TƏNHALIQDA OLAN YAZIÇI...
İnsan xarakterləri
haqqında çoxlu sayda elmi əsərlər,
araşdırmalar, rəylər mövcuddur. Amma mən deyərdim
ki, bunların sayı və sanbalı nə qədər
olursa-olsun, insanın bütövlükdə kəşf
olunması, öyrənilməsi üçün kifayət
deyil. Çünki ətrafımız insanlarla dolu olsa belə,
biz yalnız gördüyümüz qədər onları
bilirik, onların göründükləri qədər öyrənirik.
Əslində isə belə yaxın təmasda
bulunmağımıza baxmayaraq insanlar kəşf
olunmamış obyekt kimi qalmaqdadır.
Amma bununla belə,
öyrənilib ki, ətraf mühit insanın xarakterində
xüsusi rol oynayır. Əsasən də uşaqlıq
yaşlarında, formalaşma getdiyi dövrlərdə. Və
bunun saysız-hesabsız örnəkləri mövcuddur. Heç
şübhəsiz, yuxarıda qeyd etdiyimiz kimi, insanın kəşf
olunduğunu birmənalı demək mümkün deyil. Elə
bu üzdən də mən sosioloqların, mütəxəssislərin
iddia etdiyi - hər bir insan mövcud olduğu cəmiyyətin,
mühitin "əsəridir" mühakiməsi ilə tam
yox, qismən razıyam. Çünki mənə görə
insanların xarakteri, psixologiyası ilə bağlı ehkam irəli
sürmək doğru deyil. Adamlar çox fərqli də
formalaşa bilirlər. Hətta bunun məhşurlarla
bağlı yetərincə örnəklərini sadalamaq
mümkündür... Qustav Flober bəlkə də
uşaqlıq yaşlarında gördüklərindən uzaq
olsaydı tamam başqa xarakterli insan kimi yetişərdi. Yaxud,
fərqli yazıçı olardı, ya tənhalığa
qapılmazdı. Bəlkə başqa birisi həmin mühitdə
xəstə, yaxud yaradıcı birisi olmazdı. Nə bilmək olar?..
QUSTAV
O, fransız idi.
Çünki 1821-ci il dekabrın 12-də Fransanın Ruane
şəhərində anadan olmuş, burada təhsil
almışdı. (Əslində bu yerlərin tarixi adı
Normandiya idi). Uzun səyahətlərdə olsa da, Fransada
yaşamışdı, fransız mədəniyyətini,
ədəbiyyatını, nəhayət həyatını incəliklərinə
qədər öyrənə bilmişdi. Amma onun istedadı,
onun əsərləri Qustavı yalnız fransalı kimi
qalmasına imkan vermədi. Qustav Flober Avropanın, hətta
dünyanın yazıçısı oldu. Amma onun həyatının
başlanğıcına nəzər salanda heç demək
olmazdı ki, bu yeniyetmə nə vaxtsa çox məhşur
bir yazıçıya çevriləcək. Heç ailələri
də yaradıcılığa yaxın deyildi. Onun atası təhsil
görmüş, tanınmış həkim idi və yerli xəstəxanalardan
birinin baş həkimi işləyirdi, anası isə
Normandiyanın tanınmış nəslindən idi. Onlar belə
düşünməmişdilər ki, bir gün gələcək
övladları öz yazdıqları ilə Avropanı fəth
edəcək.
Qustav elə
atasının işlədiyi hospitalda doğuldu və 18
yaşınadək atasının oradakı mənzilində
yaşadı. Qustav hələ lap uşaq yaşlarında xəlvətcə
hasarı aşaraq təşrih olunmaq üçün olan
ölüləri seyr edər, onların yarılmasına
baxardı. Heç şübhəsiz ki, bunlar da Qustavın
uşaqlıq düşüncələrinə təsirsiz
ötmədi. Bu üzdən də onun uşaqlıq xatirələrinin
kədərli səhifələri bütün ömrü boyu
onunla birgə yaşadı.
PARİS
1840-cı ildə Flober
hüquq təhsili almaq üçün Parisə getdi. Amma nə
təhsil alması, nə də paytaxtın qaynar həyatı
onun xarakterindəki tənhalığı əridə bilmədi.
1843-cü ildə Qustav bərk xəstələndi. Köməyə
gələn həkimlərin ciddi müayinəsindən sonra məlum
oldu ki, onda əsəblə müşayiət olunan epilepsiya xəstəliyi
var. Bu ona çox pis təsir etdi, daha da çox özünə
qapıldı. Qustav dostlarının yanında olmaqdan
xoşlanmır, tez-tez tənhalığa çəkilir, əvəzində
bir sıra rəssamların, heykəltaraşların əsərlərini
seyr etməyə maraq göstərirdi. Günlərin birində
o, memar Pradyenin yanında Luiza Kole ilə tanış oldu və
onlar dostlaşdılar. Amma bu da uzun sürmədi. Bu dəfəki
yaxınlığını atasının ölümü ilə
bağlı evdən aldığı xəbər pozdu. O hər
şeyi yarımçıq buraxıb geriyə döndü.
