Elçin Hüseynbəylinin "Şah Abbas" romanı haqqında debat rəy

 

Oxuduğum hər bir tarixi bədii əsərdə ilk axtardığım xüsusiyyət müəllifin tarixi faktlara münasibətidir. Çox təsadüf olunur ki, yazıçı tarixi faktları təhrif edir, öz təxəyyülündə yaratdığı hadisələrə uyğunlaşdırır. Necə ki, Nizami Gəncəvi Makedoniyalı İskəndəri Azərbaycana gətirmişdi. Halbuki İskəndər nəinki Azərbaycanda heç Qafqazda belə olmamışdır. Ə.B.Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar" pyesindən sonra tarixin az təhrif olunduğu əsərlər barmaqla sayıla biləcək qədərdir. Məhz bu mövzuda yazılan əsərlərə bu gün ehtiyac daha çoxdur. Bu baxımdan "Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab XXI əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari-141-ci Don Juan" kitablarından tanıdığımız Elçin Hüseynbəylinin "Şah Abbas" romanı çox aktualdır. Əsər Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Səfəvi dövlətinin xarakteri olduqca ziddiyyətli şahı I Şah Abbasın həyat fəaliyyətindən bəhs edir.

Tarixin hər hansı dövrü və ya hər hansı bir şəxsiyyəti haqda fikir yürüdərkən ilk növbədə həmin dövrün ictimai siyasi mühitinə nəzər salmaq lazımdır. Şah Abbasın hakimiyyətə gəldiyi dövr Ərdəbil, Qaracadağ, Xalxal və Talışdan başqa bütün Azərbaycan torpaqları Osmanlı işğalı altında idi. Qızılbaş əyanları silah gəzdirir, fitnə-fəsad törədir, hətta dövlət işlərinə belə müdaxilə edirdilər. Ölkə Osmanlılardan başqa Özbəklər və Portegezlər tərəfindən də təhdid olunurdu. Şah İsmayılın ölümündən I Təhmasibin həddi-buluğa çatdığı dövrədək harınlaşan mərkəzi hakimiyyətə tabe olmayan qızılbaş əyanları, I Təhmasibin ölümündən sonrakı I Şah Abbasın hakimiyyətə gəldiyi 1587-ci ilə qədər onlar yenə də istədiklərini edir, nizam-intizama cəlb olunduqda isə ya qiyam qaldırır, ya da Osmanlılar tərəfə keçirdilər. Şah Abbasın hətta doğma anasını belə qətlə yetirən bu azğınları qətl etməkdə haqlı deyildimi? Bir yandan da bunu beynəlxalq vəziyyət tələb edirdi. İstanbul müqaviləsi bağlanandan sonra belə osmanlılar səfəvilərin daxili işlərinə qarışmaqda davam edirdilər. Ümumiyyətlə müqavilədən əvvəl və sonrakı dövrlərdə osmanlılar Şah Abbası heç müstəqil padşah kimi tanımırdılar. "Onu Şərq vilayətlərinin valisi adlandırırdılar". Müqavilədən sonrakı ilk illərdə şah özü də osmanlıları qıcıqlandırmamaq üçün hətta ölkə daxilində gördüyü işlərin hesabatını verirdi. Əsərdə oxuyuruq: "Şah Abbas osmanlıları sakitləşdirmək üçün özünün Herat səfərinə haqq qazandırır "aldığımız 24 qalanın açarını bir qızıl və gümüş sandıqda sultan həzrətlərinə göndəririk. Çünki, qalalarımız və özümüz padşahi-cahan həzrətlərinik. Görünür ki, şah 1590-cı il müqaviləsinin pozulmasından çəkinirdi". O ki, qaldı Şahın öz atasını zindanda saxlamasına kor şah həqiqətən də Vəramin qalasında saxlanırdı, amma işgəncə altında yox. Bunu isə şərait tələb edirdi. Çünki Səfəvi dövlətinin başı üzərini almış ölüm təhlükəsi birbaşa Məhəmməd Xudabəndənin "xidməti"idi.

