1905-1906-cı illərin
erməni-azərbaycanlı münaqişəsi "Difai"
partiyasının yaranmasının
əsas səbəbi kimi
(Əvvəli
ötən saylarımızda)
Müəllif bu
kitabında erməni millətçi təşkilatlarının
terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk
milli təşkilat "Difai" (Müdafiə)
Partiyasının yaradılması və fəaliyyəti
tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən
cəlb edilmiş zəngin faktiki materialın təhlili və
ümumiləşdirilməsi əsasında bu mövzunu
ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan
asılı olmadan işıqlandırmağa cəhd
edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti
erməni-azərbaycanlı ziddiyyətlərinin
yaranmasının ilkin tarixi şərtləri və səbəbləri
fonunda nəzərdən keçirilir. Çar
Rusiyasının XVIII əsrin birinci rübündən
başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu
ziddiyyətlərin əsasını qoymuşdur. Həmin
siyasətin həyata keçməsində erməni amilinə
imperiyanın regionda sosial dayağı və müsəlman
dövlətləri olan Türkiyə və İrana
qarşı mübarizə xristian forpostu rolu
ayrılırdı. Məhz bu siyasət nəticəsində
XX əsrin əvvəlində erməni-azərbaycanlı
ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq,
açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı
əhalinin erməni terrorundan qorunmasında "Difai"
Partiyasının rolunu obyektiv və əsaslandırılmış
şəkildə işıqlandırılması zərurəti
müasir dövrdə bu araşdırmanın əhəmiyyətini
və aktuallığını şərtləndirir.
Təəssüf ki, həmin
proklamasiyanın yaranma və yayılma mənbəyi
aydınlaşdırılmamışdır. Senator Kuzminski
müsəlmanların siyasi hərəkatda hər hansı
şəkildə iştirakdan boyun qaçırmasının
səbəbini onunla izah edir ki, onların kütləşmiş
şüurunda sədaqətli təbəəlik borcu kök
salmışdır. Bu şüur müsəlmanların etiqad
bəslədiyi dinin ehkamıdır. Həmin dinə görə
dövlətin başçısı ali vücuddur və xalq
onun istəyi ilə hesablaşmalı, onun buyruqlarını
yerinə yetirməlidir. Kuzminski yazır: "Lakin iddia etmək
olmaz ki, müsəlman kütlələri üçün
sosializm ideyaları və müxtəlif siyasi təlimlər həmişə
yad olacaqdır". Kuzminski bu nəticəyə gəlir ki,
1904-cü ilin dekabr ayında ("Mazut Konstitusiyası".
-Müəllif) və 1905-ci ilin mayında baş vermiş
üsyanda müsəlmanların kütləvi şəkildə
iştirak etməsi, bir tərəfdən, onlar
üçün açılan sosial hərəkat yolunun
birinci mərhələsidir, digər tərəfdən
müsəlmanlar arasında ictimai hərəkatın uğur
qazanması üçün əlverişli zəmin
yaradır.
