Milli soyad sonluqları ictimai müzakirədə
Dünən "Azərbaycan-türk
ocağı" mətbuat mərkəzində Azərbaycan
Dil Qurumunun (ADQ) təşəbbüsü ilə "Soyad
sonluqları ictimai müzakirədə" mövzusunda
elmi-praktik konfrans keçirildi. Tədbiri giriş sözü
ilə açan ADQ-in sədri, millət vəkili Sabir Rüstəmxanlı
20 ildir müstəqil olan Azərbaycan Respublikasında soyad
sonluqlarının milli kimlik göstəricisinə
çevrilməməsindən narahatlığını dilə
gətirdi.
O qeyd etdi ki, bununla
bağlı bir neçə dəfə Milli Məclisdə təkliflərlə
çıxış edib və hətta qanun layihəsi də
hazırlayıb. Ancaq müxtəlif səbəblərdən
qanunun qəbulu gecikdirilir: "Bəzən bunu vətəndaşların
rəsmi qeydlərində anlaşılmazlıqların
yaranması, bəzən də soyadını dəyişən
şəxslərin diplomunda, digər sənədlərində
dəyişikliklərin təsdiqlənməsi çətinliyi
ilə izah etdilər. Ancaq soyadların dəyişilməsi
heç bir halda sərbəst qaydada həyata keçirilə
bilməz. Bu, siyasi addımdır və dövlətin siyasi
iradəsi ilə tənzimlənməlidir. Alim və
ziyalıların öhdəsinə də qala bilməz, onda
elm adamları illərlə müzakirələr aparıb
müxtəlif elmi-nəzəri əsaslar tapacaqlar və bu
iş yenə uzanacaq".
Bu mənada S.Rüstəmxanlı
Milli Elmlər Akademiyasının qanun layihəsinə təkliflərini
də elə bu cür də qiymətləndirdiyini bildirdi. AMEA-nın
təkliflərində ciddi çatışmazlıqların
olduğunu söyləyən millət vəkili qeyd etdi ki,
soyad sonluqlarını 7-8 növdə qruplaşdırmaqdansa,
konkretləşdirmək yaxşı olardı: "Zadə"
sonluğundan istifadə isə ümumiyyətlə qəbul
edilməməlidir. Çünki bu sonluq milli
deyil".
"Milli soyad sonluqları:
dünəni, bu günü və sabahı" mövzusunda məruzə
edən "Yeddi dövlət, bir millət" Konseyinin
başqanı Azər Həsrət soyadlarla bağlı tarixi ənənələr
və soyad seçiminin kateqoriyaları ilə bağlı məlumat
verdi: "Tarixən soyadlar nəsil, yer adı, peşə və
taxma ad (sonradan qazanılan və ya götürülən)
olmaqla 4 kateqoriyaya bölünüb". Türkiyə təcrübəsi
ilə paralellər aparan Azər Həsrət Azərbaycan
Milli Elmlər Akademiyasının "zadə" təklifini
anlamadığını söylədi: "Özünü
"milli" adlandıran bir elm ocağı fars mənşəli
"zadə" sonluğunu necə təklif edə bilər?"
A.Həsrət
"qızı" sonluğuna da münasibət bildirdi:
"Soyad qəbul olunduqdan sonra bu ad bir nəsli əhatə
edir. Necə ola bilər ki, bir ailədə biri
"qızı", digəri "oğlu" olsun?"
Yazıçı-kulturoloq
Aydın Xan soyad sonluqlarının konkret olmasının
vacibliyini önə çəkdi: "Soyad
sonluqlarının çoxluğu Gürcüstanın
90-cı illərdə yaşadığı problemlərlə
qarşılaşmağımız deməkdir".
Daha sonra
çıxış edən ziyalılar və ictimaiyyət
nümayəndələri də soyad sonluqlarının
mümkün qədər az və milli olmasının
vacibliyini vurğuladılar. Sonda qərara alındı ki, Azərbaycan
Dil Qurumu səslənən təkliflərlə bağlı
Milli Məclisə müraciət etsin.
Nilufər
Ədalət.- 2011.- 10 fevral.- S. 3.