1905-1906-cı illərin
erməni-azərbaycanlı münaqişəsi "Difai"
partiyasının yaranmasının
əsas səbəbi kimi
(Əvvəli
ötən saylarımızda)
Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu
fəaliyyətinə cavab
olaraq Azərbaycanda
ilk milli təşkilat
"Difai" (Müdafiə)
Partiyasının yaradılması
və fəaliyyəti
tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən
cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi
əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan
asılı olmadan işıqlandırmağa cəhd
edilmişdir. Əsərdə
"Difai"nin fəaliyyəti erməni-azərbaycanlı
ziddiyyətlərinin yaranmasının ilkin tarixi
şərtləri və
səbəbləri fonunda
nəzərdən keçirilir.
Çar Rusiyasının
XVIII əsrin birinci rübündən başlayaraq
Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası
bu ziddiyyətlərin
əsasını qoymuşdur.
Həmin
siyasətin həyata keçməsində erməni
amilinə imperiyanın
regionda sosial dayağı və müsəlman dövlətləri
olan Türkiyə və İrana qarşı mübarizə
xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət
nəticəsində XX əsrin
əvvəlində erməni-azərbaycanlı
ziddiyyətləri kuliminasiya
nöqtəsinə
çataraq, açıq
qanlı qarşıdurmaya
çevrilmişdir. Azərbaycanlı
əhalinin erməni terrorundan qorunmasında
"Difai" Partiyasının
rolunu obyektiv və əsaslandırılmış
şəkildə işıqlandırılması
zərurəti müasir
dövrdə bu araşdırmanın əhəmiyyətini
və aktuallığını
şərtləndirir.
Nəzərdən
keçirdiyimiz dövrdə canişin vəzifəsini qraf
İ.İ.Vorontsov-Daşkov icra edirdi. Vorontos-Daşkov 1907-ci
ildə çara məruzəsində əminliyini bildirdi ki,
canişinlik forması "əslində milli muxtariyyətlər
yaratmağın mümkün olmamasını əla başa
düşən və onlar barəsində öz mühakimələrində
yalnız özlərinin fəallığını göstərməyə
çalışan bütün qafqazlıları təmin edəcəkdir.
Onlarda bu cür fəaliyyətin zəruri olması hissi iyirmi
beş ildə hökumət tərəfindən onların
doğma ucqar diyarının ən ümdə
ehtiyaclarının təmin edilməsi üçün səmərəli
qayğı göstərilməsinin təsiri altında istər-istəməz
yaranmışdır.
Vorontsov-Daşkov bu vəzifəyə
gələn kimi köhnə ənənələri
canlandırmaq üçün fəal iş aparmağa
başladı. Həmin ənənəyə görə ermənilərlə
dostluq Rusiyanın Cənubi Qafqazda hakimiyyətinin əsasını
təşkil edirdi. Vorontsov-Daşkov üçün ermənilərə
himayədarlıq sadəcə olaraq regionda inqilabi şəraiti
aradan qaldırma üsulu deyildir, o, öz mühakimələrində
bir neçə il əvvəli görməyə
çalışırdı. O, ali rütbəli çar məmurları
arasında Türkiyə ilə müharibənin tərəfdarlarına
mənsub idi. Vorontsov-Daşkov belə hesab edirdi ki, həmin
müharibədə ermənilər rusların avanqardı rolu
oynayacaqlar. O, II Nikolaya yazırdı: "Ali həzrətlərinizə
məlumdur ki, Qafqaz rayonunda bizim Türkiyə ilə
münasibətlərimizin bütün tarix boyu, hələ
Böyük Pyotr dövründən Rusiyanın siyasəti
bizim ermənilərə xoş münasibətimizə əsaslanmışdır.
Onlar müharibələrin gedişində bizə fəal
kömək etməklə bunun əvəzini ödəmişlər".