Azərbaycanlıların
və ermənilərin sosial strukturlardakı fərqləri
iki icmanın siyasi mütəşəkkilliyinin müxtəlif
dərəcəsində, yəni siyasi partiyalar
yaradılmasında təzahür etmişdir. XX əsrin əvvəlində
Rusiya İmperiyasının milli siyasi partiyalarına ümumi
xarakteristika verərkən bir sıra mühüm məqamları
qeyd etməliyik. Əvvələn, ilk milli siyasi partiyalar
azadlıq hərəkatının qədim ənənələrə
malik olduğu regionlarda formalaşmağa
başlamışdır. İkincisi, bu partiyaların milli
xarakteri özünü onda göstərirdi ki, onlar partiya
prioritetləri sistemində imperiyanın gələcək
dövlət quruluşunun dəyişməsi
üçün birinci və zəruri şərt kimi milli məsələnin
həllini ön plana çəkirdilər. Rusiyanın milli
siyasi partiyalarının təşəkkülündə
milli dirçəliş ideyası həlledici olmasa da,
çox mühüm rol oynayırdı. Üçüncüsü,
liberal təmayüllü milli partiyalar əsasən mədəni
maarifçilik cəmiyyətlərində
yaranmışdırsa, sosialist təmayüllü milli
partiyaların əksəriyyəti o vaxta qədər
mövcud olan konspirasiya edilmiş dərnəklərdə
formalaşmışdır. Onların bir qismi bir tərəfdən
Avropaya, digər tərəfdən Rusiyaya xas olan liberal və
sosialist ənənələrin, ideya və
baxışların birbaşa təsiri altında
formalaşırdı. Nəhayət, xalqların sosiomədəni
ənənələrindən, milli regionların iqtisadi
inkişaf səviyyəsindən və etnosların həyatının
modernləşmə dərəcəsindən asılı
olaraq, milli siyasi partiyaların təşəkkülü
prosesində Avropanın və ya Rusiyanın təsiri daha
çox və ya daha az rol oynayırdı. Rusiyada birinci
inqilaba qədər liberal və konservativ yönümlü cəmi
9 millətçi təşkilat mövcud olduğu halda
1905-1907-ci illərdə onların sayı artaraq 42-yə
çatmışdı. Bu təşkilatların əksəriyyətinin
üzvlərinin sayı cüzi, təşkilati baxımdan zəif,
ideya baxımından qeyri-müəyyən olmaqla çox az
müddətdə mövcud olmuşdur. Azərbaycanlılardan
fərqli olaraq, ermənilər, məlum səbəblər
üzündən, öz siyasi partiyalarını xeyli əvvəl
yaratmışdılar. 1885-ci ildə millətçi təmayüllü
ilk erməni siyasi partiyası - "Armenakan" Marseldə
yaradılmış və eyni vaxtda orada "Ermənistan"
adlı qəzet dərc olunmağa başlanmışdır. "Qnçak"
("Zəng") partiyası 1887-ci ilin avqust ayında Cenevrədə
yaradılmışdır. Bu partiyanın
yaradılmasının təşəbbüsçüləri
millətçi əhval-ruhiyyəli bir qrup mühacir erməni
tələbə idi. "Qnçak"ın Bakıdakı
bölmələri hələ 90-cı illərin
ortalarında yaranmış və 20-ci illərin birinci
yarısında Sovet Azərbaycanı dövründə
buraxılmışdı. Hər halda, erməni kütlələrinə
təsir uğrunda mübarizədə "Daşnaksutyun"
partiyası aparıcı yer tuturdu. Bu partiyanın 1890-cı
ildə təşkil edilməsi güman olunur. O vaxt Tbilisidəki
erməni millətçilərinin rəhbərləri
S.Zoryan, X.Mikaelyan, S.Zavaryan və başqaları erməni millətçi
partiyası yaradılmasını qərara
almışdır. Cenevrədə çıxan
"Droşak" ("Bayraq") qəzeti bu partiyanın mətbu
orqanı oldu. Partiyaya "Daşnaksutyun"
("İttifaq") adı da həmin vaxt verilmişdir. Tam
adı isə belədir: "Erməni
inqilabçılarının "Daşnaksutyun"
ittifaqı (federasiyası)". Partiya yaradılandan az sonra
Bakıda, Yelizavetpolda, habelə bir sıra kənd yerlərində
bölmələri təşkil edilmişdir. 1904-cü ilin əvvəlində
Vyanada ciddi konspirasiya şəraitində
"Daşnaksutyun" partiyasının III qurultayı
keçirilmişdi. Qurultayda partiyanın Qafqaz məclisinə
tam muxtariyyat və inqilabi hadisələrin başlanması ilə
əlaqədar fəaliyyət sərbəstliyi verilmişdir. Elə
həmin qurultayda "Daşnaksutyun"un hərbi nizamnaməsi
qəbul edilmişdi. Nizamnamə pərakəndə
döyüş dəstələri əvəzinə
daşnakların hərbi baxımdan dəqiq təşkilinin
təməlini qoymuşdu. "Daşnaksutyun" strukturlarında
ən mühüm elementlər onun
"Özünümüdafiə", "Vahimə təşkilatı",
"Terrorçu hazırlıq komitəsi", "Məsul
fəaliyyət komitəsi", "Dehli" kimi hərbi
terror təşkilatları idi. Rusiyada başlanmış
inqilabi hadisələr dövründən
"Daşnaksutyun" ordusunun üzvlərinin sayı 100 min
nəfərə çatırdı. 1907-1908-ci illərdə
partiyanın özünün bütün dünyadakı
üzvlərinin sayı 165 min nəfərə
çatmışdır. Partiyanın 1907-ci ildə
keçirilmiş dördüncü qurultayında onun
ümumi büdcəsi 1 milyon franka bərabər idi.
