son ŞERLƏR
...Bakıya
da belə yağır,
Çadıra da, Qarabağa da,
Bu qar.
...Havalanmış
qaçqınlar
Çıxıb çadırlardan
Qaçırlar hara gəldi.
Ağ xalatlıları
görmüş
Dəli kimi...
***
...Sən
məni bələyə
qaytar, ilahi,
Anamı diriltmək
mənim
boynuma...
***
Görüşməsək yaxşıdı,
Yüz araq,
Bir siqaret ovundurursa
Sənin həsrətini...
***
... Səni
tapmaq ümidi
Qatdı başımı,
Qocalmağa imkanım
olmadı...
***
Qürbət yerin işıqları,
Şüşə sınığına oxşayır.
Baxanda gözlərim
qıyılır,
Dabanım göynəyir...
***
... Bu şəhərin
nəyi var içində,
Dağılıb üzünə...
***
Qocalığın üzünə
Eynəksiz baxmaq olmur...
***
Keçən günlər,
Keçən günlər-
Ortasına daş atılmış
Göl kimidi...
***
Başımda,
Gözlərimi yummağa
qoymayan
Ömrümün "qara qutu"su var.
Kimə göstərirsən
göstər,
Hara aparırsan
apar,
O lentlərdə
sənin adın yoxdu...
***
Dənizin dibində
Yosunların arasında,
Batmış balıqçının
əlləri
Kompas əqrəbləri
kimi
Uzanıb sahilə
tərəf...
***
Tufanlı dənizdə,
Balıqçı qayığı ada deyil.
Özünü asmaq istəyən
Tənha adamın
ayaqları altındakı
Sınıq-sınıq kətildi...
***
Dağlardan düzə
köçənlər,
Minarədən enimş
azançılarda,
bəlkə də...
***
Anam yuxuma
girir,
92-də torpağa
tapşırdığım anam,
Qırmızı paltarda.
Yəqin evimizi yandırıblar...
***
Köçəcəyik Haramıya,
Daş evlərə.
Əkdiyimiz ağaclar qalacaq.
Bircə qızlarımın
on il yüyürləndiyi
Yüyürüyün kəndirini
açıb
aparacağam...
***
Mədəniyyət nazirimiz
söz verdi
ki,
Bir maşın
nağara göndərəcək...
***
Bakıda, şadlıq
evində
Müğənni Qarabağdan
oxudu
Bəyin əmisi
qalxdı ayağa:
- Qanımızı
qaraltma,
ayrı şey oxu - dedi...
***
Təzə yurddan kəndimiz görünür,
İyirmi beş yaşımda çəkilmiş
Pasportdakı şəklim
kimi...
***
Məmləkətimizin
Hər qarışı vətəndi.
Amma hər qarışı Qarabağ deyil.
***
Bizim udacağımız
hava,
İçəcəyimiz su Qarabağda qaldı.
Bu on ildə
nə odumuz söndü,
Nə havamız
çatdı...
***
Adına cəhənnəm
tikilmiş millətə,
Bu dünyada cənnət bağışladıq.
***
Mənim ailəmin
namusu mənimdi,
Topağın namusu
Təkcə mənim adıma yazılmır.
Vahid Əlifoğlu
Ədalət.- 2011.- 5 fevral.- S. 21.