FÜZULİ: NİKBİN OLMAQ SƏLAHİYYƏTİ
O günləri yaşamışıq nə vaxtsa
Mən Füzuliyə həmişə
Ağdam yolu ilə gedirdim. Hələ bir dönüb
Ağdamdakı dostlarla 5-10 dəqiqəlik hal-əhval da
tutardım. Sonra Martunidəki (daha bu adda rayonumuz yoxdur) 9 mərtəbənin
qarşısındakı dairədən keçib birbaşa
Füzuliyə yollanardım. Dostlarım mərhum
Alıkişi Səfərovun, Seyran Səxavətin, Faiq Qismətoğlunun,
Vaqif Bəhmənlinin vətəninə. Vaqif Bayatlı ilə
Cəbrayıla gedəndə də bu yolu seçərdik. Əslində
dəmir yolunu çıxmaq şərtiylə Füzuliyə,
Cəbrayıla Ağdam yolundan başqa rahat bir alternativ də
yox idi. Mən bir yazı adamı, mən bir Azərbaycan vətəndaşı
olaraq həmişə və indi də Füzuliyə o yolla, hər
tərəfi, hər döngəsi doğma olan o xatirələr
qovşağı ilə gedib, gedib, gedib... çatmaq istəyirəm.
... Və indi Beyləqandan
dönüb Füzuli rayonuna, onun mərkəzinə - Horadiz
şəhərinə gedərkən üzümü göylərə
tutub Allaha yalvarıram ki, bu yerlərdə insanları gələcəyə
ümidli, nikbin görüm. Allaha yalvarıram ki...
Özümdən asılı deyil...
Mən də bir Füzuli sakini
Buralarda çox nadir
halda DYP maşınına rast gələrsən. Orda-burda gizlədilən
sürətölçən cihazdan isə söhbət gedə
bilməz, yoxdur, biz rast gəlmədik.
Horadizdə bir neçə
yerdə rastlaşdığım sakinlərlə hal-əhval
tutub qısa söhbətlər etdim, bəzi şeylər soruşdum.
Münasibət məni çox sevindirdi. Heç kim mənə
nabələd bir adam zənniylə baxmadı, əksinə
sanki onlardan biriymiş kimi yanaşırdılar.
Füzuli Rayon İcra
Hakimiyyətində də məni elə bil on illərin
dostu-tanışı kimi qarşıladılar. Dostumuz Nəbi
müəllimin səmimi komandasının həm də bu dərəcədə
operativ və işgüzar fəaliyyətinə
heyranlığımı gizlətmədim. Məlum səbəbdən
olduqca çətin vəzifələrin öhdəsindən
bacarıqla gəlmək üçün rayon icra hakimiyyətinin
başçısı Nəbi Muxtarov məhz bu cür səriştəli
kollektiv yaratmalı idi.
Məni məmnun edən
başqa bir nüans. Tanış olduqdan sonra ilk dəfə
gördüyüm insanlardan bəzilərinin məni
tanıması çox xoş idi. Bu ondan irəli gəlir ki,
Füzuli Bakı, Gəncə və Sumqayıt şəhərlərindən
sonra, lap dəqiqi rayonlar üzrə ən çox abunəçimiz
və oxucumuz olan yerdir. Üstəlik başçının
birinci müavini Şakir Hacıyevin tez-tez "bizim Aqil müəllim,
bizim Aqil Abbas" deyə-deyə fəxrini, sevincini gizlətməməsi.
Aparatın şöbə
müdiri jurnalist dostumuz Məcnun müəllimlə müəyyən
xarakter yaxınlığımız çoxdandan varmış.
Heç bir təmənna güdmədən,
qarşılıq gözləmədən məni
öyür, sanki mən Füzulidə doğulmuşam, orda
yaşayıb-çalışmışam və elə həmişə
də Məcnun müəllimlə bir yerdə olmuşam.
Heç demə, o da mənim kimi ürəyindən
ağır əməliyyat keçirib və o da mənim kimi
daim təyin edilmiş preparatları qəbul etmək məcburiyyətindədir.
Yaradıcı adamların çoxunun ürəyi xəstə
olurmuş...
Horadiz şəhəri.
Buradaca mən bəlkə də çoxlarının fikir
vermədiyi diqqətsizliyimi etiraf edib "ədaləti bərpa
etmək" istəyirəm. Mən Ağdam rayonundan yazarkən
bildirmişdim ki, biz Ağdamı, bütövlükdə
Qarabağı işğaldan azad etdikdən sonra Ağdam 2
şəhəri olan yeganə rayonumuz olacaq. Ancaq
görürsünüzmü, Horadiz şəhərinin
timsalında Füzuli rayonu da eyni gözəl arzumuza
işıq salır.
Füzuli rayonunun əhalisi
114 min nəfərdir. 70 min nəfər rayonun işğala məruz
qalmayan ərazilərində - şəhər və qəsəbələrdə,
22 kənddə yaşayır. Qalan 44 min nəfər
füzulili isə respublikanın 50 şəhər və
rayonunda məskunlaşmışdır.
