VƏTƏNİN UFACIQ SEVGİ YUVASI

 

Adlandırılmayan faciə

 

Xocavənd rayonu haqqında yazımı tamam ayrı ovqatda, ayrı istiqamətdə başlamaq istəyirdim. Bütövlükdə köçkün həyatı yaşamalarına baxmayaraq, mənəviyyatca çox azad və zəngin olan bu kiçik rayonun təmkinli sakinləri ilə görüşlərimdəki söhbətlərdən, hətta bəzilərinin birbaşa mənə də dəxli olmasından istiqamət götürərək haralarasa gəlib çıxacaqdım. Mənim üslubum, yanaşmam belədir. Ancaq elə məqamlar da olur ki...

Qaradağlı faciəsinin nə vaxt baş verdiyini çoxları bilmir. Bu məsələni qabartmayaq. Ancaq günlərin 17 fevral tarixinə yaxınlaşdığı bir məqamda mən geriyə qayıtmağı üstün tutdum. Oxuduqlarımdan, şahidlərin söylədiklərindən, xüsusilə bu rayonun tanınmış yetirmələrindən olan şair-publisist Əbülfət Mədətoğlunun müxtəlif vaxtlarda yada saldığı acı xatirələrdən yadımda qalıb ki, Qaradağlı kəndinin dinc sakinləri hələ 1988-ci ildən başlayaraq, demək olar ki, hər gün ermənilərin avantüralarına, hücumlarına məruz qalırlarmış. Erməni təxribatçıları tərəfindən törədilmiş terrorlar nəticəsində onlarla kənd sakini həlak olmuş, yaralanmış, itkin düşmüşdü.

Xatırlayırsınızsa, Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII saylı Qanununa əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilmişdi. O vaxt Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdı. Rayonun ümumi sahəsi 1458 kv.km., əhalisi 41300 nəfər idi. Qaradağlı faciəsi erməni silahlı birləşmələrinin Xocavənd rayonunu tam işğal etməsindən 8 ay qabaq baş vermişdi. Həmin gün - 1992-ci il fevral ayının 17-də, Qaradağlı kəndinin 118 nəfər sakini əsir götürülmüş, 33 nəfər güllələnmişdi. Ermənilər öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna dolduraraq üzərlərini torpaqlamışlar. Əsir götürülənlərdən sonralar 68 nəfəri də öldürmüşlər. 50 nəfər böyük çətinliklər bahasına əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri sonralar aldıqları ağır yaralardan vəfat etmişlər. Qaradağlı faciəsi zamanı kənd sakinlərindən hər on nəfərindən biri qətlə yetirilmiş, öldürülənlərdən 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. Qaradağlının işğalından sonra kənddə hər iki valideynini itirmiş vəziyyətdə 140 uşaq yetim qalmışdır.

 

Bunları bir daha xatırlatmalı idim.

 

İndi Xocavənd rayonu özünün 10864 nəfər azərbaycanlı əhalisi ilə köçkün həyatı yaşamaqda, çalışmaqda doğma yurdun işğaldan azad olunacaq həmin o müqəddəs gününü gözləməkdədir. Xocavəndlilər respublikanın 35 şəhər rayonunda məskunlaşmışlar. Daha çox Bakı şəhərində Ağcabədi rayonunda. Əhalinin əsas hissəsi isə Beyləqan rayonu ərazisində yerləşən "Xocavənd" qəsəbəsindədir. Burada 4404 nəfər yaşayır.

 

"Qara Rəşid"i unutmurlar

 

İndi kiçik ricətlərlə əvvələ qayıtmalıyam

 

Xocalılarla söhbətlərim zamanı ən səmimi duyğuları biruzə verirdilər. Onlar öz Prezidentlərini, Ali Baş Komandan İlham Əliyevi çox sevirlər. Onlar döyüşə hazır vəziyyətdə əmr gözləyirlər. Rayon rəhbərliyi daim öz camaatı ilə birlikdədir. Başçı Eyvaz Hüseynov xalqa dövlətçiliyə sədaqətini bütün məsələlərdə fədakarlıq nümunəsi göstərməklə bildirir. Başçı haqqında maraqlı faktlardan biri onun respublikanın əksər rayonlarında təkcə həmyerliləri tərəfindən deyil, ayrı-ayrı vətəndaşlar, ziyalılar tərəfindən tanınması, adının hörmətlə çəkilməsidir.

