DAŞKƏSƏN: DAĞLARIN AĞ ŞƏHƏRİ

 

Hər bir adamın əməlləri onun gördüyü işlərdə öz əksini tapır. Söz demək, vəd vermək olar, hansısa bəyanat vermək olar, amma əgər bunların arxasında konkret işlər dayanmırsa, heç bir əhəmiyyəti yoxdur.

 

İlham Əliyev

 

Respublikamızın tanınmış şairi İlyas Tapdıq öz poeziyasında vaxtı ilə Daşkəsəni dağların ağ şəhəri adlandırmışdı. Bu, o dövr idi ki, Daşkəsən şəhəri təzə salınır, onun ətrafında dağların zirvəsində filiz mədənləri istifadəyə verildi.

Lakin Sovetlər dövründə dağın başında salınmış bu şəhər o qədər də inkişaf etmədi. Burada bütün diqqət, bütün qüvvələr dağların bağrını söküb, ölkəyə filiz verməyə səfərbər edilmişdi. Rayona gələn partiya rəhbərləri isə necə gəldi işləyir, səlahiyyət müddətinin başa çatmasını gözləyir, vaxt, vədə yetişdikdə isə çıxıb getməklə bu dağlardan sanki canlarını qurtarırdılar.

Burada abadlığa, tikinti-təmir işlərinə lazımınca diqqət yetirilməməsi nəticəsində şəhər get-gedə öz füsunkarlığını azaldır, necə deyərlər, köhnəlib, görkəmini itirirdi. Bir tərəfdən də şıltaq iqlim şəraiti öz işini görürdü. Qışda şaxtalar, yaz-yay aylarında isə güclü külək və leysan yağışlar öz işini görür, şəhərin görkəminə ciddi ziyan vururdu.

Ümummilli Liderimiz Heydər Əliyevin çox müdrik və dünyəvi siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikamızın bölgələrinin sürətli inkişafına, yeniləşməsinə göstərdiyi misilsiz qayğı, nəhayət Daşkəsəndə də öz bəhrəsini verdi.

Belə ki, Daşkəsənin geriləməsini aradan qaldırmaq, onun şöhrətini qaytarmaq üçün burada işgüzar kadra böyük ehtiyac vardı. Odur ki, 16 fevral 2006-cı ildə kadr dəyişikliyi aparıldı. Möhtərəm prezidentimizin xeyir-duası ilə Tahir Kərimov Rayon İcra Hakimiyyətinə başçı təyin edildi. Yeni başçı isə başladığı ilk gündən Daşkəsənin yenidən qurulub, abadlaşdırılmasından başladı. Bunu nəzərə alan möhtərəm Prezidentimiz 2006-cı il iyulun 13-də "Azərbaycan Respublikası Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı" barədə sərəncam imzaladı. Bununla da Daşkəsənin yeni ağ günləri başladı. Sərəncam Daşkəsənin sürətli inkişafına göstərilən parlaq qayğının nəticəsi oldu.

Burada maraqlı bir faktı qeyd etmək yerinə düşər. Yuxarıda deyildiyi kimi 2006-cı ilin aprelində şəhərdə köhnə binaların görkəminə əl gəzdiriləndə, küçələrin yararsız, istinad divarları söküləndə Daşkəsən şəhəri salınandan burada əmək fəaliyyətinə başlayan Sona Verdiyeva zəng vurub dedi: - Axı, bu şəhəri niyə sökürlər, yenidən qura biləcəklərmi? Mən baxa bilmirəm.

Sona xanıma cavab verdim ki, səbir etsin, atalar "cücəni payızda sayarlar", deyiblər. Cəmi 6 ay keçdikdən sonra Sona xanım yenidən zəng edib fərəhlə, şəhərin bu cür yeniləşməsinə heyran qaldığını bildirdi və möhtərəm Prezidentimizə sonsuz minnətdarlığını söylədi.