Onda Qustav artıq beş il idi ki, Parisdə
yaşayırdı. Amma həyat özünə
qapılmış, tənhalığa çəkilmiş
Flober üçün yeni bir kədərli sürpriz hazırlamışdı.
Atasının vəfatından çox keçməmiş
çox sevdiyi bacısı Karolina vəfat etdi.
Yalqızlıq içərisində qalan anasının da
psixoloji vəziyyəti pisləşdi. Flober heç tərəddüd
etmədən paytaxtdakı işlərini, təhsilini
buraxdı və Ruan yaxınlığında Kruassedəki evdə
yaşayan anasının yanında qaldı. Onsuz da Qustavı
hüquq məsələləri, təhsili özünə cəlb
etmirdi.
Bir il sonra səyahət
etmək fikrinə düşən Flober ən yaxın dostu
Maksim Dyükanla Bretanini səyahətə çıxdı.
Və bir müddət sonra geri qayıtdı, özünə
yeni maraqlar tapmaq məqsədi ilə qısa müddətə
yenidən Parisə getdi. Bu dövrlərdə Qustav daxilində
yazmaq, içindəkiləri kağıza köçürmək
istəklərinin yarandığını hiss edirdi. Məhz
bu üzdən də elə həmin il - 1846-cı ildən
özünü ədəbiyyata, mütaliəyə,
yazı-pozuya həsr etdi. Bu arada yaxın münasibətdə
olduğu Luiza Kole ilə yazışmalarını
sürdürür, paytaxt səfərlərində onunla daha
sıx ünsiyyətdə bulunurdu. Bu bəlkədə
Floberin həyatında yeganə ciddi ilişgi idi ki, səkkiz
il davam etdi.
ŞÖHRƏT GƏTİRƏN ƏSƏR...
1849-cu ildə Qustav
Flober yenidən Fransadan uzaqlara getməyə qərar verdi.
Maksim Dyükanla birlikdə Şərqə üz tutdular,
Misiri, Suriyanı, Fələstini, Yunanıstanı gəzib-dolaşdılar.
Qustav evə dönəndən sonra ciddi şəkildə
yazmağa girişdi. Hər bir fikrin ifadəsində, hər
bir cümlənin üzərində əsən,
ölçüb-biçən Flober 1856-cı ildə
böyük zəhmətdən sonra özünün ən məşhur
romanını ərsəyə gətirdi. Bu, çap olandan
sonra demək olar ki, dünyanın bütün böyük
dillərinə tərcümə edilən, müəllifinə
inanılmaz şöhrət gətirən, uzun zaman ədəbiyyatşünasların
müzakirə mövzusuna çevrilən məşhur
"Madam Bovari"i idi. Əslində bu əsəri
fransız romançılığının yeni inkişaf mərhələsi
adlandırmaq lazımdı. Bu, o dövrlərdə dəbdə
olan romantizmin realizmə çevirilməsi idi.
Yazıçı əsərdə illüziya ilə
reallığın mübarizəsini, əsl həyatla xəyal
edilən həyatın müqayisəsini ustalıqla verməyi
bacarmış və mövzunu xeyirxah qəhramanın şəxsiyyəti,
əməlləri ilə deyil, yazıq, həmdə
meşşan bir qadının bədiiləşmiş
obrazı ilə açıb ortaya qoymuşdu. Ümumiyyətlə,
Floberin nəsri özündən sonra gələn
yazıçıların - Gi de Mopassanın, Edmonda de Qonqotun,
Alfons Dauetin, Emil Zolyanın... yaradıcılığına
da güclü təsir etdi.
Amma romanın məşhurluğu
təkcə sənətkarlıqla məhdudlaşmadı. Əsərdə
cəmiyyətin iç üzünü, mövcud problemlərini,
baş verən haqsızlıqları... sənətkarlıqla
ortaya qoyan müəllifə qarşı məmurlar ciddi əks-reaksiya
verdilər. Əsərdə ictimai dəyərlərin təhqir
edildiyini bəhanə gətirərək Floberi məhkəməyə
verdilər. Məsələni araşdıran hakim isə
yazıçını günahkar hesab etmədi. Elə bu da əsər
ətrafında inanılmaz bir marağın yaranmasına səbəb
oldu. Ümumiyyətlə, böyük uğur qazanan roman
Floberi yeni yaradıcılıq üçün həvəsləndirdi.