Şübhəsiz,
"Daşnaksutyun" partiyasının yaradılması erməni
millətçi cəhdlərinin inkişafında müəyyən
mərhələ idi və Cənubi Qafqazın, ilk növbədə
erməni xalqının özünün tarixində
mühüm və faciəli rol oynamış bir hadisə
olmuşdur. Sonrakı hadisələrə və
"Daşnaksutyun"un onlarda iştirakına nəzər
salan gürcü jurnalisti və icitmai xadimi Karibi yazır:
"Erməni publisistləri öz xalqının bədbəxtliklərini
ermənilərin həddən ziyadə mədəni və
azadlıqsevər olması ilə izah etməyə
çalışırlar. Lakin bu cür izahı ciddi hesab etmək
olmaz. Əsl səbəb "Daşnaksutyun"
partiyasında, erməni xalqının bu dəhşətli bəlası
Kiçik Asiyanın, xüsusən Zaqafqaziyanın
bütün xalqlarının bəlasıdır".
Bu partiyanın məqsədi
Şərqi Anadolunun Osmanlı əyalətlərində azad
və muxtar erməni dövləti yaratmaq idi və o, öz məqsədini
gizlətmirdi. Lakin Osmanlı Türkiyəsində erməni
millətçilərinin çıxışları
yatırıldıqdan sonra erməni partiyalarının
separatist fəaliyyətinin mərkəzi XIX əsrin 90-cı
illərinin axırlarında Cənubi Qafqaza keçdi. O vaxt
bunun üçün obyektiv şərait
yaranmışdı: əvvələn, o vaxta qədər erməni
kapitalı möhkəmlənmiş və Cənubi Qafqazda,
ilk növbədə Bakı neft-sənaye rayonunda mühüm
mövqeləri ələ keçirmişdir. Nəticədə,
bir tərəfdən erməni milli burjuaziyasının təsiri
güclənmiş, digər tərəfdən
proletarların, o cümlədən erməni
proletarlarının sayı artmış, onların
arasında inqilabi əhval-ruhiyyə geniş
yayılmışdır. Bu ermənilər arasında
Türkiyədən qaçqın ermənilər də az
deyildi. Regionda vəziyyəti gərginləşdirmək
üçün bu partlayış təhlükəli
materialdan asanlıqla istifadə etmək olardı. İkincisi,
XIX əsrin 90-cı illərinin axırları - XX əsrin əvvəlləri
Rusiya İmperiyasında ümumi inqilabi şəraitin kəskinləşməsi,
gizli partiyaların, dərnəklərin, cəmiyyətlərin
sayının artması, sosial-demokrat, marksist
ideyalarının geniş yayılması, liberal əhval-ruhiyyəli
ziyalıların xeyli hissəsinin inqilabi fəaliyyətə
cəlb edilməsi ilə səciyyəvidir. Karibi yazır: Erməni
millətçilərinin fəaliyyət meydanının
Zaqafqaziyaya keçməsi o vaxta qədər əhalisi
sülh və əmin-amanlıq şəraitində yaşayan
bizim diyarın tarixində "ən bədbəxt an"
hesab edilməlidir. Daşnaklar gəldilər və özləri
ilə bərabər, milli nifrət hissini gətirdilər. Bu
zəmində isə, əlbəttə, erməni-tatar
qırğınından, yaxud Ermənistan və
Gürcüstan arasında müharibədən başqa
heç nə yarana bilməzdi erməni inqilab xadimləri, əsasən
"Daşnaksutyun" partiyası yaranana qədər
Zaqafqaziya sülh və əmin-amanlıq şəraitində
yaşayırdı Ermənilər, tatarlar (azərbaycanlılar.
