"Bioetika: sənədlər, terminlər"
kitabı təqdim edildi
Aytən Mustafayeva: "Vətəndaşların
bioetika ilə bağlı məlumatı azdır"
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) İnsan Hüquqları
İnstitutunda "Bioetika: sənədlər, terminlər"
kitabının təqdimatı keçirilib. APA-nın məlumatına
görə, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və
UNESCO-nun Bioetika kafedrasının Azərbaycan bürosu ilə
birlikdə keçirilən tədbirdə
çıxış edən İnsan Hüquqları
İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, hər bir
dövlət elmin əldə etdiyi nailiyyətlərə
hüquqi-elmi aspektdən yanaşmaqda, öz vətəndaşlarının
maraqlarını, hüquqlarını qorumaqda
maraqlıdır. Bu baxımdan ölkədə müvafiq
qanunvericilik və normativ hüquqi aktların işlənib
hazırlanmasına ehtiyac var.
A.Mustafayeva deyib ki,
hazırda rəhbərlik etdiyi qurumda bioetika və tibbi
hüquq üzrə tədqiqatlar aparılır. Azərbaycan
qanunvericiliyində bu sahələrlə bağlı
çoxlu boşluqların olduğunu söyləyən
institut direktoru ölkə vətəndaşlarının
bioetika ilə bağlı məlumatının da azlığına
diqqət çəkib. O, bioetika və tibbi hüququn yeni bir
elm növü kimi Ali Attestasiya Komissiyasında qeydiyyatdan
keçdiyini nəzərə çatdırıb. Bundan sonra
bu istiqamətdə aparılan elmi işlər,
araşdırmalar daha da sürətlənəcək. Beynəlxalq
qanunvericilikdən istifadə edilərək bioetika və tibbi
hüquq sahəsində milli qanunvericilik bazası
hazırlanacaq. Ölkədə fəaliyyət göstərən
ali məktəblərdə bioetika kafedraları yaradılacaq.
Artıq bununla bağlı institut Təhsil Nazirliyi ilə
müqavilə bağlayıb.
Ədalət.- 2011.- 10 fevral.- S. 7.