Fransa Senatının nümayəndələri Şəkidə oldu

 

Fransa Senatının nümayəndə heyəti Şəkidə olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumatda bildirilir ki, Natali Qulenin rəhbərlik etdiyi Fransa Senatının nümayəndə heyəti Respublikamıza səfəri çərçivəsində dünən Şəkidə olub. Şəkiyə səfəri çərçivəsində Fransa Senatının nümayəndə heyəti Şəki şəhər İcra hakimiyyətinin başçısı Murad Cabbarlı ilə görüş keçirib.

Görüş zamanı Şəki ŞİH başçısı Murad Cabbarlı ölkələrimiz arasında əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyini bildirib, Şəki şəhərinin tarixi və mədəniyyəti barədə ətraflı məlumat verib. Fransa senatının nümayəndə heyətinin rəhbəri Natali Qule öz növbəsində səmimi qəbula görə, Murad Cabbarlıya nümayəndə heyəti adından minnətdarlıq bildirib. Natali Qule görüş iştirakçılarına Fransanın tarixi və mədəniyyəti haqqında məlumat verib. Natali Qule bildirib ki, Şəkiyə səfərin məqsədi Azərbaycanda bölgələrin sosial-iqtisadi inkişafı ilə tanış olmaq və bölgələrlə gələcəkdə əməkdaşlığın perspektivləri barədə ətraflı məlumat əldə etməkdən ibarətdir. Görüşdə Fransa Senatının aqrar məsələlər üzrə komissiyasının üzvü çıxışında bildirib ki, ölkəsi gələcəkdə Şəki ilə kənd təsərrüfatı, xüsusilə heyvandarlıq sahəsində əməkdaşlığın yaranmasında maraqlıdır. Görüşün sonunda Murad Cabbarlı Fransa Senatı nümayəndə heyətinin üzvlərinə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edib.

Görüşdən sonra Fransa Senatının nümayəndə heyəti Şəki şəhərinin görməli yerlərini gəzib, 1789-1790-cı ildə Məhəmmədhəsən xan tərəfindən tikdirilmiş Şəki Xan sarayında olub, "Şəki Aqro İndastri" MMC-nin süd emalı zavodunda istehsal prosesi ilə yaxından tanış olublar.

 

 

Ədalət.- 2011.- 11 fevral.- S. 2.