Tarixdən bəllidir ki Şah Abbas Azərbaycan Səfəvi dövlətini farslaşdırdı. Bir fakt da məlumdur ki, o Azərbaycanı Fars Səfəvilər dövlətinə qatmaqdan da vaz keçmədi. Lakin bir şey məlum deyil ki, o bu addımı ölkəmizin bütövlüyü, xalqımızın mənafeyi üçün edirdi, yoxsa öz torpaqlarını genişləndirmək üçün? Bir şey məlumdur ki, nə Şah Abbas, nə də ondan çox sonra hakimiyyətə gələn Qacarlar özlərinə Azərbaycanlı demirdilər. Doğrudur, o, Azərbaycan adlı bir bəylərbəylik yaratdı. Lakin o Azərbaycanın şimalını Osmanlılardan təmizləyib bu bəylərbəyliyə qatsaydı, müstəqil Azərbaycan dövləti yaratsaydı, bu gün onun nəticəsi necə də gözəl olardı?.

Bəli, bu gün tarixi ədəbiyyatda I Şah Abbası ən çox ona görə qınayırlar ki, o. Azərbaycan Səfəvi dövlətini farslaşdırdı, fars əyanlarını dövlət vəzifələrinə irəli çəkdi. Lakin tarixə nəzər salsaq görərik ki, bu proses hələ kor Məhəmməd Xudabəndənin dövründə başlanmışdı. Onun fars qızı olan arvadı Məhdi Ülya şahın acizliyindən istifadə edib hətta dövlətdə şahdan sonra ikinci vəzifə sayılan vəkil vəzifəsinə yüksəlmişdi. Şah Abbas hakimiyyətə gələnə qədər bu qadın bir neçə yüksək dövlət vəzifəsini artıq farslaşdırmışdı. Bir yandan şah nəinki yüksək dövlət vəzifələrini, hətta şəxsi mühafizəsini belə qızılbaşlara etibar edə bilmir, bu işdə xristian gənclərdən ibarət qulamlardan istifadə edirdi.

Şah Abbasın dövlət idarəçiliyində farslara meyl etməsi hansı zərurətdən irəli gəlirdi? O, niyə ona müxalif olan türk tayfalarına, xüsusən də Təkəlü tayfasına qənim kəsilmişdi? "Şah Abbas döyüşdə əsir tutduğu düşmənlərini o şərtlə bağışlayırdı ki, onlar Əlinin ali hakimiyyətini qəbul etsinlər və saqqallarını qırxsınlar". Eyni addımı Osmanlılar da atırdı. 1590-cı il İstanbul müqaviləsi imzalanarkən Soltan Səfəvilərə ərazi iddialarından başqa" şiə din xadimlərinin xütbələrində Əli ilə yanaşı Əbubəkr, Ömər və Osmanın xəlifəliyinin də qəbul olunmasını, peyğəmbərin sevimli zövcəsi Aişəyə lənət yağdırmamağı tələb edirdi". Qızılbaşlar Osmanlıları, osmanlılar isə qızılbaşları din düşməni adlandırırdı.

Şah Abbas qatı şiə idi. Elçin Hüseynbəyli yazır; "Şahın etimad göstərdiyi Xəttat Mir İmad şiələrlə sünnülər arasında barış yaratmaq istədiyindən şahın əmri ilə edam olundu".

Şəxsiyyəti olduqca ziddiyyətli olan bu insanı biz gah gözlərini qırpmadan onlarla adamı edam etdirən, gah da soyuqdan donmuş bir uşağı atının çulu ilə öz əlləri ilə büküb xilas edən yerdə görürük. Müəllif şahın bütün mənfi və müsbət keyfiyyətlərindən qüvvətli bir təzad yaradır.

