ermənilərin Xəzər sahillərində
məskunlaşdırılması Rusiyanın Qafqazda ələ
keçirdiyi əraziləri əldə saxlanılması
üçün ən yaxşı vasitədir. 1724-cü il
sentyabrın 24-də İmperator İstanbula elçi göndərilmiş
A.Rumyantsevə göstəriş vermişdi ki, erməniləri
dilə tutaraq Xəzəryanı ərazilərə
köçürməyə razı salsın. Bu halda yerli
sakinlər oradan köçürülməli, onların
torpaqları isə ermənilərə verilməlidir. Həmin
dövrdə dini məsələlər milli məsələlərdən
daha artıq əhəmiyyət kəsb edirdi. Türkiyə və
İran isə İmperiyaya düşmən dövlətlər
sayılırdı. Bununla əlaqədar, bütün
sonrakı çarlar da müsəlmanlara münasibətdə
bu siyasəti fəal davam etdirmişdilər. Həmin siyasət
sonralar - II Yekaterinanın və I Aleksandrın 21 oktyabr 1802-ci
il tarixli fərmanında "onun əcdadlarının erməni
xalqına bəxş etdiyi bütün hüquqların və
üstünlüklərin qüvvədə qalması təsdiq
edilirdi".
Ermənilərin Cənubi
Qafqaz ərazisinə kütləvi şəkildə
köçürülməsi siyasəti hələ çar
I Nikolayın dövründə, Rusiya-İran (1826-1828) və
Rusiya-Osmanlı (1828-1829) müharibələri başa
çatandan sonra həyata keçirilməyə
başlanmışdır. Rusiya erməniləri Şimali Azərbaycana
köçürməklə, onları burada yığcam
kütlə kimi yerləşdirmək, ilk növbədə
özü üçün etibarlı etnik-konfessional dayaq
yaratmaq niyyətində idi. Bu plan yerli əhalinin - azərbaycanlıların
və onların torpaqlarının hesabına həyata
keçirilirdi. Ermənilər əsasən Azərbaycanın
İrəvan və Naxçıvan xanlıqları ərazisində,
həmçinin Qarabağda yerləşdirilirdi. Bu planın
icarçıları Senatın 21 mart 1828-ci il tarixli "Ali Fərmanını"
əsas tuturdu. Həmin sənəddə deyilirdi: "İran
ilə 10 fevral 1828-ci ildə bağlanmış Traktata əsasən,
Rusiyaya birləşdirilmiş İrəvan
xanlığını və Naxçıvan xanlığını
bundan sonra bütün işlərdə erməni vilayəti
adlandırmağı əmr edirik". Beləliklə,
imperiyanın müstəmləkəçilik siyasətinin əsas
məsələsi - işğal edilmiş düşmən,
yad məzhəbli, başqa dilə və başqa etnosa mənsub
olan və hələ tanış olmayan ərazidə öz
hakimiyyəti üçün dayaq yaratmaq məsələsi həll
edilmiş olurdu. Başqa sözlə desək, ermənilərə
Rusiya imperiyasının yeni işğal etdiyi, "dinsizlərin",
indiki halda Azərbaycan türklərinin yaşadığı
torpaqlarda Rusiya İmperiyasının müstəmləkəçilik
siyasətinin "xristian vektoru"nun reallaşmasının
iştirakçılarından biri kimi, ayrıca yer verilirdi.
Ermənilərin Şimali Azərbaycana
köçürülməsi azərbaycanlıların
doğma yurdlarından çıxarılması ilə
müşayiət olunurdu. 1828-1830-cu illərdə, yəni
faktiki olaraq, üç il ərzində İran və
Osmanlı İmperiyalarından Şimali Azərbaycana
köçürülmüş ermənilərin ümumi
sayı təqribən 21.600 ailə və ya 119,5 min nəfər
idi. Bu, ermənilərin planlaşdırılmış,
kütləvi və məqsədyönlü şəkildə
Cənubi Qafqaza, ilk növbədə və əsasən,
Şimali Azərbaycana köçürülməsinin
başlanğıcı idi. Ermənilərin
köçürülməsi prosesi bütövlükdə
XIX əsrdə və XX əsrin əvvəllərində
Rusiyaya xidmət edən yüksək vəzifəli ermənilərin
fəal iştirakı ilə Rusiyanın hərbi və
mülki adminstrasiyası tərəfindən həyata
keçirilmişdi. Nəticədə Şimali Azərbaycanın
əhalisinin tərkibində ermənilərin nisbi payı kəskin
şəkildə artmışdı. Belə ki, XIX əsrin
ilk 25 ilində ermənilər ölkə sakinlərinin
9,37%-ni təşkil etdiyi halda XX əsrin əvvəlində
bu rəqəm 32,6%-ə çatmışdır. Təqribən
100 il ərzində, ilk növbədə ermənilərin
mexaniki yerdəyişməsi nəticəsində Şimali Azərbaycanda
onların sayı 24 dəfə artmış və 1916-cı
ildə 1.211.145 nəfər olmuşdur (həmin ildə
Şimali Azərbaycanın tarixi torpaqları olan İrəvan,
Yelizavetpol və Bakı quberniyalarının ərazilərində
yaşayan ermənilərin sayı bu rəqəmlə ifadə
olunurdu. -Müəllif). Qafqazda yerləşdirilmiş ermənilərə
yerli əhalinin hesabına fiskal və başqa güzəştlər,
o cümlədən ən yaxşı torpaqlar verilirdi. Bu
prosesin 100 il uzanması isə onun nəticəsi idi ki, erməniləri
eyni ərazidə məskunlaşdırırdılar və
onları həm şaquli, həm də üfüqi yerli
infrastruktura uyğunlaşdırmaq üçün müəyyən
vaxt lazım idi. Bu halda nəzərə alınırdı ki,
ermənilərin adaptasiyası yad məzhəbli müsəlmanlar
və özgə dilli türklər mühitində baş
verirdi. Gəlmələr təkcə konfessiyaya və dilə
görə deyil, həmçinin mentalitetə və mənlik
şüuruna, maddi və mənəvi mədəniyyətə
görə də həmin mühit üçün
yabançı, düşmən elementi sayılırdı.