Onun çara məsləhətləri Qafqaz ərazisinin
hüdudlarından çıxırdı, çünki o,
Türkiyə ermənilərini müdafiə etməklə təşəbbüsü
ilə məhz indi çıxış etməyi təklif
edirdi ki, özünə qarşı pis münasibət
yaranmasın, əksinə, bizim üçün hərbi əməliyyatlar
meydanına çevrilməsi tamamilə mümkün olan
torpaqların əhalisində dostluq hissləri baş
qaldırsın". Maraqlıdır ki, Vorontsov-Daşkovun ermənipərəst
mövqeyi 1909-cu ildə sağ millətçilərin -
Purişkeviçin, Markovun adından III Dövlət
Dumasına sorğu daxil olmasına səbəb olmuşdur. Onlar
canişini və onun adminstrasiyasını fəaliyyətsizlikdə,
ermənilərə şərait yaratmaqda ittiham edirdilər. Sorğunun
müəllifləri canişinin fəaliyyətinin qeyri-qənaətbəxş
hesab edilməsinə çalışır və Qafqazın
idarə olunmasını nazirlər şurasına tabe etməyi
təklif edirdilər. Lakin bu sorğu qəbul edilmədi və
Qafqazın idarə edilməsi sistemi əvvəlki kimi
qaldı.
Qafqaz canişini erməniləri
dəstəkləmək mövqeyi tutmaqda tək deyildi. XIX əsrin
axırlarından etibarən Rusiya diplomatiyasının ermənipərəst
siyasəti, bir tərəfdən imperiyanın Qafqaz sərhədinin
təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar
cari məsələlərlə, digər tərəfdən,
Rusiya imperiyasının bütövlükdə Yaxın Şərqdə
nüfuzunu möhkəmləndirmək perspektivi ilə
bağlı idi. Bu baxımdan, Qafqaz dağı rusiyanın cənub
sərhədlərini etibarlı qoruyan qala divarlarına bənzəyirdi.
Eyni vaxtda Cənubi Qafqaz gələcəkdə Türkiyə
və ya İran üzərinə yürüş etmək
üçün əlverişli meydan idi. Buna görə də
təəccüblü deyil ki, Rusiyanın Cənubi
Qafqazdakı daxili siyasəti xeyli dərəcədə hərbi-strateji
mülahizələrə əsaslanırdı.
Vorontsov-Daşkovun ermənilərə
loyal münasibəti həm də onun müsəlmanlara etibar
etməməsi ilə izah edilirdi. Məsələn, o,
çara ünvanlanmış məruzələrinin birində
yazırdı: "Mən bunu qeyd etməyə bilmərəm
ki, əgər biz müxtəlif Qafqaz xalqları arasında
özümüzü separatizmdən qorumalıyıqsa,
yalnız həmin (müsəlman. - Müəllif) əhalidən
qorumalıyıq. Bunun səbəbi onların sayca digər
xalqlardan üstünlüyü, dini fanatizmdən doğan
alovlanmaların mümkünlüyü, həmçinin
Qafqazın müsəlman dövlətlərinə yaxın
yerləşməsidir". Ermənilər və
gürcülər çox gözəl başa
düşürlər ki, Rusiyadan kənarda müsəlmanlar
onları məhv edər". Vorontsov-Daşkov müsəlmanların
sayca az olan savadlı təbəqələri arasında yenicə
baş qaldıran milli hissdən xəbərdar idi. Buna görə
də o, çara xəbərdarlıq edirdi ki, bu yeni milli mənlik
şüuruna ciddi nəzarət edilməsi zəruridir".
Canişinin yeni vəzifədə
gördüyü ilk tədbirlərdən biri Qriqorian kilsəsinin
mülkiyyəti barədə 1903-cü il fərmanının
ləğv edilməsi barədə çara xahişlə
müraciət etməsi idi. 1905-ci il avqustun 1-də II
Nikolayın fərmanı ilə Qafqaz canişininə əmr
edilmişdi ki, erməni kilsə məktəbləri
haqqında yeni əsasnamə işlənib hazırlanana qədər
canişinlik hüdudunda kilsələrin və monastrların nəzdində
kilsə-prixod məktəblərinin açılmasına icazə
verilsin. Nəticədə Eçmiədzin yenidən erməni
Qriqorian kilsəsinin əmlakı və kapitalı üzərində
nəzarət hüququ əldə etdi. Beləliklə, erməni
yaraqlılarının həyata keçirdiyi terror öz məqsədinə
çatdı.
