QARABAĞ HƏSRƏTİ

 

ƏDƏBİ HƏYAT

 

"Qarabağsız şeirlər" - istedadlı şairə Mahirə Abdullanın yeni şeirlər kitabının adı öncə mənə qəribə təəccüblü göründü. Düşündüm: məgər Qarabağsız şeir necə yazıla bilər? Qarabağ dərdlərimizin zirvəsi deyilmi? Ancaq kitabdakı şeirləri sətir-sətir oxuduqdan sonra hər şey bütün çılpaqlığı görüntüləri ilə mənə aydın oldu: bu şeirlər Qarabağ həsrətilə alışıb-yanan bir ürəyin hıçqırtılarıdır. Müəllif demək istəyir ki, Qarabağsız bizim başımızı dik tutmağa, hünərdən, rəşadətdən danışmağa haqqımız yoxdur. Yalnız torpaqlarımızı işğaldan azad edəndən sonra qürurla yaşaya bilərik. Vətən-Qarabağdan başlayır...

Mahirə Abdulladan söz açanda "istedadlı" təyinini işlətdim. Bu, təkcə mənim şəxsi, subyektiv fikrim deyil, onun şeir və nəsr yaradıcılığı ilə yaxından tanış olan hər kəs bu təyini işlədə bilər. Şeirlərində olduğu kimi, hekayə və povestlərində də, o, özünü sərbəst hiss edir, yəni bəzi normativlərdən, çərçivələrdən kənara çıxır. Bu "sapmalar" heç də xaotik bir mənzərə yaratmır, əksinə, fikrin daha sərt və daha zərif ifadəsinə xidmət edir.

 

Altı üst edən tufanlar

tüğyan edir başımda.

qarşımda iki gözümdən

özümdən öncə bir Tanrı var-

Vətən!!!

 

Çarmıxa çəkilmiş

qalxıb qəbir daşımız kimi

yenə dikəlmiş Vətən

arxasız, yalqız Vətən

ölüm ayağıdır-bir udum nəfəs

bir içim su

arzular arzusu

sevgilər sevgisi

yalnız Vətən!

 

Vətənə sonsuz sevgidən yaranan bu misralardan sonra Mahirənin bundan sonrakı bütün şeirlərində "Vətəndən Vətənə baxan" (B.Vahabzadə) bir qəribin, qürbət acısını dadan bir könlü zədəlinin harayını eşidirik. "Didərgin ömrünün sonuna" doğru yol gedən lirik qəhpəman elə Mahirənin özüdür. Bu lirik qəhrəman deyir ki:

 

İlan kimi qabıqdan

çıxıram hər il.

Dərim canımdan baha,

bu dərd məni sağ

çıxarmaz sabaha,

bağlayın Vətənsiz

günlərin qara qapısını.

 

Əlbəttə, yurdla, doğulduğun torpaqla, hətta dünyaya göz açdığın bir evlə bağlı xatirələr nostalgiya yaradır. Keçmiş geri qayıdan deyil, amma ana mehri, ata məhəbbəti, gəzdiyin, dolandığın çöl-çəmən, baxdığın uca dağlar, suyunu içdiyin bulaqlar hər gecə yuxuna gəlirsə, keçmişlə indinin zaman fərqi yox.

 

Atamın gorgahı kor qalıb...

Qürbət yurdsuz insandan

qafiyəsiz şeirdən baş alıb gedir.

Qeyrətsizdə dərd olmaz

başçısız ordu-başsız bədən

başsız evdən yurd olmaz

dərdi verin yuxuda viranə yurdlardan

bir ovuc torpaq

apara bilməyənə.

