ONLAR VƏ MƏMLƏKƏTİMİZ

 

Türkiyə Cümhuriyyəti Liberal Partiyasının Başqanı BESİM TİBUK

 

Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər səslənsə də, təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik. Yeni nəslin maarifçilik həyatı bizləri son dərəcə narahat etməkdədir. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdan mənim yeni başladığım yazı dizisində, seriyasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu yazılara bir ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdir və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşünürlər. Və ya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsil üçün daha çox maraq doğura bilər fikrindəyik. Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək, yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.

"Bu bölgənin ən güclü dövləti Türkiyədir.

Amerika Türkiyəni dinləməyə məcburdur.

Türkiyə ilə işbirliyi eləmədən Amerika heç bir şey qazana bilməz. Nə Ortadoğuda bir şey qazanar, nə Balkanlarda bir şey eləyə bilər.

 

***

 

Məsələ silahlarda deyil. Qorxudaraq, təsir eləyərək zorlayaraq heç bir şey qazanılmaz. Əsas odur ki, işlər siyasi yolla çözülsün. Bir kəz daha söyləyirəm:

Bizim XARİCİ SİYASƏTİMİZDƏ Azərbaycan önəmli bir yer tutur və başlıca məsələdir".

Tevfik bəy, Söhbətimizə davam edək. Mən nəyi anlatmaq istəyirdimsə bir az anlatdım. Siz əsasən ekonominizi düzəltməlisiniz. Sizin ekonominizin problemləri bizim üçün də pisdir. Bu Ermənistan məsələsində sayın Ecevitin bir təklifi oldu. Koridor məsələsi. Bu haqda fikirləşməyə dəyər. Biz də bu koridor məsələsində eyni fikirdəyik. Mən bunu o zaman Mütəllibov vardı, onun zamanında söyləmişdim. Bizim fikrimizcə ən ağıllı yol budur. Biz də bu görüşdəyik. Amma qərar Azərbaycan dövlətinin və Azərbaycan hökumətinindi, təbii... Buna deyəcək bir sözümüz yox.

Bu məsələ ətrafında artıq bizim fikirlərimiz dəyişir. Və həqiqətən əsəbi bir ortam yaranır. Amma söylədiyim kimi, hörmətli Besim Tibuk çox tez münasibət yaradan və fikirlərini çox tez anlatmağa çalışan bir siyasətçidi. Və bir az susduqdan sonra yenidən danışmağa başlayır. Hər ikimizi də razı salacaq məsələlərdən danışırıq. Besim Tibuk araya söz qatır və mən ondan bir bioqrafik tanışlıq xahiş eləyirəm. Koridor məsələsinə qayıdacayıq. Bunun üçün onun şəxsi fikirləri var, onu yazımın sonuna əlavə eləyəcəyəm.

İşləməklə oxumaq həyatı gördüyümüz kimi çox şaxəli olub. Bu aralarda ekonomika və siyasət dünyasında da öz fikirləri ilə diqqəti çəkib. Demokratik yöntəmə və ortama xidmət eləmək üçün DEM mətbuat mərkəzini qurub.

"Biz əsasən ekonomik məsələlərdə Azərbaycan nümayəndəliylə görüşmək istəyirik. Azərbaycan ekonomik olaraq necə ayağa qalxa bilər? Türkiyə ilə sərhəd olmamalı.

Türkiyə ilə Azərbaycanı Gömrük Birliyi kimi düşünməli. Bəzi şeylər sərbəstcə aparılıb gətirilməli, bəziləri hələlik olmaz. Azərbaycan zəngin ölkədi. Bu yalnız petrol deyil. Xalqınız çalışqandır. BUNA GÖRƏ DƏ LİBERAL POLİTİKALAR İŞLƏRSƏ AZƏRBAYCAN İSVEÇRƏ KİMİ BİR YER OLUR".

