Beynəlxalq Böhran Qrupunun hesabatı
Onun təsir dərəcəsi şübhəlidir
Azərbaycanda ATƏT
adı çəkiləndə ilk öncə gözlər
qarşısına Minsk qrupunun həmsədrləri gəlir.
Bu üçlükdə kimin kimi əvəz etməsindən
asılı olmayaraq hər birimiz tez bir zamanda problemimizin
çözümündə "axtarışda" olan kəsi
həmin andan öz yaxınımız sayağı
tanımağa başlayırıq. Belə bir məşhurluqda
ad çıxarmamışlardan biri olan Beynəlxalq Böhran
Qrupu ölkəmizdə heç də ATƏT-in Minsk qrupundan
az tanınmır.
Ələlxüsus da
qrumun rəhbəri kimi tanınan xanım Sabina Freyzer. Ona
görə ki, Minsk qrupu vasitəçiləri kimi o da
Dağlıq Qarabağ problemi ətrafında özünəməxsus
əndrabadi açıqlamaları ilə
yaddaşımızda dərin izlər qoyub. Nəinki
aşağılarda, hətta yuxarılarda belə
narazılıq yaradıb. Amma BBQ deyəsən həqiqətin
yanında dayanmağı qərarlaşdırıb. Belə
ki, qurumun bu həftə Dağlıq Qarabağ münaqişəsinə
dair hazırladığı növbəti hesabat əvvəlkilərdən
ciddi şəkildə fərqlənib. Sözügedən sənəddə
bir sıra məqamlar tam açıqlığı ilə əksini
tapıb ki, bu da BBQ-nin işğalçıya verilən qiymətidir.
Hesabatda cəbhə xəttində toqquşmaların
artması, silahlanma yarışı, kəskin ritorika və
sülh danışıqlarında irəliləyişin
virtual olması, Ermənistanla Azərbaycan arasında
müharibə ehtimalının artdığı fikirlər əksini
tapıb. Sənədi hazırlayan beynəlxalq səviyyəli
ekspertlər hesab edirlər ki, müharibənin bölgədə
dağıdıcı nəticələrə gətirib
çıxara biləcəyilə yanaşı, həm də
Dağlıq Qarabağ ətrafında mövcud durum pisləşə
bilər. Hesabat müəlliflərinin qənaətincə, tərəflərdən
heç birinin asan və sürətli qələbə
çalmaq şansı yoxdur. Qeyd edək ki, sənəddə
Azərbaycan torpaqlarının işğal altında
qalması fikrinin səsləndirilməsi və böyük
miqdarda məcburi köçkünü olan Azərbaycana
böyük zərər verən mövcud status-kvonun dəyişməsi
üçün daha çox işin görülməli
olduğunun vurğulanması qrupun artıq pozitiv mövqe
nümayiş etdirməsindən xəbər verir. Beynəlxalq
Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer
bildirib ki, sülh danışıqlarında tərəqqinin
olmaması yaxın bir neçə ildə müharibə
ehtimalını artırır: "Rusiya, ABŞ, Türkiyə
və Avropa Birliyi bu ssenarinin qarşısının
alınmasını öz prioritetinə çevirməlidir".
Dağlıq
Qarabağla bağlı istənilən bir fikrin son dərəcə
həssaslıqla izləndiyi Azərbacanda BBQ-nin son hesabatı
böyük maraqla qarşılanıb. Politoloqlar Beynəlxalq
Böhran Qrupunun Azərbaycan torpaqlarının
işğalını və bunun müqabilində rəsmi
Bakıya maddi və mənəvi ziyanın vurulması
faktının hesabatda etiraf etməsini təqdirəlayiq hal
sayırlar. Onlar hesab edirlər ki, bütün bunların
hamısı real və Azərbaycanın xeyrinə işləyən
faktlardır. Çünki bu vaxtadək xarici təşkilatlar
işğal faktına siyasi qiymət verməyib.
İşğalın adının çəkilməsi
şübhəsiz, danışıqlar masası ətrafında
bunun siyasi fakt kimi önə sürülməsini asanlaşdırır.
