"ÖLÜLƏR"DƏN
"ÖLÜLƏR"Ə
Ədəbiyyat tariximizdə ən
böyük şəxsiyyətlərdən
biri Cəlil Məmmədquluzadədir və
bu fikrin təsdiqinə heç bir ehtiyac yoxdur.
Çox vaxt bu böyük sənətkarı yeni ədəbiyyatımızın banisi Mirzə Fətəli Axundzadənin
davamçısı sayırlar.
Ancaq C.Məmmədquluzadə
təkcə davamçı
deyildi, həm də Azərbaycan nəsrində, dramaturgiyasında,
publisistikasında, ədəbi
və ictimai fikrində böyük islahatlar aparan bir yaradıcı idi. "Poçt qutusu", "Qurbanəli
bəy", "Usta Zeynal", "Danabaş kəndinin əhvalatları",
"Dəli yığıncağı",
"Kamança", "Anamın
kitabı" ...bu əsərlərin hər
biri ədəbiyyat və mənəviyyat tariximizin ayrı-ayrı səhifələridir. Lakin
onun şah əsəri "Ölülər"dir və "Ölülər"siz nəinki C.Məmmədquluzadə
yaradıcılığını, ümumən Azərbaycan ədəbiyyatını təsəvvürə
gətirmək mümkün
deyil. Görkəmli tənqidçi Yaşar
Qarayev yazırdı ki: " "Ölülər"
- Mirzə Cəlilin təkcə bir əsərinin adı deyil, Mirzə Cəlil yaradıcılığında
bütöv bir surətlər silsiləsinə
verilə biləcək
ümumi bir addır. "Ölülər"
- böyük realizm və bədii ümumiləşmə
qüvvəsinə malikdir.
Hətta
o qədər ki, yazıçı bir kəndin ölüləri haqqında
yazdığı bu əsərə bir cəmiyyətin, bir dövrün və mühitin ölülərini
toplaya bilmişdir.
"Ölülər" - cəmiyyətdə, ictimai
həyatda ölülük
əleyhinə yazılmışdır".
"Ölülər"
zamanına görə klassik əsərdir, amma ideya-bədii təsiri
o qədər böyükdür ki, onu ən müasir əsər
saymaq olar. Doğrudur, Mirzə Cəlilin təsvir etdiyi o
mühit, o cəmiyyət tarixdən silinib. Amma cəmiyyətin
hər bir dönəmində, ictimai həyatımızın
hər bir mərhələsində yeni şeyx nəsrullahlar
peyda olur, yeni isgəndərlər meydana çıxır, ən
dəhşətlisi odur ki, yeni ölülər mühiti
yaranır. Və hər dəfə də Mirzə Cəlilin
gülüş bayrağını əlinə
götürüb yatmış milləti oyandırmaq istəyən
bir xələfi çıxır ortaya.
Müasir ədəbiyyatımızda
artıq öz dəst-xəttini, yazıçı
mövqeyini çoxdan təsdiq edən, nəsrimizdə və
publisistikamızda bir sıra ən cəsarətli fikirlərin
müəllifi olan Aqil Abbası tanıtmağa, zənnimcə,
heç bir ehtiyac yox... AQİL ABBAS, vəssalam, bircə bu ad
kifayətdir ki, gəncliyindəki çılğınlığı
hələ də başından getməyən, səbri
tükənəndə hisslərini cilovlaya bilməyən,
adamın nöqsanını kişi kimi üzünə deyən,
yeri gələndə öz nöqsanını da etiraf edən,
o balaca boyu ilə hamının içində dərhal
gözə dəyən bir dostu xatırlayasan. Amma bu AQİL ABBAS
indiki qəzet nəşrləri içərisində ən
ucuz qiymətə hər gün minlərlə
oxucularının ürəyinə yol tapan "Ədalət"
kimi nüfuzlu bir qəzetin təsisçisidir (uzun illər
baş redaktoru olub), Qarabağı sözdə, kağızda
deyil, candan, ürəkdən sevən vətənpərvər
bir oğuldur, nəsr əsərləri ilə müasir ədəbiyyatımızda
seçilən bir yazıçıdır və... Millət
vəkilidir.
