TOFİQ ABDİNİ TANIMAĞIN
SEVİNCİ VƏ QÜRURU
Qıvraq, həmişə
gənc görünməyi
bacaran, səmimi, mehriban, əsl vətənpərvər azərbaycanlı
və əlbəttə
ki, dəyərli şair, qiymətli publisist... Bütün bu keyfiyyətlər bir şəxsdə - mənim son aylarda tanıdığım,
qısa təmaslarla az-çox bələd ola bildiyim Tofiq
Abdində bir araya toplanıb.
Dediyim kimi, Tofiq Abdinlə
tanışlığımız çox uzun zamanlara dayanmasa
da, bu qısa vaxt ərzində səmimiliyi və gülərüzü
ilə özünü mənim aləmimdə
doğmalaşdırdı. Düzünü deyim, onunla nə
oturub uzun-uzadı söhbət etmişik, nə də
müzakirələr aparmışıq. Sadəcə olaraq,
redaksiyamızın ensiz koridorunda tez-tez üz- üzə gəlib,
"salam-sağ ol" edirik. Sual yaranacaq ki, bəs Tofiq Abdini
mənim aləmimdə doğmalaşdıran nədir? Sadəcə,
"salam-sağ ol" ilə bir şəxsə bu qədər
böyük rəğbət yarana bilməz, axı. Amma əgər
bu şəxs yaradıcılığı ilə bir insana
çox söz deyirsə, düşünürəm ki, onunla
doğmalaşmaq üçün oturub səhərdən
axşama kimi söhbət etməyə gərək yoxdur.
"Vətən
üçün yaşamaq, vətən üçün
ölmək" şüarını ruhunda
daşıyanlardandır Tofiq Abdin. Bunu mənə heç kim
deməyib. Mən onunla bağlı bu həqiqəti Tofiq
Abdinin "Dövlət çevrilişi" kitabını
oxuyandan sonra kəşf etmişəm. Gəncliyinin sevib-sevilən
yaşlarında, tay-tuşlarının kinoda, bulvarda vaxt
keçirdiyi zamanlarda o, vətənin, xalqın taleyini
düşünüb. Onu yalnız öz gələcəyi
deyil, gələcək nəsillərin, bütövlükdə
Azərbaycanın gələcəyi
düşündürüb. Azadlıq, əsarətdən
birdəfəlik çıxış yolları axtaran az sayda
gənclərdən biri də Tofiq Abdin olub. İstər qələmi
ilə, istərsə də əməli ilə Tofiq Abdin bu
xalqı əzməyə çalışanları
cavabsız qoymayıb. Qarşıdan gələcək məşəqqətlər
onu bu yoldan çəkindirməyib. Onun da taleyi Əhməd
Cavadın, Mikayıl Müşfiqin, Hüseyn Cavidin və digər
qurbanların nakam taleyinə bənzəyə bilərdi. Bizim
üçün 37- ci il artıq tarixə
qarışmış bir keçmişdir. Ancaq Tofiq Abdinin
özünün də dediyi kimi, "41-Cİ İLDƏ
DOĞULAN BİR GƏNC ÜÇÜN BU TARİX ÇOX
DA UZAQ BİR KEÇMİŞ DEYİLDİ". İçində
qorxu da olub, təlaş da. Bu qorxunu hətta şeirlə
etiraf edib. DTK-nın o vahiməli binasında sorğu-suala
çəkilən bir gənc, özü də həssas,
duyğulu bir insan necə qorxmaya bilərdi?! Axı 37-nin
zülmkarlarının davamçıları ilə hər
addımda üz-üzə gəlmək mümkün idi. Qarışqadan
dəvə düzəldənlərin qarşısında
bütün əmmalara olumlu cavab vermək və bu cavabın
qarşılığında ölümü gözə almaq
varkən qorxmamaqdan söhbət gedə bilməz. Amma Tofiq
Abdin qorxunun arxasında gizlənmədi.
"Bu qorxunun sadəcə
qorxu olduğunu anlayıb onun üzərində bu qədər
durduğum üçün məni kimsə qınamasın. Mən
heç vaxt içimin dışında sözlər
yazmadım və danışmadım. Mən heç vaxt yalan
təriflər, hap-goplar arxasınca qaçmadım. Mənim
içim gözlərimdən oxundu və bu bütün
ömrüm boyu mənə tərs düşdü, bunun əzabını
yaşadım" - cümlələrilə dilə gətirir
indi o günlərin anılarını sevimli Tofiq Abdin.
