Cəmil Quliyev: "Mədəniyyətimizin
təbliğində öz
zəhmətimi, əməyimi
əsirgəməyəcəyəm"
"Çalışacağıq
ki, "Mədəniyyət" kanalının verilişləri
rəngarəng, zəngin olsun. Milli mədəniyyətimizin təbliğində,
inkişafında mühüm rol oynasın". Bunu Lent.az-a
açıqlamasında "Mədəniyyət"
kanalının baş direktoru Cəmil Quliyev deyib. O, ilk
öncə ölkə başçısı İlham Əliyevə
"Mədəniyyət" kanalının yaranmasında
göstərdiyi dəstəyə görə öz dərin təşəkkürünü
bildirib: "Bu gün Azərbaycanda "Mədəniyyət"
kanalının yaranması prezidentimizin, dövlətimizin mədəniyyətə
göstərdiyi böyük qayğını sübut edir. Vaxtilə
ulu öndər Heydər Əliyev demişdi: "Hər bir
xalqın mədəniyyəti həmişə onu yüksəldir,
bütün dünyada tanıdır, mənəviyyatını
zənginləşdirir".
Mən də mənə
tapşırılan bu vəzifədə çalışaraq
mədəniyyətimizin təbliğində öz zəhmətimi,
əməyimi əsirgəməyəcəyəm. "Mədəniyyət"
kanalının kollektivini çox ciddi və məsuliyyətli
bir iş gözləyir. Bizə göstərilən
etimadı doğrultmaq üçün əlimizdən gələni
edəcəyik. Çalışacağıq ki, kanalın
verilişləri rəngarəng, zəngin olsun. Milli mədəniyyətimizin
təbliğində, inkişafında mühüm rol
oynasın".
Kanalın
proqramının artıq tərtib olunduğunu deyən Cəmil
Quliyev kadr və digər məsələlər barədə
danışmağın hələ tez olduğunu söyləyib.
Dövlət Film Fondunun direktoru vəzifəsində
qalıb-qalmayacağı məsələsinə gəlincə,
Cəmil Quliyev bunu zamanın göstərəcəyini
vurğulayıb: "Mən hazırda Film Fondun direktoruyam. Amma
bu vəzifədən gedib-getməyəcəyimi zaman göstərəcək.
Məqsədə uyğun olsa, bu işi davam etdirməyə
hazıram. Bu vəzifənin də icrası mənə
tapşırılsa, canla-başla yerinə yetirərəm. Çünki
Film Fond mənim üçün doğma və əziz bir təşkilatdır".
Ədalət.- 2011.- 15 fevral.- S. 8.