Mən bilmirəm Aqil
Abbas üçün dünyanın və Azərbaycanın
hansı böyük yazıçısı örnəkdir. Bəlkə
Üzeyir bəy, bəlkə Sabir, bəlkə Səməd
Vurğun, bəlkə Məmməd Araz, bəlkə Çexov,
bəlkə Qoqol... amma tam əminəm ki, Mirzə Cəlil
Aqil Abbasın ən sevimli yazıçısıdır,
çünki A.Abbasın publisistikasında qayət Mirzə Cəlil
nəfəsi duyulur. Və təsadüfi deyil ki, o, Mirzə Cəlilin
"Ölülər" pyesi əsasında yeni bir
"Ölülər" qələmə alıb. Aqil yeni
dövrün, daha doğrusu, XX əsrin son, XXI əsrin ilk illərinin
ictimai, siyasi, mənəvi mənzərələrini qələmə
almışdır. Əsrin əvvəlləri ilə sonu
arasında böyük tərəqqinin, sivilizasiyanın,
texniki nailiyyətlərin, mədəni inkişafın
olduğu məlumdur. Lakin şüurlarda, beyində, həyat
tərzində hələ də mütilik-ölülük
psixologiyası yaşayır. Və bu psixologiya insanları tərk
etməyincə, onların başına min oyunlar
açılacağı, yenə də kütləvi şəkildə
hansı "sehirli" qüvvəyəsə iman gətirəcəkləri
gün kimi aydındır.
Şeyx Nəsrullahın
"marşrutu" Xorasandan başlamışdı və bir
müsəlman kəndini seçmişdi ki, avam camaatın
başını piyləsin, onları cənnət və cəhənnəm
haqqında cəfəng xülyalarına inandırsın, hər
gecə də azyaşlı bir qız uşağının bəkarətini
pozsun.
Cənab Tasye isə Fransadan gəlib. Çadır şəhərciyinə yol
alıb ki, ATƏT adından sadəlövh qaçqınları inandırsın
ki, Avropanın güclü dövlətləri
Azərbaycanın Qarabağ
dərdinə şərikdir.
Hacı Baxşəli,
Hacı Kərim, Hacı Kazım, Məşədi Oruc, Kərbəlayı
Vəli, Mir Bağır ağa, Həsənqulu, Əlibəy,
Heydər ağa, Mirzə Hüseyn, Fatmanisə, Cəlal,
Nazlı... bu personajlar eynən Mirzə Cəlildə də
var (yalnız Hacı Həsən ağanın adı dəyişib,
Həsənqulu olub, Kərbəlayı Fatma xanım da Fatmanisə).
İndi, XXI əsrdə Azərbaycanda hacıların, məşədilərin
sayı ədədi yox, az qala həndəsi silsilə ilə
artdığı bir zamanda hacı baxşəlilərin,
hacı kazımların, məşədi orucların eynən
öz adlarıyla peyda olması çox təbiidir.
Əlbəttə, adlar
dəyişilməyib, bu, zahiri xarakter da daşıya bilər.
Bəs nə dəyişilib və dəyişməyən nədir?
Dəyişilən,
öncə qeyd etdiyim kimi zəmanədir. İndi ikinci bir
Şeyx Nəsrullah tapılmaz ki, Azərbaycanın ən geridə
qalmış, ən ucqar bir kəndinə təşrif buyura və
deyə ki, mən ölü dirildirəm. Bu "möcüzəyə"
kimsə inanmaz. Çünki bizdə Allaha, yoxdan bu cahanı
var edən pərvərdigara inam böyükdür, fəqət
dini fanatizmə inam sıfıra yuvarlanmaqdadır.
Amma məmləkətimizin
başı üstünü alan təhlükə,
torpaqlarımızın iyirmi faizinin işğal olunması,
"küllü Qarabağın abu həyatı"na həsrət
qaldığımız bir zamanda, bir milyondan artıq qaçqının
öz doğma yurdlarına qayıtmaq həsrətinin bitmədiyi
bir vaxtda bu bəlalardan xilas olmaq inamımız tükənmir.
Keçək əsərə.
"Həsənqulunun evi. İsgəndərin otağı.
Küncdə dəmir çarpayı, qabağında bir miz,
üstündə 2-3 kitab, 2 stul. Müəllim Cəlala dərs
deyir".
Yenə də Mirzə Cəlilin
təsvir etdiyi məkan. Əşyalar eynidir. Bu dəfə də
"müəllim Cəlala dərs deyir". Amma bu müəllim fars
dili yox, ingilis dili müəllimidir.
Bu Cəlal "may neym"
deməlidir, "may nəyim"
deyir. A.Abbas yaxşı bilir ki, indi cavanlar
fars və
rus dillərinə yox, ingilis dilinə
maraq göstərirlər.
Çünki ölkədə çoxlu ingilis, Amerika şirkətləri
var. Bakıda da bəzi-bəzi reklamlar ingiliscə yazılır.
Bax, dəyişən şeylərdən
biri budur.