Və aradan neçə
onillər keçəndən sonra, yaşa dolub, bəlkə
təcrübə toplasa belə, yenə də onun
yaşadıqlarını gözlərindən oxumaq çətin
deyil. Ən azı mənim üçün asandır onun
gözlərindəki mənaları sezmək, oxumaq.
Tofiq Abdində fitri bir
türkçülük, türk sevgisi var. Yaradıcılığının
böyük bir qismi türklüyün tərənnümünə
aiddir. Elə gənclik illərində də həmişə
doğma türkcəmizdə yazıb,
türklüyümüzü unudanlara türk olduğumuzu
xatırladıb. Buna görə də başından bəlalar
əskik olmayıb.
İçərisində
bir çox qorxulu həqiqətləri daşıyan,
gerçəkləri çılpaqlığı ilə
göstərə bilən şeirlərinə görə
60-cı illərdə istintaqa çəkilib, DTK-nın boz,
soyuq, sərt üzünü görüb. Amma ortada Vətən
sevdası vardı və bu sevda Tofiq Abdindən ötrü
bütün çətinliklərdən yüksəkdəydi,
vazkeçilməzdi.
Kağızlar yazıldı, qollar çəkildi,
Bir millət ayrıldı biri-birindən.
Arazın üstündən tellər çəkildi
Keçdi həmin tellər
mənim sinəmdən...
Belə-belə
misralardı Tofiq Abdini sıxıntılarla, təzyiqlərlə,
çək-çevirlərlə üz-üzə qoyan.
Doğmalaşmaq istədiyi,
amma əvəzində çox zaman soyuqluq, yadlıq
duyduğu bu böyük şəhər də ona az çəkdirməyib:
Yatdıq küçəsində,
yatdıq bağında,
Ata evi kimi ev-ev dolandıq.
Sakit ömrümüzün
cavan çağında
Saldı qapılara hər birimizi,
Gördüm ki, bu şəhər
tanımır bizi –
Gəl tanış olaq, Bakı!
Bu şeir onun Bakıya
çox böyük həvəslə oxumağa gəldiyi illərdə
qarşılaşdığı haqsızlıqlar, doğma vətəninin
paytaxtında gördüyü yad münasibətə verdiyi cəsur
cavabıdır.
Bəzək-düzəksiz,
tam səmimiyyətlə, lap birbaşa deyirəm ki, Tofiq Abdin kimi
bir şəxsiyyətlə müasir olduğuma, hətta
tanışlığa imkan tapdığıma görə
çox qürurluyam və yəqin ki, illər ötdükcə
mən bununla daha çox fəxr edəcəm. Onun öz
imzasıyla mənə bağışladığı
"Dövlət çevrilişi" kitabı ən sevimli
kitablarım arasında özünə yer tapıb. Əslində
hər dəfə o kitabı əlimə götürüb vərəqləyəndə
elə bilirəm, müəlliflə - sevimli Tofiq müəllimlə
söhbətləşirəm, o mənə ötən illərlə
bağlı xatirələrini canlı-canlı
danışır. Çünki bir səhifəni oxuyarkən
içimdə, beynimdə yaranan sualların cavabını dərhal
ikinci səhifədə alıram.
Düşünürəm
ki, onun əziyyətləri, qələmi, kompüteri ilə
baş-başa keçən uzun-uzun illəri qətiyyən hədər
getməyib. Yeni nəsillər, günümüzün gənclərinin
çoxu indi üzü 70-ə doğru həm ürəkli,
həm də ürkək ovqatla irəliləyən Tofiq Abdindən
insanlıq və sənətkarlıq, yaşamaq və yaratmaq
dərsləri alıblar, almaqdadırlar. Bu dərslərin -
Tofiq Abdin dərslərinin hələ çox uzun illər
davam etməsini diləyirəm Ulu Yaradandan. Odur ki, deyirəm:
- Tanrı səni qorusun, Tofiq Müəllim! Yaşa, var ol,
Tofiq Abi!...
Günel CABİRQIZI
Ədalət.- 2011.- 5 fevral.- S. 18.