1905-ci il 6-10 fevral erməni-azərbaycanlı
münaqişəsi elə həmin il avqust-sentyabr aylarında
Bakıda baş vermiş hadisələrin ilk addımı
olmuşdur. Senator Kuzminski öz hesabatında yazırdı:
"Hökumət əleyhinə təşviqat aparmaq
üçün bu hadisələrin yaratdığı şəraitdən
daha əlverişli şərait təsəvvür etmək
çətindir. Həmin hadisələr hakimiyyətin tamamilə
aciz olmasını sübut etmək üçün çox
zəngin material vermiş oldu. Hakimiyyətin fəaliyyətsizliyi
və özünü itirməsi ona gətirib
çıxartmışdır ki, təşviqat tamamilə
aşkar şəkildə aparılır və cəmiyyətin
demək olar ki, bütün təbəqələrini əhatə
edirdi.
Avqustun ortalarında
Bakıda konka sürən ermənilər tətil etdi. Onların
yerini əsgərlər tutdular. Avqustun 20-də üç nəfər
erməni konkaya atəş açmış, nəticədə
konka sürən əsgər və azərbaycanlı sərnişinlər
həlak olmuşdu. Təxminən eyni vaxtda erməni kilsəsindən
zəng eşidildi. Bu, qan tökülməsinə bir növ
siqnal idi. Dükançı ermənilər şəhərdə
atəş açdılar. İlk qurbanlar yarandı. Moskvada
çıxan "Russkoye slovo" qəzeti bu barədə
çox qısa məlumat vermişdi: "Avqustun 20-də
Bakıda tatarlarla ermənilər arasında atışma
başlanmışdır; ölənlər var". Neft mədənləri
yanırdı. Şəhər təbii fəlakətin və
odun əsarətində qalmışdı. Elə həmin
"Russkoye slovo" qəzeti yazırdı: "Balaxanı,
Sabunçu, Ramanı mədən sahəsi
bütünlüklə yanmışdır, Bibi Heybət od
içindədir. Bakı şəhərinin özündə
böyük yanğın baş vermişdir Ayrı-ayrı
yerlərdə yanğınlar çox güman ki, qəsdən
yandırılma nəticəsində
başlanmışdır". Bu yanğın nəticəsində
Bakı neft mədənləri demək olar ki,
bütünlüklə ləğv edildi. Mədən əmlakının
dörddə üç hissəsi məhv olmuş, məhsuldar
quyuların 57%-i, qazma və dərinləşdirmə işləri
aparılan quyuların 61%-i yanmışdır. Yanğından
dəymiş zərərin ümumi məbləği 40 milyon
rubla çatmışdır. Beləliklə, avqust
münaqişələri nəticəsində Rusiyanın neft
sənayesinə əvəzi ödənilməsi mümkün
olmayan zərər dəydi. Bakının ardınca
1905-1906-cı illərdə bütün Qarabağda,
Naxçıvanda və İrəvanda qanlı hadisələr
baş verdi. İrəvan quberniya jandarmeriyasının rəisinin
polis departamenti direktoruna siyasi icmalında erməni-azərbaycanlı
münaqişələrinin səbəbləri təhlil
edilir. Hakim dairələrin fikrincə, bu səbəblər
aşağıdakılardan ibarət idi: " 1) millətlərin
əsrlərlə davam edən düşmənçiliyi; 2)
nadanlıq; 3) iqtisadi zəmində mübarizə: əvvəllər
bu diyarın sahibi olmuş tatarlar özlərinin ətaləti,
təhsil almağa və sahibkarlığa cəhd etməməsi
ucbatından son vaxtlarda öz hegemonluğunu sürətlə
itirmişlər - demək olar ki, bütün ticarət və
sənətlərin əksəriyyəti ermənilərin əlinə
keçmişdir, tatarlar isə bu vəziyyətlə
heç cür barışa bilmirlər; 4) hər iki millətin,
xüsusən ermənilərin yaramazları tərəfindən
provokasiya".