Başqa bir məqam. Xocalı sakinlərinin o vaxtlar qonşu Cəbrayıl rayonunun, sonralar isə Ağdamın polis rəisi olmuş mərhum Rəşid Məmmədov haqqında, yəni ermənilərin başına milyonlar qoyduğu "Qara Rəşid" haqqında, onun əfsanəvi igidlikləri haqqında danışdıqlarını, onu bu gün elə cəbrayıllılar, ağdamlılar qədər özlərinin xalq qəhrəmanı kimi xatırladıqlarını dönə-dönə eşitmək məni ikiqat qürurlandırırdı... Aqil Abbas bu qeyri-adi igidliklər göstərmiş dostumuz haqqında çox məqalələr yazıb, özünün məşhur "Dolu" romanında parlaq obrazını yaradıb, hələ yenə nələrsə edir. Elə mənim əvəzimə

 

Hamının Xocavəndi

 

... Xocavənd işğala məruz qalmış digər rayonlar kimi bizim hər birimizindir, bütün azərbaycanlılarındır. Xocavənd özünün qayğıları, gələcək günlərin ümidləri ilə ayaq üstədir; yaşamaq, çalışmaq, doğma yurda dönmək mücadiləsindədir. İnsanlar mövcud vəziyyətlərində dövlət qayğısı ilə əhatə olunaraq çalışmaqdadır. "Dövlət Proqramı"na əlavələrdə nəzərdə tutulmuş bir çox tədbirlər rayonun kompakt məskunlaşdığı "Yeni Xocavənd", "Yeni Tuğ" "Yeni Qaradağlı" qəsəbələrindəki inkişafda diqqəti cəlb edir. "Xocavənd" qəsəbəsində rayon icra hakimiyyətinin aparatı üçün yeni inzibati binanın tikintisinə başlanmış, suvarma sistemləri idarəsi üçün binanın tikintisi başa çatdırılmış, qəsəbələri birləşdirən yollar abadlaşdırılmış, Bayraq meydanının inşası davam etdirilmiş, "Yeni Tuğ"da orta məktəb binası təmir olunmuşdur. Hər üç qəsəbədə elektrik enerjisi ilə müntəzəm təminat, eləcə qaz çəkilişi, telefon-rabitə sistemi sahəsində mühüm tədbirlər həyata keçirilir.

2010-cu ildə rayonun ümumi məhsul buraxılışının həcmi 6460,7 min manat olmuşdur. Əhalinin gəlirləri 13079.4 min manat, xərcləri 12687.6 min manat təşkil etmişdir.

2010-cu il ərzində rayonun fərdi fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu mal-qaranın sayı 1876, qoyun-keçilərin sayı isə 18933 başa çatdırılmışdır. Ət istehsalı 1675 sentner, süd istehsalı 3845 sentner, yumurta istehsalı 679 min ədəd, yun 475 sentner olmuşdur.

2010-cu ildə 214868 sentner buğda, 7567 sentner şəkər çuğunduru, 5310 sentner tərəvəz, 1190 sentner kartof, 1012 sentner günəbaxan istehsal edilmişdir.

Xocavənd rayon Təhsil şöbəsində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 11-i orta məktəbdir. Rayonda 2 məktəbəqədər uşaq müəssisəsi də fəaliyyətdədir. 1954 nəfər şagirdin təlim-tərbiyəsi ilə 361 nəfər müəllim məşğul olur.

Səhiyyə sahəsinə də xüsusi qayğı və diqqətlə yanaşılır. Bölgə üçün yüksək standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunmuş mərkəzi rayon xəstəxanası nəzdində 4 xəstəxana, 4 həkim ambulatoriyası və 3 həkim feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Həmin səhiyyə ocaqlarında 31 həkim, 152 nəfər orta isxtisaslı tibb işçisi, 86 nəfər isə texniki işçi çalışır.

 

Dövlət qayğı göstərir

 

Rayonda yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, gənclərin məşğulluğunun təmin edilməsi, onların dövlət quruculuğu işlərinə geniş cəlb olunması mühüm vəzifələrdən sayılır. Eyni zamanda idman və bətən tərbiyəsinin kütləviliyinə, mənəvi-əxlaqi tərbiyənin gücləndirilməsinə, fiziki tərbiyənin yüksəlməsi üçün müvafiq imkanlar yaradılmasına, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsinə xüsusi həssaslıq göstərilir.

Xocavənd rayonunun əhalisi gələcəyə inamla baxır, tezliklə doğma yurdlarına qayıdacaqları günü gözləyir. Bu həm də bütün Azərbaycan xalqının istək və arzusudur.

 

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 15 fevral.- S. 7.