Şah Abbas Avropa ölkələrini Osmanlılar əleyhinə qaldırmaq üçün var-gücü ilə çalışırdı. Bununçün o xristian missionerlərinə İranda sərbəst fəaliyyət yaradacağını vəd edirdi. "Xaçpərəstlər harda istəsələr torpaq almaqda, ev tikməkdə, alver etməkdə sərbəstdirlər". Şah Abbasın əksinə olaraq Osmanlılar isə xristianlardan səfəvilərin əleyhinə istifadə etməkdə o qədər də maraqlı deyildilər. Osmanlılar Teymuraza cavab olaraq, "Səfəvilər osmanlılar ilə dindaşdırlar. Şəriət öz dindaşlarının üzərinə başqa dinin nümayəndələrini göndərməyə, onlara müttəfiq olmağa, yardım göstərməyə imkan vermir".

"Şah Abbasın özü də osmanlılara nə qədər nifrət bəsləsə də döyüşlərdə məğlub etdiyi osmanlıları qovmazdı". Qaçan düşmənlərin yolunu bağlamaq ədalətli şaha yaraşan iş deyil. Onlar da Məhəmməd ümmətidir, qaçanları qovmayın"- demişdi. "İki türk dövlətini bir-birinə salışdırmaq Avropa ölkələrinin çoxdankı arzusu idi. Onlar uzaq Avropadan belə bu iki türk dövlətlərinin daxili işlərinə qarışmağa çalışırdılar. İspan kralı şaha yazdığı məktubunda bildirirdi ki, "İran əmirülümərasının Bəhreyn adaları və qalaları tutmaqdan rahatsızıq. Ümid edirəm ki, bu xırda anlaşılmazlıq yoluna qoyulacaq və təbəəliyimizdə yaşayan xaçpərəstlərə və onların müəllimlərinə mərhəmətinizi əsirgəməyəcəksiniz". Şah Abbas isə bütün gücü ilə böyük babası Şah İsmayılın vaxtında buraxdığı səhvi islah etməyə, portuqaliyalıları Fars körfəzindən uzaqlaşdırmağa çalışırdı.

Səfəvi-Osmanlı müharibələri zamanı I Şah Abbasın əmri ilə Azərbaycanda torpaqların yandırılması nəticəsində min illər boyu xalqın böyük əziyyətlə əkin üçün yararlı hala saldığı torpaqlar məhv olur, su quyuları doldurulurdu. Qurbanlıq üçün toyun və ya yasın heç bir önəmi yoxdur. Çünki o hər ikisində kəsilir. Səfəvi-Osmanlı müharibələrində də hansı tərəfin qələbə qazanmasının əslində Azərbaycan üçün heç bir əhəmiyyəti yox idi. Hər iki halda torpaqlarımız tapdanır, əhali var-yoxdan çıxır, öz doğma yerlərini tərk edirdi. Çünki bu müharibələr Azərbaycan uğrunda gedir, Azərbaycan ərazisində gedirdi.

Şah Abbas hərb elminin bütün incəliklərinə dərindən bələd olan görkəmli sərkərdə idi. Dövrünün bir neçə görkəmli sərkərdələrinə qalib gəlmişdi. Romanda oxuyuruq: "Bütün Batını ayaqları altına qoyan Cığal oğlu Sinan paşanı belə məğlubiyyətə uğrada bildi. Məğlubiyyətlə heç cür barışa bilməyən bu mətin sərkərdə zəhər içib öldü. Ölümündən qabaq Osmanlı sərdarı bircə söz demişdi: "O hamının axırına çıxacaq". Çox güman ki, Sinan paşa "O" deyəndə Şah Abbası nəzərdə tuturdu". O, eyni zamanda çox müdrik idi. "Gürcü knyazı Teymuraza qızıl piyalə bağışlamışdı ki, kimin çörəyini yediyini unutmasın". Mütaliəni çox sevən Şah Abbasın kitabxanasında o dövrün demək olar ki, bütün hikmətli kitabları toplanmışdı. Məhz onun dövründə Azərbaycanda kitablar qalınlığına, cildinin gözəlliyinə görə deyil, mənasına və məzmununa görə dəyərləndirilirdi. O ki, qaldı onun torpaqları yandırmasına bu zərurət idi, hərbin tələbi idi. Fasiləsiz davam edən osmanlı hücumları ona iqtisadiyyatı bərpa edib nizami ordu yaratmağa imkan vermirdi.

