Beynəlxalq Böhran Qrupu nəhayət haqqa gəldi
Beynəlxalq Böhran Qrupu (İCG) "Ermənistan-Azərbaycan
- müharibənin qarşısı
alınmalıdır" adlı
33 səhifəlik məruzə
yayıb. Qrup bəyan edir
ki, Dağlıq Qarabağ münaqişəsi
zonasında ermənilərin
tutduqları mövqelər,
konfliktin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar
prosesindəki ləngimə
və s. səbəblər Azərbaycanla
Ermənistan arasında
yeni müharibənin başlanma ehtimalını
artırır.
İCG ekspertlərinin
fikrincə, Ermənistan hərbi potensialını
artırır və bu, münaqişə tərəfləri
arasında yeni hərbi əməliyyatların
başlayacağı təqdirdə, nəticələrin
1992-1994-cü illər müharibəsi ilə müqayisədə
daha ciddi olması ilə nəticələnə bilər.
Bununla bağlı olaraq
Beynəlxalq Böhran Qrupu ABŞ, Avropa Birliyi, Rusiya və
Türkiyəni belə bir ssenarisinin reallaşmasının
qarşısını almaq üçün müvafiq tədbirlər
görməyə çağırıb.
Sənəddə
maraqlı məqamlar çoxluq təşkil edir ki, onlardan da ən
başlıcası İCG-nin Dağlıq Qarabağ
münaqişəsini nisbətən obyektiv dəyərləndirməsidir.
"Dağlıq
Qarabağ əhalisi hazırda ermənilərdən ibarət
olan ərazidir. Erməni separatçılar 1990-cı illərin
əvvəlində, Azərbaycan SSRİ-nin tərkibindən
çıxandan az sonra "müstəqillik"lərini bəyan
ediblər. Bundan sonra 35 min insanın ölümünə, 1
milyondan artıq insanın evsiz-eşiksiz qalaraq qaçqın
və məcburi köçkünlərə dönməsinə
səbəb olan dördillik müharibə olub. Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması ilə
bağlı səylər hələlik heç bir nəticə
verməyib. Münaqişə zonasında gərginlik yüksək
olaraq qalır", - kimi fikirlər məruzədə əsasını
tapır.
Həmçinin məruzədə
qeyd edilir ki, qızğın silahlanma, cəbhədə
qarşıdurmaların güclənməsi,
qarşılıqlı ittihamlar və hədələr,
sülh danışıqlarının uğursuzluğu
regionda gərginliyi artırır. Bütün bunlar Ermənistan
və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda
müharibənin bərpa olunması ehtimalını
artırır.
BBQ-nin ekspertləri
bildirirlər ki, Ermənistan və Dağlıq
Qarabağdakı separatçı rejim işğal edilmiş
Azərbaycan ərazilərində ötən il 10-dan çox
kiçik və orta hərbi təlimlər keçirdi.
Noyabrda onlar Ağdam rayonunda tarixdə ən böyük təlimləri
keçirdilər.
"Ermənistanın
büdcəsi Azərbaycanla müqayisə olunmaz, amma Yerevan da
silahlanır. 2011-cu ildə ordunun büdcəsi 390 mln. dollar təşkil
edəcək. Ermənistan ikitərəfli saziş və
KTMT-yə üzvlük əsasında Rusiyadan Azərbaycana
nisbətən xeyli ucuz qiymətə silah ala bilər".
Ekspertlər hesab edirlər
ki, Azərbaycana böyük ziyan vurmuş, onun ərazisinin
işğalına səbəb olmuş hazırki status-kvo dəyişdirilməlidir.
Sənəddə təmas xəttində vəziyyətin gərginləşməsinə
toxunulur və 2010-cu ildə azı 25 nəfərin həlak
olduğu, bu ilin əvvəlindən bəri isə 3 əsgərin
güllələndiyi bildirilir: "Əraziləri
işğal altında qalmağa davam edən və
böyük miqdarda məcburi köçkünü olan Azərbaycana
böyük zərər verən mövcud status-kvonun dəyişməsi
üçün daha çox iş görülməlidir".
İCG hesab edir ki, tərəflər
münaqişənin dinc yolla həllinin əsas prinsipləri
haqqında sənəd imzalamalı və
qarşılıqlı etimadın qurulması, gərginliyin
azaldılmasına yönəlmiş tədbirlər həyata
keçirməlidir: "Rusiya bu münaqişədə
aparıcı vasitəçi olaraq tərəflərə
hücum silahları və hərbi texnika verməyə son
qoymalıdır. Digər dövlətlər də ATƏT və
BMT-nin tövsiyəsinə uyğun olaraq silah embarqosuna riayət
etməlidir".