İndi isə fikrimizi daha da aydınlaşdırmaq üçün 2006-cı ildən bəri görülən işlərə diqqət yetirək.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və köməkliyi ilə şəhərin mərkəzində Ümummilli Liderimiz Heydər Əliyevin möhtəşəm abidəsi ucaldıldı, Ulu Öndərimizin xatirə muzeyi yaradıldı, ətrafında gözoxşayan park inşa edilib istifadəyə verildi. Həmçinin Fondun hesabına şəhərdə yeni Məscid binası tikildi. Yuxarı Daşkəsən qəsəbəsində 200, Təzəkənddə 160, Alaxançallı kəndində 112, Quşçu, Quşçu Körpüsü və Aşağı Daşkəsən qəsəbələrində hər biri 80 şagird yerlik məktəb binaları tikilmiş, 2 saylı şəhər uşaq bağçası, Uşaq Gənclər İdman Məktəbinin, İ.Nəsimi adına 1 saylı, A.Mürsəlov adına 2 saylı şəhər orta məktəblərinin binaları əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilmişdi. Bir neçə məktəbdə əlavə sinif otaqları tikildi. 2 saylı şəhər uşaq bağçasının binası təmir olundu.

Əsası odur ki, şəhərin mərkəzində Hliyev Fondu hesabına Qarabağ əlilləri və şagird ailələri üçün iki 16 mənzilli binalar inşa edilib sakinlərin istifadəsinə verildi. Fərəhli haldır ki, həmin binanın birinin açarlarını Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təntənəli şəraitdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev təqdim etmişdir.

Şəhərin keçmiş univermağı əsaslı təmir edilərək yenidən quruldu. Binada xalçaçılıq, tikiş sexləri və ticarət mərkəzi yaradıldı. Yeni asfalt zavodu, müasir tipli yanacaqdoldurma məntəqəsi tikildi. Şəhərdə qəza vəziyyətində olan 20 yaşayış binasında bərpa-gücləndirmə işləri görüldü. "İlkin" şadlıq sarayı və digər mühüm obyektlər inşa olundu. Adı dillər əzbəri olan "Narzan" bulağının ətrafında müasir iaşə müəssisəsi, Xoşbulaq yaylağında yeni ticarət mərkəzi yaradılıb istifadəyə verildi.

Gəncə-Daşkəsən-Xoşbulaq yolu 2006-cı ilədək tamamilə bərbad hala düşmüşdü. Bu da yolla gedib-gələnlərin haqlı narazılığına səbəb olurdu. Möhtərəm Prezidentimizin tapşırığı ilə uzunluğu 47,4 km olan həmin yol 2006-cı ildə yenidən abadlaşdırıldı və tamamilə asfaltlaşdırıldı. 2006-cı ilin 31 oktyabrında cənab İlham Əliyev yolun açılışı mərasimində iştirak etdi. Yeni abad və rahat yol təkcə daşkəsənlilərin deyil, ümumiyyətlə qərb bölgəsi və Xoşbulağa gələnlərdən ötrü əvəzsiz töhfə oldu.

İş fəaliyyətinin yaxşılaşdırılmasına stimul yaratmaq üçün 22 saylı Yol İstismar İdarəsindən ötrü yeni inzibati bina tikilmiş, istifadəyə verilmişdir. Bununla yanaşı şəhər mərkəzi avtovağzalı da yenidən qurulmuş, şəhər mehmanxanası əsaslı təmir edilmişdir.

Daşkəsən rayon Qazstismar İdarəsinin, rayon Dövlət idarələrinin yerləşdiyi digər binaların - Maliyyə idarəsinin, YAP rayon təşkilatının binası, "Mədənçilər" mədəniyyət evi və digər mühüm əhəmiyyətli obyektlər təmir olunmuş, onların divarlarına yeni üzlüklər çəkmişlər.

Alunitdağ qəsəbəsində qəza vəziyyətində olan 16 mənzilli yaşayış binası sökülmüş, yerində müasir tipli yeni yaşayış binası inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Daşkəsən şəhərində, Alunitdağ və Mədənçilər qəsəbələrində yerləşən çoxmərtəbəli yaşayış binalarının, yataqxanaların və inzibati binaların dam örtükləri dəyişdirilmiş, fasadlarında əsaslı təmir aparılmışdır. Şəhərin küçələrinin istinad divarları mərmər plitələrlə bəzədilmiş, müasir memarlıq üslubunda hörgü-mozaika işləri aparılmışdır.