 

Mahirə torpaqsız qalan, yurdundan-yuvasından didərgin düşən, adları qarşısında "qaçqın" kəlməsi işlədilən həmvətənlərinin də dərdini, qüssəsini şeirə gətirir. Yəni öz dərdi, kədəriylə onlarınkını birləşdirir, nəticədə, müqəddəs kədər bir ürəyin sərhədləri hüdudundan çıxır, daha da böyüyür, şaxələnir. Kəndim ellikcə şəhərdə, cibimiz boş, görünmək olmur xeyir-şərdə. Camaata hay düşüb, urvatdan düşüb ölümüz-dirimiz, Sumqayıtda Qubadlının yas yeri-bizim görüş yerimiz. Tifaqın dağılsın, fələk, kişilər hava bürosu, arvadlar halva ustası, qocalar qələmə, cavanlar torpaq payı, yollar yas halayı... Doğrudan da, kədərli mənzərədir! Bütün bunlar heç də onu bəyan eləmir ki, qaçqın və didərgin adlandırdığımız həmvətənlərimiz pis yaşayırlar, maddi sıxıntıya məhkum olmuşlar. Əlbəttə, belə deyil! Lakin insan tox da, ac da yaşasa belə, yurdda qoyub gəldiyi bir çiçəyin, bir gülün, bir bulaq suyunun, bir torpaq qoxusunun həsrətini çəkir. Bax, Mahirə xanım bu həsrəti dilə gətirir. Onun "Didərgin" şeiri son illər bu mövzuda yazılan ən təsirli şeirlərdən biridir.

 

Aramıza meydan girib

Mələk donlu şeytan girib

Şirin diliylə dindirib

Papağını yastıq edən

Kişini torpaq itirir.

 

Mənə buxov lazım deyil,

Yaba, oxlov lazım deyil.

Şaxı sınmış belim, əyil,

Evindən didərgin düşmüş

Vəhşini torpaq itirir.

 

Mahirə Abdulla koloritli şairdir. O, mənsub olduğu bölgənin məxsusi dialektizmini də şeirə gətirməkdən çəkinmir. Elə sözlər, ifadələr, əşya adları var ki, onlar Mahirənin şeirlərində xəlqi fon yarada bilirlər.

 

Dolama yollar-dolağım

dolanıb ayağıma

aparmadı dağların zirvəsinə.

Qaya dolablar yuva yığnağı

gecənin açılıb doğanağı

qaranlıq daranır dərəyə

dərənin ayağı boymadərən

şahpencəri, əvəlik

açıq darabaya boylanır

ana əlik

dəstələnib dalğın-dalğın

dartınır dikdirə

Milanlı gədiyinə.

 

Şeirlərindən hiss olunur ki, Mahirə Abdulla təbiətə vaqif şairdir. Ancaq onu "təbiət şairi" kimi təqdim etmək istəməzdim. Təbiət, onun atributları Mahirənin şeirlərində fikrin, hissin gücləndiricisi rolunu oynayır. Təbiətlə insan hissləri, duyğuları vəhdət təşkil edir. Amma bu vəhdətdə Mahirə bir sıra elə qəfil, gözlənilməz təşbihlər, metaforalar yaradır, burada onun şair təxəyyülü böyük rol oynayır. Məsələn, Mahirə yağışın yağmağını təsvir edərkən deyir ki, navalçalardan, alabəzək çətirlərin düyün tumanbağından, saçlarımdan, boynumun kəndir yerindən, sinəmdəki əllərindən süzülürdü. Ürəyim üzülürdü. Bu təsvir nigaran bir qəlbin ağrılarını ifadə edir. Başqa bir şeiri:

 

Külək çırpan qamışlar

gülüşər.

Uçuqdan qəlbimə gün düşər

səbrim daşlanıb daşar

tikan çəpərləri aşar.

Uçuq divarlar arxasında

böyük azadlıqlar yaşar.

 

