1905-1906-cı illərin erməni-azərbaycanlı münaqişəsi "Difai" partiyasının yaranmasının əsas səbəbi kimi

 

(Əvvəli ötən saylarımızda)

 

Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur. Həmin siyasətin həyata keçməsində erməni amilinə imperiyanın regionda sosial dayağı və müsəlman dövlətləri olan Türkiyə və İrana qarşı mübarizə xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət nəticəsində XX əsrin əvvəlində erməni-azərbaycanlı ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq, açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı əhalinin erməni terrorundan qorunmasında "Difai" Partiyasının rolunu obyektiv və əsaslandırılmış şəkildə işıqlandırılması zərurəti müasir dövrdə bu araşdırmanın əhəmiyyətini və aktuallığını şərtləndirir.

Cənubi Qafqazda erməni-azərbaycanlı antaqonizmi uzun dövr ərzində inkişaf etmiş, XIX əsrin axırları - XX əsrin əvvəllərində dini və mədəni ziddiyyətlər çərçivəsindən çıxaraq mürəkkəb və çoxşaxəli problemə çevrilmişdir. Tarixçilərin əksəriyyəti bu fikirlə razılaşır ki, həmin dövr ərzində ermənilərin Rusiyanın hakim dairələrinin himayəsi altında olan imtiyazlı qrup kimi qəbul edilməsi ilə yanaşı, iqtisadi və sosial münasibətlər də onların azərbaycanlılarla münasibətlərini təyin edən mühüm amillər idi.

Əvvələn, XIX əsrin ikinci yarısında təşəkkül etməyə başlamış Azərbaycan burjuaziyası həm maliyyə baxımından, həm də özlərinin Rusiya və beynəlxalq kapital ilə əlaqələrinə görə məlum səbəblərdən imtiyazlı erməni burjuaziyasından zəif idi. Azərbaycanlı kapitalistlərin əksəriyyəti sahibkarların birinci nəslinə mənsub idi. Onların öz həyat tərzinin çox cəhətlərinə görə əvvəllər mənsub olduqları təbəqənin ənənələrinin hələ də təsiri altında idilər. Azərbaycanın iqtisadi inkişafı qeyri-müntəzəm cərəyan edir, sənaye isə əsasən Bakıda və bəzi qəza mərkəzlərində çox zəif formada cəmləşmişdir. Buna görə də milli burjuaziya əsasən Bakıda formalaşır, ölkənin bir sıra bölgələri və rayonları bu prosesdən kənarda qalırdı. Lakin hətta milli burjuaziya təbəqəsinin formalaşdığı hədlər daxilində də onun mövqeləri kifayət qədər möhkəm deyildi və başqa milli qrupların, ilk növbədə erməni burjuaziyasının təzyiqi daim hiss edilirdi. Bu fikri təsdiqləmək üçün rəqəmlərə müraciət edək. Belə ki, XX əsrin əvvəllərində Bakıda mövcud olan 167 neft şirkətindən yalnız 49-u və ya 29,3%-i, özü də əsasən kiçik ölçülü şirkətlər azərbaycanlıların əlində olduğu halda işləri uğurla gedən erməni ailələri - mirzoyevlər, qukasovlar, mayılovlar, lianozovlar, aramyanslar, tavetosyanlar, mantaşevlər və başqaları iri və orta müəssisələrin 55-nə və ya 32,9%-nə nəzarət edirdi. Ümumi neft hasilatında Azərbaycan firmalarının xüsusi çəkisi cəmi 3,2% təşkil edirdi. 1900-cu ildə Bakı quberniyası ərazisində fəaliyyət göstərən 115 sənaye şirkətindən 29%-i ermənilərə və yalnız 18%-i azərbaycanlılara məxsus idi. Şərabçılıq, balıq emalı, tütünçülük, un dəyirmanları, çəltiktəmizləmə istehsalatı, Naxçıvan duz mədəni kimi sahələrdə erməni kapitalı Azərbaycan kapitalı ilə müqayisədə daha güclü mövqeyə malik idi. İşçi qüvvəsində də oxşar vəziyyət müşahidə olunurdu. Bakıda bütün əməkçilərin 17,5%-ni təşkil edən ermənilər yüksək ixtisas tələb edən vəzifələrin 25%-ni tuturdu, halbuki aşağı maaşlı, ixtisassız fəhlələrin əsas hissəsi (70%-dən çoxu) müsəlmanlar - azərbaycanlılar, ləzgilər, farslar və Volqa tatarları idi. Onların ümumi sayının 4,83%-i bu təbəqəyə aid idi. Ermənilər həm də Zaqafqaziyada urbanizasiyaya ən çox meylli xalq idi - onların 39%-i şəhərlərdə yaşayırdı.