Davam edir: "Biz heç bir minnət eləmədən və heç bir haqq gözləmədən Azərbaycana bir müşavirlik eləmək düşüncəsindəyik. Əlbəttə Azərbaycan rəhbərliyi bunu istərsə. Dediyimiz kimi, Azərbaycan zəngin ölkədi. İnsanları da gözəl. Sağlam. Yaraşıqlı. Mədəni insanlardı, biradər. Gözəl, təbii mənbələri var. Bunu aşkarlamaq, üzə çıxarmaq lazımdır. Buna görə də Azərbaycan bizim xarici siyasətimizdə əsas yer tutur. Azərbaycan bizim fikrimizcə, qısa bir vaxtda zənginləşə bilər. Ticarəti inkişaf etdirsə və başqa ölkələrlə əlaqəni daha da saflaşdırsa və sıxlaşdırsa zənginləşə bilər. Bizim bir istəyimiz də var. Vaxtında gedə bilmədik Azərbaycana. Azərbaycanda yaşlı, qoca, uşaq və xəstələr var ki, hələ də çadırlarda yaşayırlar. Onları Türkiyəyə gətirmək lazımdı və gətirib burada müalicə eləmək gərəkdir. Qış aylarında bizim isti yerlərimiz daha çoxdu. Xüsusilə Antalyanı düşünmüşük. Üç-dörd ay bu adamların Antalyanın tətil kəndlərində qalmasını istəyirik. Bunu eləmək lazımdı. Artıq gecikmişik belə. Mən bunu iki dəfə Cümhurbaşkanına, başkanlara, müxalifət partiyaların başkanlarına söylədim. Edəriz, yaparız, şudur-budur, deyib durdular. Minlərcə zavallı, yaşlı və uşaq çadırlarda yaşayır. Antalya qışda da çox rahat. Günəşi bol. Biz bunu eləmək üçün əlləşirik. Təəssüflər olsun ki, hələ bir yerə varmamışıq. Bizimkilər düşünürlər ki, başımıza bəla almayaq, dərd almayaq. Oradakılarla da əlaqə yarada bilməmişik.

Hərhalda bu işi eləmək gərək...

Not: Vallah Mikayıl Müşfiqin bu sətirləri nədənsə elə bu sözləri yazanda ağlıma gəldi:

 

Deyirsən yanında qalacağam mən

Çox gözəl fikirdir, qal sənə qurban...

 

Qarabağ məsələsində ayrıca olaraq Besim Tibukun KORİDOR projesi

 

... Qarabağa bir koridor verib, Dağlıq Qarabağda ermənilərin çox sıxı yaşadığı yerləri onlara verəcəksiniz. Daha doğrusu, koridor verəcəksiniz və onun yerinə bir ara koridor da biz alacayıq. O zaman Naxçıvanla Azərbaycan birləşəcək. Bunun faydası var. Yəni, biz bu görüşdəyik. Amma belə bir vəziyyətdə qərar yenə də Azərbaycanındır, bizim deyil.

- Amma hörmətli Başkan, siz Bülent Ecevit bəyin dediyi o yerlərdə heç oldunuzmu? Biz koridoru Ermənilərə hardan veririk? İndi də elə o dediyiniz koridor ermənilərin əlindədir, onlar o yerlərdə ağalıq eləyirlər. Ora da əski Azərbaycan torpaqlarıdı və ora Sovetlər dövründə də onların idi. Daha nə istəyirlər?

- Amma məsələ ayrı cürdür. Heç bir anlaşma yoxdur. Sən bir sərhəd qoyub deyəcəksən ki, Naxçıvanla Ermənistan arasındakı torpaqlar bizim.

- Amma, sayın Başkan ermənilər asanlıqla, sülh yoluyla o torpaqları verməz.