Çar Rusiyası
Osmanlı Türkiyəsinə gələcək müdaxiləsi
üçün ermənilərdən bir istehkam kimi istifadə
etməyə çalışır, eyni zamanda Asiyada ermənilərin
müstəsna üstünlüklərə malik olduğu ərazi
yaratmaq ideyasına qarşı açıq
çıxış edirdi. Rusiya İmperator Sarayının
nümayəndələri açıq deyirdilər: "Bizə
ermənilər yox, Ermənistan (Türkiyə Ermənistanı.
- Müəllif)", yəni Osmanlı İmperiyasının
erməni əhalisi deyil, bu imperiyanın bir hissəsi
lazımdır.
Rusiya
İmperiyasının xarici işlər naziri knyaz
Lobanov-Rostovski Rusiyanın ermənilər üçün
muxtariyyət verilməsi ideyasından imtina etməsinin səbəbini
belə izah edirdi: "Mən istəmirəm ki, Turkiyə Ermənistanı
ikinci Bolqarıstana çevirsin və Rusiya erməniləri
Türkiyənin protektoratı altında erməni muxtariyyətinin
yaradacağı təsisatlardan bizə qarşı istifadə
etsinlər". Rus qafqazşünası V.Veliçko da knyaz
Lobanov-Rostovskinin bu mövqeyini yüksək qiymətləndirərək:
"O, bizim diplomatiyanın ermənilərə münasibətdə
qonşu İranda və xüsusən Türkiyədə bizə
dost və faydalı element kimi əsassız
baxışını birinci olaraq laxlatmış, lakin təəssüf
ki, kökündən çıxarıb atmamışdır".
Beləliklə, ermənilər
Rusiya İmperiyasını yalnız böyük dövlətlərlə
oyunda siyasi kart kimi maraqlandırırdı.
Rusiya hökumətinin
inzibati sistemi onun müstəmləkə siyasətinin əsas
məqsədlərinin həyata keçirilməsində
çox güclü vasitə idi. Çarizm xalqları
dövlətçiliyin hər hansı formasını qoruyub
saxlamaq hüququndan məhrum etməklə, regionda inzibati-ərazi
dəyişikliklərini həyata keçirərkən
xalqın etnik birliyi və ərazi bütövlüyü
prinsipini tamamilə təkzib edirdi. Buna görə XIX əsrdə
Qafqazın inzibati xəritəsinin dəfələrlə dəyişdirilməsi,
əsasən və məxsusi olaraq, Qafqazın hər hansı
hissəsində əhalinin bir hissəsinin zərərinə
olaraq zəiflətməyə yönəlmişdir. Çar
hökumətinin bu siyasəti nəticəsində azərbaycanlıların
əsrlər boyu yaşadığı ərazilərin tarixi
sərhədləri pozulmuş, Azərbaycanın
inzibati-iqtisadi və siyasi vahidi kimi mövcudluğuna rəsmi
olaraq son qoyulmuşdu. Etnik-siyasi, mədəni və iqtisadi
baxımdan sıx birləşmək üçün təbii
baza yaradan millətin formalaşmasının ən
mühüm şərtlərindən biri olan etnik ərazinin
bütövlüyünün parçalanması azərbaycanlıların
etnik-siyasi birləşməsi prosesini heç şübhəsiz,
müəyyən dərəcədə ləngitmişdi.
Başqa sözlə desək, rus hakimiyyət orqanları bu
prosesin gedişində dünyanın özü qədər qədim
olan "Parçala və hökm et!"
şüarını həyata keçirmək
üçün bütün vasitələrdən istifadə
edirdi.
Eldar Əzizov
Ədalət.- 2011.- 9 fevral.- S. 6.