İqtisadi amillərə onu da əlavə edək ki, senator Kuzminskinin yazdığı kimi, müsəlmanların dilinə, dininə, adət və ənənələrinə qarşı lap əvvəldən ən yabançı, heç bir assimilyasiyaya uyğun gəlməyən və əllərinə silah götürüb öz xüsusiyyətlərini qorumağa meylli xalq kimi etimadsız münasibət yaranmışdı və bu münasibət davam edirdi. Hökumətin müsəlmanlara bu münasibəti əsasən ermənilərin fəaliyyətinin nəticəsi idi və onların (ermənilərin. - Müəllif) Cənubi Qafqazda üstün mövqe qazanmalarına əlverişli şərait yaratmışdı.

İkincisi, Azərbaycan ruhanilərinin yuxarı təbəqəsi, həmçinin patriarxal müsəlmanların nəzərində böyük nüfuz sahibi olan mülkədar-bəylər ümumiyyətlə, inqilabi sarsıntılarla maraqlanmışdılar. Milli ideya onların şüuruna hakim kəsilməmişdi. Onlar hadisələrə daha realist mövqedən yanaşır və belə hesab edirdilər ki, çar hökumətinin bütün mürəkkəbliklərinə baxmayaraq, nəticəsi məlum olmayan çaxnaşma və üsyanlardansa, hər halda bu hökumətlə yanaşı mövcud olmaq yaxşıdır.

Üçüncüsü, müsəlman ruhanilərinin strukturunda Eçmiədzini və katolikosun hakimiyyətini azacıq da olsa xatırladan təşkilat yox idi. Bu vəziyyətin səbəbləri bir tərəfdən islamın daxili cərəyanlarının (sünnilik, şiəlik) tərəfdarlarının tarixi ziddiyyətləri ilə əlaqədar idisə, digər tərəfdən bu, çar hökumətinin müsəlman ruhanilərinə münasibətdə yürütdüyü siyasətin nəticəsi idi. Hakimiyyət bu siyasəti müsəlman regionlarında rus siyasətinin mühüm obyekti və vasitəsi hesab edir, buna görə də həmişə bu məsələyə diqqət yetirirdi. Hökumət bunu nəzərə alaraq, müsəlman ruhaniləri mühitində korporativ ruhun möhkəmlənməsinə hər vasitə ilə müqavimət göstərirdi. 1872-ci ildən Cənubi Qafqazda şiə və sünni müsəlmanların işləri üzrə iki ayrıca idarənin rəsmən mövcud olması, din xadimlərinin dövlət qulluqçularına çevrilməsi buna ən yaxşı misaldır. Həmin idarələr din xadimlərini əslində dövlət qulluqçularına çevirmiş və şəriət məhkəmələrinə faktiki son qoyulmuşdur. Başda müfti və şeyxülislam olmaqla iki ruhani idarəsinin yaradılması ruhanilərə nəzarəti gücləndirməklə yanaşı sünni-şiə ayrıseçkiliyini gücləndirmək məqsədi güdən ənənəvi imperiya siyasəti idi. Bu siyasət şiə və sünni məzhəbi müsəlmanların mədrəsələrdə də ayrı-ayrılıqda təhsil almalarına tətbiq edilirdi. Hökumət Türkiyədən və İrandan yadelli ruhanilərin ölkəyə gəlməsinə mane olurdu. Bu məsələ ilə əlaqədar rəsmi mövqeyini ifadə etmiş canişin Vorontsov-Daşkov qeyd etmişdir ki, bu yadelli mollalar öz moizələrində əhaliyə antirus ideyaları təlqin edirlər. Buna görə də, onun fikrincə, mollaları rus təhsil müəssisələrində öyrətmək lazım idi ki, onlar rusların ağalığına və hakimiyyətinə qarşı yönəlmiş ideyaları yaymaq əvəzinə hakimiyyətin əlində vasitə olsunlar.

