Xocalı olayları dünya mətbuatında

 

Sovet ordusunun yaranma günü tarixə düşən fevral bizim üçün uzun illər bayram ayı kimi anılsa da artıq 20 ildir biz belə bir gün tanımırıq. Amma feral ayı bizim üçün yənə də tarixi bir günün yaşandığı təqvim olaraq qalır. Heç şübhəsiz bu millət və dövlət var olduqca da bu ay və onun 26-cı günü xatırlanacaq. Çünki tayfa statusunu hələ də özündə saxlamaqda olan və ərazimizdə məskunlaşdırılan ermənilərin torpaq iddiaları ilə başlanan prosesin davamı olaraq 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhəri yerlə-yeksan olundu. Bu şəhərin insanlarının başına ağlasığmaz olaylar gətirildi. Sözün həqiqi mənasında soyqırım törədildi. Artıq tariximizə "Xocalı soyqırımı günü" kimi düşən həmin olaylardan 19 il ötüb və ildönümünə sayılı günlər qalıb.

Dünyanın hələ də etiraf etmədiyi bu hadisəni-ermənilərin özlərinin törətdiyi bu vəhşiliyin təbliğatını da ermənilər aparır. Törətdiklərini deyil, belə bir faciəni yaşadıqlarını həmin olayların təbliğatı ilə öz adlarına çıxırlar. Azərbaycan tərəfi tarixin ən amansız faciələrindən olan Xocalını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əlindən gələni etsə də ermənilərin yanında dayananlardan çox azı həqiqəti görməyə maraq göstərir. Amma atalar "Haqq nazilər, üzülməz"-deyiblər. Artıq erməni vandalizminin bariz nümunəsi olan bu soyqırıma dünya dövlətləri də yavaş-yavaş reaksiya verməyə başlayıblar. Belə ki, tanınmış qafqazşünas Tomas de Vaal ABŞ-nın "The National İnterest" qəzetində "Qafqazda daha böyük müharibə" adlı yazısında Xocalı soyqırımına geniş yer ayırıb.

Yazıya girişdə o, azərbaycanlılarla bərabər, ermənilərin də çoxsaylı müraciətlərinin olduğunu qeyd edib. Belə ki, ermənilər 1988-ci ilin fevral ayında Sumqayıtda qətl olunduqlarını iddia ediblər. Və baş verən hadisələrə obyektiv qiymət verilməsini xahiş ediblər. Jurnalistin sözlərinə görə, onun Sumqayıt hadisələri ilə bağlı geniş bilgisi olmasa da, Xocalıda baş verənləri çox yaxşı bilir. Hətta doğrudan da azərbaycanlılar soyqırımdan əvvəl erməniləri öldürübsə də, bu, Xocalıda baş verən vəhşiliklərə haqq qazandıra bilməz.

Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq dünyanın bir çox yerində Azərbaycanın Xocalı qurbanlarının xatirəsini daha geniş qeyd etməyə hazırlaşması da, onların haqlı olduğunu təsdiqləyir. Etiraf edilir ki, Xocalı Qarabağ müharibəsi gedişində baş verən ən dəhşətli hadisə idi. Belə bir olayın baş vermədiyini inkar etmək faktiki olaraq mümkünsüzdür. Çünki əldə həm foto, həm video, həm də canlı şahidlər var. Bundan başqa rus insan hüquqları qrupu, "Human Rights Watch" təşkilatı, çoxsaylı xarici jurnalistlər həmin ərəfədə hadisə yerində olub, baş verənləri bütün dünyaya çatdırıblar. İndi bütün bunları necə inkar etmək olar?

Xarici jurnalisitlərin yazılarında əksini tapan məqamlara diqqət yetirəndə məlum olur ki, erməni silahlı qruplaşmaları əvvəlcədən elan etdikləri "dəhlizdən" qaçıb canını qurtarmaq istəyən dinc insanları dəstə-dəstə məhv ediblər. Və burada insanlığa zidd hadisələr baş verib.

İrəvan isə hazırda belə bir şeyin olduğunu inkar edir. Ermənilər əsasən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibova aid olunan açıqlamaya istinad edirlər. Ona görə ki, o zaman hakimiyyətdə olanlar nəinki Xocalı, hətta bütün baş verənləri ört-basdır etməyə çalışır, bütün nitqlərini inkar üzərində qururdular. Necə ki, Xocalıda baş verənlərin səhəri günü dövlət başçısı belə bir şeyin olmadığını demişdi. Amma birinci şəxsin hadisələrdən informasiyasız olması və ya xalqın qəzəbindən qorxaraq faciəni gizlətməsinin indi heç bir əhəmiyyəti olmadığı kimi faciənin təşkilatçısı və törədicisi olan ermənilərin də buna əsaslanması gülünc görünür. Çünki ortada danılmaz faktlar var.

Dünya mətbuatında dərc olunan materiallarda o da vurğulanır ki, ilk növbədə burada günahkarlar Ermənistanı hazırda idarə edən şəxslərdir. Ermənistan Silahlı Qüvvələrində yüksək vəzifə tutan Monte Melikonyan həmin hadisədə şəxsən iştirak edib. Video kadrlarda da bu açıq-aşkar sübut olunur. Hazırda dövlət başçısı olan Serj Sərkisyan planı cızan əsas simalardan biri olub. O, xarici mətbuata verdiyi müsahibələrdə bunu şəxsən təsdiq edib. Həmin müsahibə də Vaalın "Qara Bağ" (Black Garden) kitabına də salınıb.

Əlbəttə ki, bu gün Azərbaycan dövlətinin və xalqının Xocalı olaylarını dünya miqyasında təbliğ etməsi tam ədalətlidir. Amma jurnalistin fikrincə, bu kimi hadisələr artıq bir neçə dəfə baş verdiyindən onun tanıdılması məqsədəuyğun sayılmır. Odur ki, Xocalı hadisələrini də digər soyqırımlarla birlikdə qeyd etmək lazımdır. Tomas de Vaal hesab edir ki, əgər belə olarsa, onda yaxşı nəticə əldə olunar. Yox əgər hər şey olduğu kimi davam edərsə, bu nifrət hissinin gələcək nəsillərə də yol tapmasına yol açar.

  

  

Gültəkin

 

Ədalət.- 2011.- 15 fevral.- S. 4.