Mübariz Əhmədoğlu:
"İran Azərbaycanı özbaşına və ya ABŞ və İsrailin sözü ilə Şuşasız qoyub - bu artıq
İrana aid məsələdir"
"İran İslam Respublikasının Azərbaycandakı
səfiri Məhəmmədbağır
Bəhraminin İranın
vasitəçilik missiyası
ilə Şuşanın
işğal olunması
arasında əlaqəni
görməsi təqdirəlayiqdir.
Səfirin 1992-ci ildə Şuşanın
işğal olunmasını
Amerika və İsrailin rolu ilə əlaqələndirməsinə
də etiraz edə bilmərik. Çünki öz dövlətinin keçmiş
və indiki rəsmi mövqeyi ona daha yaxşı
bəllidir. Şuşa
İranın vasitəçiliyi
ilə işğal olunub, Azərbaycan İranın hesabında Şuşasız qalıb, İran Azərbaycanı özbaşına
və ya ABŞ və İsrailin sözü ilə Şuşasız qoyub - bu, artıq İrana aid məsələdir. Başqa
sözlə, Şuşanı
oğurlatdıran əl
"İran" əlidir.
İndi İran deyir ki, mənim
əlimə göstərişi
ABŞ və İsrail
verib".
APA-nın məlumatına
görə, bu fikirləri Siyasi İnnovasiyalar və
Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu
deyib. O bildirib ki, 1992-ci ildə ABŞ və yəhudi faktoru hər
ikisi ermənilərin əlində idi: "Güclü erməni
diasporunun olduğunu, ABŞ-da lobbiçilik idarəetmə
sisteminin mövcudluğunu Azərbaycanda çox az adam bilirdi.
Amma ermənilər bunu nəinki bilirdilər, hətta istifadə
edirdilər. 1989-cu ildə hələ Sovet İttifaqı
mövcud ikən ABŞ Konqresi iyun və noyabr aylarında
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı iki qətnamə qəbul etdi. Qətnamə erməniləri
müdafiə etməklə yanaşı, həm də yəhudi
elementini də gündəliyə gətirdi. Guya azərbaycanlılar
Dağlıq Qarabağda ermənilərlə birlikdə yəhudiləri
də qırırlar. Bu qətnamələr göstərir ki,
yəhudi elementi Dağlıq Qarabağ münaqişəsinə
ermənilərə fayda verən faktor kimi ermənilər tərəfindən
gətirilir. 1992-ci ildə ABŞ Konqresi Azərbaycana zərbə
vuran daha bir sənəd - "Azadlığa dəstək
aktı"na 907-ci düzəlişi qəbul etdi. O zaman
Konqresin 70 faizi yəhudi və yunan lobbisinin təsiri
altında idi. Hər ikisi ermənilərin xeyrinə işlədilər".
Mübariz Əhmədoğlu
qeyd edib ki, yəhudi lobbisinin vaxtilə hansı tərəfdə
olduğu artıq bəllidir və İranın nəyə
görə yəhudilərin sözünə qulaq asması da
İranın özünə aid məsələdir: "Azərbaycan
Şuşanın işğalından sonra Rusiya ilə ABŞ
kimi İranın da ermənilərə dəstək verdiyini
gördüyünə görə əlavə qüvvə
axtarmağa başladı. Ermənilərin yəhudi siyasəti
ifşa olundu, yəhudilər Dağlıq Qarabağ məsələsində
obyektiv mövqeli qüvvə kimi Azərbaycanın ədalətli
mövqeyinə dəstək verməyə başladı. Nəticə
göz qabağındadır. Vaxtilə, Dağlıq
Qarabağ ermənilərinə müstəqillik tələb
edən, Azərbaycana qarşı sanksiya tətbiq edən
ABŞ bu gün Dağlıq Qarabağı və onun ətrafındakı
7 rayonu ermənilər tərəfindən işğal
olunmuş Azərbaycan ərazisi kimi tanıyır. Hələ
İran Azərbaycanın ərazisi ilə bağlı belə
açıq fikir bildirməmişdir. Bu, yəhudi lobbisinin
gördüyü işdir. Ona görə, rəsmi Tehran
"yəhudi" və ya "İsrail"
sözünü "Rusiya" ilə əvəzləsə,
daha düzgün olar. İranın vasitəçilik
missiyasını pozan, İranın vasitəçilik
missiyasına razılıq verdiyinə görə, Azərbaycanı
cəzalandıran ABŞ və Rusiya oldu".
Politoloq deyib ki,
Şuşanın işğalından sonra ABŞ və Rusiya
İranı Ermənistana kömək etməyə məcbur
etdilər: "İran bu günədək Ermənistana
yardımla bağlı ABŞ və Rusiyanın birgə əmrini
yerinə yetirir. ABŞ və Rusiyanın belə əmr verməsinə
səbəb isə İranın təbirincə, masonlar səbəb
ola bilərlər. Şuşanın işğalından 20 il
keçməsinə baxmayaraq, bu gün də İran İslam
Respublikası ABŞ və Rusiyanın əmrindən
çıxa bilmir, bəlkə də, çıxmaq istəmir.
Bu məsələ ermənilər üçün indi də
prinsipialdır. Ermənilər İranı Rusiya və
ABŞ-ın məngənəsinə İranın ən
ağıllı, ən savadlı və ən hiyləgər
prezidenti hesab olunan Rəfsəncaninin dövründə sala
bildilər. Bu işdə mühüm rolu olan erməni Papazyan
sonradan Ermənistan xarici işlər naziri vəzifəsinədək
yüksəldi. Rusiya, ABŞ və Ermənistan birləşib
İranın vasitəçilik missiyasını iflasa
uğratdılar".
Mübariz Əhmədoğlunun
fikrincə, İranın vasitəçilik missiyasına
razılıq vermiş Azərbaycanı Şuşasız
qoymaqla cəzalandırdılar: "İran göstərişi,
hadisələrin gedişini başa düşdü, əmri
yerinə yetirməyə başladı, Ermənistana dəstək
verdi. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı
20 faiz torpaqdan məhrum edib, onun ərazi
bütövlüyünü qayçılayıb. İranın
qonşuluğunda ağzı açıq vəziyyətdə
dayanan bu qayçı nə vaxtsa İranın ərazi
bütövlüyünü qayçılayacaq. İran səfirinin
geniş tədqiqat aparmaq təklifini nəzərə alaraq,
bu mövzunu da davam etdirəcəyik. ABŞ Konqresinin qətnamələrinin
mətnini ona göndərəcəyik".
Ədalət.- 2011.- 11 fevral.- S. 4.