Yelizavetpol
quberniyasında azərbaycanlıların vəziyyəti
ağlasığmaz dərəcədə ağır idi.
1905-ci il iyunun 26-da "Baku" qəzetində Yelizavetpol
şəhərinin ziyalı nümayəndələrinin
proklamasiyası dərc edilmişdir. Bu sənəddə qeyd
edilirdi ki, hər iki xalqı birləşdirən tarixi
köklər var və onlar başa düşməlidirlər
ki, Qafqaz onların ümumi vətənidir. Proklamasiyanın
müəllifləri azərbaycanlılara və ermənilərə
müraciətlə onları bir-birini qırmaq əvəzinə
maarif və mədəniyyəti inkişaf etdirməyə
çağırırdılar. Proklamasiyanı imzalayanlar
arasında sonradan "Difai" partiyasının Yelizavetpol
şöbəsinin üzvləri A.Rəfibəyov, A.Rəfiyev,
A.Xasməmmədov vardı.
Təəssüf ki,
sovet tarixşünaslığı hər iki xalqa
ünvanlanmış bu cür müraciətlərin mövcud
olmasını uzun müddət inkar etməyə
çalışmış, həmin müraciətlərin
müəllifləri isə millətlərarası
münaqişələri əsas
qızışdırıcıları kimi qələmə
verilmişdir.
1905-ci ildə
Şuşa ən qaynar nöqtələrdən birinə
çevrilmişdi. Avqustun 16-da kazaklar qaçmağa cəhd
edən bir ermənini öldürdülər. Ermənilər
dərhal bunun təqsirini azərbaycanlıların
üstünə yıxdılar, münaqişələr,
talanlar başlandı. Ermənilər şəhərin azərbaycanlılar
yaşayan bütün məhəllələrini
qılıncdan keçirdilər. 1905-ci ilin avqustun 17-də
Şuşanın Köçərli və Xəlfəli məhəllələrinə
hücum edildi. Azərbaycanlı gənclər artıq hakimiyyət
orqanlarının onları dilə tutmasına məhəl
qoymadan ermənilərə qarşı çıxış
etmək qərarına gəldilər. Onların hücum əzmi
o qədər yüksək idi ki, təpədən
dırnağa qədər silahlanmış ermənilər
qaçmağa məcbur oldular.
Erməni arximandriti və
qubernator Baranovski azərbaycanlılara müraciətlə
xahiş edirdilər: "Salamat qalanlara rəhminiz gəlsin".
Azərbaycanlılar barışıq xəbərini eşidəndə
hər yerdə atəşi dayandırdılar, lakin ermənilər
dərhal özlərini göstərdilər, evinə
qayıdan qubernatoru atəşə tutdular.
Avqustun 21-də tərəflər
girovları dəyişdilər. Artıq elan edilmiş
barışıq dövründə ermənilər realnı
məktəbdə təmir işləri aparan 17 iranlı fəhlənin
başını kəsdilər. Bu münaqişələrdə
azərbaycanlıların 20 evi, çoxlu dükanları
dağıdılmış, çoxsaylı dinc sakinlər həlak
olmuşdu, lakin ermənilər tərəfindən
qurbanların sayı bundan qat-qat artıq idi, hərçənd
ermənilər öz məğlubiyyətini səylə gizlədirdilər.
Malıbəyli kəndi talan edildi, Xankəndində
kazakların gözləri qarşısında qadınlar və
uşaqlar qılıncdan keçirilmiş, doktor K.Mehmandarovun
və azərbaycanlılardan ibarət silahlı dəstəyə
başçılıq edən Nəcəfqulu ağa
Cavanşirin malikanələri yandırılmışdır.
(ardı var)
Eldar Əzizov
Ədalət.- 2011.- 15 fevral.- S. 6.