- Necə yəni verməz. Qırtlağına basıb alarsan. Əsas bu problemi çözmək lazımdır. Türkiyə Amerika ilə anlaşırsa, Amerikanı sıxışdırırsa bir az da iddialı istəsə Amerika buna razı olacaq. Ermənistanın da Türkiyəyə böyük ehtiyacı var. Türkiyə desə, Ermənistan çox böyük ehtiyac içinə girər. Bu koridor məsələsi həll olunursa, onun sizə müthiş bir yararı olacaq. Ermənistana koridor veriləcək işğal altındakı torpaqlar geri qaytarılacaq.

- Hörmətli Başkan, bu dəqiqə Ermənilər Xankəndinə azad gəlib gedirlər və oralarda naxır otarırlar.

Yenə də dediyini deyir Besim Tibuk bəyəfəndi.

- O koridor olursa Türkiyə ilə Azərbaycan bir Gömrük birliyi içində olar. Türkiyə hər iki ölkəylə bir sərhəd qarantisi danışacaq. Qardaşım qüvvət deyilən şey bizdə. Türkiyə deyəcək: Azərbaycanın sərhəddi budur. Qarşılıqlı müdafiə işbirliyi alınacaq. Nə var ki... Kim, yox deyəcək buna? Azərbaycanla Türkiyə bir müdafiə anlaşması eləyərsə kim nə deyəcək buna? Yazıq deyil mi? Bax, o koridor olsa Azərbaycan müdhiş zənginləşəcək. Və Azərbaycan Türkiyəyə gəliş vizasını qaldıracaq. İstədiyin kimi gediş-gəliş olacaq. Alış-veriş olacaq. O koridordan yol açdın ki, yəni bir dəyər əldə ediləcək və unutmamalı ki, yol hara gedərsə o yerlər dəyərli olur, abad olur, inkişaf edir o yerlər. Bu yol açıldımı, bu yoldan petrol boru xətti keçər... hər şey keçər....

 

Son

 

BESİM TİBUK KİMDİR

 

Besim Tibuk 1945-ci ildə Fındıklı qəzası Araklı köyündə anadan olub. Atası Yunus Heydər oğlu, Azərbaycanın Füzuli rayonundan, əski SSCB-nin tanınmış insanlarından olmuşdur. İbtidai məktəbi Murgüldə bitirən Tibuk, orta təhsilini müxtəlif səbəblər üzündən Qars, Artvin və Rizədə başa vurmuşdur. 1962-1963 AFS bursu ilə ABD- getdi. Orada liseden məzun oldu. Sonra Ankara siyasi Elmlər fakültəsində oxudu. Oranın diplomatiya bölümünü 1968-ci ildə bitirdi. 1964-67 arası Dövlət Statistika İnstitutunda çalışdı. 1971-ci ildə İşlətmə İqtisadi İnstitutu ali işlətməçilik ixtisasını qazandı.

14 yaşında çalışmaya başladı. 1964-cü ildə Tərcüman-Rəhbər olaraq turizm sektoruna girdi. Sonra səyahət agentlikləri müdürlüklərində çalışdı. 1974-cü ildə Tərcüman Rəhbərləri birləşdirərək Net Holdinqin binövrəsi olan Net Turizmi qurdu. Net Qrupunu böyüdərək qısa zamanda turizm sektorunun ən böyük quruluşlarından biri halına gətirdi. Tibuk 1980-ci ildən sonra düşdüyü maliyyə krizi üzündən əlindəki Netbankı sataraq özünü qurtardı. Ticarət həyatına Merit İnternasional oteller zənciriylə Net Holdinqlə davam edir.

Siyasi həyata Demokrat Partidə atıldı. DP-nin İstanbul Başkanı oldu. Bu vəzifəsindən ayrılan Besim Tibuk 26 iyun 1994-cü ildə Liberal Partiyanı qurdu. Partiya bir az sonra Liberal Demokrat Partiyası adını aldı. Abdi İpekçi Barış Dostluq ödülü sahibi olan Besim Tibuk evli dörd uşaq atasıdır. Əməkli olduğunda, təsərrüfatla məşğul olacağını söyləyir.

  

  

Tofiq Abdin

 

Ədalət.- 2011.- 5 fevral.- S. 15.