... Sadəcə
Şükürlü "Kəlamlar"
Və yaxud maraqlı kitab həcmlə
ölçülmür
Bəzən ən
qalın kitabda maraqlı bircə cümlə belə tapmaq
olmur. Oxucunun diqqətini özünə cəlb edən,
maraqla oxunan o qədər kiçik həcmli kitablar var ki...
Həmkarımız
Pünhan Şükürün əl boyda, lakin maraqla oxunan
kitabı haqqında yazmaq istəyirəm. Uzun müddətdi
"Azərbaycan" nəşriyyatında "Ədalət"lə
qonşu olan Pünhan Şükür müxtəlif qəzetlərdə
köşə yazıları ilə çıxış
edir. Bəzən isə fikirlərini oxucularına şair kimi
çatdırır. Bu dəfə isə Pünhan "Kəlamlar"
kitabını ərsəyə gətirib.
Hər şeyi öz adıyla...
"Nurlan" nəşriyyatında
işıq üzü görən kitabın redaktoru
tanınmış ilahiyyatçı, yazıları ilə
oxucuların rəğbətini qazanan Hacı Vaqif Cəliloğludu.
"Kəlamlar"a görə daha bir şəxsə təşəkkür
düşür. Sözə, sənətə dəyər verən
tanınmış iş adamı, xeyriyyəçi Lətif Əsədov
bu kitabını ərsəyə gətirmək
üçün həmkarımıza maddi dayaq olub.
"Ağıllı
söz- müdriklik əlamətidir" adlı ön sözdə
Giya Paçxataşvili yazır: "Əlahəzrət
Söz insanlararası, millətlərarası münasibətlər
yaratmış, dövlətləri idarə edə biləcək
cəmiyyətləri qurmuş. Məhz Sözün möhtəşəm,
cəlbedici qüvvəsi sayəsində sivilizasiyalar
yaşamaq pasportu almış, qardaş
qırğınlarının qarşısı
alınmış, neçə-neçə xalqlar yox olmaq təhlükəsindən
qurtulmuşdur. Söz, İncilə, Zəbura, Tövrata və
Qurana çevrilərək İnsanı Gözəgörünməzə
inanmağa, xeyirxah olub bir-birini sevməyə sövq etdi.
... Oxuculara təqdim
olunan Pünhan Şükürün "Kəlamlar"ı
zəncirvari ipə-sapa düzülmüş təyinlər,
anlayışlar, düşüncələr və analitik nəticələrdir
ki, müəllifin Söz və həyat potensialını
nümayiş etdirir. İlk baxışdan subyektiv
görünən "Kəlamlar" əslində hər
şeyi öz adıyla çağırmağa
hesablanmışdır..."
Bölüm-bölüm "Kəlamlar"
Pünhan
Şükür fikirlərini müxtəlif bölümlərlə
oxucusuna çatdırır. "Yaradan haqqında
düşüncələr", "Din", "Valideynlər",
"Nəsihətlər", "Siyasət",
"Ölüm" və digər bölümlərdəki
fikirlər maraqla oxunur.
Kitabda yer alan "Kəlamlar"dan
bəziləri bunu bir daha sübut edə bilər- "Yaradan
insanın, insan isə Yaradanın ən böyük kəşfidir",
"Eyibsiz dost axtarırsınızsa, əlbəttə ki,
Allahı seçin", "Rəbbimiz qüdrətinə
görə tək olmaqda, qüdrətini təsdiqləyənlərlə
birgə cəm olmaqda maraqlıdır",
"Yaradıcı ol ki, Yaradan səni yaratdığından
məmnun olsun", "Allahın ögey bəndəsi olmur,
ögeyləşən bəndəsi olur",
"Abırlı günahkar üçün Cəhənnəmin
odundan çox rüsvayçılığı
qorxuludur", "Pisliyin gizlənməyəni
yaxşılığın gözə soxulanından
yaxşıdır", "Sülhməramlı ordu
olmur", "Ən çox paxıllıq hədəfi olan
peyğəmbər Məhəmməd əleyhissəlamdır.
Məhz sonuncu peyğəmbər olduğuna görə",
"Qaranlıq ikiqat qorxuludur. O təkcə Şəri deyil,
həm də Xeyiri görməmək təhlükəsi
daşıyır" və s...
Pünhan
Şükürün belə maraqlı kəlamları
çoxdu. "Kəlamlar"ı oxuyanda özünüz
görəcəksiz...
Etibar Cəbrayıloğlu
Ədalət.- 2011.- 15 yanvar.- S. 8.