İsgəndər gəlir. Mirzə Cəlil o zaman
İsgəndərin dililə
deyirdi ki, indi elmli insan
bir qəpiyə dəyməz. Hər kəsin
ki, elmi var, onun hörməti
yoxdu, hər kəsin ki, hörməti var, onun da elmi
yoxdu. A.Abbasın İsgəndəri isə deyir ki, nə elmin
bir qəpiklik hörməti var, nə də alimin bir qəpiklik
qiyməti. Professor əlində üç-dörd
kilo soğan, kartof, yarım kilo ət dayanacaqda avtobus gözləyir, əynində
də geyilməkdən
dakrona dönmüş
kostyum. Amma qulağısırğalı gədələr mersedeslərdə
ötür.
Mirzə Cəlil
"Ölülər"də ölülüyü hədəf
seçmişdi. İnsanların kütləvi inamına
üsyan edən ədib eybəcərliyin doğurduğu kədəri,
müsibəti açıb göstərirdi. Deyək ki,
A.Abbas da öz böyük sələfinin işini
görür.
Həsənqulu oğlu
İsgəndəri nədə ittiham edir? "İt oğlu
yenə keflidi. Nə ATƏT-i tanıyır, nə də
BMT-ni. Allah mənə lənət eləsin, bir də
uşağı kafirlərin yanında dərs oxumağa
göndərsəm. Axı deyən gərək San-Marinonu
qoyub bunu niyə Leninqrada göndərdin axı? Camaatın uşağı gedib oxuyub biznesmen olur, rəis olur, prokuror olur. Bunu heç qaçqınkomda
Allahın yardım paylayan işinə də göndərmədilər".
Gəlin, gizlətməyək
ki, müasir çağımızda da
isgəndərlər az deyil. Əsl vətənpərvər
isgəndərlər çox
zaman işsiz istedadları müqabilində
iş tapa bilmir, pullu nadanların,
vəzifəli kəmsavadların
yanında təhqir olunurlar. Gəlin, etiraf edək
ki, isgəndərlərin
bir çoxu ölkəni tərk edir, xarici ölkələrə
səadət arxasınca
yüyürürlər.
Aqil Abbasın
"Ölülər"ində partlayış doğuran xəbər
- guya işğal olunmuş İtqapanlı rayonunun
qaytarılmasıdır. ATƏT-in lotularından Bratın məktubu
gəlir və bu məktubda deyilir ki, Təsye cənabları
neçə il idi ki, bunun üçün
çalışırdı. İndi o, Yerevandan
çıxıb sizin çadır şəhərciyinizə
gəlir, bəzi məsələləri sizinlə məsləhətləşəcək.Təsyenin
fəzilətinin kəramət və mərhəmətindən
itqapanlılar kimi digər qarabağlılar da öz
ev-eşiklərinə dönə biləcəklər. Beləliklə,
çadır şəhərciyinin sakinləri böyük həsrətlə
Təsyenin yolunu gözləyirlər. Hətta Fatmanisə əllərini
göyə qaldırıb deyir: "Ey yeri-göyü yox yerdən
var eləyən Allah, məni neçə ildi ağlar
qoymusan, çiynimə dağ basmısan! Ay rəhim ATƏT -
Allah bizə kömək olmadı, mən şəhərimizi
səndən istəyirəm".
Məncə, Aqil Abbas həqiqəti
ifadə edib. 90-cı illərdən üzü bəri bir
sıra beynəlxalq təşkilatların-o cümlədən,
ATƏT-in neçə-neçə qərarı olub, qətnaməsi
elan edilib, amma heç biri öz real əksini tapmayıb. Bu məlum.
Amma on beş il əvvəl də, on il əvvəl də, elə
indi də belə bir xəbər yayılsa, doğma
ocaqlarından didərgin düşən əksər
qarabağlı bu xəbərə inanacaq. Halbuki, bütün
bunlar beynəlxalq oyunlardı. Ona görə də əsərdə
bu oyunlara, bu şaiyələrə, bu yalanlara inananlar
ölülük mənziləsindədirlər. Bəs
hansı yolu seçmək lazımdır? İsgəndər
deyir: Gəlin, bu Kefli İsgəndərə qulaq asın. Bir
yaxşı-yaxşı düşünün və nəsihətimi
qəbul edin. İnanın mənə. Allah Mirzə Cəlilə
min rəhmət eləsin. Bu Təsyelər, Petkalar var ey,
bunlar Şeyx Nəsrullahdan da betərdilər. Bunlardan
Qarabağı dirildən olmaz! Bunlar Qarabağı ona görə
öldürməyiblər, sizi çöllərə ona
görə salmayıblar ki, sonra dirildələr,
qayıdıb gedəsiniz evinizə-eşiyinizə. Bunlar
Qarabağı ona görə öldürüb sizi
çöllərə salıblar ki, özləri kef eləsinlər.