Bu balaca şeirdə də yenə nigaran bir qəlbin arzusu, ümidi boylanır. Mahirənin şeirlərində "azadlıq" kəlməsinə tez-tez təsadüf edirik və bu söz həm böyük mənada, yurdumuzun, vətənimizin azadlığı kimi dərk olunur, həm də qəlbin azadlığı kimi. İnsan özü, daxilən azad olmalıdır ki, böyük azadlıq haqqında fikirləşsin. "Mən" silsiləli şeirlərdə bu mənada bir neçə tip insan təsvir olunur. Birinci tip: zəif, qorxaq insan. Bu insan üsyan, qiyam nədir bilməz. İkinci tip: oyundankənar insan. Bütün ömrü boyu boğazdanyuxarı görünüşü ilə diqqəti cəlb edir. Üçüncü tip: insafsız, imansız insan. "Yalançı nağılların dizinin dibində böyük zirvələr gözümdən itdi, camaatı dərd çürüdür, məni ümidlər kiçiltdi. Dördüncü tip: çılğın, ağılsız insan. Ruhunun əlində çırpınan. Bəxtini özgələrə tapşıran. Məlum olur ki, bu tiplərin hamısı bir insanın müxtəlif anlarda düşdüyü vəziyyətləri əks etdirir. Bunlar dörd ovqatın daşıyıcılarıdır. İnsan qorxaq da ola bilər, məzlum da, insafsız da ola bilər, çılğın da, ağılsız da.

 

Bu silsilənin sonu belə bitir:

 

Burda bir məğlubun nağılını

yarımçıq çatdırdım sona

ovçu qovmuş kəkliyin sinəsi titrəyir

düşünən baş yatanda

doymur qarın-gödən

qorxağam, acizəm

bir qaşıq qanım halaldır

sənə

incik Vətən!

 

Fikrimcə, "Mən" silsiləli şeirlərdə pessimizmin bol olması elə bu sonluqla bağlıdır. Yenə Qarabağ həsrəti.

Əziz oxucu, Mahirə xanım mənə sanki qəzəbini illər boyu içinə yığıb birdən kükrəyən vulkanın ayrı-ayrı qəlpələrini xatırlatdı. Birdən-birə "vulkan qadın" ifadəsi üzərində dayandım. Bu qəlpələrin hara səpələndiyi artıq sizə məlumdur: laqeydliyin, etinasızlığın, biganəliyin, torpaq itkisini, vətən ağrısını çəkməyənlərin üzərinə yağır bu qəlpələr. Onun bu kitabdan öncə çap etdirdiyi "Yeddi ayın ovqatı"nda "Tariximizi qaralayanlara" adlı maraqlı, düşündürücü bir şeiri vardı. O zaman bu şeir barədə təəssüratımı belə ifadə etmişdim: "Şeirdə qəzəblə təəssüf, ümidlə ümidsizlik, ittihamla bəraət bir-birini əvəz edir. Əlbəttə, yurd itkisindən, itirilmiş torpaq ağrısından nikbin ruhlu şeir yazmaq olmaz. Lakin bu ağrını için-için sızıldamaqla təkrar-təkrar ağrıya, mərsiyəyə də çevirmək doğru olmaz. Mahirə xanım başqa bir yol seçib - o, Azərbaycan qadınının müharibə ilə bağlı hiss və həyəcanlarını şeirdə ifadə etməyə çalışıb, müharibənin doğurduğu kədəri və acılıqları sərt publisistik ittihama çevirib. Diqqət edin bu misralara:

 

Qarabağ kişi papağıydı-

Uçdu havalı başlardan.

Bircə nəfəsdən,

Çırpıntıdan

Çırpanaqdan.

Sayacağam bir-bir

Başımızdan düşən papaqları.

Allah kəssin bu halətinizi,

olmayan xəcalətinizi,

yalançı cəsarətinizi!

məlun kişi,

məğlub ər,

aciz oğul!

sərxoşluqdan ayılmayan

kişiləri görüncə

yaşamaq istəmirik.

 

Qadın ruhunun qiyama qalxdığı bu şeirdə müxtəlif mətləblər çözələnsə də, əsasən bircə fikir aşılanır ki, Həcər qeyrətli qadınlar Nəbi cəsarətli ərlərin intiqam alacağı günü gözləyirlər".

Çox istərdim ki, "Qarabağsız şeirlər" müəllifi Mahirə Abdulla həmişə belə sərt, acıqlı, qəzəbli şeirlər yazsın.

Ona yaradıcılıq uğurları arzulayıram!

 

 

VAQİF YUSİFLİ

 

Ədalət.- 2011.- 5 fevral.- S. 19.