Şah Abbası qınayanlar ən çox diqqəti onun görkəmli dövlət xadimlərinə, xüsusilə də Fərhad xan Qaramanlının qətlinə yönəldirlər. Müəllif yazır: "Fərhad xan səltənətin əsas dayaqlarından idi. Onun rəyi olmadan hakimlərin təyini, çıxarılması mümkün olmurdu". Naməlum tarixçinin XVII əsrin əvvəllərində yazdığı "Tarix-i Qezelbaşan" ( Qızılbaşların tarixi) əsərində Fərhad xan haqqında oxuyuruq;" Yüksək "Övlad-Fərzənd" ləqəbinə layiq görülmüş, heç bir xoşbəxtin təsəvvür edə bilməyəcəyi ali bir rütbəyə və möhtərəm bir mənsəbə yetişmişdir. Kiçik bir qüsur üstündə bu görkəmli dövlət xadimini başı kəsildi və Herat bazarında nizəyə vuruldu".

Bu məsələyə münasibətim belədir: Şah Abbas Fərhad xan üçün nələr etməmişdi? Çingizxanın imperiyasını bərpa etməyi qarşılarına məqsəd qoyan özbəklər Herata hücum edən zaman o, döyüş meydanından qaçdı. Şah Heratı özbəklərdən təmizləyəndən sonra Fərhad xanı yenidən ora hakim təyin etdi. O, isə itaətdən boyun qaçırtdı və nəticədə edam olundu.

Şah vergi yığmaq üçün xüsusi qəddarlıqda məşhur olan "Tacıböyüklər" adlanan dəstələr yaratdı. Boyu uzun və iri cüssəli adamlardan yaradılan bu dəstələr vaxtı ilə monqol baskakları kimi xalqın içərisində vahimə yaradırdı. Lakin bir sıra digər işlərdə olduğu kimi bu işdə də Şah Abbasa haqq qazandırmaq mümkündür. Çünki, osmanlıların fasiləsiz yürüşlərindən qorunmaq, tez-tez baş verən iğtişaşları yatırmaq üçün qüvvətli ordu, ordu üçün pul, pul üçün isə vergiləri vaxtında yığmaq zəruri idi.

Şah Abbası qınağa çəkənlər dünən, bu gün çox səbəblər göstərirlər. Məsələn, doğma oğlunun ölümünə fərman verməsi, Gürcü knyazı Laursaba tabe olub itaətə gələcəyi təqdirdə Kürün cənub hissəsini ona verəcəyini vəd etməklə Azərbaycan torpaqlarını hərraca qoyması, vədinə naxələf olub 1612-ci il Sərab sülhünə görə osmanlılara vəd etdiyi iki yüz yük ipəyi onlara verməyib əvəzində Venesiyadan odlu silah alması, xalqı öz doğma yerlərindən köçürməsi (böyük Sürgün) və s. məhz sonuncu hadisəni müəllif "tarixin qəmli simfoniyası adlandırır".

Romanda oxuyuruq; Şah Abbas bilirdi ki, xaçpərəstlər Şərqi Gürcüstanda və Üçkilsədə yaşayan din qardaşlarına yardım etmək istəyirlər. Amma osmanlılar buna imkan vermirlər. Şah onlara vəd verməklə xaçpərəstlərin dəstəyinə nail olmaq istəyirdi". Və yaxud romandan digər bir sitat: "Şah Abbas Kartli knyazı Simona Bərdəni osmanlılardan azad edəcəyi təqdirdə Gəncə bəylərbəyliyinin bir hissəsini vəd etmişdi".