- Müəllif), gürcülər əsrlər boyu birlikdə
yaşamışlar. Dinc əhali burada heç vaxt milli zəmində
qanlı münaqişələrin olduğunu görməmişdir.
Daşnaklar gələndən sonra gələcək muxtar Ermənistan
üçün başdan-başa ermənilərin məskunlaşdığı
ərazi yaratmağı təbliğ etməyə
başladılar və o vaxta qədər patriarxal həyat tərzinin
hökm sürdüyü Zaqafqaziya kəndlərinə milli
düşmənçilik və nifrət hissləri ayaq
açdı.
1890-cı illərin
axırlarından başlayaraq erməni millətçiliyi
çar hökumətinin yeritdiyi assimilyasiya siyasətinə
zidd mövqe tutdu, bu isə rus-erməni münasibətlərində
dramatik dəyişikliklərə gətirib
çıxarmışdı. 1898-ci ildə çar hökuməti
erməni kilsə-prixod məktəblərinin Maarif Nazirliyinin
tabeliyinə verilməsi barədə qərar qəbul etdi. Bu,
erməni əhalisinin xeyli hissəsi arasında antiimperiya və
antirus əhval-ruhiyyəsinin güclənməsinə səbəb
oldu. Öz növbəsində çoxsaylı erməni millətçi
dərnək və cəmiyyətlərinin, o cümlədən
"Onçak" və "Daşnaksutyun"un fəaliyyətində
canlanma yarandı. Onlar bu dəfə "Türk vəhşiliklərinə"
qarşı deyil, "Çar hakimiyyəti orqanlarının
özbaşınalığına", "Milli mədəniyyətin
boğulmasına" qarşı ifşaedici proklamasiyalar
yaymağa başladılar. Erməni Qriqorian kilsəsinin
işlərinin idarə edilməsi qaydası haqqında Rusiya
imperatoru tərəfindən təsdiq edilmiş 12 iyun
1903-cü il tarixli qanun erməni millətçilərinin
mövqelərinə ikinci güclü zərbə oldu. Qanun
kilsə əmlakının xeyli hissəsinin dövlətə
verilməsini nəzərdə tuturdu; patriarx (katolikos) nigahla
bağlı məsələləri təkbaşına həll
etmək hüququndan məhrum edilmişdi; qanunda həmçinin
dövlət dili, and içmə, keçmiş erməni
kilsə-prixod məktəblərinin əmlakına dair
mübahisələrin inzibati qaydada (yəni məhkəmə
qaydasında yox) həll edilməsi barədə bəndlər
vardı. Ümumiyyətlə, 12 iyun tarixli qanun katolikosun və
erməni teokratiyasının mənafelərinə ciddi zərbə
idi.
Əlbəttə, bu qərarlar
ermənilərin və "Daşnaksutyun"
partiyasının Rusiyaya qarşı yönəlmiş pozucu fəaliyyətinə
rəsmi hakimiyyət orqanlarının cavabı idi. Onların
siyasi cəhətdən etibarlı olmadığına dəlalət
edən aşkar əlamətlər üzə
çıxmışdı.
(ardı var)
Eldar Əzizov
Ədalət.- 2011.- 11 fevral.- S. 6.