Azərbaycan-Litva biznes-forumu keçirildi
Bakıda Azərbaycan-Litva
biznes-forumu işə başlayıb. "APA-Economics"in xəbərinə
görə, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi,
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun ("Azpromo"nun) təşkilatçılığı
ilə keçirilən tədbirdə çıxış
edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov
iki ölkə arasında əlaqələrin bütün
istiqamətlərdə inkişaf etməsini yüksək qiymətləndirib.
Onun sözlərinə
görə, iki ölkə arasında ticarət dövriyyəsi
yüksələn xətlə inkişaf edir: "Azərbaycan
və Litva arasında qeyri-neft sektorunu inkişaf etdirmək
üçün böyük imkanlar mövcuddur. Əminəm
ki, biznes-forumda aparılan müzakirələr gələcəkdə
iki ölkə arasında birgə müəssisələrin
yaradılmasına, qarşılıqlı investisiya
yatırımına, ticarət dövriyyəsinin artmasına
və iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın
inkişaf etdirilməsinə imkan yaradacaq".
Azərbaycanın
iqtisadi uğurlarından danışan spiker ölkəmizin
regionda lider mövqedə olduğunu bildirib: "Son 10 il ərzində
ölkənin dövlət büdcəsi 15 dəfəyə qədər
artıb, valyuta ehtiyatları 30 mlrd. dollara çatıb".
Litva Seyminin sədri xanım İrena Dyaqutene qeyd edib ki,
biznes-forum iki ölkə arasında mövcud əlaqələri
dərinləşdirəcək, Litva biznesinin Azərbaycanda
genişlənməsinə imkan yaradacaq: "Son iki ildə
ölkələrimiz arasında ticarət dövriyyəsi 30%
artıb, lakin bu göstəricini artırmaq üçün
geniş imkanlar var".
İnformasiya
texnologiyaları, ətraf mühitin qorunması və qida sənayesi
sahəsində Litvanın böyük təcrübəyə
malik olduğunu bildirən spiker bu təcrübəni Azərbaycanla
bölüşməyə hazır olduqlarını bildirib:
"Biznes-forumda Litvanı tikinti, İKT, tekstil, tibb, kənd təsərrüfatı,
energetika və təhsil sahələrində
çalışan şirkətlər və qurumlar təmsil
edir. Artıq Litvanın 9 ali məktəbində azərbaycanlı
tələbələr təhsil alır və onların
hamısı ödənişdən azad olunub".
Ədalət.- 2011.- 10 fevral.- S. 5.