Digər tərəfdən müharibə məsələsinin
real olmasının vurğulanması ermənilərə təsir
göstərə bilər. Çünki Ermənistan həmişə
qeyri-konstruktiv mövqe tutur, Rusiyanın himayəsindən
istifadə edərək müharibə olacaqsa hər şey
yenə də onların xeyrinə olacağı
xülyasıyla yaşayır. Ona görə də müharibənin
çəkindirici tərəfi danışıqlar masası ətrafında
görünmür. Bu məsələnin vurğulanması
müsbət haldır. Beynəlxalq Böhran Qrupunun indiyə
kimi nümayiş etdirdiyi mövqeyə toxunan siyasi təhlilçilər
qeyd edirlər ki, qurumun bu dəfə ki, hesabatı da digər
xarici təşkilatlara xas olan nöqsanlardan da xali deyil.
Xüsusən bildirilir ki, hesabatda işğal faktı daha
geniş mənada işıqlandırılmalı və ona
siyasi qiymət verilməliydi. Söylənilməliydi ki, bu təcavüz
faktorudur, beynəlxalq hüquq normalarına ziddir,
işğalçı Ermənistanı BMT cəzalandırmalı
və yaxud da Ermənistan Azərbaycan torpaqlarının azad
edilməsinə məcbur olunmalıdır. Amma bütün
bunlara baxmayaraq, sənəddə müharibənin əleyhinə
olduqları qabardılır, Azərbaycan ordu quruculuğuna vəsaiti
artırdığına görə qınanılır ki, bu
da yaxşı fikir deyil. Rəsmi Bakı BMT-nin nizamnaməsinə
uyğun olaraq işğal edilmiş ərazilərini qaytarmaq
və ərazi bütövlüyünün bərpasını
istəyirsə, burada heç bir qəbahət yoxdur. Belə
olan halda Böhran Qrupu kimi digər beynəlxalq təşkilatların
bu məsələni şişirtməsi məqbul sayıla
bilməz. Digər bir tərəfdən də politoloqlar ildən-ilə
həm Beynəlxalq Böhran Qrupunun, həm də digər təşkilatların
problemə yanaşmasında pozitiv çalarların
artması prosesinin özünü göstərdiyini qeyd etsələr
də bu artım tempinin zəifliyindən narazıdırlar.
Amma onu da iddia etmək
olmaz ki, tək bir sənəddə bəzi müsbət
çalarların əksini tapması ilə Azərbaycanda
hamının rəyi istər Beynəlxalq Böhran Qrupu, istərsə
də mövqeyi bəlli hansısa digər beynəlxalq
qurumlara o dəqiqə münasibət dəyişib. Konkret
olaraq BBQ-nin əvvəlki açıqlamalarına
narazılıq edənlərin əksəriyyətinin qənaətincə,
qurumun ehtimalları heç vaxt özünü doğrultmasa
da onlar yenidən ehtimallar irəli sürürlər. Bu fikri
bölüşənlər bldirirlər ki, əslində
Dağlıq Qarabağ problemi ilə bağlı vəziyyət
hamıya aydındır.
Danışıqların
dalana dirəndiyi, müharibə ehtimalının istisna
olunmadığı da sirr deyil. Həmçinin müharibə
baş verərsə, gücün kimin tərəfində ola
biləcəyi də bilinir. Sənəddə Rusiyanın tərəflərə
silah satışını dayandırmalı olması fikrinə
gəlincə, siyasi ekspertlər düşünmürlər
ki, bu tələbi səsləndirməklə Rusiya Ermənistana
silah satışını dayandıracaq. Ona görə ki, artıq
neçə illərdir Rusiyanın Ermənistanda hərbi
bazaları mövcuddur. İkincisi də, Rusiyanın Ermənistanı
silahlandırması bu günün mövzusu
olmadığından təşvişə düşməyin
də lazımsızlığı da qeyd olunur. Bəllidir ki,
Moskva Cənubi Qafqazda maraqlarını qorumaq məqsədilə
Ermənistanı silahlandırır və burada gizlədiləsi
heç nə də yoxdur. Politoloqlar onu da bildirirlər ki,
Beynəlxalq Böhran Qrupu kimi təşkilatlar belə bəyanatlar
vermələrinə rəğmən onlar Dağlıq
Qarabağ münaqişəsinin həllində heç bir təsirə
malik deyillər. Analitiklər problemin həllinə yalnız
ATƏT-in Minsk qrupunun təsir göstərə biləcəyini
bəyan edirlər.
Gültəkin
Ədalət.- 2011.- 11 fevral.- S. 6.