Hüseyn Zülfüqari: "Xəzərin təhlükəsizliyi regionda ən əhəmiyyətli məsələdir"

 

"Regionda sülhün, sabitliyin mövcudluğu ən əsas məsələdir. Xüsusi ilə də Xəzər sülh dənizi olmalıdır. Xəzəryanı dövlətlərin xalqları mütləq əmin-amanlıq içərisində yaşamalıdırlar". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanda səfərdə olan İran Sərhəd Polisinin rəhbəri, general Hüseyn Zülfüqari deyib. O bildirib ki, Xəzəryanı dövlət rəhbərlərinin Bakı sammitində imzaladığı təhlükəsizlik anlaşması sahilyanı ölkələrin sərhəd xidməti rəhbərlərinin görüşünün əsas müzakirə mövzusu olub: "Qərara alındı ki, 5 ölkənin sərhəd xidməti rəhbərləri bununla bağlı müəyyən araşdırmalar aparıb, təhlükəsizliklə bağlı lazımı layihələri növbəti iclasda müzakirəyə çıxarsınlar. Əgər iclasda əldə olunan nəticələr razılıqla qarşılansa, Xəzəryanı ölkələrin vahid rabitə mərkəzinin, həmçinin informasiya mübadiləsi üçün bir mərkəzin yaradılmasına sərəncam veriləcək".

Generalın sözlərinə görə, təcrübə mübadiləsi məqsədilə sahilyanı ölkələrin sərhəd xidmətləri rəhbərlərinin müavinləri İranın şərq sərhədlərində narkotiklərə və terrorizmə qarşı mübarizə sahəsində gördüyü işlərlə tanış olacaqlar: "Bu, təcrübələrin Xəzəryanı ölkələrin sərhəd xidmətləri mütəxəssislərinə ötürülməsinin ən asan variantıdır. Xəzərin təhlükəsizliyi həm bizim üçün, həm Azərbaycan üçün, eləcə də digər Xəzəryanı ölkələr üçün mühüm əhəmiyyət kəsb edir".

Hüseyn Zülfüqari iclasda narkotik maddələr qaçaqmalçılığı, insan alveri və digər cinayətlərə qarşı birgə mübarizə ilə bağlı müzakirələr aparıldığını, sərhəd sistemində müəyyən cərimələrin ağırlaşdırılması təklifinin də razılıqla qarşılandığını deyib: "İranda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə 4 min polis şəhid olub, 12 min nəfər yaralanıb. İranda il ərzində 100 tonlarla narkotik maddə aşkar olunur. Bu narkotiklər İranda istehsal olunmur, xaricdən gətirilir. Biz ölkənin şərq sərhədlərinin təhlükəsizliyinə il ərzində 10 milyon dollara yaxın vəsait xərcləyirik. Şərq sərhədlərinin qorunması üçün müəyyən yerlərdə dərin kanallar qazıb, hündür divarlar tikmişik, həmçinin elektrik naqillərindən istifadə edirik. Xarici dövlətlər İranın narkotiklə mübarizədə nə qədər səy göstərdiyini bilirlər və bunu bəzən etiraf da edirlər. Bu sahədə Qərb ölkələrindən bizə heç bir dəstək yoxdur. Amma bizim apardığımız mübarizə bütün ölkələr üçün faydalıdır".

 

 

Ədalət.- 2011.- 11 fevral.- S. 6.