Beynəlxalq Böhran
Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer bildirib ki,
sülh danışıqlarında tərəqqinin olmaması
yaxın bir neçə ildə müharibə
ehtimalını artırır: "Rusiya, ABŞ, Türkiyə
və Avropa Birliyi bu ssenarinin qarşısının
alınmasını öz prioritetinə çevirməlidir".
Onu da deyək ki,
sözügedən məruzəyə qədər heç də
xoşməramlı qarşılanmayan İCG-nin ortaya
qoyduğu yeni sənəd həqiqətə
yaxınlığı ilə fərqlənir. Təsadüfi
deyil ki, məruzədə Dağlıq Qarabağın
işğal olunmuş ərazi kimi təqdim edilməsindən
ermənilər sinirləniblər.
Sənəddə Ermənistanın
əsgərlərini Dağlıq Qarabağa göndərməməsi
təklif olunur. Ekspertlər bildirir ki, Ermənistan və
"Dağlıq Qarabağ rəhbərliyi"nin əməlləri
status-kvonu Azərbaycan üçün dözülməz
edir. İCG Ermənistanı Azərbaycan ərazilərinə
hərbçilərini yerləşdirməməyə, Azərbaycan
ərazilərinin adlarını dəyişdirməməyə,
birtərəfli arxeoloji qazıntılar aparmamağa
çağırıb.
Məruzədə Ermənistana
və xüsusilə də Dağlıq Qarabağdakı
separatçı rejimə ünvanlanmış mesajlar az deyil.
Ermənistan kütləvi
informasiya vasitələri, siyasətçilər və İrəvandakı
hakimiyyət mənsublarını narahat edən məqamlar da
elə bunlardır. Erməni siyasətçilərin fikrincə,
Beynəlxalq Böhran Qrupunun ekspertlərinin
hazırladıqları məruzə "İrəvana
aşkar təzyiq cəhdidir".
Ermənilər məruzədəki
bir çox açıqlamalardan narazı qalıblar. İrəvandakı
Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Yegişe
Manuçaryanın dediyinə görə, İCG Ermənistanın
hərbi potensialını sürəkli artırmasını
vurğulayaraq onların müharibəyə
hazırlaşdığını dünya ictimaiyyətinin
diqqətinə çatdırmaq fikrindədir: "Ümumiyyətlə,
regiona yaxşı bələd olmayan insan məruzəni
oxuyanda belə düşünə bilər ki, Ermənistan
işğalçıdır və indi də yeni müharibəyə
hazırlaşır. Məruzədəki bir çox iddialar
yanlış, hətta qərəzlidir".
Ermənistanda məruzə
ilə bağlı səslənən fikirlərin
istisnasız olaraq, hamısı bu məcrada olduğundan
geniş şərhlərə ehtiyac yoxdur.
Fakt budur ki, Ermənistanın
yeni müharibəyə hazırlaşdığını,
işğal etdiyi Azərbaycan ərazilərini azad etmək
fikrində olmadığı və ən başlıcası,
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla
nizamlanmasına yönəlmiş danışıqları hər
vəchlə yubatmağa, nəticəsiz qoymağa
çalışdığını Beynəlxalq Böhran
Qrupu etiraf etməklə yanaşı, xüsusi
vurğulayıb.
Yeri gəlmişkən
qeyd edək ki, Beynəlxalq Böhran Qrupunun (İCG) Qafqaz
üzrə proqramlar direktoru Lourens Şits də bunu təsdiqləyir.
"Biz müharibənin qaçılmaz olduğunu və ya
günü sabah hərbi əməliyyatların
başlayacağını demirik. Biz atəşkəs barədə
anlaşmanın imzalanmasından bəri keçən 17 il ərzində
danışıqların hələ də real nəticə
verməməsindən bəhs edirik. Bu il danışıqlar
prosesi xeyli pisləşib, yetərincə sərt bəyanatlar
verilib, atəşkəs rejiminin pozulma faktları xeyli
artıb. Bütün bunları da məruzəmizdə nəzərdən
keçirmişik. Bir sözlə, müharibənin
başlanma ehtimalını hesablamağa
çalışmamışıq. Sadəcə, istəyirik
ki, insanlara bu münaqişənin müəyyən zamanda
genişmiqyaslı müharibəyə çevrilə biləcəyini
insanlara xatırladaq", - L.Şits deyib.
Xatırladaq ki, "Beynəlxalq
Böhran Qrupu" mərkəzi ofisi Brüsseldə yerləşən
beynəlxalq, qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır.
Qurum bütün dünyada lokal, etnik və məhəlli
münaqişələrinin təhlili, habelə belə
konfliktlərin qarşısının alınması ilə məşğul
olur.
Nilufər
Ədalət.- 2011.- 11 fevral.- S. 4.