Nəhayət, hakimiyyət orqanları müsəlman əhali arasında ruhanilərin fəaliyyət dairəsini imkan daxilində məhdudlaşdırır, nüfuzlu ruhanilərin maddi maraqlarını hökumətə qulluq etməklə birləşdirmək yolu ilə onları hökumətdən bilavasitə asılı vəziyyətə salmağa çalışır, ruhanilərə və ruhani müəssisələrə ciddi nəzarət tətbiq edirdi. Ümumiyyətlə, deyə bilərik ki, çarizm öz məqsədlərini reallaşdırmaq üçün xalq arasında kifayət qədər nüfuza malik olmayan, müstəmləkəçiliyə qarşı mübarizəsində birləşdirici, yaxud heç olmasa fəal rol oynaya bilməyəcək müti ruhani təbəqəsini yetişdirməyə nail olmuşdu.

Müsəlman ruhanilərindən fərqli olaraq Eçmiədzin əsrlər boyu ermənilər üçün dövləti əvəz etmişdi. O, təkcə dini başlanğıcın deyil, həm də əsasən milli erməniliyin rəmzi, ermənilərin sosial mövqeyindən və siyasi oriyentasiyasından asılı olmayaraq böyük ümidlər bəslədiyi cəlbedici mərkəz idi. Erməni teokratiyasının rolunu Veliçko daha dəqiq qiymətləndirmişdir: "Uzun əsrlər boyu ermənilərin mərkəzi orqanı ayrıca bir forma kəsb edən, yarımgizli dövlətçilik rəmzi olan erməni teokratiyası olmuşdur və indi də belədir. Zahirən kilsə olan bu teokratiya mahiyyət etibarilə ilk növbədə gizli siyasi vəzifələri çox vaxt dini vəzifələrindən üstün tutan "milli" müəssisədir. Əlbəttə, məbəd kimi deyil, ümumi məqsədlər ətrafında birləşən ermənilərin toplusu olan bu kilsə əksər hallarda gah birja, gah da siyasi və başqa məqsədli müşavirələr keçirilən yerdir. Beləliklə, Eçmiədzinin əsas fəaliyyət istiqaməti təkcə dini mərasimlər deyil, həm də siyasi fəaliyyət olmuşdur.

Dördüncüsü, XX əsrin əvvəllərində Azərbaycanda milli birlikdən daha çox dini birlik barədə söhbət aparmaq olardı. Azərbaycan etnosunun xeyli hissəsi özünü türk etnik sosiumu ("millət") olmaqda daha çox müsəlman birliyi ("ümmət") kimi dərk edirdi. Digər tərəfdən azərbaycanlı əhalinin geniş kütlələri uzun illər boyu ermənilərdən fərqli olaraq geniş əhatəli millətçi təşviqatla ehtiva edilməmişdi. Buna görə də XX əsrin əvvəllərində Azərbaycan etnosu üçün etnik-siyasi konsoldiasiya səviyyəsinin nisbətən aşağı olması səciyyəvi hal idi, çünki dini və regional mənsubluq hissələri etnik identifikasiyadan daha güclü idi. Bu vəziyyət Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri - islamın hökmranlığı və ölkədə siyasi birliyin olmaması ilə şərtlənmişdir. Eyni zamanda yerli və regional şüurdan ümumazərbaycan mənlik şüuruna doğru təkamül, siyasi fəallığın artması prosesi heç də müntəzəm deyildi.

XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlinə aid çoxsaylı rəsmi sənədlərdən göründüyü kimi, 1905-ci ilin fevralında Bakıda qanlı münaqişənin başlaması ərəfəsində şəhərin azərbaycanlı əhalisi tərəfindən ermənilərə qarşı fəallıq və inqilabi fəaliyyət müşahidə olunmamışdır. Məsələn, hərbi qubernatorun 1860-cı ilə aid hesabatında göstərilirdi ki, Bakıda hamı muti, qeyri-adi əməksevər olması ilə fərqlənir. Onlar, demək olar ki, heç vaxt bayramları qeyd etmir, il boyu təsərrüfatla, arabalarda ağır yüklər daşımaq və muzdlu işlərlə məşğul olurlar. Müsəlmanlar arasında qarətçilik yoxdur, cinayətlər nadir hallarda baş verir, lakin dini məsələlərdə qonşu dövlətin təsiri altında fanatizmə meyllidirlər. Bakı qubernatoru Kolbakinin 1869-cu il üçün hesabatında deyilir: "Tatarlar hakimiyyəti əzici, sərt və amansız bir qüvvə kimi başa düşür, lakin ona ehtiram bəsləyirlər. Hakimiyyət ədalətli olduqda, şüurlu şəkildə ona tabe olurlar. İtaət göstərməmək hallarına az-az rast gəlinir. Əksəriyyəti aza qane, xeyirxah, itaətkardır. Öz həmməzhəblərinin xeyrinə xristianlara qarşı yalandan şahidlik edə bilərlər, lakin bu hərəkət üzürlü sayılır. Ayrı-ayrı şəxslər tənbəllikdən qarətlərə meyl edirlər. Lakin bu, müstəsna hallarda baş verir".

Nəhayət, 1905-ci ilin qanlı fevral hadisələrindən az sonra Bakı quberniyasında araşdırmalar nəticəsində toplanmış məlumatlar əsasında hazırlanmış hesabatda deyilir: "1902-1905-ci illərdə Bakı rayonunda siyasi işlər üzrə yalnız bir müsəlman cəlb edilmişdir" (həmin şəxs "Hümmət" partiyasının banilərindən biri olan Mirhəsən Mösümov idi. - Müəllif).

Senator Kuzminski təftiş zamanı belə məlumatlar da əldə etmişdir ki, yerli inqilabi təşkilatlar müsəlmanları inqilabi hərəkata cəlb etmək üçün dəfələrlə cəhd göstərmiş, lakin bu cəhədlərin heç bir səmərəsi olmamışdı. Bəzi hallarda isə müsəlmanlar tərəfindən müqavimətlə qarşılanmışdır. Məsələn, 1904-cü il aprelin 16-da və 17-də Bakı şəhərində rus və Azərbaycan dillərində "müsəlman cəmiyyəti" adından proklamasiya yayılmışdır. Müsəlman kütlələrinin bu cür cəhdlərə münasibətlərini izah edən və bütün millətlərdən olan fəhlələrə ünvanlanmış bu proklamasiyada bəyan edilir ki, müsəlmanlar hökumətə qarşı hər hansı nümayişlərdə iştirak etmək istəmir və əgər buna onları zorla məcbur etsələr, onlar açıq-aşkar hökumətin tərəfinə keçəcəklər.

 

(ardı var)

 

 

Eldar Əzizov

 

Ədalət.- 2011.- 10 fevral.- S. 6.