"Elba" MMC tərəfindən rayonun Quşçu qəsəbəsində tutumu min ton olan soyuducu anbar kompleksi, ət və kəsim sexləri tikilmiş, beynəlxalq standartlara uyğun avadanlıqlarla təmin edilmişdir.

Daşkəsən-Xoşbulaq magistral təbii qaz xətti çəkilmiş avtomatik qazpaylayıcı stansiya istifadəyə verilmişdir. Şəhər Kommunal Müəssisələri Kombinatının inzibati binası əsaslı təmir olunmuş, kombinatın texniki bazası daha da möhkəmləndirilmişdir. Belə ki, müəssisəyə 4 ədəd "KAMAZ" markalı avtomaşın, 1 ədəd "Belorus" və 1 ədəd "Bobçat" teleskopik yükləyici alınmışdır.

Rayonun Xoşbulaq, Quşçu, Bayan, Əhmədli, Dəstəfur, Zəylik, Qaraqollar, Qabaqtərə kəndlərində olan ATS-lər yeni tipli elektron ATS-lərlə əvəz edilmişdir.

Dəstəfur, Quşçu və Əmirvar kəndlərində poçt binaları tikilərək istifadəyə verilmişdir.

Rayonun mərkəzində 80 çarpayılıq xəstəxana binası, Xoşbulaq kəndində gənclərin təlim və istirahət mərkəzi tikilir. Həmçinin Su-kanal idarəsinin, rayon Baytarlıq və Diaqnostika Mərkəzinin, Dəstəfur kəndində isə baytar sahəsi üçün inzibati binaların tikintisi başa çatdırılmış, istifadəyə verilmişdir.

Ümumiyyətlə, Daşkəsəndə son beş ildə yerinə yetirilən tikinti-abadlıq işlərini saymaqla qurtaran deyil. Burada qarşıda daha genişmiqyaslı işlərin görülməsi nəzərdə tutulub.

Daşkəsən həm də öz təbii mənzərəsinə, iqlim şəraitinə görə çox əlverişlidir. Bunu nəzərə alan İcra Hakimiyyəti səfalı Xoşbulaq yaylağında Turizm İstirahət Mərkəzi yaratmışdır.

Bəs, Daşkəsəndə aqrar bölmədə vəziyyət necədir?

Rayon aqrar bölməsində sahibkarlığa xüsusi diqqət yetirilir. Odur ki, respublikamızın başqa bölgələrində olduğu kimi, Daşkəsəndə də Sahibkarlığa Kömək Milli Fondu hesabına 12 sahibkara kifayət qədər güzəştli kredit verilmişdir. Nəticədə 12 yeni iş yerləri açılmışdır.

Hazırda rayonda 2 kartofçuluq, taxılçılıq üzrə 2 toxumluq təsərrüfatı, heyvandarlıq, arı damazlıq müəssisələri yaradılmışdır. Quşçu kəndində fəaliyyət göstərən "Ağbaba" kəndli fermer təsərrüfatına yeni cins mal-qara gətirilməsi davam etdirilir və sahəsi genişləndirilir.

Daşkəsəndə görülmüş işlər göz qabağındadır. Rayon icra hakimiyyətinin başçısı cənab Tahir Kərimov Daşkəsənin gələcəyi barədə qısaca olaraq belə dedi:

- Respublikamızın regionlarının sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramında rayonun sürətli inkişafı üçün çox böyük işlər nəzərdə tutulub. Ölkənin polad kompleksi işə düşəndən sonra Filizsaflaşdırma kombinatı əsaslı fəaliyyətə başlayacaq. Çovdar Qızıl yatağı isə işə düşmək üzrədir. Bax, o zaman "Azərbaycan Uralı"nın şöhrəti yenidən artacaq, daha sürətli inkişaf yoluna çıxacaqdır.

 

 

Tahir Məmmədov

 

Ədalət.- 2011.- 9 fevral.- S. 7.