Düşmənə göz dağı - Horadiz!
İndi Horadiz gerçəkdən
gözəl bir şəhərə çevrilib, düşmənə
göz dağıdır. Son illər burada tikilib istifadəyə
verilmiş sosial və digər yönümlü binalar,
salınan yaraşıqlı küçələr, park və
bağlar, yeni yaşayış massivləri göz
oxşayır. Keçən il istifadəyə verilən
Füzuli Tibb Mərkəzi, Olimpiya İdman Kompleksi, Muğam
Evi, bir sıra sənaye müəssisələri əsl şəhər
əzəmətini təsdiqləyir.
Dövlət Proqramının uğurlu icrası
2010-cu ilin yekunları
Füzuli rayonunun sosial-iqtisadi nəticələrində
qabarıq görünür. Regionların 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramında
Füzuli rayonunda da böyük vəzifələrin yerinə
yetirilməsi nəzərdə tutulmuşdur.
Respublika Prezidentinin
tapşırığı əsasında tikintisinə
başlanılmış Tibb Mərkəzi, Muğam Evi,
Olimpiya idman kompleksi istifadəyə verilmişdir. Keçən
il noyabrın 11-də Prezident İlham Əliyev cənabları
Füzuli rayonunda olmuş və hər üç obyektin
açılışında iştirak etmişdir.
Yuxarı Mil
kanalının rayonun ərazisindən keçən hissəsində
tikintisinə başlanılmış 25 meqavat gücündə
olan su elektrik stansiyasının tikintisi davam etdirilir.
Füzuli aqrar rayonudur.
İqtisadiyyatın əsasını kənd təsərrüfatı
məhsulları təşkil edir. Aparıcı sahələrdəki
nəticələr belədir: 61260 ton taxıl, 780 ton
qarğıdalı, 1380 ton kartof, 10.000 ton bostan-tərəvəz
məhsulları, 15300 ton şəkər çuğunduru, 165
ton pambıq, 75 ton üzüm, 80 ton günəbaxan, 1000 ton
meyvə istehsal olunmuşdur. İl ərzində 1775 ton ət,
7700 ton süd, 4,6 milyon ədəd yumurta, 147 ton yun istehsal
olunmuşdur.
Hazırda rayonda 30400
baş iribuynuzlu mal-qara, 108.400 baş qoyun-quzu, 230 min baş
müxtəlif növ quşlar mövcuddur.
Rayonda respublika
Prezidentinin fərmanlarında göstərildiyi kimi
adamların həyat şəraitinin
yaxşılaşdırılması üçün məqsədyönlü
iş aparılır. Kiçik və orta sahibkarlıq
inkişaf etdirilir. 300 nəfərdən artıq sahibkar və
fiziki şəxsə iri və xırda həcmli kreditlər
verilmişdir.
Horadiz şəhər
statusu alandan sonrakı müddətdə görkəmini daha
da dəyişmiş, xeyli gözəlləşmişdir.
Şəhərin yenidən qurulması üzrə nəzərdə
tutulmuş proqram həyata keçirildikdən sonra Horadiz daha əzəmətli
görünəcək.
Əhaliyə göstərilən
rabitə xidmətinin yaxşılaşdırılması
diqqət mərkəzindədir. Poçt şöbələrində
internetə çıxış yaradılmışdır.
Telekommunikasiya qovşağı ərazidəki 22 kəndə,
Horadiz şəhərinə, Qayıdış və Zobucuq qəsəbələrinə,
bütövlükdə 65 min nəfərə xidmət
göstərir.
Yollar qovuşacaq insanlar kimi...
Respublikanın 50 şəhər
və rayonunda məskunlaşmış 40 min nəfərdən
artıq rayon əhalisi ilə müntəzəm əlaqə
saxlanılır. Vətəndaşların yemək
pulları, pensiya və müavinətləri bankomatlar vasitəsiylə
sahiblərinə çatdırılır.
Ötən il rayonda 243
daimi, 2000 mövsümi iş yeri açılaraq məcburi
köçkünlərin işləməsinə şərait
yaradılmışdır. Xüsusilə gənclərin
işlə təmin olunması diqqət mərkəzində
saxlanılır.
Ümummilli lider Heydər
Əliyev tərəfindən yaradılmış inkişaf
strategiyasının bundan sonra da davam etdirilməsinə xidmət
edən Dövlət Proqramına uyğun olaraq Füzuli
rayonunda yüksək inkişafa nail olmaq üçün
kompleks tədbirlər davam etdirilir. İnsanlar nikbin əhval-ruhiyyədədir.
Füzuli camaatı gələcəyə böyük
ümidlərlə baxır, çətin şəraitdə əsl
fədakarlıq nümunəsi göstərirlər.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 11 fevral.- S. 7.