Etiraf
Onda hələ
mən yoxuydum,
Atam vardı,
anam vardı,
Üç bacım
vardı...
Məndən yoxuydu bir soraq –
Anamın ürəyinə
dammışdı
oğlan doğacaq.
Əlləri qoynunda,
mən də boyunda
Anam məni gözləyirdi.
Bir gün
dünyaya gəldim,
Bir balaca otaqda doğuldum
Deyirlər ki,
onda belə
deyildim,
Onda yaman oğuldum.
Böyüdüm,
ayaq açdım,
Bir balaca otaqdan
dünyanın içinə
sarı qaçdım,
Durnaların köçünə sarı
qaçdım.
Anama əl etdim,
anam gəl
- gəl etdi.
Şəhərə gəldim,
uddu məni,
şəhər uddu –
Şəhər qızlarının
gözləri oddu - oddu...
İndi mən
"Biri varıymış,
biri yoxuymuş
nağılında
"Ay baba
fit ver" oyununda
Anamsa
iyirmi
bir il bundan
əvvəl ,
Necə gözlərdisə
məni
Əlləri qoynunda
–
eləcə də gözləmədə...
***
Bir üzüm
tanrıya sarı,
Bir üzüm
qəlbimdəki ağrıya
sarı...
Şairlər deyir ki, dərd yaxşı
şeydir,
Dərd ara verəndə olur dərdyarı.
Qayıdım bu yoldan, necə
qayıdım?
Qorxuram yollara yenə dərd yağa.
Qayıdıb bu yoldan baş qoyacağam,
Babam Mirzə oğlu yatan torpağa.
Elə həmin
yerdə bir şer yazıb,
Özümdən sonraya saxlayacağam.
Sonra da, sonra da göz
yaşlarımla
Mən öz günahımı yuyurmuş
kimi
Şerimi, özümü ağlayacağam.
Qayıdıb, hər
şeydən qayıdıb
Qayıdım gecənin
sevgilərindən
Qayıdım gündüzün
qış yuxusundan
Qayıdım keçilmiş
cığırdan, izdən
Qayıdım bir azca sığallı sözdən
Qayıdım atamın
oğlu kimi mən
Özümə oxşayan
şerlər yazım,
Yazım ilk şerimi
torpaq rəngində
Atama oxşasın!
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 10 fevral.- S. 7.