Yazıçının
ikinci romanı xeyli sonra tamamlandı. 1862-ci ildə Qustav
Floberin ikinci romanı - tarixi əsəri "Salambo"
işıq üzü gördü. Oxucular bu əsəri də
maraqla qarşıladılar. Floberin üçüncü
romanı "Hisslərin tərbiyyəsi" bu dəfə
daha tez - 1969-cu ildə ərsəyə gəldi. Artıq tənqidçilər
onu fransız ədəbiyyatının nəhəng realisti
adlandırırdılar. Hətta onun hədsiz səliqə ilə
seçdiyi ifadələri, ideal səviyyədə ifadə
seçimi tənqidçilərin hədəfinə
çevrilirdi. Amma yazıçının dostları, obyektiv
adamlar onun əsərlərinə yüksək qiymət
verirdilər. Qeyd edim ki, Flober məşhur fransız
yazıçısı Jorj Sand, Emil Zolya, İvan Turgenev,
Edmond Qonkotla... dostluq edir, məktublaşırdı.
ONUN TALEYİNƏ DÜŞƏN İTKİLƏRİ
Əslində Qustav
Flober qəribə bir həyat tərzinə malik idi. Kimliyindən
asılı olmayaraq o insanlarla görüşməyə həvəs
göstərmirdi. Vaxtının çoxunu
yaradıcılığına, mütaliəsinə və tənhalığa
həsr edirdi. Bəlkə də bu səbəbdən idi ki, o,
ailə qurmadı, anası ilə birgə yaşadı. Amma tədqiqaçılar
bildirirlər ki, Flober bəzən qadın tanışları
ilə görüşər, bir sıra hallarda fahişələrin
də yanına gedərmiş. Lakin şairə Luiza Koledən
başqa onun heç bir qadınla ciddi münasibətləri
olmamışdı. Onun tənha həyatı təxminən
1868-69-cu illərdən sonra daha da kölgələndi,
yalqızlaşdı. Belə ki, 1868-ci ildən səhhətindəki
problemlər bir qədər kəskinləşməyə
başladı. Ümumiyyətlə, Qustav Flober gənclik illərində
yoluxduğu zöhrəvi xəstəlikdən də həmişə
bərk əziyyət çəkmişdir. Səhhətindəki
problemlərin kəskinləşməsi onsuz da insanlardan
qaçan Floberin daha çox evə qapanmasına səbəb
oldu. Günlər keçdi, yazıçının
yaxşılığa ümidləri puça
çıxdı. Hətta ard-arda ona itkilər üz verdi.
1869-cu ildə ən yaxın dostu Buye öldü.
Bir il sonrasa o, həyatın
daha bir sınağı ilə üz-üzə qaldı. Belə
ki, həmin illər Fransada gedən müharibə vaxtı
fransız əsgərləri onun yaşadığı evi zəbt
etdilər. Bir müddətdən sonra onlar çıxıb
getsələr də bu hadisə də
yazıçını çox üzdü.
Görünür Floberin həyat imtahanları hələ
davam edəcəkmiş. 1872-ci ili onun həyatında ən
acı il kimi saymaq olar. Həmin ilədək anasından ayrı
yaşamayan yazıçı yeganə dayağını
itirdi. Anası öldü. Bu mənəvi sarsıntı azmış
kimi bundan sonra onun həyatında maddi çətinliklər
özünü göstərməyə başladı. Məşhur
yazıçı nə edəcəyini bilmədi. Yeganə təsəllini
yazmaqda tapdı. 1877-ci ildə "Üç povest" nəşr
olundu. Bura Floberin yazdığı üç povesti daxil
edilmişdi. Xeyli müddət Floberdən əsər gözləyən
oxucular povestləri də maraqla qarşıladılar.
BU DA SON
Bundan sonra Qustav Flober
özünü çoxdan qələmə almaq istədiyi
yeni bir romana həsr etdi. O ən gözəl əsərlərindən
biri sayılan "Byüvar və Pekyuşe"ni yazmağa
başladı. Saatlarla əsərin üzərindən
ayrılmayan Flober inanırdı ki, bu roman onun
özünün təkrar təsdiqi olacaq. O yazdı... Lakin əsəri
- sonuncu bədii "övladını" ərsəyə
gətirə bilmədi, roman yarımçıq qaldı.
Görünür həyatın onun haqqındakı istədikləri
tamam başqa cür imiş. Qustav Flober 1880-çi il, may
ayının 8- də Kruassedə, atasından ona qalan, tənha
ömür sürdüyü evində insultdan, 58
yaşında dünyasını dəyişdi. Onun tamamlaya
bilmədiyi bu gözəl əsər
yazıçının ölümündən bir il sonra -
1881-ci ildə nəşr edildi. Və çox təəssüf
ki, Flober tamamlaya bilmədiyi bu əsərinin də necə rəğbətlə
qarşılandığını görə bilmədi.
Yazıçını
Ruandakı qəbiristanlıqda, ailə üzvlərinin
yanında dəfn etdilər. Ondan bu dünyada Qustav Flober
adı və həmin adı yaşadan gözəl, əvəzsiz
əsərləri qaldı...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 15
fevral.- S. 5.