Gəlsinlər, sorsunlar aparsınlar. Ağsaqqallıq eləsinlər".
Mirzə Cəlilin
"Ölülər"ində olduğu kimi, cənab Təsye
də yalanının üstünün
açılacağını görüb qaçır. Və
İsgəndərin sarsıdıcı monoloqu bu dəfə
daha gur səslənir: "Siz bunların ayağının
altında qurbanlar kəsməklə, ciblərini doldurmaqla elə
bilirsiniz ATƏT-in lotuları Qarabağı ermənilərdən
alıb verəcəklər sizə?! ATƏT-in boş-boş
sözlərinə nə vaxta qədər inanacaqsınız?
Hərəniz əlinizə bir çomaq götürüb ermənilərin
üstünə getsəniz, erməni İrəvanacan
qaçar!".
Şeyx Nəsrullahla cənab
Təsye arasında bir-birinə oxşar cəhətlər az
deyil. Şeyx Nəsrullah görəndə ki, hamı onu Allah
yerinə qoyur, şübhə eləmir ki, bəd əməllərini
burada həyata keçirəcək. Çünki onun qorxulu
hesab elədiyi İsgəndəri heç kim saymır. Cənab
Təsye də çadır şəhərciyi sakinlərinin
ona inamından məharətlə faydalanır və çox
yaxşı bilir ki, İsgəndərin bu mühitdə
heç bir hörməti yoxdur. Şeyx Nəsrullah hər gecə
azyaşlı bir qızla eyş-işrətə aludə
olursa, Təsye belini ovdurmaq üçün bir
bığıburma çağırtdırır. Faciə
orasındadır ki, adamlar Fransadan gələn bu siyasi lotunun əleyhinə
mübarizə aparmaq əvəzinə, İsgəndəri tənə
hədəfinə çevirirlər. Amma qalib gələn Təsye
yox, İsgəndər olur. Finalda. o, bu günün
"canlı ölüləri"nə ağır ittihamlar
oxuyur (Mən dağları, daşları, quşları, fələkləri,
ulduzları şahid çəkib soruşuram, bu camaata nə
ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər:
"Ölülər!". Və bizdən sonra gələn nəsillər
illər uzunu sizi yada salıb bir səslə deyəcəklər:
"Ölülər!")
A.Abbas cəmiyyətin
müəyyən qrupuna, daha çox hələ də
yalançı bir inamla yaşayıb Qarabağı hansı
xarici qüvvələrinsə alacağına ümid edən
mühitə qarşı etiraz səsini ucaldır.
Çünki dünya dəyişib, yalanlar, siyasət
havasında bişirilən halvalar tez üzə
çıxır, bunlara inanan insanlar isə şüuru
kütləşmiş diri ölülərdir. Eyforiyaya
qapılmaq olmaz!
Əlbəttə, Mirzə
Cəlilin "Ölülər"inin böyük təsir
gücünü bu əsərdə, bəlkə hər səhifədə
hiss edirik. Aqilin "Ölülər"i səviyyəcə
özü də etiraf edər ki, sələfinin əsəri
kimi şedevr deyil. Amma müasir ölülüyün mahiyyətini
açmaq mənasında Aqil Abbasın pyesi bu günün,
çağdaş Azərbaycan gerçəkliyinin bədii,
real-bədii inikasıdır.
Bu, səhv etmirəmsə,
Aqil Abbasın ilk pyesidir. Adətən, ilk pyeslər həmişə
dram sənətinə xas olan qüsurlardan xali olmur və
Aqilin pyesinə də bəzi iradlar söyləmək olar. Deyək
ki, Mirzə Cəlilin "Ölülər"ində
ölülük mühiti cəmiyyətin bütün sosial təbəqələrini
əhatə edirdi, təkcə dini fanatizm deyil, ictimai-sosial
naqisliklər də ifşa hədəfinə çevrilirdi.
Aqildə isə tənqid oxları çadır şəhərciyinin
hüdüdlarından çox az kənara çıxır.
Aqildə siyasi ölülüyün mahiyyəti bir qədər
də sərt boyalarla açıqlana bilərdi, axı, bu
ölülük və Avropanın "xilasedici
missiyası"na inam təkcə Avropadan gəlmir, daxilimizdə
bunun güclü kökləri, rişələri var.
Amma buna baxmayaraq Aqil
Abbasın "Ölülər"i gerçək həyatı
əks etdirir, burada yalan yoxdur. Teatr, səhnə yalanı
sevmir və Aqil Abbasın "Ölülər"inin
müasir teatrımızın səhnəsinə yol
tapacağına da inanıram...
VAQİF YUSİFLİ
Ədalət.- 2011.- 9 fevral- S. 6.