Vəzifə təyinatı zamanı əslində rüşvəti əvəz edən "peşkəş" vergisinin alınması da məhz bu gün "cənnətməkan" adı verdiyimiz bu şahın "xidməti" idi. Onun həyata keçirdiyi bütün tədbirlər Azərbaycan türklərinin hər vəchlə özündən uzaqlaşdırmasına, onları bir yerdən başqa yerə köçürməklə iqlim dəyişikliyinə məruz qoyub qırmaq, fars ünsürlərini ucaltmaq idi. "İran Aslanı" adlandırılan (niyə Azərbaycan Aslanı yox?) bütün bunları özü də başa düşürdü. Əsərdə oxuyuruq: "Şah Abbas qorxurdu ki, qəbri murdarlansın, onun üçün də qəbrinin gizli saxlanmasını istəyirdi".

I Şah Abbasın həyata keçirdiyi bütün işlər bir siyasi və hərbi manevr idi və tamamilə dağınıq ölkəni birləşdirmək, iqtisadiyyatı bərpa etmək zərurətindən irəli gəlirdi.

Heç şübhə yoxdur ki, müəllif əsəri yazmazdan qabaq həm səfəvi, həm də osmanlı tarixinin o dövrə aid mənbələrini dərindən mənimsəmişdir. Əks təqdirdə belə gözəl əsər hasilə gəlməzdi. Çox təqdirəlayiq haldır ki, yazıçı istinad etdiyi o dövrün mənbələrini tarixi yazışmaları ərəb və fars sözlərindən təmizlənmiş, bugünkü oxucular üçün oxunaqlı etmişdir. Əsərdə I Şah Abbas haqqında bütün mənfi və müsbət fikirlər qeyd edilsə də, bunların hansında onun haqlı olub-olmaması göstərilmir. Çünki, elə işlər vardı ki, Şah Abbasa həqiqətən də haqq qazandırmaq olardı və ya əksinə. Bu dövrdə mövcud olan kifayət qədər ziddiyyətlər maraqlı bir debat roman yarada bilərdi. Epiloqda isə Şah Abbasdan H.Əliyevə qədər dahilərin divanına bənzər divan qurmaq olardı.

Əsrlərdən bəri Şah Abbasa atılan böhtanlar nəticəsində Şah müəllif tərəfindən həbs olunur. Müəllif əsərdə Şah Abbasla özü arasında maraqlı bir məhkəmə qurur. Özü isə müstəntiq rolunda Şah babamızı ittiham edir. Sonda günahsızlığı sübut olunur, o azad olunur və bugünkü müstəqilliyimizi görüb ürəkdən sevinir. Beləliklə də Elçin Hüseynbəyli Şah Abbası Azərbaycana qaytara bildi.

QEYD: Mənim isə bir oxucu kimi qərarım belədir: Bu gün onun haqqında səslənən saysız-hesabsız mənfi fikirlər həqiqətənmi ona layiqdir? Xeyr. Çünki Şah Abbas öz dövrünün adamı idi. İnsanın insanı vəhşicəsinə istismar etdiyi bir cəmiyyətdə insan istəsə belə ədalətli ola bilməz, ideal cəmiyyət yarada bilməz.

Sənin bərpa etdiyin ucsuz-bucaqsız vətənin cəmi 86%-i qalıb. Onun da 20%-ni ermənilər işğal edib. Oyat Qızılbaş qazilərini şah babamız. Oyat ki, düşmən altında imdad diləyən torpaqlarımızı azad etsinlər.

Əsər məktəbli gənclərdə vətənpərvərlik, tarixi keçmişimizə məhəbbət yaratmaq baxımından olduqca aktualdır. Güman edirəm ki, Təhsil Nazirliyi bu əsəri orta məktəblərin ədəbiyyat dərsliklərinə daxil edəcək və bununla da Səfəvilər dövrünə aid bir sıra qaranlıq məqamlara aydınlıq gətirəcək.

 

 

Yeqzar Cəfərli

 

Ədalət.- 2011.- 5 fevral.- S. 17.